Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 8(5-167)-2/2026 15.01.2026 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5 Əli qızının katibliyi, Tələbkar, Borclu iştirakları ilə, Zaqatala Rayon Məhkəməsinin e-2(033)-678/2023 nömrəli, 02 noyabr 2023-cü il tarixli qətnaməsi ilə tutulan alimentin indeksasiyasına dair Tələbkar ərizəsinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(033)-678/2023 saylı qətnaməsinə əsasən cavabdehdən hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş) manat, ümumilikdə 340 (üç yüz qırx) manat məbləğində sabit pul şəklində tutulan alimentin 2026-cı il üzrə ölkə üzrə müəyyən olunmuş uşaqların yaşayış minimum məbləğinin müəyyən mislinə uyğun edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Tələbkar ərizəsini onunla əsaslandırmışdır ki, Zaqatala Rayon məhkəməsində onun cavabdeh Borclu qarşı “nikahın pozulması və aliment tələbi’’nə dair iddiası tələbi olmuşdur. Zaqatala Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2(033)-678/2023 saylı qətnaməyə əsasən iddiası təmin edilmiş və hər ay hər uşaq üçün sabit pul məbləğində 170 manat ümumilikdə 340 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Nəzərə çatdırmaq istəyir ki,cavabdeh tərəfindən birgə nikahdan olan övladlarının saxlanılması üçün ödənilən alimentin məbləği övladlarına baxmağına, eyni zamanda onların artan sosial və digər xərcləri üçün kifayət etmir. Hal-hazırda azyaşlı uşaqları təkbaşına böyüdür və aliment hesabına onların ehtiyaclarını qarşılamalıdır. Lakin cavabdeh uzun zamandır ki, ümumiyyətlə bir ata kimi öhdəliyindən boyun qaçırır. Hətta kifayət qədər aliment borcu yığılmışdır. Buna görə də sabit pul məbləğində tutulan aliment miqdarının yenidən hesablanması-indeksasiya edilməsinin övladlarını tək başına böyüdən bir ana olaraq uşaqlarının ildən-ilə artan xərclərinin qarşılanmasında ona müəyyən qədər kömək edəcəyini düşünür. Çünki, azyaşlı uşaqlarına təhsil, geyim, yol, yemək və s. üçün sərf olunan maddi xərclər baxımından bu aliment məbləği kifayət qədər azdır. Müəyyən olunan alimentin hazırda onların azyaşlı uşaqlarının maddi ehtiyaclarını qismən təmin etməsi səbəbindən, ölkə üzrə müəyyən olunan minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində alimentin hesablanmasının uşaqlarının kifayət qədər yaxşı yetişməsi, gələcəyi və mənafeyi baxımından vacib olduğu qənaətindədir. Məhkəmə iclasında iştirak edən Tələbkar ərizəsinin məzmununa uyğun izahat verərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Borclu alimentin indeksasiya edilməsinə etirazı olmadığını bildirmiş, əlavə olaraq qeyd etmişdir ki, hazırda pensiyasından 110 manat tutulur. Özü isə fərdi əmək fəaliyyətli ilə məşğul olur və qazancı qeyri-sabitdir. Bu səbəbdən hər ay davamlı ödəniş etməkdə çətinlik çəkir və aliment borclu yığılmışdır. Lakin qazanc əldə etdikcə, ***-**** manat ödəniş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, icra məmuru məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 232.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarı və borclunu dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İşin faktiki hallarına görə Zaqatala Rayon Məhkəməsinin e-2(033)-678/2023 nömrəli, 02 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, iddiaçı Tələbkar ilə cavabdeh Borclu arasında 20 fevral 2009-cu il tarixdə Zaqatala rayon Qeydiyyat Şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 23 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin uşaqları olan - 05 yanvar 2010-cu ildə doğulmuş X6 və 16 fevral 2011-ci ildə doğulmuş X2 anaları Tələbkar himayəsində saxlanılması, 05 yanvar 2010-cu ildə doğulmuş X6 və 16 fevral 2011-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 30 may 2023-cü il tarixdən başlayaraq cavabdeh Borclu hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutulub iddiaçı Tələbkar ödənilməsi, cavabdeh Borclu 60,80 (altmış manat səksən qəpik) manat miqdarında dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməsi, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməsi, cavabdeh Borclu 50 (əlli) manat dövlət rüsumu və 50 (əlli) manat ilkin mediasiya sessiyasının keçirilməsi üçün xərc alınaraq iddiaçı Tələbkar ödənilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Göründüyü kimi, qeyd edilən norma ilə nəzərdə tutulmuş ödənilməli pul məbləğlərinin indeksasiyası vətəndaşların pul gəlirləri və əmanətlərinin deyil, məhkəmə qətnaməsinin icra edilmədiyi və ya gec icra edildiyi dövrdə tutulmalı pul məbləğinin indeksasiyasını nəzərdə tutur. Bununla da qanunverici borclunun icradan yayınması nəticəsində tələbkara ödənilməli pul məbləğinin istehlak qiymətlərinin artımı ilə bağlı itirilmiş alıcılıq qabiliyyətinin bərpası istiqamətində bir mexanizm nəzərdə tutmuşdur ki, pul məbləğlərinin indeksasiyası barədə ərizələrə baxılarkən istehlak qiymətlərinin indeksinin artımına görə indeksləşdirmə aparılsın. Bundan əlavə, indeksasiya inflyasiya nəticəsində istehlak qiymətlərinin artdığı bir şəraitdə tələbkarın üzləşdiyi zərərin əvəzinin ödənilməsi üçün nəzərdə tutulmuş mexanizmdir. İndeksasiya iflyasiya nəticəsində dəyən zərərin bərpa olunmasının üsulu olsa da, onu mülki hüququn mühüm institutlarından biri olan zərərin əvəzinin ödənilməsi ilə eyniləşdirmək olmaz. Zərərin əvəzinin ödənilməsi mülki-hüquqi məsuliyyət tədbiri olduğu halda, indeksasiyasının belə hüquqi təyinatı yoxdur. İşin halları ilə müəyyən olunur ki, hazırkı ərizəsində Tələbkar yetkinlik yaşına çatmayan 05 yanvar 2010-cu ildə doğulmuş X3 və 16 fevral 2011-ci ildə doğulmuş X1 üçün Borclu onun xeyrinə Zaqatala Rayon Məhkəməsinin e-2(033)-678/2023 nömrəli, 02 noyabr 2023-cü il tarixl qətnaməsi ilə hər ay bir uşaq üçün 170 (bir yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində tutulan alimentin indeksasiyasının aparılaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının müəyyən misli həddində sabit pul məbləğində aliment tutulmasına dair qərardad çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması bərabər vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” 20 dekabr 2024cü il tarixli, 15 nömrəli Qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Həmin Qərarın 8.4-2-ci maddəsinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-cmaddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Həmin Qərarın 8.4-3-cü bəndinə əsasən alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2026-cı il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 260 manat məbləğində müəyyən olunmuşdur. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən ölkə üzrə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilibdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, pul məbləğlərinin indeksasiyası, istehlak qiymətlərinin artması ilə əlaqədar həmin məbləğin dəyərini qorumaqla şəxsin qanuni mənafeyini müdafiə etmək məqsədi daşıdığından və alimentin indeksasiyasının yuxarıda qeyd edilən Ali Məhkəmənin Plenumunun Qərarının 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi, habelə ölkə üzrə minimum aylıq əməkhaqqının məbləği 2023-cü ilin yanvar ayının 1-dən 2025-ci ilin sentyabr ayının 1-dək 345 manat; 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edildiyi nəzərə alınmaqla ərizəçinin indeksasiya tələbi qismən təmin edilməli, 2023-cü ilin noyabr ayında qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 170 manat sabit pul məbləğində alimentin tutulması qət edildiyindən və tutulmuş alimentin miqdarı 2023-cü il üzrə müəyyən edilmiş 345 manat məbləğində minimum əmək haqqının 0,50 mislini təşkil etdiyindən, məhkəməyə müraciət olunduğu tarixdən – 05 yanvar 2010-cu ildə doğulmuş X6 və 16 fevral 2011-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay hər uşaq üçün sonraki artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutularaq, Tələbkar ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin e-2(033)-678/2023 nömrəli, 02 noyabr 2023-cü il tarixli qətnaməsi ilə tutulan aliment indeksasiya edilsin. 09 yanvar 2026-cı il tarixdən etibarən 05 yanvar 2010-cu ildə doğulmuş X3 və 16 fevral 2011-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutularaq, Tələbkar ödənilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №8(5-167)-2/2026
Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №8(5-167)-2/2026
15.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver