Məhkəmə qərarları › İş №8(5-167)-3/2026

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №8(5-167)-3/2026

22.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 8(5-167)-3/2026 22.01.2026 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X10 Əli qızının katibliyi, Zaqatala Rayon Məhkəməsinin 2(033)-979/2019 nömrəli, 09 dekabr 2019-cı il tarixli qətnaməsi ilə tutulan alimentin indeksasiyasına dair Tələbkar ərizəsinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(033)-979/2019 saylı qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün müəyyən edilmiş aliment məbləğinin artırılaraq, 2026-cı il ölkə üzrə minimum əmək haqqına indeksasiya edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Tələbkar ərizəsini onunla əsaslandırmışdır ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(033)-979/2019 saylı qətnaməsinə əsasən, xx.xx.2009-cu il təvəllüdlü X4, xx.xx.2010-cu ıl təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay hər uşaq 100 (yüz) manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin cavabdeh Borclu oğlundan tutularaq onun xeyrinə verilməsi barədə qərar qəbul edilmişdir. Qeyd edir ki, hazırda ölkədə bütün ərzaq məhsullarının, eyni zamanda kommunal xidmətlərin qiyməti xeyli artmışdır. Bundan əlavə, hər il övladının gündəlik tələbatlarında, həmçinin dövlət tərəfindən müəyyən edilmiş yaşayış minimumunun məbləğində artımlar olmuşdur. Alimentin məbləği də övladının tələbatlarını ödəmir. Övladı böyüdükcə günlük məişət, təhsil, həkim xərcləri də artıq və bu xərclərin ödənilməsi üçün maddi imkanı kifayət etmir. Övladının maddi ehtiyaclarını təkbaşına qarşılamaqda çətinlik çəkir. Bu səbəbdən 2025-ci il üçün uşaqların yaşayış minimumu nəzərə alaraq, öncədən təyin edilmiş alimentin miqdarı artırılmasını və onun tam həcmdə ödənilməsi maraqlı şəxsdən tələb edilməsini xahiş edir. Onu da qeyd edir ki, Azərbaycan Respublikasının Yaşayış minimumu haqqında qanuna əsasən 2025-ci il üzrə uşaqlar üçün yaşayış minimumu 246 (iki yüz qırx altı) manat təşkil edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tələbkar, borclu və icra məmuru məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 232.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarı və borclunu dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. İşin faktiki hallarına görə Zaqatala Rayon Məhkəməsinin 2(033)-979/2019 nömrəli, 09 dekabr 2019-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Tələbkar ilə Borclu arasında bağlanmış 24 iyun 2010-cu il tarixli nikah qeydinin pozulması, nikahın pozulması qeydiyyat şöbəsində rəsmiləşdirilərkən 15 manat dövlət rüsumu Borclu tutulması, Tələbkar dövlət rüsumundan azad edilməsi, tərəflərin birgə nikahından 10 fevral 2009-cu il tarixdə anadan olmuş X6, 05 mart 2010-cu il tarixdə anadan olmuş X5 və 14 may 2016-cı il tarixdə anadan olmuş X2 anası Tələbkar himayəsində saxlanılması, tərəflərin birgə nikahından 10 fevral 2009-cu il tarixdə anadan olmuş X6, 05 mart 2010-cu il tarixdə anadan olmuş X5 və 14 may 2016-cı il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 07 avqust 2019-cu il tarixdən hesablanmaqla, hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin Borclu tutularaq Tələbkar xeyrinə verilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Göründüyü kimi, qeyd edilən norma ilə nəzərdə tutulmuş ödənilməli pul məbləğlərinin indeksasiyası vətəndaşların pul gəlirləri və əmanətlərinin deyil, məhkəmə qətnaməsinin icra edilmədiyi və ya gec icra edildiyi dövrdə tutulmalı pul məbləğinin indeksasiyasını nəzərdə tutur. Bununla da qanunverici borclunun icradan yayınması nəticəsində tələbkara ödənilməli pul məbləğinin istehlak qiymətlərinin artımı ilə bağlı itirilmiş alıcılıq qabiliyyətinin bərpası istiqamətində bir mexanizm nəzərdə tutmuşdur ki, pul məbləğlərinin indeksasiyası barədə ərizələrə baxılarkən istehlak qiymətlərinin indeksinin artımına görə indeksləşdirmə aparılsın. Bundan əlavə, indeksasiya inflyasiya nəticəsində istehlak qiymətlərinin artdığı bir şəraitdə tələbkarın üzləşdiyi zərərin əvəzinin ödənilməsi üçün nəzərdə tutulmuş mexanizmdir. İndeksasiya iflyasiya nəticəsində dəyən zərərin bərpa olunmasının üsulu olsa da, onu mülki hüququn mühüm institutlarından biri olan zərərin əvəzinin ödənilməsi ilə eyniləşdirmək olmaz. Zərərin əvəzinin ödənilməsi mülki-hüquqi məsuliyyət tədbiri olduğu halda, indeksasiyasının belə hüquqi təyinatı yoxdur. İşin halları ilə müəyyən olunur ki, hazırkı ərizəsində Tələbkar yetkinlik yaşına çatmayan 10 fevral 2009-cu il tarixdə anadan olmuş X6, 05 mart 2010-cu il tarixdə anadan olmuş X5 və 14 may 2016-cı il tarixdə anadan olmuş X1 üçün Borclu onun xeyrinə Zaqatala Rayon Məhkəməsinin 2(033)-979/2019 nömrəli, 09 dekabr 2019-cı il tarixl qətnaməsi ilə hər ay bir uşaq üçün 100 (bir yüz) manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində tutulan alimentin indeksasiyasının aparılaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının müəyyən misli həddində sabit pul məbləğində aliment tutulmasına dair qərardad çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması bərabər vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” 20 dekabr 2024cü il tarixli, 15 nömrəli Qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Həmin Qərarın 8.4-2-ci maddəsinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-cmaddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Həmin Qərarın 8.4-3-cü bəndinə əsasən alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2026-cı il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 260 manat məbləğində müəyyən olunmuşdur. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Minimum aylıq əməkhaqqının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2019-cu il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 250 manat müəyyən edilsin Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən ölkə üzrə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilibdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, pul məbləğlərinin indeksasiyası, istehlak qiymətlərinin artması ilə əlaqədar həmin məbləğin dəyərini qorumaqla şəxsin qanuni mənafeyini müdafiə etmək məqsədi daşıdığından və alimentin indeksasiyasının yuxarıda qeyd edilən Ali Məhkəmənin Plenumunun Qərarının 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi, habelə ölkə üzrə minimum aylıq əməkhaqqının məbləği 2019-cu ilin sentyabr ayının 1-dən 2022-ci ilin yanvar ayının 1-dək 250 manat; 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edildiyi nəzərə alınmaqla ərizəçinin indeksasiya tələbi qismən təmin edilməli, 2019-cu ilin dekabr ayında qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 100 manat sabit pul məbləğində alimentin tutulması qət edildiyindən və tutulmuş alimentin miqdarı 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,40 mislini təşkil etdiyindən, məhkəməyə müraciət olunduğu tarixdən – 10 fevral 2009-cu il tarixdə anadan olmuş X6, 05 mart 2010-cu il tarixdə anadan olmuş X5 və 14 may 2016-cı il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay hər uşaq üçün sonraki artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,40 misli həddində sabit pul məbləğində aliment tutularaq, Tələbkar ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə qismən təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 2(033)-979/2019 nömrəli, 09 dekabr 2019-cı il tarixli qətnaməsi ilə tutulan aliment indeksasiya edilsin. 12 yanvar 2026-cı il tarixdən etibarən 10 fevral 2009-cu il tarixdə anadan olmuş X6, 05 mart 2010-cu il tarixdə anadan olmuş X5 və 14 may 2016-cı il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,40 misli həddində sabit pul məbləğində aliment tutularaq, Tələbkar ödənilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar