Məhkəmə qərarları › İş №8(5-86)-10/2026

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №8(5-86)-10/2026

20.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № 8(5-86)-10/2026 20.02.2026 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X3 iclas katibliyi ilə, X5 alimentin indeksasiyası tələbi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X2 alimentin indeksasiyası barədə ərizə ilə məhkəməyə müraciət etmiş, Culfa Rayon Məhkəməsinin 09 fevral 2022-ci il tarixli, 2(089)-16/2022 saylı qətnaməsi ilə 18 aprel 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün qət edilmiş sabit məbləğdə 140 manat aliment miqdarının icra icraatı qaydasında indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. X2 ərizəsini onunla əsaslandırmışdır ki, Culfa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(089)-16/2022 saylı qətnaməsinə əsasən, xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün 140 manat sabit pul məbləğində alimentin cavabdeh Borclu tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Hazırda ölkədə bütün ərzaq məhsullarının, eyni zamanda kommunal xidmətlərin qiyməti xeyli artmışdır. Bundan əlavə, hər il övladının gündəlik tələbatlarında, həmçinin dövlət tərəfindən müəyyən edilmiş yaşayış minimumunun məbləğində artım olur. Alimentin məbləği də övladının tələbatlarını ödəmir. Övladı böyüdükcə gündəlik məişət, təhsil, həkim xərcləri də artır və bu xərclərin ödənilməsi üçün maddi imkanı kifayət etmir. Övladının maddi ehtiyaclarını təkbaşına qarşılamaqda çətinlik çəkir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş ərizəçi və borclu məhkəmə iclasına gəlməmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: 309336 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, 18 aprel 2015-ci il tarixdə doğulmuş X6 atası Borclu, anası X8r. Culfa Rayon Məhkəməsinin 09 fevral 2022-ci il tarixli, 2(089)-16/2022 saylı qətnaməsi ilə iddiaçı X4 cavabdeh Borclu qarşı nikahın pozulması və aliment tələbinə dair iddiası qismən təmin edilmiş, tərəflər arasında bağlanmış nikah pozulmuş, nikahın pozulmasından sonra 18 aprel 2015-ci il tarixdə doğulmuş X6 X4 yanında saxlanılması və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay 140 manat sabit pul məbləğində alimentin alınıb X7 verilməsi qət edilmişdir. Məhkəmə ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalı və Culfa Rayon Məhkəməsinin 09 fevral 2022-ci il tarixli, 2(089)-16/2022 nömrəli qətnaməsi ilə 18 aprel 2015-ci il tarixdə doğulmuş X1 üçün qət edilmiş sabit məbləğdə 140 manat miqdarında aliment icra icraatı qaydasında 2022-ci il üzrə minimum əmək haqqına uyğun indeksasiya olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə görə məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci bəndinə görə alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 232-ci maddəsi ödənilməli pul məbləğlərinin indeksasiyasına baxılmasını tənzimləyir. Həmin Məcəllənin 232.1-ci maddəsinə görə tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.2-ci maddəsinə görə ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli, 15 nömrəli Qərarının “8.4-1-ci bəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4- 1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamında dəyişiklik edilməsi” barədə Azərbaycan Respublikası Prezidentinin 17 dekabr 2021-ci il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2022-ci il yanvarın 1-dən 300 manat müəyyən edilmişdir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, 2022-ci il tarixdə minimum əmək haqqı 300 manat müəyyən edildiyindən həmin vaxt bir uşaq üçün müvafiq məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 140 manat sabit pul məbləğində aliment məbləği həmin dövr üçün müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0.47 mislini təşkil edir (140:300=0.47). Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, tələbkarın ərizəsi təmin edilməli, Culfa Rayon Məhkəməsinin 09 fevral 2022-ci il tarixli, 2(089)-16/2022 nömrəli qətnaməsi ilə 18 aprel 2015-ci il tarixdə doğulmuş X1 üçün Borclu hər ay tutulan sabit məbləğdə 140 manat aliment sonrakı illər üzrə artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.47 misli həddində indeksasiya edilməlidir. Azərbaycan Respublikası MPM-in 232.3-cü maddəsinə görə ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 232, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Ərizə təmin edilsin. Culfa Rayon Məhkəməsinin Culfa Rayon Məhkəməsinin 09 fevral 2022-ci il tarixli, 2(089)- 16/2022 nömrəli qətnaməsi ilə 18 aprel 2015-ci il tarixdə doğulmuş X1 üçün Borclu hər ay tutulan 140 manat məbləğində aliment 11 fevral 2026-cı il tarixdən başlayaraq, sonrakı illər üzrə artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.47 misli həddində indeksasiya edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Culfa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar