Məhkəmə qərarları › İş №8(5-88)-29/2026

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №8(5-88)-29/2026

13.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(5-88)-29/2026 13.02.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Borclu iştirakı ilə, Tələbkar Borclu qarşı alimentin təyin edilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-941/2025 saylı, 19 avqust 2025-ci il tarixli icra sənədinin icrası ilə bağlı Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimata məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-941/2025 saylı, 19 avqust 2025-ci il tarixli qətnaməsi ilə 17 iyun 2025-ci il tarixdən hesablanmaqla 24 dekabr 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Borclu sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,35 misli həddində sabit pul məbləğində alimentin tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. 03 fevral 2026-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və X5 Şəhər Məhkəməsinə təqdimatla müraciət edərək təqdimatda Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş e-2(078)-941/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən 17 iyun 2025-ci il tarixdən hesablanmaqla 24 dekabr 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Borclu sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,35 misli həddində sabit pul məbləğində alimentin tutularaq iddiaçı Tələbkar ödənilməli olduğunu, qeyd olunan icra sənədinin xx.xx.2025-ci il tarixdə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə daxil olduğunu və qanuna müvafiq qaydada icraya yönəldildiyini, icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surətinin bildirişlə icra sənədi üzrə Borclu göndərildiyini, icra sənədində olan tələbi könüllü təmin etməsi, əks halda barəsində məcburi icra tədbirlərinin görüləcəyinin ona bildirildiyini, lakin borclu tərəfindən icra sənədində olan tələbin könüllü təmin edilmədiyini, borclunun aliment üzrə 2026-cı ilin yanvar ayı daxil 700 manat borcu yarandığını, borclunun adına tələbin yönəldilə biləcəyi gəlir və ya əmlak müəyyən edilmədiyini, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmalı olduğunu, göstərilənlərə əsasən və "İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84- 1-ci maddəsini rəhbər tutaraq, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılması xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə Tələbkar məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasında iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsaslanaraq tələbkarın iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə məlumat verilməsinə baxmayaraq, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsaslanaraq Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında iştirak edən Borclu izahatında əvvəl işləmədiyini, bu səbəbdən ödəniş edə bilmədiyini, yeni işə girdiyini, aşbaz olaraq işlədiyini, 400 manat əmək haqqı aldığını bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olmadığından rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2 və 15.3-cü maddələrinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Həmin Məcəllənin 231.3-cü maddəsinə əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması), borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələlərinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən, icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, onların ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərarı dərhal “Elektron məhkəmə” informasiya sistemindən “Elektron icra” informasiya sisteminə ötürülür. “Elektron icra” informasiya sistemi vasitəsilə bu barədə dərhal “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə məlumat ötürülür və həmin məlumat-axtarış sistemində borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri barədə məhdudiyyət tətbiq edilir, bununla bağlı “Elektron icra” informasiya sistemi vasitəsilə borclu fiziki şəxsə və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinə və tələbkara məlumat verilir, o cümlədən borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndərilir. Qanunun bu tələbindən aydın görünür ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat iki şərt mövcud olduqda məhkəmə tərəfindən təmin oluna bilər. Belə ki, icra sənədi üzrə borcluya könüllü icra üçün vaxt verilməli və sonda isə borclu tərəfindən icra sənədinin icra edilməməsi üçün səbəb üzrsüz olmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsində qeyd olunur ki, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü və dördüncü abzaslarında müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 22 aprel 2013-cü il tarixli, 2-N nömrəli Kollegiya qərarı ilə təsdiq olunmuş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.2 və 2.2.1-ci bəndində isə qeyd olunur ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir. Məhkəməyə təqdim olunan təqdimat və ona əlavə edilən sənədlərdən aydın olur ki, icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası üçün bildiriş Borclu göndərilmişdir. Həmçinin icraata başlamaq haqqında qərarın məzmunundan o da aydın olur ki, borcluya tələbin könüllü surətdə icra olunması təklif olunmuşdur. “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.2.2 və 2.2.3-cü bəndlərinə görə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Yuxarıda qeyd olunan Təlimatın 2.4-cü bəndində qeyd olunur ki, təqdimata icraat materialının, o cümlədən, borcluya icraata başlamaq haqqında qərarın, könüllü icra üçün verilmiş müddət barədə bildiriş, onun çatdırılmasını təsdiq edən sifarişli poçt göndərişinin (məktubu) və ya şəxsən verilməsi barədə sənədin surəti əlavə edilir. İcra xidməti tərəfindən borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirilmədən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət edilmişdir. Halbuki işin araşdırılması zamanı müəyyən edilmişdir ki, borclunun icra sənədi üzrə əvvəl icra ödənişləri edə bilməməsi üzrlü səbəbdən, yəni işsiz olması, pensiya, təqaüd və sair gəlirlərinin olmaması, mülkiyyətində heç bir daşınmaz əmlak və ya nəqliyyat vasitəsinin olmaması səbəbindən baş vermişdir. Hazırda isə işləyir və aylıq qazancı mövcuddur. Belə ki, “Elektron məhkəmə” informasiya sistemindən çıxarılmış Borclu gəlir məlumatlarından görünür ki, Borclu X2 (VÖEN: **********) ilə bağlanmış əmək müqaviləsi əsasında restoranda aşbaz işləyir və aylıq əmək haqqı 400 manatdır. Qeyd edilənlərdən də görünür ki, tələbin borclunun əmək haqqına yönəldilməsi mümkün olduğu halda icra məmuru tərəfindən yönəldilməmiş, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət edilmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, məhkəmənin qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının, qərarının və ya əmrinin icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat təmin edilməməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı rədd olunmalıdır. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.4, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı rədd edilsin. Qərardaddan, qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar