Məhkəmə qərarları › İş №8(5-89)-2/2026

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərardad — İş №8(5-89)-2/2026

05.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ordubad şəhəri İş № 8(5-89)-2/2026 05.02.2026 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Hakim Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, Seyidli Fizzə Elşad qızının katibliyi, X1 iştirakı ilə, Ordubad Rayon Məhkəməsinin 2(080)-121/2019 saylı, 02 dekabr 2019-cu il tarixli məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin indeksasiyası barədə X1 ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Tələb:

1. X2 maraqlı şəxs (borclu) Borclu qarşı “alimentin məbləğinin indeksasiyası” tələbinə dair ərizə ilə Ordubad Rayon Məhkəməsinin xx.xx.2019-cü il tarixli, 2(080)-121/2019 saylı qətnaməsi ilə 24 iyun 2015-ci ildə doğulmuş X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün müəyyən edilmiş hər ay 140 manat aliment məbləğinin 2026-cı il üzrə minimum əmək haqqına münasibətdə indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

Tələbin əsaslandığı hallar:

2. Ərizəçi ərizəsində X7 ilə arasında 15 oktyabr 2014- cü il tarixdə Ordubad rayonu Vənənd kənd İcra Nümayəndəliyində qeydə alınmış 17 nömrəli nikah Naxçıvan MR Ordubad rayon Məhkəməsinin 02 dekabr 2019-cu il tarixli, 2(080)-121/2019 nömrəli qətnaməsi ilə pozulduğunu, Həmin qətnaməyə əsasən 24 iyun 2015-ci il təvəllüdlü X9 öz yanında saxlanıdığını və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün D.Bayramovdan hər ay 140 (bir yüz qırx) manat miqdarında aliment tutulub ona ödənilməsinin qət etdiyini, həmin vaxtdan 7 ildən artıq müddət keçdiyini,övladları Ayazın artıq böyüdüyünü, hal-hazırda maddi vəziyyəti çətin olduğu üçün uşağın artan tələbatını ödəyə bilmədiyini, cavabdehin isə buna baxmayaraq aliment məbləğinin artırılmasından imtina etdiyini, tək ana üçün ayda 140 manatla uşağı saxlamağın çətin olduğunu, dəfələrlə cavabdehə uşağın tələbatını ödəməsi üçün əlavə maddi yardım etməsini bildirdiyini, onun isə məhəl qoymadığını, cavabdehin kifayət qədər yüksək məbləğdə gəliri olduğunu və istəsə hər ay uşağa ən azı 300 manat həcmində aliment ödəyə biləcəyini, Lakin onun bundan boyun qaçırdığını,Belə olan halda alimentin yeni qaydalara uyğun olaraq indeksasiya olunması məqsədilə məhkəməyə müraciət etmək zərurəti yarandığını bildirərək, Borclu qarşı “alimentin məbləğinin indeksasiyası” tələbinə dair ərizə ilə Ordubad Rayon Məhkəməsinin xx.xx.2019-cü il tarixli, 2(080)-121/2019 saylı qətnaməsi ilə 24 iyun 2015-ci ildə doğulmuş X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün müəyyən edilmiş hər ay 140 manat aliment məbləğinin 2026-cı il üzrə minimum əmək haqqına münasibətdə indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən X2 ərizəsinin təmin olunmasın məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən iclasının vaxtı və yeri barədə lazımi qaydada borcluya məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə qanunvericiliyin tələblərinə əsasən ərizəyə borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları :

5. Ordubad Rayon Məhkəməsinin 2(080)-121/2019 saylı, 02 dekabr 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilərək, X8 və X7 arasında Ordubad Rayonu Vənənd kənd İƏD üzrə nümayəndəliyində xx.xx.2014-cü il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 17 nömrə ilə qeyd edilmiş nikah pozulması,nikahın pozulmasından sonra xx.xx.2015-cı il tarixdə doğulmuş X9 anası X4 yanında saxlanılması, xx.xx.2015-cı il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün X3 hər ay 140 manat sabit pul məbləğində aliment alınaraq X5 verilməsi qət edilmişdir. Tətbiq edilən hüquq :

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər.

7. Azərbaycan Respublikası Ailə Məcəlləsi:

110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

8. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-2-ci bəndi:

Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2022-ci ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 110 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2025-ci ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2022-ci il üzrə müəyyən edilmiş 300 manat məbləğində minimum əmək haqqının 0,37 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,37 misli həddində indeksasiya olunması şəklində göstərməlidir).

9. “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunu:

1-ci maddə. İndeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir. 3-cü maddə. Aliment indeksləşdirmənin obyektlərindən biridir

Məhkəmənin mövqeyi :

10. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, iş materiallarını araşdıraraq qeyd edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir.

11. X2 Borclu qarşı “alimentin məbləğinin indeksasiyası”na dair ərizəsini Ordubad Rayon Məhkəməsinin 2(080)-121/2019 saylı, 02 dekabr 2019-cu il tarixli qətnaməsi ilə aliment təyin edildikdən sonra ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artması ilə əsaslandırmışdır.

12. Ordubad Rayon Məhkəməsinin 2(080)-121/2019 saylı, 02 dekabr 2019-cu il tarixli qətnaməsindən görünür ki, xx.xx.2015-cı il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün X3 hər ay 140 manat sabit pul məbləğində aliment alınaraq X5 verilməsi qət edilmişdir.

13. Məhkəmə qeyd edir ki, müvafiq qətnamə ilə alimentin məbləği müəyyən edildikdən sonra ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləği artdığından ərizəçi (tələbkar) məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının indeksasiya olunmasını tələb etməkdə haqlıdır.

14. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1-ci yarımbənd əlavə edilmişdir: - Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır.

15. Ordubad Rayon Məhkəməsinin 2(080)-121/2019 saylı, 02 dekabr 2019-cu il tarixli qətnaməsi ilə alimentin məbləği təyin edilən zaman ölkə üzrə minimum əmək haqqı məbləği 250 manat olmuşdur.

16. Belə ki, “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2019-cu il tarixli Sərəncamına əsasən 2019-cu il sentyabrın 1-dən minimum əməkhaqqının 250 manat müəyyən edilmişdir.

17. Göründüyü kimi, 2019-cu il tələbkarın xeyrinə aliment tutularkən ölkə üzrə minimum əmək haqqı 250 manat təşkil etmiş, məhkəmə tərəfindən uşağın saxlanılması üçün hər ay 140 manat sabit pul məbləğində aliment tutulmuşdur ki, bu da həmin dövrdə olan minimum əmək haqqının 0.56 (140:250) mislini təşkil etmişdir.

18. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 400 manat olaraq müəyyən edilmişdi və 2026-cı il bu qərardadın çıxarıldığı tarixdə də 400 manat olaraq müəyyən edilməkdədir.

19. Belə olan halda məhkəmə Ali Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyə əsasən qeyd edir ki, hazır ki ərizə alimentin ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyindən və ölkə üzrə minimum əmək haqqının miqdarı artdığından məhkəmə qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə tutulan aliment məbləği 2019-cu ilin dekabr ayında aliment müəyyən edilən zaman həmin il üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinə uyğun olaraq indeksasiya edilməlidir.

20. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, qanunverici tərəfindən ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə əsaslandırılan alimentin indeksasiyası barədə ərizələrə baxılarkən əvvəlki alimentə dair məhkəmə aktı ilə müəyyən edilmiş aliment məbləğinin müvafiq indeksasiyanın həyata keçirilməsi məhkəmənin vəzifəsi olaraq müəyyən edilmişdir. Hazırki ərizələrə baxılan zaman məhkəmə əvvəlki alimentə dair məhkəmə aktı ilə müəyyən edilmiş aliment məbləğinin müvafiq qaydada indeksasiyasını həyata keçirir, yeni məbləğ müəyyən etmir.

Nəticə :

21. Beləliklə, məhkəmə qeyd edir ki, Ordubad Rayon Məhkəməsinin 2(080)-121/2019 saylı, 02 dekabr 2019-cu il tarixli qətnaməsi üzrə alimentin indeksasiya edilməsi barədə ərizə təmin edilməli, 24 iyun 2015-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün Borclu sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.56 (sıfır tam yüzdə əlli altı ) misli həddində sabit pul məbləğində aliment tutulmalıdır.

22. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 232, 263-264, 268, 395, 396-cə maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara Aldı: Ərizə təmin edilsin. Ordubad Rayon Məhkəməsinin 02 dekabr 2019-cu il tarixli, 2(080)-121/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya edilsin. 28 yanvar 2026-cı il tarixdən başlayaraq 24 iyun 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,56 misli həddində sabit pul məbləğində aliment alınaraq X5 ödənilsin. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ordubad Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən:Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar