Məhkəmə qərarları › İş №8(5-89)-4/2026

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərardad — İş №8(5-89)-4/2026

05.03.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ordubad şəhəri İş № 8(5-89)-4/2026 05.03.2026 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X4 iclas katibliyi ilə, Tələbkar Borclu qarşı xx.xx.2020-ci il tarixli, 2(080)-173/2020 saylı qüvvəyə minmiş qətnamə ilə qət edilmiş sabit pul məbləğində alimentin indeksasiyası barədə ərizəçi Tələbkar ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Tələb: Ərizəçi Tələbkar maraqlı şəxs (borclu) Borclu qarşı “alimentin məbləğinin indeksasiyası” tələbinə dair ərizə ilə Ordubad Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2013-cü il təvəllüdlü X1 üçün Borclu Ordubad rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli. 2(080)- 173/2020 saylı qətnaməsi ilə hər ay bir üşağa görə 130 manat məbləğində tutulan alimentin məbləğinin xx.xx.2026-ci il tarixdən başlayaraq hər il ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0.68 misli həddində və sonrakı artımlara da münasib olaraq indeksasiya edilməklə hesablanması və hər ay həmin məbləğin borcludan tutularaq ona ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbin əsaslandığı hallar: Ərizəçi ərizəsində Ordubad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(080)- 173/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment iddia tələbi təmin edilərək qətnamə qəbul olunduğunu, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 1 uşaq üçün yaşayış minimumu 2026-cı il yanvar ayının 1-dən 260 manat müəyyən edildiyini,2020-ci ildə bir uşaq üçün təyin olunmuş 130 manat aliment halhazırda uşağın aylıq tələbatını ödəmək üçün kifayət etmədiyini,130 manat məbləğinə uşaq baxımını, ərzaq və geyim xərclərini qarşılamaq mümkün deyil, çünki bütün ərzaq və geyim əşyalarının qiymətləri artdığını,qətnamənin icra qaydası müəyyən edilməli olduğunu və alimentin indeksasiyası aparılmasını,. maddi durumunun çox çətin olduğunu nəzərə alınaraq, ərizəçi məcburiyyət qarşısında qalaraq bu ərizə ilə məhkəməyə müraciət etməyi qərara aldığını bildirərək övladı xx.xx.2013-cü il təvəllüdlü X1 üçün Borclu Ordubad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(080)-173/2020 saylı qətnaməsinə əsasən hər ay bir uşaq üçün 130 manat məbləğində tutulan alimentin məbləğinin xx.xx.2026-cı il tarixdən başlayaraq hər il ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0,68 misli həddində və sonrakı artımlara da münasib olaraq indeksasiya edilməsini, həmçinin hər ay həmin məbləğin borcludan tutularaq ərizəçiyə ödənilməsini xahiş edir. Tərəflərin mövqeləri: Məhkəmə tərəfindən iclasının vaxtı və yeri barədə lazımi qaydada ərizəçi Tələbkar və Borclu məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə qanunvericiliyin tələblərinə əsasən ərizəyə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları : İş materiallarında olan Ordubad Rayon Məhkəməsinin 2(080)-173/2020 saylı, 25 dekabr 2020-ci il tarixli qətnaməsindən görünür ki, iddianın qismən təmin edilərək, X3 xeyrinə cavabdeh Borclu yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü X2 üçün hər ay 130 manat sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Tətbiq edilən hüquq : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-2-ci bəndi: Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2022-ci ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 110 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2025-ci ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2022-ci il üzrə müəyyən edilmiş 300 manat məbləğində minimum əmək haqqının 0,37 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,37 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunu: 1-ci maddə. İndeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir. 3-cü maddə. Aliment indeksləşdirmənin obyektlərindən biridir Məhkəmənin mövqeyi : Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, iş materiallarını araşdıraraq qeyd edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Ərizəçi Tələbkar Borclu qarşı “alimentin məbləğinin indeksasiyası” na dair ərizəsini Ordubad Rayon Məhkəməsinin 2(080)-173/2020 saylı, 25 dekabr 2020-ci il tarixli qətnaməsi ilə aliment təyin edildikdən sonra ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artması ilə əsaslandırmışdır. Ordubad Rayon Məhkəməsinin 2(080)-173/2020 saylı, 25 dekabr 2020-ci il tarixli qətnaməsindən görünür ki, iddianın qismən təmin edilərək, X3 xeyrinə cavabdeh Borclu yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü X2 üçün hər ay 130 manat sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Məhkəmə qeyd edir ki, müvafiq qətnamə ilə alimentin məbləği müəyyən edildikdən sonra ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləği artdığından ərizəçi (tələbkar) məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının indeksasiya olunmasını tələb etməkdə haqlıdır. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1-ci yarımbənd əlavə edilmişdir: - Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Ordubad Rayon Məhkəməsinin 2(080)-173/2020 saylı, 25 dekabr 2020-ci il tarixli qətnaməsi ilə alimentin məbləği təyin edilən zaman ölkə üzrə minimum əmək haqqı məbləği 250 manat olmuşdur. Belə ki, “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2019-cu il tarixli Sərəncamına əsasən 2019-cu il sentyabırın 1-dən minimum əməkhaqqının 250 manat müəyyən edilmişdir. Bu məbləğ 2020-ci ildə minimum əmək haqqı olaraq müəyyən edilmişdir. Göründüyü kimi, 2020-ci ilin dekabr ayında tələbkarın xeyrinə aliment tutularkən ölkə üzrə minimum əmək haqqı 250 manat təşkil etmiş, məhkəmə tərəfindən uşağın saxlanılması üçün hər ay 130 manat sabit pul məbləğində aliment tutulmuşdur ki, bu da həmin dövrdə olan minimum əmək haqqının 0.52 (130:250) mislini təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 400 manat olaraq müəyyən edilmişdir. Belə olan halda məhkəmə Ali Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyə əsasən qeyd edir ki, hazır ki ərizə alimentin ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyindən və ölkə üzrə minimum əmək haqqının miqdarı artdığından məhkəmə qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə tutulan aliment məbləği 2020-ci ilin dekabr ayında aliment müəyyən edilən zaman həmin il üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinə uyğun olaraq indeksasiya edilməlidir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, qanunverici tərəfindən ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə əsaslandırılan alimentin indeksasiyası barədə ərizələrə baxılarkən əvvəlki alimentə dair məhkəmə aktı ilə müəyyən edilmiş aliment məbləğinin müvafiq indeksasiyanın həyata keçirilməsi məhkəmənin vəzifəsi olaraq müəyyən edilmişdir. Hazırki ərizələrə baxılan zaman məhkəmə əvvəlki alimentə dair məhkəmə aktı ilə müəyyən edilmiş aliment məbləğinin müvafiq qaydada indeksasiyasını həyata keçirir, yeni məbləğ müəyyən etmir. Nəticə : Beləliklə, məhkəmə qeyd edir ki, Ordubad Rayon Məhkəməsinin 2(080)-173/2020 saylı, 25 dekabr 2020-ci il tarixli qətnaməsi üzrə alimentin indeksasiya edilməsi barədə ərizə təmin edilməli, xx.xx.2013-cü il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Borclu sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.52 (sıfır tam yüzdə əlli iki) misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 232, 263-264, 268, 395, 396-cə maddələrini rəhbər tutaraq, məhkəmə Qərara Aldı: Ərizə təmin edilsin. Ordubad Rayon Məhkəməsinin 2(080)-173/2020 saylı, 25 dekabr 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya olunsun. 25 fevral 2026-cı il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Borclu sonrakı artımlar nəzər alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.52 (sıfır tam yüzdə əlli iki) misli həddində sabit pul məbləğində aliment tutulsun. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Naxçıvan Muxtar Respublikası, Ordubad rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar