Məhkəmə qərarları › İş №8(5-91)-2/2026

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №8(5-91)-2/2026

21.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № 8(5-91)-2/2026 21.01.2026 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X6 iclas katibliyi ilə, Şahbuz Rayon Məhkəməsinin 2(090)-232/2024 nömrəli, “16” noyabr 2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin minimum əmək haqqı məbləğinə indeksasiya olunmasına dair X5 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Şahbuz Rayon Məhkəməsinin 2(090)-232/2024 nömrəli, “16” noyabr 2024-cü il tarixli qətnaməsinə əsasən cavabdeh X2 16 iyul 2017-ci ildə doğulmuş X13 və 08 dekabr 2018ci ildə doğulmuş X9 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər uşaq üçün hər ay sabit məbləğdə 130 (bir yüz otuz) manat olmaqla, ümumilikdə 260 (iki yüz altmış) manat miqdarında aliment alınıb iddiaçı X7 verilməsi, alimentin tutulmasının əvvəlinin “07” oktyabr 2024-cü ildən hesablanması, qətnamənin alimentə dair hissəsi dərhal icra olunması, X2 46,40 (qırx altı manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. X1 ərizə ilə müraciət edərək Naxçıvan MR Şahbuz rayon Məhkəməsinin 16 noyabr 2024-cü il tarixli, 2(090)-232/2024 nömrəli qətnaməsi ilə övladlarım yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün X2 hər ay bir uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, ümumilikdə iki uşağa görə 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment icra icraatı qaydasında 2026-cı il üzrə yaşayış minumuna indeksasiya olunmasını dair qərar qəbul edilməsini xahiş etmişdir. X1 ərizəsində göstərmişdir ki, X8 ilə 2017-ci il tarixdə rəsmi olaraq nikaha daxil olmuşuq, nikahımızdan 16 iyul 2017-ci il təvəllüdlü X13 və 08 dekabr 2018-ci il təvəllüdlü X11 dünyaya gəlmişdir. 2022-cü ildə Şahbuz Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli, 2(090)- 40/2022 nömrəli qətnaməsi ilə nikahımız pozulmuşdur, 16 noyabr 2024-cü il tarixli, 2(090)-232/2024 nömrəli qətnaməsi ilə övladlarım yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün X2 hər ay bir uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, ümumilikdə iki uşağa görə 260 (iki yüz altmış) manat sabit məbləğdə aliment təyin olunmuşdur. Ərizəçi V.Məmmədov ərizəsinin hüquqi əsası kimi “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının və Ailə Məcəlləsinin bəzi müddəaları istinad etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada tələbkar X7 və borclu X4 qanunvericiliklə nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq gəlməmişlər, gəlməmələrinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Bunu nəzərə alan məhkəmə tələbkar X10 və borclu X3 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ərizəni, ona əlavə edilmiş sənədləri və iş materiallarını tədqiq edən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə görə məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci bəndinə görə alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232.1.-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərar”ının 8.4-1-ci bəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Həmin Qərarın 8.4-2.-ci bəndində isə göstərilmişdir ki, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, hazırki tələb üzrə 2023-cü ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 170 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2023-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2023-cü il üzrə müəyyən edilmiş 345 manat məbləğində minimum əmək haqqının 0,49 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,49 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikasının Prezidentinin 05 yanvar 2023-ci il tarixli Sərəncamı ilə 2023-cü il yanvarın 1-dən ölkə üzrə minimum əmək haqqı 345 manat müəyyən edilmişdir. Məhkəmə hazırki iş üzrə məhkəmə qətnaməsi ilə müəyyən edilən yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün hər ay bir uşaq üçün 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment 2023-cü il üzrə minimum əmək haqqının 0,37 misli (130/345=0,37) təşkil etdiyini nəzərə alaraq belə nəticəyə gəlir ki, tələbkarın ərizəsi təmin edilməli, Şahbuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(090)-232/2024 nömrəli qətnaməsi ilə müəyyən edilən X2 X5 xeyrinə tutulan 16 iyul 2017-ci ildə doğulmuş X13 və 08 dekabr 2018-ci ildə doğulmuş X9 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün X2 hər ay bir uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, ümumilikdə iki uşağa görə 260 (iki yüz altmış) manat miqdarında aliment indeksasiya edilməli, X2 X5 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,37 misli həddində sabit pul məbləğində aliment tutulmalı, alimentin tutulmasının əvvəli qərardadın qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası MPM-in 232.3-cü maddəsinə görə ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232, 263, 264, 267 və 268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X5 ərizəsi təmin olunsun və Şahbuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(090)-232/2024 nömrəli qətnaməsi ilə müəyyən edilən aliment indeksləşdirilsin. 16 iyul 2017-ci ildə doğulmuş X13 və 08 dekabr 2018-ci ildə doğulmuş X9 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün borclu X2 X1nun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,37 misli həddində sabit pul məbləğində aliment tutulsun. Alimentin tutulmasının əvvəli qərardadın qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar