Məhkəmə qərarları › İş №8(5-91)-5/2026

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №8(5-91)-5/2026

11.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № 8(5-91)-5/2026 11.02.2026 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X4 iclas katibliyi ilə, Şahbuz Rayon Məhkəməsinin 2(090)-16/2021 nömrəli, 14 iyul 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin minimum əmək haqqı məbləğinə indeksasiya olunmasına dair X3 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Şahbuz Rayon Məhkəməsinin 2(090)-16/2021 nömrəli, 14 iyul 2021-ci il tarixli qətnaməsinə əsasən Borclu 31 iyul 2017-ci il təvəllüdlü X8 və 21 yanvar 2019-cu il təvəllüdlü X1 üçün hər ay hər bir uşaq üçün 115 (bir yüz on beş) manat sabit məbləğdə olmaqla, cəmi 230 (iki yüz otuz) manat məbləğində aliment alınıb X6 verilməsi, alimentin tutulmasının əvvəli “16” dekabr 2020-ci il tarixdən hesablanması, qətnamənin alimentə dair hissəsinin dərhal icra olunması qət edilmişdir. X2 ərizə ilə müraciət edərək Şahbuz rayon Məhkəsənin 2(090)-16/2021 nömrəli, 14 iyul 2021-ci il tarixli qətnaməsinə əsasən övladımız 31 iyul 2017-ci il təvəllüdlü X8 və 21 yanvar 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün qət edilmiş sabit 230 (iki yüz otuz) manat miqdarında alimentin icra icraatı qaydasında 2021-ci il üzrə minimum əmək haqqına indeksasiya olunmasını dair qərar qəbul edilməsini xahiş etmişdir. X2 ərizəsində göstərmişdir ki, Borclu ilə aralarında olan nikah Şahbuz rayon Məhkəsənin 2(090)-16/2021 nömrəli, 14 iyul 2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Birgə nikahdan övladları 31 iyul 2017-ci il təvəllüdlü X8 və 21 yanvar 2019-cu il təvəllüdlü X10 doğulmuşdur. Şahbuz rayon Məhkəsənin 2(090)-16/2021 nömrəli, 14 iyul 2021-ci il tarixli qətnaməsinə əsasən birgə nikahdan olan övladları 31 iyul 2017-ci il təvəllüdlü X8 və 21 yanvar 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa sabit 115 (yüz on beş) manat olmaqla cəmi 230 (iki yüz oyuz) manat miqdarına aliment tutularq ona ödənilməsi qət olunmuşdur. Hal-hazırda Şahbuz rayon Məhkəməsinin 2(090)-16/2021 nömrəli, 14 iyul 2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı uşaqların saxlanılmasına kifayət etmir. O uşaqları saxlamaqda çətinlik çəkir. Özü işləmir. Övladları böyüdükcə onların təhsil və digər xərci də artır. Bu səbəbdən də alimentin indeksasiya qaydasında artırılmasını istəyir. Ərizəçi Z.Quliyeva ərizəsinin hüquqi əsası kimi “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının və Ailə Məcəlləsinin bəzi müddəaları istinad etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada tələbkar X7 və Borclu qanunvericiliklə nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq gəlməmişlər, gəlməmələrinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Bunu nəzərə alan məhkəmə tələbkar X9 və Borclu iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ərizəni, ona əlavə edilmiş sənədləri və iş materiallarını tədqiq edən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə görə məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci bəndinə görə alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232.1.-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərar”ının 8.4-1-ci bəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Həmin Qərarın 8.4-2.-ci bəndində isə göstərilmişdir ki, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, hazırki tələb üzrə 2023-cü ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 170 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2023-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2023-cü il üzrə müəyyən edilmiş 345 manat məbləğində minimum əmək haqqının 0,49 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,49 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikasının Prezidentinin 18 iyun 2019-cu il tarixli Sərəncamı ilə 2019-cu il sentyabrın 1-dən ölkə üzrə minimum əmək haqqı 250 manat müəyyən edilmişdir. Məhkəmə hazırki iş üzrə məhkəmə qətnaməsi ilə müəyyən edilən yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün hər ay bir uşaq üçün 115 (bir yüz on beş) manat sabit pul məbləğində aliment 2021-ci il üzrə minimum əmək haqqının 0,46 misli (115/250=0,46) təşkil etdiyini nəzərə alaraq belə nəticəyə gəlir ki, tələbkarın ərizəsi təmin edilməli, Şahbuz Rayon Məhkəməsinin 2(090)-16/2021 nömrəli, 14 iyul 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilən Borclu 31 iyul 2017-ci il təvəllüdlü X8 və 21 yanvar 2019-cu il təvəllüdlü X1 üçün hər ay hər bir uşaq üçün 115 (bir yüz on beş) manat sabit məbləğdə olmaqla, cəmi 230 (iki yüz otuz) manat miqdarında aliment indeksasiya edilməli, Borclu X3 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,46 misli həddində sabit pul məbləğində aliment tutulmalı, alimentin tutulmasının əvvəli qərardadın qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası MPM-in 232.3-cü maddəsinə görə ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232, 263, 264, 267 və 268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X3 ərizəsi təmin olunsun və Şahbuz Rayon Məhkəməsinin 2(090)-16/2021 nömrəli, 14 iyul 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilən aliment indeksləşdirilsin. 31 iyul 2017-ci il təvəllüdlü X8 və 21 yanvar 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Borclu X2nın xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,46 misli həddində sabit pul məbləğində aliment tutulsun. Alimentin tutulmasının əvvəli qərardadın qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar