Məhkəmə qərarları › İş №8(5-93)-213/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(5-93)-213/2026

04.03.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(5-93)-213/2026 04.03.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, Borclu iştirakı ilə, Borclu “məhkəmə qətnaməsinin hissə-hissə icrası” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Borclu ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-944/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin icrasının hissəhissə qaydada həyata keçirilməsinə icazə verilməsi, qalan borcun hər ay 1100 manat məbləğində sabit qrafik üzrə ödənilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Borclu ərizəsini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-944/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə ondan 29492 manat əsas borc və 175 manat dövlət rüsumunun tutularaq tələbkara ödənilməsi qət edilmişdir. Qətnamənin icrasından boyun qaçırmır və borcun azaldılması istiqamətində müntəzəm və davamlı ödənişlər edir. Belə ki, may 2025-dən etibarən noyabr ayına kimi hər ay müntəzəm – 850 manat, dekabr 2025 – 1000 manat, 06 yanvar 2026 – 1100 manat, 09 yanvar 2026 – 1100 manat, 29 yanvar 2026 – 1100 manat. İndiyədək ümumilikdə 10150 manat məbləğində ödəniş etmiş və hal-hazırda da hər ay ödənişləri davam etdirir. Hazırda rəsmi əmək fəaliyyəti ilə məşğuldur. Lakin maddi vəziyyəti borcun tam məbləğdə birdəfəlik ödənilməsinə imkan vermir. Bununla belə, aylıq sabit məbləğdə ödəniş etmək imkanı mövcuddur və bunu faktiki olaraq artıq həyata keçirir. Hazırda ödənişlər davam etdirilsə də, icranən məhkəmə qərarı ilə sabit qrafik üzrə müəyyən edilməsi hüquqi müəyyənlik yaradacaq, icra prosesində əlavə mübahisələrin və təzyiqlərin qarşısını alacaq, həmçinin, qətnamənin real və vaxtında icrasını təmin edəcəkdir. Məhkəmə iclasında iştirak edən borclu ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Tələbkar məhkəməyə xx.xx.2026-cı il tarixdə ərizə ünvanlayaraq, bildirmişdir ki, xx.xx.2026-cı il tarixdən xx.xx.2026-cı il tarixədək Azərbaycan Respublikasının hüdudlarından kənarda olduğundan, xx.xx.2026-cı il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcək. İştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Bildirmişdir ki, ərizəni qəbul etmir, qətnamənin hissə-hissə icra olunmasına razı deyil. Məhkəmə borclunu dinləyib, ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)- 944/2025 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Tələbkar ilə cavabdeh "xxxx" MMC-nin direktoru Borclu arasında bağlanmış xx.xx.2021-ci il tarixli ST- 14-10/21=008 nömrəli müqavilənin etibarsız hesab edilməsi, xx.xx.2021-ci il tarixli ST-14- 10/21=008 nömrəli və xx.xx.2023-cü il tarixli ST-10-03/23 nömrəli müqavilələr üzrə ödənilmiş 29492 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun 175 manatının cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və Borclu tutularaq iddiaçı Tələbkar ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Ödəniş qəbzlərinin surətlərindən görünür ki, Borclu tərəfindən Tələbkar hesabına xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixlərdə 850 manat, xx.xx.2025-ci il tarixdə 500 ABŞ dolları, xx.xx.2025-ci il tarixdə 1000 manat, xx.xx.2026-cı il, xx.xx.2026-cı il tarixlərdə 1100 manat məbləğlərində ödənişlər etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə əsasən Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 12-ci və 13-cü bəndlərində göstərilmişdir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Qətnamənin icrasına möhlət verilməsinin və ya onun hissə-hissə icrasının əsası kimi nəzərə alınmalı olan borclunun əmlak vəziyyəti onun elə bir maddi təminat səviyyəsini nəzərdə tutur ki, bu vəziyyətdə borclu ona məxsus və tələbin yönəldilməsi mümkün olan əmlakının realizəsi hesabına qətnamə üzrə tələbi bir dəfəyə könüllü və ya məcburi qaydada tam icra edə bilmir. Ali Məhkəmənin Plenumunun Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və insan hüquqları üzrə Avropa məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli, 5 nömrəli Qərarının 6-cı bəndində isə qeyd olunmuşdur ki, Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Məhkəmə qeyd edir ki, borclu maddi imkanının qətnamənin icra edilməsinə imkan vermədiyini, bu səbəbdən yaranmış borcun hissə-hissə icrasını xahiş etsə də, o, bununla bağlı hər hansı sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Məhkəmə həmçinin qeyd edir ki, qətnamənin hissə-hissə icra edilməsi məsələsi həll edilərkən borclu ilə yanaşı, tələbkarın mənafeyi də nəzərə alınmalıdır. Hazırda da tələbkar ərizəyə etiraz edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, borclunun qətnamənin hissəhissə icra edilməsi barədə ərizəsi əsassız hesab edilməli və rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Borclu “məhkəmə qətnaməsinin hissə-hissə icrası” barədə ərizəsi rədd edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar