Məhkəmə qərarları › İş №8(5-94)-12/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(5-94)-12/2026

12.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(5-94)-12/2026 12.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi, Borclu, borclunun vəkili-nümayəndəsi Vəkil Akif qızının iştirakı ilə, Tələbkar tutulmalı pul məbləğinin indeksasiya olunmasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1184/2018 saylı, xx.xx.2018-ci il (59.248,4 manat) tarixli, eyni məhkəmənin 2(011)-634/2020 saylı, xx.xx.2020-ci il tarixli (6.451,84 manat) qətnamələri, habelə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)- 17/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə 4.132,54 manat, ümumilikdə ödənilməli olan 69.832,78 manat pul vəsaitinə münasibətdə 2025-ci il üçün hesablanmış cari dəyərinin (ekvivalenti) 15.293,37 manat təşkil edən vəsaitin Borclu tutularaq xeyrinə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş edilmişdir. Tələbkar ərizə yazaraq, icra sənədlərinin uzun müddət hərəkətsiz saxlanıldığını nəzərə alaraq, ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş borclu və borclunun vəkili-nümayəndəsi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1184/2018 saylı, xx.xx.2018-ci il tarixli və 2(011)- 634/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnamələri üzrə borcun tam ödənildiyini və artıq indeksasiya qərardadları üzrə ödənişlərin olduğunu nəzərə alaraq, məhkəmədən ərizənin rədd edilməsini xahiş etmişdir. İcra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1184/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh Borclu 53.000 manat borc məbləği, 6.218 manat məzənnə fərqi, habelə 30,40 manat ödənilmiş dövlət rüsumu olmaqla 59.248,4 manatın Tələbkar xeyrinə tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-634/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh Borclu 5.921,84 manat maddi zərər, 500 manat mənəvi zərər, dövlət rüsumunun əvəzi olaraq 30 manat ödənilmiş dövlət rüsumu olmaqla 6.451,84 manatın Tələbkar xeyrinə tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-17/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, ilə indeksasiya məbləği olaraq 4.132,54 manatın Borclu Tələbkar xeyrinə tutulması qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-3/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, indeksasiya məbləği olaraq 15.293,37 manatın Borclu Tələbkar xeyrinə tutulması qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-6/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, indeksasiya məbləği olaraq 15.293,37 manatın Borclu Tələbkar xeyrinə tutulması qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsində yerləşdirilmiş “İstehlak qiymətləri indeksinin hesablanmasına dair kalkulyator”dan əldə edilmiş məlumatdan görünür ki, 2025-ci ilin dekabr ayında 2019-ci ilin iyul ayına nisbətən istehlak qiymətləri indeksi 150,3 faiz təşkil etmişdir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin xx.xx.2026-cı il tarixli məktubundan və icra işlərindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1184/2018 saylı, xx.xx.2018-ci il tarixli və 2(011)-634/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnamələri üzrə borc tam olaraq ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.1992-ci il tarixli Qanunu:

2. Vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsinin əsasını istehlak qiymətlərinin indeksi təşkil edir. İstehlak qiymətlərinin dəyişməsini respublikanın statistika orqanları tərkibində fəaliyyət göstərən xüsusi dövlət xidməti müşahidə edir. Məhkəmənin mövqeyi: Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. İndeksasiya institutu qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icra edilməməsi nəticəsində baş verən inflyasiya itkilərinin kompensasiyasını, pulun alıcılıq qabiliyyətinin bərpasını, tutulmalı olan pulun dəyərində yaranmış olan azalmanın kompensasiyasını təmin etməklə, bununla da kreditorun məruz qaldığı itkiləri aradan qaldırmaqla onun mənafelərinin təmin edilməsinə yönəlmiş hüquqi mexanizmdir. Məhkəmə araşdırması zamanı yuxarıda iş materiallarında sadalanmış icra sənədləri ilə bağlı icra işləri sorğu edilmiş və müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1184/2018 saylı, xx.xx.2018-ci il tarixli və 2(011)-634/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnamələri üzrə borc indeksasiya ilə bağlı tələbkar tərəfindən ərizə məhkəməyə daxil olanadək tam olaraq ödənilmişdir. Odur ki, məhkəmə ilk növbədə qeyd edir ki, MPM-nin 232.1-ci maddəsi məhkəmə qətnaməsi ilə tutulması qət edilən pul məbləğlərinin qətnamənin icrası zamanı indeksasiyasını nəzərdə tutur. Hazırda isə qətnamələr icra olunduğundan, həmin qətnamələrin icrası ilə bağlı aktiv icra icraatı mövcud deyil. Digər tərəfdən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1184/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdeh Borclu iddiaçı Tələbkar xeyrinə ümumilikdə 59.248,4 manatın tutulması qət edilmişdir ki, 2025-ci ilin dekabr ayında 2019-cu ilin iyul ayına (Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli qərarı ilə qətnamənin qanuni qüvvəyə mindiyi vaxt) nisbətən istehlak qiymətləri indeksi 150,3 faiz təşkil etdiyindən, qətnamə ilə tutulmalı məbləğin 2025-ci ilin dekabr ayına müvafiq indeksasiya olunmuş məbləği 59.248,4 x 150,3 : 100 = 89.050 manat təşkil edir. Yəni, borclu indeksasiya məbləği nəzərə alındığında 89.050 - 59.248,4 = 29.801,6 manat artıq ödəniş etməli olmuşdur. Yuxarıda qeyd edilən məhkəmə qərardadlarından görünür ki, qətnamə ilə tutulmalı 59.248,4 manat pul məbləğinin indeksasiya olunmasına dair qanuni qüvvəyə minərək icraya yönəldilən 3 məhkəmə qərardadı mövcuddur. Həmin qərardadlarla tutulmalı pul məbləği 4.132,54 + 15.293,37 + 15.293,37= 34.719,28 manat təşkil edir. Göründüyü kimi, ayı-ayrı vaxtlarda borcludan tutulması qərara alınmış indeksasiya məbləğləri 29.801,6 manat indeksasiya üçün artıq ödənilməli olan məbləği tam qarşılayır. Odur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1184/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə tutulmalı pul məbləği ödənişin gecikdirildiyi bütün müddətə uyğun indeksasiya olunduğundan yenidən indeksasiya edilə bilməz. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-634/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tutulmalı 6.451,84 manatın indeksasiya olunmasına münasibətdə də ərizə təmin edilməməlidir. Həmin qətnamə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1184/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin icrası gecikdirildiyi üçün zərərin əvəzi olaraq hesablanmış pul məbləğinin tutulmasını müəyyən edir. Ona görə də, məhkəmə hesab edir ki, pul məbləğinin qətnamənin icrasının gecikdirildiyi bütün müddətə uyğun indeksasiya edilməsi ilə yanaşı, eyni qətnamənin icrasının gecikmə faktına görə zərər kimi tutulmuş məbləğin də indeksasiya olunması məqsədəmüvafiq deyil və bu eyni zərərin iki dəfə kompensasiya olunmasına gətirib çıxarır. MPM-nin 232.1-ci maddəsi də qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin indeksasiya olunmasını imperativ norma kimi nəzərdə tutmamış, işin hallarına uyğun qərar qəbul etmək imkanını müəyyən etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-17/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə tutulmalı olan 4.132,54 manatın indeksasiya olunmasına münasibətdə də ərizə təmin edilməməlidir. Belə ki, həmin pul qətnamə ilə tutulmalı məlbəğin indeksasiya olunması nəticəsində müəyyən edilən məbləğdir. Yuxarıda qeyd edilən mövqeyə uyğun olaraq, məhkəmə hesab edir ki, indeksasiya qərardadı ilə müəyyən edilmiş məbləğin yenidən indeksasiya edilməsi də yolverilməzdir və bu bir məbləğin dəfələrlə indeksasiya olunmasına gətirib çıxarar ki, bu da indeksasiya institutunun kompensasiya mahiyyətinə və ümumi hüququn prinsiplərinə ziddir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 232, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qəraraaldı:

Tələbkar tutulmalı pul məbləğinin indeksasiya olunmasına dair ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar