Məhkəmə qərarları › İş №8(5-94)-13/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(5-94)-13/2026

03.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(5-94)-13/2026 03.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Nağıyev Vüqar Güloğlan oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, Tələbkar Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8129/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiyasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin mahiyyəti: Tələbkar qətnamə ilə müəyyən edilmiş alimentin indeksasiyasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-8129/2019 saylı qətnaməsi ilə təyin edilmiş hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 480 manat sabit pul məbləğində alimentin indeksasiya edilməsi və xx.xx.2009-cu il təvəllüdlü X6, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X1 Tələbkar himayəsində saxlanmasına görə 2025-ci il üçün Azərbaycan Respublikasında müəyyən edilmiş yaşayış minimumunun 246 manat təşkil etməsi nəzərə alınmaqla üç uşaq üçün ümumilikdə 738 manat məbləğində alimentin, habelə sonrakı illər üzrə yaşayış minimumunda baş verəcək artımlara proporsional şəkildə indeksasiya olunmaqla, Borclu tutularaq Tələbkar ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələbkar ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-8129/2019 nömrəli qətnaməsi ilə iddiaçı Borclu ilə Məmmədova (Tağıyeva) Leyla Asəf qızı arasında 08 oktyabr 2008-ci il tarixdə bağlanmış və 12 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından olan xx.xx.2009-cu il təvəllüdlü X6, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X1 X5 himayəsində saxlanması, iddiaçı Borclu xx.xx.2009-cu il təvəllüdlü X3, xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 160 manat olmaqla, cəmi 480 manat sabit pul məbləğində alimentin X7 ödənilməsi və alimentin tutulmasının xx.xx.2019-cu il tarixdən hesablanması qət edilmişdir. Uşaqlar böyüyür və hazırda maddi vəziyyəti çətin olduğu üçün onların artan tələbatını ödəyə bilmir. Borclu isə bunu bilərək yardım etmir. Borclu valideynlik vəzifəsini yerinə yetirmir, uşaqların qayğısını çəkən, təlimtərbiyəsi ilə məşğul olan, bacardığı qədər onun ehtiyaclarını ödəməyə çalışan, lakin çox vaxt da buna nail ola bilməyən tək ana üçün uşaqları saxlamaq çətindir. O, dəfələrlə uşaqların tələbatının ödənilməsi üçün borcluya əlavə yardım etməsini xahiş etsə də, nəticəsi olmamışdır. Uşaqların normal inkişafı üçün maddi təminat olduqca vacibdir. Yaşları artdıqca onların təhsil xərcləri, dərsdənkənar məşğələlər, məktəb ləvazimatları, geyim və sağlamlıqla bağlı xərcləri mütəmadi olaraq artır. Mövcud şəraitdə bu xərclərin hamısını təkbaşına qarşılamaq ərizəçi üçün ciddi çətinlik yaradır. Uşaqlar bir çox hallarda yaşıdları ilə bərabər imkanlardan istifadə edə bilmir, bu isə onların psixoloji vəziyyətinə və sosial adaptasiyasına təsirsiz ötüşmür. Onların təhsil və inkişaf imkanlarının məhdudlaşması gələcək perspektivlərinə də risk yaradır. Tərəflərin mövqeləri: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsalar da, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzürlü olması barədə əvvəlcədən məlumat vermədiklərindən məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən onların iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab edir. Sübutların tədqiqi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8129/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Borclu ilə Məmmədova (Tağıyeva) Leyla Asəf qızı arasında 08 oktyabr 2008-ci il tarixdə bağlanmış və 12 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından olan xx.xx.2009-cu il təvəllüdlü X6, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X1 X5 himayəsində saxlanması, iddiaçı Borclu xx.xx.2009-cu il təvəllüdlü X3, xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 160 manat olmaqla, cəmi 480 manat sabit pul məbləğində alimentin X7 ödənilməsi və alimentin tutulmasının xx.xx.2019-cu il tarixdən hesablanması qət edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Maddə 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli, 15 nömrəli Qərarı: 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 8.4-2-ci bəndinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Maddə 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Maddə 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmənin mövqeyi: Məhkəmə ilk olaraq qeyd edir ki, ödənilməli olan pul məbləğinin indeksasiyası dedikdə, tələbkarın hüquqlarının və qanuni mənafelərinin inflyasiya proseslərinin mənfi təsirlərindən qorunması məqsədilə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tələbkara ödənilməli olan pul məbləğinin inflyasiyanın artım səviyyəsinə mütənasib olaraq artırılması başa düşülür. Beləliklə, indeksasiya inflyasiya nəticəsində istehlak qiymətlərinin artdığı bir şəraitdə tələbkarın üzləşdiyi zərərin əvəzinin ödənilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual mexanizmdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən Mülki Prosesessual Məcəlləsinin 232ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilir. Bu halda sabit pul məbləğində tutulan alimentin indeksasiyasının, yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınır. Aliment indeksasiyası iki mərhələ üzrə həyata keçirilir. Birinci mərhələdə sonuncu qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının həmin il ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin neçə misli təşkil etdiyi müəyyən edilir. İkinci mərhələdə isə tutulacaq alimentin məbləğinin ərizə verilən vaxt ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının həmin misli həddində indeksasiya olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı halda borcludan tələbkarın xeyrinə tutulan alimentin məbləği konkret rəqəmlə deyil, məbləğin sonrakı indeksasiyası nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının misli həddində ifadə edilməlidir. Belə ki, qanuni qüvvəsini almış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 8129/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən alimentin məbləği hər uşaq üçün 160 manat həddində müəyyən edilmişdir. Həmin dövrdə, yəni 2019-cu ilin sentyabr ayından isə minimum əmək haqqı məbləği 250 manat həcmində müəyyən edilmişdir. Ona görə alimentin indeksasiyası həmin məbləğlərin nisbətinə uyğun hesablanmalıdır. Qeyd olunanlara əsasən aliment aşağıdakı qaydada indeksasiya ediləcəkdir: 160 manat (son qətnamə ilə tutulan alimentin məbləği) : (bölünsün) 250 manat (2019-cu il üçün minimum əmək haqqı məbləği) = 0,64 (indeksasiya həddi). Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 8129/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tutulmuş alimentin məbləği ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,64 misli həddində indeksasiya edilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-8129/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X3, xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Məmmədova (Tağıyeva) Leyla Asəf qızının xeyrinə Borclu tutulmuş 160 manat məbləğində alimentin miqdarı sonrakı artımlar da nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0,64 misli həddində indeksasiya edilsin. Alimentin indeksasiyası xx.xx.2026-cı il tarixdən hesablansın. Qərardaddan rəsmi qaydada verildikdən (“Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinetə yerləşdirildikdən) sonra, 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüqar Nağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar