Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(5-94)-149/2026 26.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi, Borclular Borclu1, Borclu2 iştiarkı ilə, Borclular X1, Borclu1, Borclu2 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3320/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin icrasına möhlət verilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Borclular X2, Borclu1, Borclu2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3320/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin icrasına möhlət verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən mənzilin təhvil verilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3320/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuşdur. Həmin mənzil borclunun xalası Sadıxova Məlahət Qəşəmşad qızından mənzilin dəyərini ödəməklə əldə etmişlər. Lakin həmin vaxtlar evin sənədlərində çatışmazlıqlar olması səbəbilə çıxarış əldə edə bilməmişlər. Daha sonra Sadıxova Məlahət Qəşəmşad qızının sağlamlıq problemlərinin olması və birinci dərəcəli vərəsəsinin olamaması səbəbilə üçüncü şəxslər bundan istifadə edərək əmlakı özgəninkiləşdirmişlər. Sadıxova Məlahət Qəşəmşad qızının yeganə vərəsəsi iş üzrə cavabdeh Borclu2dır. İddiaçı hər hansı yollarla əmlaka çıxarış əldə etmiş və hazırda onları çıxarmaq niyyətindədir. Cavabdehlər həmin evi aldıqları ilin məzənnəsinə uyğun olaraq evin dəyərini ödəmiş, həmçinin evi dəfələrlə təmir etdirərək evin dəyərinin artmasına səbəb olmuşlar. Buna baxmayaraq onlar evlərindən məhrum olmuşlar. Həmin ödənişlərin geri ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişlər, lakin müəyyən səbəblərlə vaxt itirmişlər və sonra da Sadıxova Məlahət Qəşəmşad qızının dünyasını dəyişdiyini öyrənmişlər. Hal-hazırda Sadıxova Məlahət Qəşəmşad qızının başqa vərəsəsinin olmaması səbəbilə heç bir əlavə tələb qaldıra bilmirlər. Məhkəmədən qətnamənin icrasına 4 ay müddətinə möhlət verilməsini xahiş edirlər. Məhkəmə iclasında iştirak etmiş borclular Borclu1 və Borclu2 ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Tələbkar ərizə yarazaq, bildirmişdir ki, mənzili alqı-satqı müqaviləsi ilə aldıqdan sonra dəfələrlə borclulara mənzili boşaltmaq üçün möhlət vermiş, onlar mənzili könüllü boşaltmadıqları üçün məcburən məhkəməyə müraciət etmişdir. Borclular məhkəmə işini də mənzildən çıxmamaq üçün əsassız şikayətlərlə uzatmışlar. Əmlakından uzun müddətdir ki, istifadə edə bilmir, odur ki, ərizənin rədd edilməsini xahiş edir. Digər borclu və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, tələbkar məhkəməyə teleqram vuraraq, ərizənin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. İş materiallarında olan: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3320/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, cavabdehlər X2, Borclu1, Borclu2 və digər şəxslərin əşyaları ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmaları, sözügedən mənzilin Maraqlı şəxs təhvil verilməsi qət edilmişdir. Tətbiq edilən hüquq: İcra haqqında Qanun:
15. Tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Mülki Prosessual Məcəllə: 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. 231.2. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Alı Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli Qərarı:
12. Məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər.
13. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, qətnamənin icrasına möhlət verilməsi məsələsi borcluların əmlak vəziyyəti ilə yanaşı, tələbkarın mənafeyi nəzərə alınmaqla həll edilməlidir. Hazırki halda qətnamənin icrasına möhlət verilməsi üçün hər hansı müstəsna halın mövcud olması sübut olunmur. İş materialları ilə müəyyən edilir ki, mənzil xx.xx.2024-cü il tarixdən tələbkarın xüsusi mülkiyyət hüququ kimi dövlət qeydiyyatına alınmış, lakin uzun müddət mənzildə yaşayan şəxslərin mənzildən çıxarılması ilə bağlı məhkəmə mübahisələri olmuşdur. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3320/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə cavabdehlər X2, Borclu1, Borclu2 və digər şəxslərin əşyaları ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmaları, sözügedən mənzilin Maraqlı şəxs təhvil verilməsi qət edilmiş, qətnamə Ali Məhkəmənin xx.xx.2025-ci il tarixli qərarı ilə qüvvəyə mindikdən sonra icraya yönəlmişdir. Göründüyü kimi, Ali Məhkəmənin xx.xx.2025-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni qüvvəyə minmiş və borclular mənzili tərk etməli olduğunu bilmişdir. Həmin vaxtdan artıq 2 aydan artıq müddət keçmişdir. Yəni, bocluların mənzili təhvil verməsi üçün 2 aydan çox vaxtı olmuşdur. Qeyd edilənləri və tələbkarın mənzilin mülkiyyətçisi olmasına baxmayaraq uzun müddətdir mənzildən istifadə edə bilməməsini nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, ərizə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qəraraaldı:
Borclular X1, Borclu1, Borclu2 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3320/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin icrasına möhlət verilməsinə dair ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Leyla Şövkətli-Mənsimli