Məhkəmə qərarları › İş №8(5-94)-25/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(5-94)-25/2026

23.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(5-94)-25/2026 23.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Novruzova Gülsanə Emin qızının katibliyi, Tələbkar X1 iştirakı ilə, Bakı Şəhəri Xətai rayon İcra Şöbəsinin borclu "xxxx" MMC-nin rəhbəri Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X2, borclu "xxxx" MMC-nin rəhbəri Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixli qərarla icraata başladığı Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(011)-1733/2025-030 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən iddiaçı Tələbkar cavabdeh "xxxx" MMC-nə qarşı “ödənilməmiş əmək haqqının tutulması, istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi qismən təmin edilmiş, 3266,12 manat ödənilməmiş əmək haqqı məbləği, 516,80 manat istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi olmaqla, cəmi 3782,92 manat pul məbləği və həmin məbləğin ödənilməsi gününədək gecikdirilmiş müddət üçün gündəlik 1 (bir) faiz dərəcə ilə Ödənc hesablanmalı və 50 manat mediasiya xərci, 200 manat hüquqi yardıma görə çəkilmiş xərc olmaqla, 250 manat məhkəmə xərci cavabdeh "xxxx" MMC-dən tutulub iddiaçı Tələbkar ödənilməli, 57,83 manat dövlət rüsumu "xxxx" MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2025-cü il tarixində Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə borclu "xxxx" MMCnin rəhbəri Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilsə də, tələbi təmin etmək üçün əmlak müəyyən olunmamışdır. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə borclu "xxxx" MMC-nin rəhbəri Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Tələbkar X3 məhkəmə iclasında təqdimatın məzmununa uyğun izahat verərək təqdimatın təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsi və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışdırlar. Lakin onlar məhkəmə iclasına gəlməmiş, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsi isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin nümayəndəsinin və işdə iştirak etmiş şəxslərin məhkəmə iclasına gəlməməkləri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. İş materiallarından görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 1733/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən iddiaçı Tələbkar cavabdeh "xxxx" MMC-nə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti cəlb edilməklə) “ödənilməmiş əmək haqqının tutulması, istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsinin qismən təmin edilməsi, 3.266,12 manat ödənilməmiş əmək haqqı məbləği, 516,80 manat istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi olmaqla, cəmi 3.782,92 manat pul məbləği və həmin məbləğin ödənilməsi gününədək gecikdirilmiş müddət üçün gündəlik 1 faiz dərəcə ilə Ödənc hesablanaraq, cavabdeh "xxxx" MMC-dən tutulub iddiaçı Tələbkar ödənilməsi, 50 manat mediasiya xərci, 200 manat hüquqi yardıma görə çəkilmiş xərc olmaqla, 250 manat məhkəmə xərci "xxxx" MMC-dən tutulub iddiaçı Tələbkar ödənilməsi, 57,83 manat dövlət rüsumu "xxxx" MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru Orxan İsrafilov tərəfindən xx.xx.2025-ci il tarixində icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildiriş borclu "xxxx" MMC-yə göndərilmişdir. Göründüyü kimi, borclu icra sənədi üzrə öhdəliyini təmin etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, borclu "xxxx" MMC tərəfindən icra sənədi üzrsüz səbəbdən icra edilməmiş və icra sənədinin icrasının təmin edilməsi məqsədilə "xxxx" MMC-nin rəhbərinin ölkədən getmək hüququ məhdudlaşdırılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən məcburi icra tədbirləri bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi əsasları olduqda tətbiq edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, borclu "xxxx" MMC icra sənədini könüllü icra üçün müəyyən edilmiş vaxtda icra etmədiyindən icra sənədinin icrasının təmin edilməsi məqsədilə onun rəhbərinin ölkədən getmək hüququ məhdudlaşdırılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, borclu "xxxx" MMC-nin rəhbəri Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. xx.xx.1980-ci ildə anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar