Məhkəmə qərarları › İş №8(5-94)-40/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(5-94)-40/2026

29.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(5-94)-40/2026 29.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Nağıyev Vüqar Güloğlan oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, Tələbkar Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5428/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş pul məbləğinin indeksasiyasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin mahiyyəti: Tələbkar Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5428/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş pul məbləğinin indeksasiyasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 5428/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş xx.xx.2024-cü il X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Borclu ərizəçi Tələbkar xeyrinə tutulan hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində alimentin sonrakı artırmalar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,70 misli həddində indeksasiya edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələbkar ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5428/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə ərizəçi ilə Borclu arasında xx.xx.2022-ci ildə bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2024-cü il təvəllüdlü X2 adlı azyaşlı övladnın ərizəçinin himayəsində qalması qət edilmişdir. Sözügedən qətnaməyə əsasən Borclu xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşma çatanadək saxlanılması üçün Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment tutulması, xx.xx.2024-cü il təvəllüdlü X1 3 yaşı tamam olanadək, yəni xx.xx.2027-ci il tarixədək Borclu hər ay 100 (yüz) manat məbləğində sabit pul şəklində aliment tutularaq Tələbkar verilməsi qət edilmişdir. 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir. Əvvəldə qeyd olunan qətnaməyə görə təyin edilmiş aliment məbləği əmək haqqının 0,62 mislinə uyğundur və hazırkı qüvvədə olan aliment məbləği əmək haqqının 0,65 mislinə uyğundur. Uşaq azyaşlı və məsrəfləri çoxdur. Övladına tək baxır və aliment bu istiqamətdə minimal yardımı təmin edir. Nəticə olaraq, minimum əmək haqqının 0,70 hissəsinə indeksasiya olunması qanunauyğundur. Tərəflərin mövqeləri: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsalar da, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzürlü olması barədə əvvəlcədən məlumat vermədiklərindən məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən onların iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab edir. Sübutların tədqiqi: İş materiallarında olan 2 saylı Sumqayıt “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş AZ-V seriyalı 019444 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində anadan olmuş, atası Borclu, anası Tələbkardır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5428/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Tələbkar ilə Borclu arasında xx.xx.2022-ci il tarixində 1151 nömrəli akt qeydi ilə 2 saylı Bakı ASAN Xidmət Mərkəzi Qeydiyyat şöbəsində qeydə alınmış nikahın pozulması, xx.xx.2024-cü il təvəllüdlü X2 boşanmadan sonra anası Tələbkar yanında qalması, Borclu xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində alimentin tutulması, xx.xx.2024-cü il təvəllüdlü X1 3 yaşı tamam olanadək, yəni xx.xx.2027-ci il tarixədək Borclu hər ay 100 (yüz) manat məbləğində sabit pul şəklində aliment tutularaq Tələbkar verilməsi qət edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Maddə 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Maddə 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanun: Maddə 1. İndeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmidir. Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının 8.4-1-ci maddəsinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Həmin Qərarın 8.4-2-ci bəndinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Məhkəmə qeyd edir ki, alimentin indeksasiyası təyin olunmuş sabit pul məbləğinin müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğunlaşdırılması yolu ilə həyata keçirilir. İş materiallarından da görünüyü kimi, təyin olunmuş aliment pul ifadəsində deyil, məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində müəyyən edilmişdir. Yəni, artıq aliment üçün indeks müəyyən edilmişdir. Ona görə də, hazırda yenidən alimentin indeksasiyası üçün əsas yoxdur. Eyni zamanda qeyd olunmalıdır ki, ərizəçinin aliment tələbi barədə iddiasına məhkəmədə artıq baxılmış və ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,62 misli həddində aliment onun xeyrinə borcludan tutulmuşdur. Qeyd edilən minimum əmək haqqı ifadəsi cari ildə olan əmək haqqını nəzərdə tutur, yəni hər dəfə minimum əmək haqqı artırılan zaman tələbkarın eyni qəbildən ərizə verməsinə ehtiyac qalmır. Gələcəkdə hər dəfə minimum əmək haqqı artıqda, aliment müvafiq qaydada icra sənədi üzrə həmin minimum əmək haqqına uyğun müvafiq qaydada hesablanaraq tutulacaqdır. Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi (artırılması, azaldılması) barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Ancaq alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxdığı təqdirdə məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hər hansı dəyişikliyin baş verməsini və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə ala bilər. Bununla bağlı tərəfə izah olunmalıdır ki, alimentin miqdarı müəyyən olunduqdan sonra ailə və ya maddi vəziyyətindəki dəyişikliyə, işsiz olmasına istinad etməklə alimentin miqdarının dəyişdirilməsi (azaldılması) barədə tələblə iddia icraatı qaydasında məhkəməyə müraciət edə bilər. Məhkəmə hesab edir ki, ərizədə qeyd edilənlər, məhkəmə qərarının icrası (icra icraatı) qaydasında ərizə ilə məhkəməyə müraciət etmək üçün deyil, alimentin miqdarının artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün əsasdır. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Tələbkar alimentin indeksasiyasına dair ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən (“Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinetə yerləşdirildikdən) sonra, 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüqar Nağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar