Məhkəmə qərarları › İş №8(5-94)-42/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(5-94)-42/2026

23.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(5-94)-42/2026 23.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, X3 qızının katibliyi ilə, Tələbkar sabit pul məbləğində ödənilən alimentin indeksasiyası barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi:

1. Tələbkar icra icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Xətai Rayon Məhkəməsinin 2(011)-/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tutulan aliment miqdarının indeksasiyası barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3342/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdeh Borclu xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 220 manat ümumi 440 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması qət edilmişdir. Lakin bu məbləğ uşaqların minimum dolanacaq xərclərini ödəmədiyi üçün alimentin artırılması zərurəti yaranmışdır.

Tərəflərin izahatı:

3. Borcluya, tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında heç bir tərəf iştirak etməmiş və hər iki tərəf ərizə ilə müraciət edərək, onların iştirakı olmadan iclasın keçirilməsini və qərardad çıxarılmasını xahiş etmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

4. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 75.1 Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

5. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarı: 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 8.4-2-ci bəndinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir).

6. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” 5 yanvar 2023-cü il tarixli sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilmişdir.

7. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu:

1. 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.

8. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu:

13. Uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Həmçinin, “Uşaq hüquqları bəyənnaməsi”nə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir.

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər.

İşə baxan məhkəmənin mövqeyi:

10. Məhkəmə ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir.

11. Alimentin indeksasiya edilməsinin hüquqi əsası ümumi formada Ailə Məcəlləsinin 110-cu maddəsində nəzərdə tutulmuşdur. Həmin müddəanın mənasından da görünür ki, məhkəmə qətnaməsi ilə əvvəl sabit pul məbləğində tutulmuş alimentin indeksasiya olunmasında yeganə meyar kimi müəyyən edilmiş minimum əmək haqqı məbləği əsas götürlür. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin indeksasiya edilməsinin qaydası isə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarında göstərilmişdir. Həmin Qərarın 8.4-1 və 8.4-2-ci bəndələrindən görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında tutulan aliment indeksasiyası iki mərhələ üzrə həyata keçirilməlidir. Birinci mərhələdə sonuncu qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının həmin il ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin neçə misli təşkil etdiyi müəyyən edilməlidir. İkinci mərhələdə isə tutulacaq alimentin məbləğinin ərizə verilən vaxt ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının həmin misli həddində indeksasiya olunmalıdır.

12. Şərh edilənlərdən də göründüyü kimi, alimentin indeksasiyası üçün yeganə meyar yaşayış minimumu yox, minimum əmək haqqının məbləği əsas götürüldüyündən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(2(011)-3342/2023 saylı, xx.xx.2023-cü il təvəllüdlü xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin indeksasiyası 2023-cü il üzrə tutulan alimentin həmin il üzrə müəyyən edilmiş minimum əmək məbləğinin müvafiq misli həddində müəyyən edilərək, alınan nisbət ölkə üzrə müəyyən edilmiş minimum əmək məbləğinə tətbiq edilməklə aparılmalıdır

13. İş materialları əsasında müəyyən olunur ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)- 3342/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, iddia qismən təmin edilmiş, Borclu xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 220 manat sabit pul məbləğində aliment iddiaçı Tələbkar xeyrinə tutulması qət edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” 5 yanvar 2023-cü il tarixli sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilmişdir.

14. Şərh edilənlər nəzərə alınmaqla, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-3342/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tutulmuş aliment bu qaydada indeksasiyası ediləcəkdir: 220 manat (qətnamədə tutulan alimentin məbləği) : 345 manat (2023-cü il üçün müəyyən edilmiş minimum əmək haqqı) = 0,64. Göründüyü kimi, 235 manat 345 manatın 0,64 mislinə bərabərdir. Beləliklə, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-3342/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tutulmuş aliment, hazırda ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının məbləğinin 0,64 misli həddində indeksasiya edilməlidir.

15. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Tələbkar xx.xx.2026-cı il tarixində ərizə ilə məhkəməyə müraciət etmişdir.

16. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

Qəraraaldı:

1. Ərizə təmin edilsin.

2. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-3342/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu Tələbkar xeyrinə sabit pul məbləğində tutulmuş 220 (iki yüz iyirmi) manat alimentin məbləği sonrakı artımlar da nəzərə alınmaqla, ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0,64 misli həddində indeksasiya edilsin.

3. Alimentin indeksasiyasının başlanğıcı xx.xx.2026-cı il tarixdən hesablansın.

4. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar