Məhkəmə qərarları › İş №8(5-94)-49/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(5-94)-49/2026

19.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(5-94)-49/2026 19.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Kazımova Aysel Qədir qızının katibliyi, Tələbkar Borclu iştirakı ilə, Tələbkar sabit pul məbləğində ödənilən alimentin indeksasiyası barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Tələbkar icra icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-6734/2019 saylı, 21.08. 2019-cu il tarixli qətnaməsi ilə tutulan alimentin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Borclu ilə 30.05. 2017-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Nikaha daxil olan zaman və nikah dövründə nikah müqaviləsi bağlamamışlar. Birgə nikahdan xx.xx.2017-ci il təvəllüdlü X3 adlı bir övladı anadan olub. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(01 1 )-6734/2019 saylı, 21.08. 2019-cu il tarixli qətnaməsi ilə Borclu birgə nikahdan olan 12.1 1. 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Lakin həmin məbləğ uşağın tələbatını ödəmir. Tələbkar bildirir ki, dəfələrlə cavabdehdən azyaşlı uşaqlarının saxlanması üçün maddi kömək tələb etsə də, o, bundan boyun qaçırır. Buna görədə uşağın təlabatı ödəmək üçün təyin olunmuş alimentin miqdarını artırılması hesab edir ki, məqəsədə müvafiqdir. Tələbkar məhkəmə iclasında ərizəsini müdafiə edərək, təmin edilməsini xahiş etdi və bildirdi ki, borclu tərəf 220 manat hər ay ödəyir, lakin bu uşağın saxlanması üçün kifayət etmir. Borclu məhkəmə iclasında ərizəyə etiraz edərək, bildirdi ki, tərəflər arasında məhkəmədən kənar barışıq sazişi bağlanmış, həmin sazişə uyğun olaraq, hər ay 220 manat aliment ödəyir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, ərizənin dəlillərini araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6734/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 22 iyul 2019-cu il tarixdən hesablanmaqla, hər ay 160 (yüz altmış) manat və xx.xx.2017-ci il təvəllüdlü X1 3 yaşı tamam olanadək, yəni xx.xx.2020-ci il tarixədək hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment Borclu tutularaq X2 verilməsi qət edilmişdir. Bakı şəhəri 16 saylı Mediasiya Təşkilatında imzalanmış xx.xx.2023-cü il tarixli Barışıq Sazişindən görünür ki, tərəflər razılaşdılar ki, tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşınadək saxlanması üçün Xətai Rayon Məhkəməsinin 2(011)-6734/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş 160 manat məbləğində alimentin miqdarı dəyişdirilsin, tərəflərin xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşınadək saxlanması üçün alimentin miqdarı 220 manat məbləğinə çatdırılsın, aliment məbləğində artırılma xx.xx.2023-cü il tarixindən hesablanır, ikinci tərəf Borclu bu sazişdə göstərilən 220 manat məbləğində alimenti xx.xx.2023-cü il tarixdən başlayaraq hər ayın 1-dən 10-dək olan müddətdə birinci tərəf olan Tələbkar təqdim etdiyi bank hesabına, kart hesabına ödəməyi öz öhdəsinə götürmüşdür. “Mediasiya haqqında” AR Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Qeyd edilən hal tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin 6-cı bəndində öz əksini tapmışdır. Göründüyü kimi, barışıq sazişi tərəflərin mübahisəli münasibətlərinə dair yeni bir hüquqi nəticə - hüquq və öhdəliklər əmələ gətirmək məqsədilə bağladıqları qarşılıqlı ikitərəfli (çoxtərəfli) müqavilədir. Barışıq sazişi tərəflər arasındakı mübahisənin və ya fikir ayrılığına səbəb olma potensialı daşıyan qeyri-müəyyənliyin aradan qaldırılmasına yönəlir. Mülki qanunvericiliyin məqsədi mülki dövriyyə azadlığını təmin etmək, yəni subyektlərin öz şəxsi mənafelərini həyata keçirməyə hüquqi şəraiti yaratmaqdır (Mülki Məcəllə, maddə 1.1). İstər bu məqsəddən irəli gələn iradə sərbəstliyi (Mülki Məcəllə, maddə 6.1.2) və müqavilə azadlığı prinsipləri (Mülki Məcəllə, maddə 6.1.5 və 390), istərsə də Mülki Məcəllənin 12.2-ci maddəsinin “Mülki hüquq münasibətlərinin subyektləri həm qanunla birbaşa qadağan olunmamış hərəkətləri, həm də qanunda bilavasitə nəzərdə tutulmamış hərəkətləri icra edə bilərlər” müddəası onu deməyə əsas verir ki, barışıq razılaşması da mülki qanunvericilikdə nəzərdə tutulan müqavilələrdən biri olmaqla, tərəflər arasında öhdəlik hüquq münasibətləri yaradan əqd növüdür. Bundan başqa Azərbaycan Rspublikası Ali Məhkəməsinin 14 yanvar 2025-ci il 1-8- 16-1/2-57/2025 saylı məktubunun 4-cü bəndində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişində sabit pul məbləğində alimentin tutulması ilə bağlı şərt tərəflərin razılığından asılı olaraq konkret rəqəmlə və ya minimum əmək haqqının müəyyən misli ilə ifadə edilə bilər. Tərəflər sazişdə tutulan alimentin məbləğini konkret rəqəmlə ifadə etdikləri və bu məbləğin sonrakı indeksasiyasını nəzərdə tutmadıqları halda, məhkəmə tərəfindən bu sazişin təsdiqi zamanı həmin məbləğin minimum əmək haqqının mislinə çevrilməsi tərəflərin iradə ifadəsinə zidd olduğundan yolverilməzdir. Eyni mövqe, iddia icraatının gedişatında analoji barışıq sazişlərinin təsdiqi zamanı da nəzərə alınmalıdır. Bununla yanaşı, konkret rəqəmlə ifadə olunan alimentin tutulmasına dair qanuni qüvvəsini almış məhkəmə qətnamələrindən fərqli olaraq, bu məzmunda mediasiya sazişi daxil olmaqla, barışıq sazişlərinin təsdiq edilməsi barədə məhkəmə aktları (qətnamə, qərardad) üzrə müəyyən edilmiş alimentin indeksasiyası da buna dair barışıq sazişində müvafiq bəndin olmadığı halda istisna edilir. Bu zaman, tərəflərə Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş əsasların olduğu halda, alimentin miqdarının dəyişdirilməsinə dair yeni iddia tələbi ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Tərəflər belə bir tələblə məhkəməyə müraciət etdikləri halda isə, qəbul olunacaq qətnamədə müəyyən edilən alimentin məbləği minimum əmək haqqının misli ilə göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, işə məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verə bilər. Göründüyü kimi tərəflərin qarşılıqlı şəkildə razılaşdığı Bakı şəhəri 16 saylı Mediasiya Təşkilatında imzalanmış xx.xx.2023-cü il tarixli Barışıq Sazişində alimentin miqdarının indeksasiyası nəzərdə tutulmadığından, tələbkarın hazırki ərizəsinə baxılması yolverilməz olduğundan, iş üzrə icraata xitam verilməli və ona Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş əsasların olduğu halda, alimentin miqdarının dəyişdirilməsinə dair yeni iddia tələbi ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci - maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Tələbkar sabit pul məbləğində ödənilən alimentin indeksasiyası barədə ərizəsi üzrə icraata xitam verilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar