Məhkəmə qərarları › İş №8(5-95)-4/2026

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(5-95)-4/2026

15.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(5-95)-4/2026 15.01.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2727/2024-008 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu adına olan daşınar əmlakın üzərinə həbs qoyulması barədə Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X2 “Daşınar (avtomobil) əmlak üzərinə həbs qoyulması haqqında” təqdimatla məhkəməyə müraciət edərək, icra sənədi üzrə Borclu məxsus olan VAZ 21154 minik markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad verilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2727/2024-008 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən cavabdeh Borclu Tələbkar xeyrinə xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq 235 manat sabit pul məbləğində aliment tutularaq verilməlidir. İcra sənədi xx.xx.2024-ci il tarixdə Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan VAZ 21154 minik markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Borclunun adına daşınar əmlak (avtomobil) olduğundan icra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Tərəflərin məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, iş materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Xəzər Rayon Məhkəməsinin 2(003)-2727/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Borclu Tələbkar xeyrinə xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq 235 manat sabit pul məbləğində aliment tiutularaq Tələbkar verilməlidir. xx.xx.2024-cü il tarixli, 16952/12Q nömrəli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Xəzər Rayon Məhkəməsinin 2(003)-2727/2024-008 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin könüllü icrası üçün borcluya qanunvericiliklə 10 gün müddət təyin olunması barədə məlumat verilmişdir (bildiriş xx.xx.2024-cü il tarixində bildirişə imza edilməklə qəbul edilmişdir). - “Elektron icra” informasiya sistemində edilmiş əmlak sorğusundan görünür ki, Borclu adına mühərrik nömrəsi ******* nömrəli avtomobil mövcuddur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü və dördüncü abzaslarında müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin qanunun 8.3-cü maddəsinə əsasən, icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin qanunun 44.1.3-cü maddəsinə əsasən, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi, məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır. Həmin qanunun 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. Həmin qanunun 50.2-ci maddəsinə əasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.(14.2 və 77.1-ci maddələr) Yuxarıda qeyd olunan qanunvericilik normalarının hazırkı işin faktiki hallarına tətbiqi baxımından məhkəmə qeyd edir ki, icra məmuru icraata başlamaq haqqında qərarın surətini onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbin könüllü icrası haqqında bildirişlə borcluya göndərməlidir. Bununla bağlı nəzərə alınmalıdır ki, mülki iş materiallarında icraata başlamaq haqqında qərar və həmin qərarın borcluya təqdim edilməsini təsdiq edən hər hansı sübut mövcud deyildir. Nəzərə alınmalıdır ki, icra məmurunun hazırkı təqdimatı borclunun əmlakının üzərinə həbs qoyulması ilə əlaqədardır və borclunun əmlakının üzərinə həbs qoyulması qanunvericiliklə müəyyənləşdirilmiş məcburi icra tədbirlərindən biridir. “İcra haqqında” Qanuna əsasən, icra məmurunun məcburi icra tədbirlərinin tətbiqi ilə əlaqədar məhkəməyə müraciət etməsi üçün bunu zəruri edən və sözgüdən qanunda qeyd olunan hallar, o cümlədən borclunun könüllü icra müddətində icra sənədi üzrə tələbi üzrsüz səbəbdən təmin etməməsi müəyyən edilməlidir. Lakin iş materiallarında icra məmuru tərəfindən borcluya icraata başlamaq haqqında qərarın verildiyini, habelə icra sənədinin icrası məqsədilə digər zəruri icra tədbirlərin görüldüyünü təsdiq edən sübut mövcud deyildir. Belə ki, borcludan izahat alınması, onun icra sənədini hansı səbəbdən icra etməməsi, ilə bağlı araşdırmanın aparılmasını, habelə icra sənədi üzrə tələbi üzrsüz səbəbdən təmin etməməsini təsdiq edən hər hansı sübut mövcud deyildir. Habelə borcluya məxsus əmlakın müəyyən edilməsi ilə bağlı aparılmış sorğunu əks etdirən sənədin surətində yalnız borclunun adına avtomobilin olması və onun mühərrik nömrəsi var, ancaq onun VAZ 21154 minik markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobil olmasını təsdiq edən sübut isə iş materiallarına əlavə edilməmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqdimat təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqdimat təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar