Məhkəmə qərarları › İş №8(5-96)-10/2026

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(5-96)-10/2026

22.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(5-96)-10/2026 22.01.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Maxsudova Ülkər Taleh qızının sədrliyi, Məhkəmə iclas katibi İskəndərova Səbinə Elşən qızının katibliyi, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Əli-zadə Abuzər Akif oğlunun, Tələbkar işirakları ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-211/2023-013 saylı, xx.xx.2023cü il tarixli icra sənədinin icrası məqsədi ilə Borclu Bakı şəhər Qaradağ Rayon İcra Şöbəsinə məcburi qaydada gətirilməsinə dair Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Abuzər Əli-zadənin təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ: İşin halları:

1. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-211/2023-013 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

2. Təqdimat belə əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-211/2023-013 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 18667 manat alınaraq Tələbkar xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2023-cü il tarixində Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu icra sənədində göstərilən ünvanına göndərilmiş, icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş, edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmış, bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Həmçinin, borclu sözügedən qərardan heç bir şikayət verməmişdir. Qeyd olunan halları nəzərə alaraq təqdimatın təmin edilməsi barədə qərardad çıxarılması məhkəmədən xahiş edilir.

İştirak edən şəxslərin izahatları:

3. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Əli-zadə Abuzər Akif oğlu öz izahatında bildirdi ki, Borclu barəsində on altı icra sənədi var. İcrasından boyun qaçırdığı iş yalnız bu olmamaqla tərəfindən heç bir ödəmələr həyata keçirilmir. Dəfərlərlə icra sənədini könüllü icra etməkdən yayındığı üçün barəsində inzibati protokol tərtib edilərək məhkəməyə müraciət edilmiş və inzibati məsuliyyətə cəlb olunmuşdur. Borclu artıq hüquq pozuntuları törətməkdə adətkardır. Borclu barəsində məcburi icra tədbirləri görülmüşdür. Tələbin yönəldilə biləcəyi əmlak və gəlir aşkar edilməmişdir. Borclu qeydiyyatda olduğu ünvanda yaşamır. Cinayət əməli törətməkdə təqsirli bilinməklə həbs edilərək Bakı İstintaq Təcridxanasında saxlanılırdı. 2025-ci ilin oktyabr ayında azad olmasına baxmayaraq borc məbləğinin külli miqdar olması səbəbindən gizlənir. Sonuncu dəfə yanvar ayının 12-si telefon vasitəsilə borclunun istifadəsində olan mobil nömrələrlə əlaqə saxlanılmışdır. Barəsində verilən təqdimatdan da məlumatlı olduğunu bildirmişdir. Borcun hissə-hissə ödənilməsi ilə bağlı tələbkar tərəfindən ona verilmiş möhlətə məhəl qoymayaraq çağırışlara gəlməkdən boyun qaçırmışdır. Qeyd olunanlara əsasən təqdimatın təmin olunması xahiş edildi.

4. Tələbkar məhkəmə iclasında iştirak edərək bildirdi ki, Borclu oğlunun dostu olub. “Sədərək” Ticarət Mərkəzində iki mağazası var idi. Paltar satışı ilə məşğul olurdu. Ondan 20000 (iyirmi min) manat pul alaraq bir həftəyə qaytaracağını, mağazanı satıb ona olan borcunu ödəyəcəyini bildirməsinə baxmayaraq, artıq səkkiz ildir ki, borcunu qaytarmır. Odur ki, təqdimatın təmin olunmasını məhkəmədən xahiş etdi.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq, borclu məhkəmə iclasında təmsil olunmamış və məhkəmə Azərbaycan Respublikası MPM-in 185.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

6. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-211/2023-013 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, Borclu 18667 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar ödənilməlidir.

7. Bakı şəhəri Qaradağ rayon icra şöbəsinin böyük icra məmuru Abuzər Əli-zadə tərəfindən xx.xx.2023-cü il tarixli “İcraata başlamaq haqqında” qərar qəbul edilərək, tələbin könüllü icrası barədə həmin tarixdə borcluya bildiriş göndərilmişdir.

8. Sorğu nəticəsində əldə edilmiş icra işinin materiallarından görünür ki, borclu barəsində arayışlar tərtib olunmuş, şöbəyə dəvət edilmiş, lakin onun tərəfindən gəlməməsi barədə heç bir məlumat verilməmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

Tətbiq edilən hüquq:

9. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1-1. İcra qanunvericiliyinin prinsipləri İcra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. Maddə 84.2. İcra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Maddə 84.3. Bu qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər.

Məhkəmənin mövqeyi:

10. İcra haqqında qanunvericiliyin tələbindən görünür ki, borclunun məcburi gətirilməsi tədbiri o halda tətbiq olunur ki, borclu icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınmış olsun.

11. Məhkəmə araşdırması zamanı əldə edilmiş icra işinin materiallarından da aydın olur ki, Borclu icra sənədi üzrə məlumatlı olsa da icra məmurunun çağırışları üzrə icra yerinə gəlməmiş, habelə icra sənədi üzrə tələbin icrasını bu günə qədər tam yerinə yetirməmişdir. Bununla da məhkəmə qərarının icrası faktiki olaraq nəticəsiz qalmışdır. Belə ki, icra məmurunun təqdim etdiyi sənəddən də görünür ki, dəfələrlə (xx.xx.2025, xx.xx.2025, xx.xx.2025-ci il tarixlərdə) borclu ilə əlaqə saxlanılmışdır. Məhkəmə tərəfindən həmin telefon nömrəsinin borclunun istifadəsində olması müəyyən edilmişdir.

12. Göründüyü kimi, borclu icra sənədinin icrası ilə bağlı çoxsaylı tədbirlərə baxmayaraq icra sənədinin icrasından yayınmış, gəlməməsinin üzrlü səbəbdən baş verməsi ilə bağlı heç bir məlumat verməmişdir.

13. Həmçinin, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, hazırkı iş üzrə borclunun rəsmi iş yeri və mülkiyyətində daşınar və daşınmaz əmlakı olmadığından müvafiq icra sənədi üzrə tələbin icrasının təmin edilməsi mümkün olmamışdır. Odur ki, məhkəmə qeyd olunan halları nəzərə alaraq hesab edir ki, təqdimat əsaslı olmaqla təmin edilməlidir.

NƏTİCƏVİ HİSSƏ:

14. Məhkəmə qeyd olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2 və 84.3-cü maddəsini rəhbər tutaraq

QƏRARA ALDİ:

Təqdimat təmin edilsin. xx.xx.1977-ci il tarixdə Füzuli rayonunda anadan olmuş, ünvan 2 ünvanında yaşayan Borclu (FİN: xxxxxxx) Bakı Şəhəri Qaradağ Rayon İcra Şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qaradağ Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Ülkər Maxsudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar