Məhkəmə qərarları › İş №8(5-96)-104/2026

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(5-96)-104/2026

23.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(5-96)-104/2026 23.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Maxsudova Ülkər Taleh qızının sədrliyi, İskəndərova Səbinə Elşən qızının katibliyi ilə, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin böyük icra məmuru Abuzər Əli-zadənin daşınar əmlak (avtomobil) üzərinə həbsin qoyulması barədə təqdimatına Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ: İşin halları:

1. Qaradağ rayon İcra Şöbəsinin böyük icra məmuru Abuzər Əli-zadə təqdimatla məhkəməyə müraciət edərək, icra sənədinin icrasını təmin etmək və borcluya borcu ödətdirmək məqsədi ilə Borclu məxsus olan “MERCEDES BENZ E350” minik markalı “**- TT-***” dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir.

2. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-2713/2025 saylı xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən 4944,72 manat məbləğində sığorta ödənişi və ödənilmiş 70 manat dövlət rüsumu cavabdeh Borclu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. İcra sənədi xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün onun əmlak vəziyyətini yoxlamaq məqsədilə “Elektron icra” informasiya sistemi vasitəsilə sorğular edilmiş və bəlli olmuşdur ki, mülkiyyətində olan “MERCEDES BENZ E350” minik markalı “**-TT-***” dövlət qeydiyyat nişanlı avtomobil dövlət qeydiyyatına alınmışdır. Qeyd olunan borc məbləği ödənilmədiyindən göstərilən təqdimatla məhkəməyə müraciət edilmiş və məhkəmədən təqdimatın təmin olunması xahiş edilmişdir.

İştirak edən şəxslərin izahatları:

3. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iştirak etməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 232.2-ci maddəsinə əsasən hazırkı işə icra məmuru, tələbkar və borclunun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

4. İş materiallarında olan elektron qaydada əldə edilmiş çıxarışdan görünür ki, Borclu adına “MERCEDES BENZ E350” minik markalı, “**-TT-***” dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatdadır.

5. xx.xx.2025-cı il tarixli “İcraata başlamaq haqqında” Qərarla borclu barəsində icra üzrə icraat başlanılmış və icra sənədinin könüllü icrası barədə bildiriş göndərilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

Tətbiq edilən hüquq:

6. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 50.1. İcraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. 50.2. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir.

Məhkəmənin mövqeyi:

7. Məhkəmə araşdırması nəticəsində elektron məhkəmə informasiya sistemində yaradılan şəxsə məxsus icra işləri bölməsindən müəyyən edilmişdir ki, borclu tərəfindən tələbkar "xxxx" ASC-yə 4944,72 manat sığorta ödənişi və 70 manat dövlət rüsumu ödənilməlidir. Borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilməsinə və dəfələrlə məlumat verilməsinə baxmayaraq bugünə qədər borcun icrası təmin edilməmişdir.

8. İcra məmuru tərəfindən elektron sorğu (DİN) edilmiş və müəyyən edilmişdir ki, borclunun adına “MERCEDES BENZ E350” minik markalı, “**-TT-***” dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatdan keçmişdir. Eyni zamanda elektron sorğu ilə borclu barəsində heç bir əmək müqaviləsi və gəlirin olmaması da müəyyən edilmişdir. Qanunvericiliyin tələbi budur ki, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirinin tətbiqinə əsas verir. Belə olan halda borclunun heç bir aktiv gəlirinin və ya hesabının olmaması nəzərə alınaraq məhkəmə hesab edir ki, borcun ödənilməsinin, yəni, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)- 2713/2025 saylı xx.xx.2025-ci il tarixli icra vərəqəsinin icrasının təmin edilməsi üçün borcluya məxsus avtomobil üzərinə həbs qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

9. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 263 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-2713/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu məxsus “MERCEDES BENZ E350” minik markalı, “**-TT-***” dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Ülkər Maxsudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar