Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(5-96)-112/2026 26.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Babayeva Nərmin Sahib qızının katibliyi, Tələbkar nümayəndəsi Nümayəndə iştirakı ilə, Borclu X2 tərəfindən verilmiş, “icraata başlama haqqında qərarın qanunsuz hesab edilməsi” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Borclu X2 məhkəməyə şikayətlə müraciət edərək Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin xx.xx.2026-cı il tarixli icraata başlama haqqında qərarı qanunsuz hesab edilərək ləğv edilməli, iş üzrə yekun qərar qəbul edilənədək icra sənədi üzrə bütün icra hərəkətləri dayandırılmalı, iş üzrə hərtərəfli, obyektiv və ədalətli araşdırma aparılmaqla pozulmuş hüquqlarının bərpasının təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, icra şöbəsi tərəfindən ona icra sənədi üzrə bildiriş təqdim edilmiş, lakin icraata başlamaq haqqında qərar vaxtında təqdim olunmamışdır. Qərar yalnız sonradan tərəfindən icra orqanından götürülmüşdür. Həmin icra sənədi əsasında şikayətçinin mənzildən istifadə hüququnun olmaması barədə qətnamənin icrası nəzərdə tutulur. İcra sənədinin icrası nəticəsində onun və anasının faktiki yaşadığı, yeganə yaşayış yeri olan mənzilə münasibətdə hüquqlarına ciddi müdaxilə yaranmışdır. Onun 80 yaşlı anası yaşlı və xəstə şəxsdir və həmin mənzil onların yeganə yaşayış yeridir. Eyni zamanda, bu iş üzrə qəbul edilmiş məhkəmə aktlarından Ali Məhkəmənin Plenumuna xx.xx.2026-ci il tarixində müraciət edilmiş, həmçinin digər hüquqi müdafiə vasitələri həyata keçirilməkdədir. Bu səbəbdən icranın davam etdirilməsi geri dönməz nəticələrə səbəb ola bilər (Ali Məhkəmənin Plenumuna verilmiş şikayətin qəbul edilməsi barədə dərkənar bu ərizəyə əlavə edilmişdi.). Bundan əlavə, iş üzrə notariat və digər proseslər zamanı yol verilmiş qanun pozuntuları, o cümlədən vərəsə kimi onun notariat icraatına cəlb edilməməyi, mümkün saxtalaşdırma halları və vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət verilməsi məqsədilə Azərbaycan Respublikasının prokurorluq orqanlarına və korrupsiyava qarşı mübarizə üzrə səlahiyyətli qurumlara rəsmi müraciətlər edilmişdir. Həmin müraciətlər hazırda araşdırma predmetidir ki, bu da mübahisənin hüquqi vəziyyətinin hələ yekunlaşmadığını və icra tədbirlərinin tələskən aparılmasının hüquqların pozulmasına səbəb ola biləcəyini bir daha təsdiq edir. Tələbkar nümayəndəsi Nümayəndə məhkəmə iclasında iştirak edərək ərizənin təmin olunmamasını xahiş etdi. Bildirdi ki, artıq 3 ildir bu iş gedir və o evi hərracdan almışdır. Evə köçə bilmiyib, kirayədə yaşayır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, borclu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki prosessual qanunvericliyin tələbinə əsasən şikayət ərizəsinə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Borclu X2 həmin icra işindən şikayət verərək icraata başlama haqqında qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə şikayət ərizəsi və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət ərizəsi təmin edilməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində icra sənədi üzrə icraata başlama əsasları öz əksini tapmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. İpoteka predmetinin açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir. İpoteka predmeti açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edilir. İpoteka predmeti bu müddətdə açıq bazarda satıldığı halda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra orqanının depozit hesabına köçürür. İpoteka predmeti bu müddətdə açıq bazarda satılmadığı halda tələb icra məmuru tərəfindən məcburi qaydada icra edilir. 8.3-cü maddəsinə əsasən icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. 8.4-cü maddəsinə əsasən əmlak tələbləri üzrə icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra məmuru borclunun əmlakını siyahıya alır və bu barədə icraata başlamaq haqqında qərarda müvafiq qeyd aparır. Həmin Qanunu 8.5-ci maddəsinə görə tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. İcra sənədinin verilməsinə əsas olmuş məhkəmə aktı qanuni qüvvədə olduğundan icra hərəkətlərinin davam etdirilməsi üçün əsaslar vardır. Beləliklə məkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhər Qaradağ rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(002)-544/2024 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Entuziast küçəsi 4 saylı evin 2 saylı mənzilindən cavabdehlər X1, Borclu1, Borclu2, Borclu3 Abdulovnanın (azyaşlılar X4 və X3 ilə birlikdə) istifadə hüququnun olmaması müəyyən edilmiş, bu qətnamə cavabdehlər X1, Borclu1, Borclu2, Borclu3 Abdulovnanın (azyaşlılar X4 və X3 ilə birlikdə) Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Entuziast küçəsi 4 saylı evin 2 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsas hesab edilmiş, cavabdehlər X2, Borclu1, Borclu2, Borclu3 Abdulovna (azyaşlılar X4 və X3 ilə birlikdə) Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Entuziast küçəsi 4 saylı evin 2 saylı mənzilindən əmlakları ilə birlikdə çıxarılaraq iddiaçı Tələbkar təhvil verilməsi qət olunmuşdur. Həmin qətnamədən X2 şikayət vermiş, ərizə təmin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(002)-544/2024 saylı qətnaməsindən cavabdeh X2 tərəfindən apelyasiya şikayətinin verilmə müddət itirilməmiş hesab olunmuş, cavabdeh X1 nümayəndəsi və vəkili X6 tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(002)- 544/2024 saylı qətnaməsindən verilmiş apelyasiya şikayəti mülki işlə birlikdə apelyasiya qaydasında baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Mülki işə apellyasiya və Ali Məhkəmədə baxılıb yekun qərar qəbul olunmuşdur. Bundan başqa Bakı şəhər Qaradağ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-106/2023 saylı qətnaməsi ilə iddia təmin olunaraq ümumpaylı mülkiyyətdə olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Entuziast küçəsi 4 saylı evin 2 saylı mənzilin açıq hərracdan satılması, mənzilin satışından əldə olunan pul vəsaiti paylı mülkiyyətçilərin paylarına münasibətdə ½ hissədə Borclu3 Abdulovnaya, ½ hissədə Borclu2 verilməsi, əmlakın ilkin satış qiyməti 56700 manat müəyən olunması qət olunmuşdur. Həmçinin məhkəmə tərəfindən müəyyən edildi ki, Ali Məhkəmənin plenumu tərəfindən şikayət qəbul edilməmişdir. Məhkəmə göstərilənlərə hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə bağlı hərəkətlərin dayandırılması üçün əsaslar yoxdur. Şikayətin dəlilləri, yəni mübahisə ilə bağlı yeni əsaslar üzrə başqa məhkəmə qətnaməsinin çıxarılması və həmin qətnamədən verilən şikayətə yuxarı instasniya məhkəməsində baxılması qanuni qüvvəyə minmiş qətnamənin icrasının dayandırılması üçün əsas deyil. Göstərilən hallar icra məmuru tərəfindən icra sənədinin icrası ilə bağlı qanunvercilikdə nəzərdə tutulan tədbirlərin qanuna müvafiq görüldüyünü söyləməyə əsas verir. Məhkəmə qeyd olunan halları əsas götürərək hesab edir ki, borclu X1 Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru Səbuhi Əhmədzadənin icraatında olan xx.xx.2026-ci il tarixli, 2(002)-544/2024 saylı icra işininin icraata başlama haqqında qərarından şikayəti təmin edilməməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Borclu X1 Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru Səbuhi Əhmədzadənin icraatında olan xx.xx.2026-ci il tarixli, 2(002)-544/2024 saylı icra işininin icraata başlama haqqında qərarından şikayəti təmin edilməsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №8(5-96)-112/2026
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(5-96)-112/2026
26.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver