Məhkəmə qərarları › İş №8(5-96)-131/2026

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(5-96)-131/2026

13.03.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(5-96)-131/2026 13.03.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Nigar Kərəm qızının sədrliyi, Alıyev Cavid Əbil oğlunun katibliyi, Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi X4 iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1781/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnamənin icra olunmasına bir il möhlət verilməsinə dair Borclu ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. Borclu ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1781/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin icra olunmasına 1 il möhlət verilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1781/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən cavabdeh Borclu ilə Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti arasında bağlanmış 2015-ci il 30 sentyabr tarixli bina 22/41 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilərək, cavabdehlər Borclu, X5 və X2 ünvan 1 mənzilindən çıxarılması və mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsi qərara alınmışdır.

3. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(002)-959/2015 saylı qətnaməsi qanuni qüvvəsini almış və icra olunması üçün Bakı şəhəri Qaradağ Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir.

4. Həmçinin ərizəçi qeyd etmişdir ki, 1992-ci il fevralın 26-da ailəsi ilə birlikdə faciəli şəkildə Xocalı rayonundan məcburi köçkün kimi Bakı şəhərinə gəlmişlər. Bir müddətdən sonra ünvan 1 ünvanda yerləşən mənzilə sığınmışlar. Bundan sonra həyat yoldaşı və anası rəhmətə getmişlər. Həmin ünvanda hələlik tək yaşayır. Özünün və oğlunun həmin mənzildən başqa heç yerdə daimi yaşamaq üçün evi yoxdur. Hal-hazırda oğlu X5 Azərbaycan hüdudlarından kənardadır, lakin qısa zamanda qayıdacaqdır. X1 isə ailə həyatı quraraq öz ailəsi ilə birgə başqa ünvanda yaşayır. Hal-hazırda uzun illərdir ki, xərçəng xəstəliyindən əziyyət çəkir, iki dəfə ağır əməliyyat olunmuş, səhhətində ağır xəstəliklər mövcuddur. Astma xəstəsi olduğu üçün boğulmaları var, buna görə də müalicələrini ev şəraitində almaq məcburiyyətindədir. Vücudunda olan boğulmalar və yüksək təzyiq səbəbindən sözügedən evdə tək qala bilmir, müvəqqəti qohumların evində yaşayır. Qısa zamanda ambulator müaliəcələri bitdikdən sonra və oğlu xarici ölkədən qayıdandan sonra öz mənzillərinə qayıdacaqdırlar. Mənzildən çıxmaları üçün onlara daimi yaşayış sahəsi lazımdır. Buna görə də Xocalı rayonunda yaşayış sahəsi ilə təmin olunmağı gözləyir. Bütün bunları nəzərə alaraq Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1781/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnamənin icrasına 1 il möhlət verilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Tərəflərin izahatı:

5. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi Z.Sadıqov öz çıxışında bildirmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, bina 22 mənzil 41-də müvəqqəti məskunlaşmış Borclu həmin mənzildən çıxarılması haqqında 11 avqust 2025-ci il tarixli məhkəmə qətnaməsi çıxarılmışdır. Lakin avqust ayından indiyə kimi məhkəmənin qətnaməsi icra olunmamışdır. Hal-hazırkı ərizəsində özü də qeyd etmişdir ki, həmin evdə yaşamır, gələcəkdə də yaşaması sual altındadır. Bütün bunları nəzərə alaraq ərizənin təmin edilməməsini, qətnamənin icra edilməsini məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, borclu məhkəmə iclasına gəlməmiş və məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən ərizəyə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəyə əlavə edilmiş:

7. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(002)-1781/2025 saylı qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, cavabdeh Borclu ilə Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti arasında bağlanmış 2015-ci il 30 sentyabr tarixli bina 22/41 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilmiş, cavabdehlər Borclu, X5 və X3 ünvan 1 mənzilindən çıxarılması və mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsi qərara alınmışdır. Məhkəmənin mövqeyi:

8. Məhkəmə ərizəni və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməməlidir.

9. Məhkəmə tərəfindən hazırkı qətnamənin icrasına möhlət verilməsi üzrə ərizə ilə bağlı müəyyən edildi ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(002)-1781/2025 saylı qətnaməsindən görünür ki, iddia tələbi təmin edilərək, cavabdeh Borclu ilə Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti arasında bağlanmış 2015-ci il 30 sentyabr tarixli bina 22/41 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilmiş, cavabdehlər Borclu, X5 və X3 ünvan 1 mənzilindən çıxarılması və mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsi qərara alınmışdır.

10. Hazırda qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir.

11. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanunun) 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır.

12. MPM-in 231.1-ci maddəsinə görə, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.

13. MPM-in 231.3-1-ci maddəsinə görə, məhkəmə borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimata onun daxil olduğu vaxtdan 5 iş günü müddətində, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında ərizələrə və icra üzrə icraatın dayandırılması, borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara onların daxil olduğu vaxtdan 10 iş günü müddətində baxır.

14. MPM-in 231.2-ci maddəsinə əsasən, həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur.

15. Məcəllənin 231.4-cü madddəsinə görə, qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadı qəbul edildikdən sonra dərhal qüvvəyə minir və qərardaddan şikayətin verilməsi onun icrasını dayandırmır.

16. Məhkəmə qeyd edir ki, qanunverici qətnamənin icrasına möhlət verilməsini və ya onun hissə-hissə icra edilməsini, tərəflərin əmlak vəziyyəti və digər hallarla əlaqələndirərək, eləcə də hansı halların “digər hallara” aid edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Bu baxımdan, məhkəmə qeyd edir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi mahiyyət etibarı ilə məhkəmə qərarının icrasının məcburiliyini nəzərdə tutan konstitusion pirinsipin məhdudlaşdırılmasına, eləcə də tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə halların tətbiqi müstəsna xarakter daşımalı və işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir.

17. Göründüyü kimi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq edilə bilər. Lakin qeyd edilən məsələlər həll edilərkən təkcə borclunun deyil, habelə tələbkarın da mənafeyi nəzərə alınmalıdır.

18. Borclu öz ərizəsində mənzildə xəstəliyi ilə əlaqədar yaşamadığını, qohumlarının evində yaşadığını, oğlunun xaricdə olmasını, qızının isə ailə quraraq öz ailəsi ilə yaşadığını, oğlu qayıtdıqdan sonra evə qayıdacağını, mənzildən çıxmaq üçün onlara daimi yaşayış yeri lazım olduğunu, hazırda Xocalı rayonunda yaşayış sahəsi ilə təmin olunmağını gözlədiyini qeyd edir, odur ki, qətnamənin icrasına bir il möhlət verilməsini xahiş edir.

19. Məhkəmə borclunun ərizəsində qeyd etdiyi halları qanuni qüvvəsini almış qətnamənin icrasına bir il möhlət verilməsi üçün əsaslı hesab etmir. Nəzərə alınsa ki, borclu özü də ərizəsində həmin mənzildə yaşamadığını, qohumlarının evində qaldığını, yalnız oğlu xaricdən gəldikdən sonra həmin mənzilə qayıdacağını bildirir ki, bu hal da borclunun artıq yaşamadığı mənzilə münasibətdə həmin mənzilin boşaldılması barədə qanuni qüvvəsini almış qətnamənin icrasına möhlət verilməsinə əsas verən müstəsna hal hesab edilə bilməz.

20. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsində təsbit olunmuşdur ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir, habelə məhkəmə qərarlarının icra olunmaması qanunla müəyyən olunmuş məsuliyyətə səbəb olur.

21. Bundan başqa, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuş «məhkəmə araşdırması hüququ» təkcə məhkəməyə müraciəti və yekun məhkəmə aktının qəbulunu deyil, həm də (və mütləq qaydada) məcburi qüvvəyə malik yekun məhkəmə aktının icrasını nəzərdə tutur. Məhkəmə, Burdov Rusiyaya qarşı iş üzrə Qərarında həmçinin qeyd etmşdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər, lakin bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüquqların mahiyyətinə xələl gətirməməlidir. (Burdov Rusiyaya qarşı iş üzrə 2002-ci il 7 may tarixli Qərar, § 35)

22. Məhkəmənin mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində tərəflərə verilən prosessual təminatlar (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) məhkəmə qərarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. İştirakçı dövlətlərin daxili qanunvericiliyi tərəflərdən birinin ziyanına məhkəmə qərarının icra olunmadan qalmasına imkan versəydi, onda 6-cı maddədə nəzərdə tutulmuş (təminat verilən) məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrasına Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün «məhkəmə araşdırmasının» ayrılmaz tərkib hissəsi kimi baxılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə 1997-ci il 19 mart tarixli Qərar, § 40).

23. Həmin mövqeyini təkrarlayaraq, Avropa Məhkəməsi Azərbaycana qarşı bir sıra qərarlarında da yekun məhkəmə qərarlarının icra edilməmiş qalmasının Konvensiyanın 6cı maddəsinin 1-ci bəndinin pozuntusu olduğunu müəyyən etmişdir. (Tarverdiyev Azərbaycana qarşı (şikayət №33343/03) işi üzrə 26 iyul 2007-ci il tarixli Qərar, Əfəndiyeva Azərbaycana qarşı (şikayət №31556/03) iş üzrə 25 oktyabr 2007-ci il tarixli Qərar, Hacıyeva və başqaları Azərbaycana qarşı (şikayətlər № 50766/07, 50786/07, 50871/07 və 50913/07) iş üzrə 08 iyul 2010-cu il tarixli Qərar və s.) Nəticə:

24. Məhkəmə ərizəyə hüquqi qiymət verərək hesab edir ki, «məhkəmə araşdırması hüququ» təkcə məhkəməyə müraciəti və yekun məhkəmə aktının qəbulunu deyil, həm də (və mütləq qaydada) məcburi qüvvəyə malik yekun məhkəmə aktının icrasını nəzərdə tutduğundan, hazırda qətnamənin icrasına möhlət verilməsi üçün hər hansı müstəsna hal müəyyən edilmədiyindən Borclu qətnamənin icrasına bir il möhlət verilməsinə dair ərizəsi təmin edilməməlidir.

25. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1781/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə Borclu qətnamənin icrasına möhlət verilməsinə dair ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Nigar Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar