Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(5-96)-32/2026 26.01.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Nigar Kərəm qızının sədrliyi, Alıyev Cavid Əbil oğlunun katibliyi ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3720/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin indeksasiya olunması üçün tələbkar Qulamova (Fətullalı) Lalə Tahir qızının ərizəsinə Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. Tələbkar Qulamova (Fətullalı) Lalə Tahir qızı ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3720/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə sonrakı artımlar nəzərə alınmaqla xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün sabit pul məbləğində 220 manat alimentin indeksasiya olunması barədə qərardad qəbul olunmasını xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırmışdır ki, Qaradağ Rayon Məhkəməsinin 2(002)-3720/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Borclu xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Hazırda bir uşağa görə sonrakı artımlar nəzərə alınmaqla alimentin indeksasiya olunması barədə qərardad qəbul olunmasını xahiş etmişdir.
Tərəflərin izahatı:
3. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də tələbkar və borclu məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə MPM-in 232.2-ci maddəsinə görə tələbkarın və borclunun iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir.
İş materiallarında olan sənədlər:
4. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3720/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsindən görünür ki, cavabdeh Borclu xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X3 xeyrinə ödənilməsi qərara alınmışdır.
Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
5. Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
6. Maddə 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir.
7. Maddə 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.
“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı:
8. 8.4. Məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır.
9. 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir).
10. 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir).
11. 8.11. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 100.3-cü maddəsində nəzərdə tutulan hallarda isə aliment əvvəlki dövr üçün 3 illik müddət həddində verilə bilər. Məhkəmələrə izah edilsin ki, aliment tutulması barədə qətnamələr Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinin tələbinə müvafiq olaraq dərhal icra edilməlidir. Yuxarı instansiya məhkəmələri tərəfindən aliment tutulması barədə qətnamənin ləğv olunması, aliment tələbinin rədd edilməsi, yaxud tutulan alimentin miqdarının azaldılması həmin dəyişikliyi nəzərdə tutan məhkəmə aktı qanuni qüvvəyə minənədək ödənilmiş aliment məbləğinin qaytarılmasına əsas vermir (səbəb olmur).
12. 8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.
13. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” xx.xx.2024-cü il tarixli sərəncamı ilə minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir.
14. Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023-cü il tarixli sərəncamı: Minimum aylıq əmək haqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilsin.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
15. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.
16. Maddə 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər.
17. Maddə 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur.
18. Maddə 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər.
19. Maddə 267.1. Məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər.
20. Maddə 267.2. İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər.
21. Maddə 267.3. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir.
22. Maddə 268.1. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir.
Məhkəmənin mövqeyi:
23. Məhkəmə ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir.
24. Hazırda ərizəçi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 nömrəli qərarına istinad edərək, xx.xx.2020-ci il təvəllüdlü X2 münasibətdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3720/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təyin edilmiş sabit pul məbləğində alimentin sonrakı artımlar nəzərə alınmaqla indeksasiya olunmasını xahiş etmişdir.
25. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiya məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.
26. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər.
27. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3720/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdeh Borclu xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır.
28. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında dəyişiklik edilmiş və 8.4-2 yarımbənd əlavə edilmişdir.
29. Həmin bəndə uyğun olaraq, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 3720/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə borcludan tutulmuş 220 manat sabit pul məbləğində alimentin 2023-cü il üzrə minimum əmək haqqı məbləği olan 345 manatın (220/345=0,637, yuvarlaqladırılaraq 0,64) 0,64 misli təşkil etməsi nəzərə alınaraq, tələbkarın ərizəsi təmin edilməli, Borclu Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 3720/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə hər ay 220 manat sabit pul məbləğində tutulmuş alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,64 misli həddində indeksasiya olunmalıdır.
30. Hazırkı ərizə xx.xx.2026-cı ildə verildiyindən, Ailə Məcəlləsinin 100.2-ci maddəsi, yəni alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulması, eləcə də Plenum Qərarının 8.11 və 8.11-1-ci bəndləri nəzərə alınmaqla, alimentin indeksasiyası ərizənin verildiyi, yəni xx.xx.2026-cı il tarixdən başlanmalıdır.
Nəticə:
31. Beləliklə, ərizə təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 3720/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdeh Borclu xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı Qulamova (Fətullalı) Lalə Tahir qızının xeyrinə hər ay 220 manat sabit pul məbləğində tutulmuş aliment məbləği xx.xx.2026-cı il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,64 misli həddində indeksasiya olunmalıdır.
32. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232, 267 və 268-ci maddələrini rəhbər tutaraq
QƏRARA ALDİ:
Ərizə təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3720/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdeh Borclu xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı Qulamova (Fətullalı) Lalə Tahir qızının xeyrinə hər ay 220 manat sabit pul məbləğində tutulmuş aliment məbləği xx.xx.2026-cı il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,64 misli həddində indeksasiya olunsun. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.
Hakim: Nigar Məmmədova