Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(5-96)-54/2026 05.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Nigar Kərəm qızının sədrliyi, Alıyev Cavid Əbil oğlunun katibliyi, Tələbkar ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru O.Göyüşlünün “İcra sənədinin qaytarılması” barədə xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-363/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinin icra olunması üçün yenidən Qaradağ Rayon İcra Şöbəsinə qaytarılması barədə Tələbkar ASC-nin şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları:
1. Tələbkar ASC şikayətlə məhkəməyə müraciət edərək, Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru O.Göyüşlünün “İcra sənədinin qaytarılması” barədə xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 363/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinin icra olunması üçün yenidən Qaradağ Rayon İcra Şöbəsinə qaytarılması barədə qərardad qəbul olunmasını xahiş etmişdir.
2. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-363/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən cavabdeh Borclu cəmi 976.39 manat pul vəsaitinin Tələbkar ASC-nin xeyrinə tutulması qət edilmişdir.
3. Qaradağ Rayon Məhkəməsinin 2(002)-363/2025 nömrəli, xx.xx.2025-ci il icra sənədi icra edilməsi üçün Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinə göndərilmişdir. Bir müddət əvvəl qeyd olunan şöbə ilə əlaqə saxlanılaraq icra sənədinin icra vəziyyəti sorğulanan zaman şöbədən bildirilmişdir ki, icra məmuru Orxan Göyüşlünün xx.xx.2025ci il tarixli qərarı ilə həmin icra sənədi icra edilmədən Qaradağ Rayon Məhkəməsinə qaytarılmışdır. Həmçinin icra məmurunun “icra sənədinin qaytarılması haqqında” xx.xx.2025-ci il tarixli qərarı “İcra Haqqında” AR Qanununun 23.2 və 23.7-ci maddələrinin tələblərinə zidd olaraq Tələbkar ASC-yə göndərilməmiş, eyni zamanda bu barədə heç bir məlumat verilməmişdir. Edilmiş rəsmi müraciətə əsasən Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru Orxan Göyüşlünün xx.xx.2025-ci il tarixli qərarının surəti xx.xx.2026-cı il tarixdə Tələbkar ASC-yə təqdim edilmişdir. Belə ki, icra məmuru Orxan Göyüşlünün xx.xx.2025-ci il tarixli qərarını tamamilə qanunsuz və əsassız hesab edir. Həmçinin “İcra Haqqında” AR Qanununun tələbləri kobud şəkildə pozulmaqla qəbul edilmişdir. Çünki icra vərəqəsinin icra edilmədən məhkəməyə qaytarılması barədə icra məmurunun xx.xx.2025-ci il tarixli qərar qəbul etməsinin səbəbi kimi borcluya məxsus tələbin yönəldilə biləcəyi əmlakın və digər gəlirlərin olmaması göstərilmişdir. Lakin icra məmuru borclu və ya borclulara məxsus tələbin yönəldilə biləcəyi əmlakın və ya onun gəlirlərinin olub-olmamasını müfəssəl yoxlamamış, o cümlədən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı bütün zəruri tədbirləri görməmişdir. Bundan əlavə icra məmuru O.Göyüşlü bu haqda müvafiq akt tərtib etməli və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunmaqla bu barədə tələbkara məlumat verilməli olduğu halda, o bunları da etmədən səthi formada əsassız olaraq qeyd olunan qərarı qəbul etmişdir. Tərəflərin izahatı:
4. Tələbkar ASC-nin nümayəndəsi N.Əsədova məhkəmə iclasında izahat verərək bildirdi ki, qeyd olunan icra vərəqəsi üzrə çıxarılmış icra sənədi icra olunması üçün Qaradağ Rayon İcra Şöbəsinə göndərilmişdir. Hesab edir ki, icra məmuru icra sənədi barədə müvafiq icra tədbirləri görülmədən sadəcə tələbin yönəldilə biləcəyi heç bir əmlak aşkar olunmadığından icra sənədini geri qaytarması ilə yanlışlığa yol vermişdir. Qətnamə üzrə indiyədək heç bir ödəniş olunmamışdır. Odur ki, şikayətin təmin edilməsini xahiş etdi.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, işdə iştirak edən digər tərəflər məhkəmə iclasına gəlməmiş və məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan:
6. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-363/2025 saylı, xx.xx.2025ci il tarixli icra sənədinə əsasən cavabdeh Borclu cəmi 976.39 manat pul vəsaitinin Tələbkar ASC-nin xeyrinə tutulması qət edilmişdir.
7. Qaradağ Rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-363/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1.3-cü maddəsinə əsasən Qaradağ Rayon İcra şöbəsinə qaytarılmışdır. Əsas kimi qeyd edilmişdir ki, borclunun adına mülkün, bağ sahəsinin, torpaq sahəsinin, avtomobilin, VÖEN-in, qiymətli kağız, əmanətin olub-olmaması və təqaüd alıb-almaması barədə aidiyyəti orqan və təşkilatlara sorğu göndərilmiş və borclunun mülkiyyətində heç bir əmlak və gəlir aşkar edilməmişdir. Həmçinin borclunun icra sənədindəki ünvanında olmuş, borclunun yaşadığı mənzilə əmlak siyahıya alınması üçün baxış keçirilmiş, tələbin yönəldilə biləcəyi hər hansı dəyərli əmlak aşkar edilməmiş, bu barədə icra məmuru tərəfindən akt tərtib edilmişdir.
8. “Elektron məhkəmə” informasiya sistemindən məlum olur ki, Borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində qrup rəisi vəzifəsində işləyir, aylıq əmək haqqı 879 manat təşkil edir. İcra işi materiallarında olan:
9. Qaradağ Rayon Məhkəməsinin 2(002)-363/2025 nömrəli, xx.xx.2025-ci il icra sənədi icra edilməsi üçün xx.xx.2025-ci ildə Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinə göndərilmiş, icraata başlama haaqında icra məmuru tərəfindən xx.xx.2025-ci ildə qərar qəbul edilmiş, həmin gün könüllü icra barədə bildiriş borcluya göndərilmişdir.
10. “Elektron icra” informasiya sistemindən çıxarışlardan məlum olur ki, borclunun iş yeri, əmlakı və sair barədə bir neçə sorğular edilmişdir.
11. Bundan sonra Qaradağ Rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-363/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1.3-cü maddəsinə əsasən Qaradağ Rayon İcra şöbəsinə qaytarılmışdır. Tətbiq edilən hüquq:
12. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 129. Məhkəmə qərarları və onların icrası Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.
13. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 23.1. Tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi və xüsusi icra məmurunun icraatında olan icra sənədi tələbkara) qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında, elektron pul təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını qəbul etməkdən və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. 23.2. Tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. 23.3. İcra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. 23.3-1. Bu Qanunun 23.1.1-ci maddəsinə əsasən icra sənədinin qaytarılması barədə tələbkarın ərizəsi əsasında borclunun tələb yönəldilmiş əmlakının elektron hərracda satılması ilə bağlı sifariş ləğv edildiyi halda, tələbkar icra sənədinin yenidən icraya yönəldilməsi barədə 6 ay müddətində müraciət edə bilməz. 23.4. İcra sənədi bu Qanunun 23.1.1-ci maddəsində göstərilən əsasa görə qaytarıldıqda, bu Qanunun 80-ci maddəsində nəzərdə tutulmuş avans ödəməsi tələbkara qaytarılır. 23.5. İcra sənədi bu Qanunun 23.1.2‒23.1.5-ci maddələrində göstərilən əsaslara görə qaytarıldıqda, avans ödəməsindən icra hərəkətlərinin həyata keçirilməsinə çəkilən xərclər çıxıldıqdan sonra onun qalan hissəsi tələbkara qaytarılır. 23.7. İcra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin və xüsusi icra məmurunun icraatında olan icra sənədinin tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Maddə 26. İcra sənədlərinin icrasına nəzarət İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Məhkəmənin mövqeyi:
14. Məhkəmə iş materiallarını araşdırıb, tələbkarın nümayəndəsinin izahatını dinləyib hesab edir ki, tələbkarın şikayəti təmin edilməli, Qaradağ Rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli “icra sənədi üzrə icra vərəqəsinin geri qaytarılmasına dair” qərarı ləğv edilməli və Qaradağ Rayon Məhkəməsinin 2(002)-363/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icra hərəkətləri davam etdirilməlidir.
15. Belə ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-363/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Borclu cəmi 976.39 manat pul vəsaitinin Tələbkar ASC-nin xeyrinə tutulması qət edilmişdir.
16. Qaradağ Rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-363/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1.3-cü maddəsinə əsasən Qaradağ Rayon İcra şöbəsinə qaytarılmışdır. Əsas kimi qeyd edilmişdir ki, borclunun adına mülkün, bağ sahəsinin, torpaq sahəsinin, avtomobilin, VÖEN-in, qiymətli kağız, əmanətin olub-olmaması və təqaüd alıb-almaması barədə aidiyyəti orqan və təşkilatlara sorğu göndərilmiş və borclunun mülkiyyətində heç bir əmlak və gəlir aşkar edilməmişdir. Həmçinin borclunun icra sənədindəki ünvanında olmuş, borclunun yaşadığı mənzilə əmlak siyahıya alınması üçün baxış keçirilmiş, tələbin yönəldilə biləcəyi hər hansı dəyərli əmlak aşkar edilməmiş, bu barədə icra məmuru tərəfindən akt tərtib edilmişdir.
17. Hazırkı şikayətə baxılması ilə bağlı, Qaradağ Rayon İcra Şöbəsindən sorğu ilə istənilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-363/2025 saylı, xx.xx.2025ci il tarixli icra sənədi üzrə icra işi materialları nəzərdən keçirilmiş, məlum olmuşdur ki, “Elektron icra” informasiya sistemindən çıxarışların surətinə əsasən, borclunun iş yeri, əmlakı və sair barədə bir neçə sorğular edilsə də, qərarda bəhs edilən borcluda tələbin yönəldilə bilcəyi əmlak olmaması barədə tərtib edilmiş akt aşkar edilməmişdir.
18. Halbuki “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.2-cü maddəsinə əsasən, tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir.
19. Bundan başqa, “Elektron məhkəmə” informasiya sistemindən məlum olur ki, Borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində qrup rəisi vəzifəsində işləyir, aylıq əmək haqqı 879 manat təşkil edir.
20. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu madəsinə görə, Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.
21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuş «məhkəmə araşdırması hüququ» təkcə məhkəməyə müraciəti və yekun məhkəmə aktının qəbulunu deyil, həm də (və mütləq qaydada) məcburi qüvvəyə malik yekun məhkəmə aktının icrasını nəzərdə tutur. Məhkəmə, Burdov Rusiyaya qarşı iş üzrə Qərarında həmçinin qeyd etmşdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər, lakin bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüquqların mahiyyətinə xələl gətirməməlidir. (Burdov Rusiyaya qarşı iş üzrə 2002-ci il 7 may tarixli Qərar, § 35)
22. Göründüyü kimi, icra məmuru tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-363/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1.3-cü maddəsinə əsasən geri qaytarılması icra haqqında Qanunun tələbləri pozulmaqla qəbul edildiyindən, icra sənədinin icra edilməsi üçün həmin Qanunun tələblərinə uyğun olaraq məcburi icra tədbirlərinin görülməsi icra işi materiallarına əsasən müəyyən edilmədiyindən tələbkarın şikayəti əsaslıdır və təmin edilməlidir, Qaradağ Rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı ləğv edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-363/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsi üzrə icra hərəkətləri davam etdirilməlidir. Nəticə:
23. Yuxarıda qeyd edilənlərə əsasən, tələbkarın şikayəti təmin edilməli, Qaradağ Rayon İcra Şöbəsinin Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-363/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1.3-cü maddəsinə əsasən geri qaytarılması barədə xx.xx.2025-ci il tarixli qərarı ləğv edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-363/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsi üzrə icra hərəkətləri davam etdirilməlidir.
24. Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
Şikayət təmin edilsin. Qaradağ Rayon İcra Şöbəsinin Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 363/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1.3-cü maddəsinə əsasən geri qaytarılması barədə xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-363/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər.
Hakim: Nigar Məmmədova