Məhkəmə qərarları › İş №8(5-96)-72/2026

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(5-96)-72/2026

10.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(5-96)-72/2026 10.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Maxsudova Ülkər Taleh qızının sədrliyi, İskəndərova Səbinə Elşən qızının katibliyi ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2552/2025-017 saylı xx.xx.2025ci il tarixli icra sənədinin icrası məqsədi ilə Borclu məcburi gətirilməsinə dair Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Səbuhi Əhmədzadənin təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ: İşin halları:

1. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2552/2025-017 saylı xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Borclu Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

2. Təqdimat belə əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2552/2025-017 saylı xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Borclu 3250 manat pul vəsaiti, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 52,50 manat dövlət rüsumu alınaraq Tələbkar xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə birgə Borclu icra sənədində göstərilən ünvanına göndərilmiş, icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş, edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmış, bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Həmçinin, borclu sözügedən qərardan heç bir şikayət verməmişdir. Qeyd olunan halları nəzərə alaraq təqdimatın təmin edilməsi barədə qərardad çıxarılması məhkəmədən xahiş edilir.

İştirak edən şəxslərin izahatları:

3. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasında təmsil olunmamışlar. Məhkəmə borclunun lazımi qaydada məlumatlandırıldığını nəzərə alaraq Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

4. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2552/2025-017 saylı xx.xx.2025-ci il tarixli icra sənədindən görünür ki, Borclu 3250 manat pul vəsaiti, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 52,50 manat dövlət rüsumunun tutularaq Tələbkar xeyrinə ödənilməsi qeyd edilmişdir.

5. Bakı şəhəri Qaradağ rayon icra şöbəsinin icra məmuru Səbuhi Əhmədzadə tərəfindən xx.xx.2025-ci il tarixli “İcraata başlamaq haqqında” qərar qəbul edilərək, tələbin könüllü icrası barədə həmin tarixdə borcluya bildiriş göndərilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

Tətbiq edilən hüquq:

6. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1-1. İcra qanunvericiliyinin prinsipləri İcra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. Maddə 84.2. İcra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Maddə 84.3. Bu qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər.

Məhkəmənin mövqeyi:

7. İcra haqqında qanunvericiliyin tələbindən görünür ki, borclunun məcburi gətirilməsi tədbiri o halda tətbiq olunur ki, borclu icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınmış olsun.

8. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Borclu icra sənədi üzrə məlumatlı olsa da icra məmurunun çağırışları üzrə icra yerinə gəlməmiş, habelə icra sənədi üzrə tələbin icrasını bu günə qədər tam yerinə yetirməmişdir. Bununla da məhkəmə qərarının icrası faktiki olaraq nəticəsiz qalmışdır. Belə ki, elektron məhkəmə informasiya sistemində yaradılan şəxslər barədə mövcud olmuş icra işi barədə məlumatdan da görünür ki, borclu barəsində bir sıra icra edilməmiş icra sənədləri mövcuddur. İşə əlavə edilmiş sənədlərdən də məlum olur ki, borclunun adına olan mobil nömrələr vasitəsilə onunla əlaqə saxlanılmasına, habelə rabitə orqanı (poçt) vasitəsilə məlumatlı olmasına baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Bundan başqa borcun ödənilməsinin təmin edilməsi üçün elektron sorğular verilmiş və borclu barəsində heç bir aktiv əmək müqaviləsi və əmlak (daşınar və ya daşınmaz) aşkar edilməmişdir. Yəni, borclu icra sənədinin icrası ilə bağlı çoxsaylı tədbirlərə baxmayaraq icra sənədinin icrasından yayınmış, gəlməməsinin üzrlü səbəbdən baş verməsi ilə bağlı heç bir məlumat verməmişdir.

9. Odur ki, məhkəmə qeyd olunan halları nəzərə alaraq hesab edir ki, təqdimat əsaslı olmaqla təmin edilməlidir.

NƏTİCƏVİ HİSSƏ:

10. Məhkəmə qeyd olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2 və 84.3-cü maddəsini rəhbər tutaraq QƏRARA ALDİ:

Təqdimat təmin edilsin. xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında yaşayan Borclu (FİN: xxxxxxx) Bakı Şəhəri Qaradağ Rayon İcra Şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qaradağ Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Ülkər Maxsudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar