Məhkəmə qərarları › İş №8(5-96)-95/2026

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(5-96)-95/2026

26.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(5-96)-95/2026 26.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Maxsudova Ülkər Taleh qızının sədrliyi, İskəndərova Səbinə Elşən qızının katibliyi, Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X1, Tələbkar, Borclu iştirakları ilə, Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru Səbuhi Əhmədzadənin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : TƏSVİRİ HİSSƏ: İşin halları:

1. Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru Səbuhi Əhmədzadə təqdimatla məhkəməyə müraciət edərək, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədi xx.xx.2024-cü il tarixində Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə birgə icra sənədi üzrə borcluya göndərilmiş, icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müddətində icra olunması tələb edilmiş (Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsi tərəfindən), lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü icra edilməmiş, həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. İcra sənədinin icrasından yayınan borclunun ölkə xaricinə çıxması icra sənədinin icrası istiqamətində hərəkətlərin davam etdirilməsinə mane ola bilər. Bu səbəbdən Qaradağ rayon İcra şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət etmişdir.

İştirak edən şəxslərin izahatları:

3. Məhkəmə iclasında iştirak edən icra məmuru Səbuhi Əhmədzadə təqdimatı müdafiə edərək bildirdi ki, icra sənədinin icra edilməsi ilə bağlı Borclu cəza çəkdiyi 12 saylı cəzaçəkmə müəssisəsinə icra sənədində nəzərdə tutulmuş tələb göndərilmişdir, borclu həmin cəzaçəkmə müəssisəsində işləyirdi, oradan əmək haqqı da alırdı. Borclu aliment ödəyicisidir, həmçinin aliment üzrə 8670 manat borcu var və ölkə hüdudlarından kənara çıxma ehtimalı vardır ki, özü də bunu etiraf edir. Borclunun ölkə xaricinə getməsi alimenti ödəməkdən yayınmasına gətirib çıxara bilər, çünki onun həbs olunmasına səbəb digər icra işi üzrə 26000 manat borcunu ödəməkdən yayınması olmuşdur. Hazırda borclunun aliment üzrə müəyyən ödənişlər etməsi onun ölkə xaricinə getdikdən sonra da ödənişlər edəcəyinə zəmanət vermir. İş üzrə tələbkarın müraciəti əsasında “İcra haqqında” Qanuna əsasən aliment işləri üzrə bir qayda olaraq tətbiq olunan zəruri icra tədbirlərindən biri kimi borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatın təmin olunmasını xahiş edir.

4. Tələbkar məhkəmə iclasında iştirak edərək və təqdimatı müdafiə edərək bildirdi ki, borclu cəzaçəkmə müəssisəsində aliment təyin edilməmişdən əvvəl işləyirdi, çünki onun borcu var idi, yəni onun işləməsinə səbəb aliment olmamışdır. Borclunun cəzaçəkmə müəssisəsində olduğu dövrdə əmək haqqından 5 ay müddətdə aylıq 250 manat, sonra isə 167 manat aliment üzrə tutulmalar olmuşdur. O cəzaçəkmə müəssisəsində olduğu vaxt alimenti ödəməkdən yayınmaq üçün DNT analizinin verilməsini, habelə ondan aliment tələb etməməyi bildirmişdir. Odur ki, borcluya inanmır və ölkə xaricinə gedəcəyi halda alimetdən yayınmaq ehtimalının yüksək olduğunu bildirir.

5. Borclu oğu məhkəmə iclasında iştirak edərək bildirdi ki, cəzaçəkmə müəssisəsində heç kim işləməyə məcbur edilmir, orada işsiz olan minlərlə insan var. O alimenti ödəmək üçün könüllü şəkildə işləməyə razı olmuşdur. Hazırda da iki aydır ki, azadlıqda olmasına və ona təyin olunmuş müavinəti almamasına baxmayaraq bu müddət ərzində aliment borcundan 600-700 manat məbləğində ödəniş etmişdir. Əlavə olaraq bildirir ki, aliment təyin edilməsə belə, uşaqlara baxmaqdan boyun qaçırmır. Əgər ümumiyyətlə ödəniş etmək məqsədi olmasa idi, heç bir ödəniş etməzdi, çünki 2014-2015-ci ildə külli miqdarda borca görə 12 il azadlıqdan məhrum edilməsinə baxmayaraq həmin borcdan bir qəpik də ödəniş etməmişdir. Hazırda rəsmi olaraq işə qəbul olmuşdur, 400 manat əmək haqqı alır. Xarici ölkədə daha yüksək əmək haqqı nəzərdə tutulan iş təklifi olmuşdur və bu təklifi dəyərləndirə bilmək üçün ölkədən getmək hüququna məhdudiyyət qoyulmamasını xahiş etmişdir.

Tədqiq olunan sübutlar:

6. İş materiallarında olan Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 309/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, 15 mart 2012-ci il təvəllüdlü X2 və 08 yanvar 2014-cü il təvəllüdlü X4 boşanmadan sonra anaları Tələbkar yanında qalmalıdır. Cavabdeh Borclu həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün məhkəməyə müraciət olunan, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay bir uşağa görə 220 manat olmaqla, iki uşağın saxlanılması üçün 440 manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı Tələbkar ödənilməlidir. Cavabdeh Borclu 72 manat 80 qəpik məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir.

7. İş materiallarına xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında həmin tarixli e158390/2024-34-19-004 saylı bildiriş əlavə edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

Tətbiq edilən hüquq:

8. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunu 84-1.1. İcra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, onların ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərarı dərhal “Elektron məhkəmə” informasiya sistemindən “Elektron icra” informasiya sisteminə ötürülür. “Elektron icra” informasiya sistemi vasitəsilə bu barədə dərhal “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə məlumat ötürülür və həmin məlumat-axtarış sistemində borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri barədə məhdudiyyət tətbiq edilir, bununla bağlı “Elektron icra” informasiya sistemi vasitəsilə borclu fiziki şəxsə və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinə və tələbkara məlumat verilir, o cümlədən borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndərilir.

9. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi 231.3. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması), borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələlərinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. 231.3-1. Məhkəmə borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimata onun daxil olduğu vaxtdan 5 iş günü müddətində, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında ərizələrə və icra üzrə icraatın dayandırılması, borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara onların daxil olduğu vaxtdan 10 iş günü müddətində baxır. 231.4. Qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadı qəbul edildikdən sonra dərhal qüvvəyə minir və qərardaddan şikayətin verilməsi onun icrasını dayandırmır.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” Təlimat 2.2. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: 2.2.1. könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir.

Məhkəmənin mövqeyi:

11. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-309/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən 15 mart 2012-ci il təvəllüdlü X2 və 08 yanvar 2014-cü il təvəllüdlü X4 boşanmadan sonra anaları Tələbkar yanında qalmalı və. Borclu həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün məhkəməyə müraciət olunan, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay bir uşağa görə 220 manat olmaqla, iki uşağın saxlanılması üçün 440 manat sabit pul məbləğində aliment tutularaq, Tələbkar ödənilməlidir. Həmin borcun ödənilmədiyi təqdirdə icra məmuru tərəfindən qanunamüvafiq qaydada məcburi icra tədbirlərinin tətbiq olunacağı və Azərbaycan Respublikası qanunvericiliyi ilə məsuliyyət daşıyacağı barədə borclu xəbərdar edilmiş və cəza çəkdiyi 12 saylı cəzaçəkmə müəssisəsinə bununla bağlı məktub göndərilmişdir. Göründüyü kimi borclu barəsində həyata keçirilmiş zəruri icra tədbirləri nəticə verməmişdir. O, aliment öhdəliklərini qismən yerinə yetirmiş, 8670 manat borcu hələ də qalmaqdadır və özünün də qeyd etdiyi kimi ölkə hüdudlarından kənara çıxmaq istəyir. Belə olan halda aliment öhdəliyinin icra olunmaması ehtimalı yaranmış olur. Ona görə də məhkəmə iş materiallarını, tərəflərin izahatını və məhkəmə iclasında tədqiq olunmuş sübutları nəzərdən keçirərək belə qənaətə gəlir ki, borclunun barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmurunun təqdimatı təmin olunmalıdır. İzah olunmalıdır ki, aliment öhdəliyi aradan qalxdıqdan və borc ödənildikdən sonra tələbkarın müraciəti ilə icra məmuru tərəfindən həmin məhdudlaşdırılma götürülə bilər.

NƏTİCƏVİ HİSSƏ:

12. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263- 269-cu maddələrini rəhbər tutub, məhkəmə

QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılsın. Qərardad dərhal icra edilsin. Qərardadın icrası Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Ülkər Maxsudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar