Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(5-96)-96/2026 18.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Nigar Kərəm qızı, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2-(002)-3721/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə borclu X2 əmlakının üzərinə qoyulmuş həbsin götürülməsinə dair Qaradağ Rayon İcra Şöbəsinin icra məmurunun təqdimatına baxaraq MÜƏYYƏN ETDİ: İşin halları:
1. Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru Səbuhi Əhmədli təqdimatla məhkəməyə müraciət edərək, borclu X2 mülkiyyətində olan “MERCEDES BENZ E240” minik markalı, **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir.
2. Təqdimat belə əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2- (002)-3721/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən, tələbkar "xxxx" MMC-nin xeyrinə 317,31 manat pul borclu X1 tutulmalı olmuş, məcburi icra tədbiri kimi borclunun əmlakının üzərinə həbs qoyulması barədə məhkəməyə təqdimatla müraciət olunmuş, təqdimat təmin edilərək, borclunun əmlakı üzərinə həbs qoyulmuş, hazırda borclu borcu tam ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
3. Maddə 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.
4. 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa;
5. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir:
6. 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb;
7. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır:
8. 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə;
9. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmənin mövqeyi:
10. Təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, Məhkəmə hesab edir ki, təqdimat MPM-in 152.1.1-ci maddəsinə əsasən geri qaytarılmalıdır. 11.Belə ki, MPM-in 149.2.3-cü maddəsinə görə ərizədə ... iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir.
12. Hazırkı təqdimatda borclu X2 əmlakına qoyulmuş həbsin götürülməsi xahiş olusa da, təqdimata əlavə olunmuş icra vərəqəsi, icraata xitam verilməsi haqqında qərar Borclu barəsindədir, həmçini borcun ödənilməsinə dair qəbz də Borclu tərəfindən inzibati cərimə ilə bağlı ödəniş qəbzidir.
13. Göründüyü kimi, təqdimat borclu X2 əmlakına qoyulmuş həbsin götürülməsi barədə olsa da, əlavə edilmiş sübutlar başqa icra sənədi üzrə Borclu barəsindədir.
14. Həmin uyğunsuzluğun aradan qaldırılması üçün icra qurumu ilə bir neçə dəfə əlaqə əlaqə saxlanılsa da, məhkəmənin bu cəhdi uğursuz olmuşdur.
15. Beləliklə, hazırkı təqdimatda forma və məzmun ilə bağlı (təqdimata əlavə edilən sənədlər təqdimatla əlaqəsi olmayan başqa borclu barəsində olduğundan) MPM-in 149.2.3, 152.1.1-ci maddəsi analogiya üzrə tətbiq edilməklə, təqdimat və ona əlavə edilən sənədlər geri qaytarılmalıdır. Nəticə:
16. Yuxarıda qeyd edilənlərə əsasən, borclu X2 əmlakının üzərinə qoyulmuş həbsin götürülməsinə dair Qaradağ Rayon İcra Şöbəsinin icra məmurunun təqdimatı MPM-in 152.1.1-ci maddəsi analogiya üzrə tətbiq edilməklə geri qaytarılmalıdır.
17. Təqdimatın qaytarılmasının nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etməyə mane olmadığı izah edilir.
18. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263-264, 266-267-ci maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİ:
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2-(002)-3721/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə borclu X2 əmlakının üzərinə qoyulmuş həbsin götürülməsinə dair Qaradağ Rayon İcra Şöbəsinin icra məmurunun xx.xx.2026-cı il tarixli, №xx/xx-225192/18- 2 nömrəli təqdimatı geri qaytarılsın. İzah edilsin ki, təqdimatın qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Nigar Məmmədova.