Məhkəmə qərarları › İş №8(5-97)-101/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(5-97)-101/2026

28.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(5-97)-101/2026 28.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru X2, Tələbkarın nümayəndəsi və vəkili X3 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinın e-2(005)-2987/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə Borclu MMC-nin əmlakları üzərinə həbs qoyulması barədə Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Vüqar Dəmirçiyevin təqdimatına məhkəmənin inzibati binasında (Bakı şəhəri, Ə.Ağaoğlu 34A), açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Vüqar Dəmirçiyev təqdimatla məhkəməyə müraciət edərək, icra sənədi üzrə Borclu MMC-nin Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən 35,80 ha torpaq sahəsi üzərində istifadə hüququna və həmin sahədə aşkar edilmiş istixanalar üçün 5 ədəd istilik sistemi qazanxanaları ilə birgə, 4 ədəd supaylama sistemi və qurğuları, anbarda aşkar edilən bağlamalar şəklində Kokobitlər (torpaq əvəzləyici), 1 ədəd Tümson 4250 markalı traktor üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2987/2025-019 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2987/2025-019 saylı xx.xx.2025-ci lil tarixli icra sənədinə əsasən Borclu MMC-dən 255.207 manat borc, ödənilmiş dövlət rüsumu kimi 545,21 manat, hüquqi yardım üçün ödənilmiş 300 manat pul tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu MMC-nin icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmiş lakin, sistem üzrə əmlak aşkar edilməmişdir. Aparılmış icra tədbirləri zamanı əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu MMC-nin istifadəsində Abşeron rayonu, Hovsan südçülük sovxozu ərazisində yerləşən 35,80 ha torpaq sahəsi və həmin sahədə istixanalar üçün İstilik sistemi qazanxanaları ilə birgə, supaylama sistemi və qurğuları nəzərdə tutulmuş kokobit (torpaq əvəzləyici), Tümson 4250 markalı traktor, aşkar edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlaklarının və torpaq sahəsindən istifadə hüququ üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barəde məcburi icra tədbirləri tətbiq edilməlidir. Məhkəmə iclasında Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru X4 təqdimatı müdafiə edərək, təqdimatın dəlilləri ilə eyni məzmunlu izahat verərək, məhkəmədən təqdimatın təmin edilərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinın e- 2(005)-2987/2025-019 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinin icrası təmin edilməsi məqsədi ilə Borclu MMC-nin Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən 35,80 ha torpaq sahəsi üzərində istifadə hüququna və həmin sahədə aşkar edilmiş istixanalar üçün 5 ədəd istilik sistemi qazanxanaları ilə birgə, 4 ədəd supaylama sistemi və qurğuları, anbarda aşkar edilən bağlamalar şəklində Kokobitlər (torpaq əvəzləyici), 1 ədəd Tümson 4250 markalı traktor üzərinə həbs qoyulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi və vəkili X6 təqdimatın təmin edilməsinə etiraz etməyərək əlavə olaraq bildirmişdir ki, qeyd edilən əmlaklar siyahıya alınan zaman özü iştirak etmiş və müəyyən edilmişdir ki, istixananın təyinatının dəyişdirilməsi üçün həmin istixana sökülmüş və orada olan bahalı avadanlıqlar metal kimi satışa çıxarılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, borclunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra məmurunu və tələbkarın nümayəndəsi və vəkilini dinləyib, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq, təqdimatın əsaslılığını yoxlayaraq, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinın e-2(005)-2987/2025-019 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən cavabdeh Borclu MMC-dən 255.207 manat borc, ödənilmiş dövlət rüsumu kimi 545,21 manat, hüquqi yardım üçün ödənilmiş 300 manat pul tutularaq, iddiaçı Tələbkar xeyrinə ödənilməlidir. -Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinın e- 2(005)-2987/2025-019 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanması qərara alınmışdır. - Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, icraata başlamaq haqqında icra məmurunun qərarının surəti məlumat üçün tələbkara və məhkəməyə, 10 gün müddətində könüllü icrası üçün borcluya göndərilmişdir. Borcluya göndərilmiş tələbin könüllü icrası haqqında bildirişdə “Əsədov Ağa” adlı şəxsin bildirişi alması və tanış olmasına dair qeyd aparmışdır. -“AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemində Borclu MMC-nin (VÖEN **********) vergi məlumatlarından görünür ki, MMC-nin rəhbəri X8r. MMC-nin əsas fəaliyyət istiqamətləri “sair tərəvəz və bostan məhsullarının becərilməsi”dir. -xx.xx.2026-cı il tarixli aktın surətindən görünür ki, icra sənədinin icrası məqsədilə Borclu MMC-nin istifadəsində olan Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən 35,80 ha torpaq sahəsinə baxış keçirilmiş və orada istixanalar üçün 5 ədəd istilik sistemi qazanxanaları ilə birgə, 4 ədəd supaylama sistemi və qurğuları, anbarda aşkar edilən bağlamalar şəklində Kokobitlər (torpaq əvəzləyici), 1 ədəd Tümson 4250 markalı traktor aşkar edilmiş və saxlanması üçün borclu hüquqi şəxsin rəhbərinin atası X7 iltizam alınmaqla təhvil verilmişdir. Akt icra məmuru X4, Tələbkar, borclunun rəhbəri Ağa Əsədovun atası X9 və s. şəxslər tərəfindən imzaları ilə təsdiq edilmişdir. -xx.xx.2026-cı il tarixli iltizamın surətindən görünür ki, Borclu MMC-nin rəhbərinin atası X1 verilmiş əmlakların israf edilməsi, özgəninkiləşdirilməsi, gizlədilməsi, həmçinin dəyişdirilməsi barədə Cinayət Məcəlləsinin 303-cü maddəsi ilə məsuliyyət daşıması barədə xəbərdar edilmişdir. -Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin xx.xx.2026-cı il tarixli borclunun əmlakdan istifadə hüququ üzərinə həbs qoyulması barədə qərarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2987/2025-019 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə Borclu MMC-nin istifadəsində olan **********19 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən 35,80 ha torpaq sahəsindən istifadə hüququ üzərinə həbs qoyulması qərara alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli xx.xx.2016-cı il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən 35,80 ha torpaq sahəsi Borclu MMC-nin xeyrinə yüklü edilmişdir, yüklülüyün növü istifadədir, yüklülük xx.xx.2001-ci ildən başlamışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun: - 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab olunur. - 44-cü maddəsi, bu qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra vərəqəsinin icra məmuruna təqdim olunmasını, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul olunmasını və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsini məcburi icra tədbirlərinin tətbiqinin əsasları kimi müəyyən etmişdir. - 45.2-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında, elektron pul təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Məcburi icra tədbirləri nəticəsində borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür və bu vəsaitin 1 iş günü müddətində icra xidmətinin depozit hesabına köçürülməsi təmin edilir. - 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. - 45.7-ci maddəsinə tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında, elektron pul təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. - 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlamaq üçün verilməsindən ibarətdir. İcra vərəqəsi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra vərəqəsinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. - 50.3-cü maddəsinə əsasən borclunun əmlakı üzərində sərəncam vermək hüququna və ya borclunun əmlakından istifadə etmək hüququna icra məmuru tərəfindən qoyulmuş məhdudiyyətlərə əməl olunmaması Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. - 52.1-ci maddəsinə əsasən borclunun əmlakı saxlanmaq üçün onun özünə və ya icra məmuru tərəfindən təyin olunmuş digər şəxslərə (bundan sonra - saxlayıcıya) verilir. Əmlakı saxlamaq üçün qəbul edən saxlayıcıdan bu barədə qəbz alınır. Əmlakdan istifadə olunması onun məhvinə və ya dəyərinin azalmasına səbəb olmadıqda, saxlayıcı həmin əmlakdan istifadə edə bilər. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarı). Məhkəmə qeyd edir ki, borclunun əmlakı üzərinə həbs qoymaq, həmçinin zəruri hallarda əmlakdan istifadə hüququnun məhdudlaşdırmaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir və bu tədbirin tətbiqinin mümkünlüyünə müvafiq əsasların mövcud olub-olmadığı, habelə, icra məmuru tərəfındən “İcra haqqında” Qanunun tələblərinə uyğun olaraq icra sənədinin icrası məqsədilə icra hərəkətlərinin yerinə yetirilib-yetirilmədiyi və tələbin borclunun əmlakına yönəldilməsi ilə bağlı prosedur qaydalarına əməl olunub-olunmadığı kontekstində qiymət verilməlidir. Bu mənada, bu tədbirin tətbiqi əsası, icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi ilə şərtləndirilmişdir (“İcra haqqında” Qanunun 43-cü və 44-cü maddələri). Qanunvericiliyə əsasən, məhkəmənin qəbul etdiyi qərarların icrası bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra edilməlidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Borclu məhkəmə qərarının icrasının təmin edilməsinə yönəlik hərəkətlər etməlidir. İşin faktiki hallarından göründüyü kimi borclunun istifadəsində olan əmlakların, habelə torpaq sahəsi üzərinə istifadə hüququnun üzərinə həbs qoyulması zərurəti məhz icra sənədi üzrə borclunun öz öhdəliklərini könüllü icra müddətində icra etməməsidir. Belə ki, icra vərəqəsi üzrə icra məmuru tərəfindən xx.xx.2025-ci il tarixdə icraata başlanılmış, tələbin 10 gün müddətində könüllü olaraq icrası barədə borcluya bildiriş göndərilmiş, hüquqi şəxsin hazırki rəhbəri X11 imza etməklə bildirişlə tanış olmuş və təhvil almışdır. Lakin bildiriş borclu hüquqi şəxsin rəhbəri tərəfindən əldə edilməsinə baxmayaraq, icra sənədi üzrə tələb bu müddət ərzində icra olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, məcburi icra tədbirinin tətbiqi üçün əsas yaranmışdır. Məhkəmə hesab edir ki, icra sənədi üzrə könüllü icra barədə bildiriş göndərilməsinə (borclu icra sənədi barədə məlumatlı olmasına) baxmayaraq bu müddət ərzində icra sənədi borclu tərəfindən icra edilmədiyindən bununla da, icra sənədinin icrası mümkün olmadığından, icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun istifadəsində olan əmlakların, habelə onun torpaq sahəsinə olan istifadə hüququnun üzərinə həbs qoyulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinın e-2(005)-2987/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu MMC-nin istifadəsində olan Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən 35,80 ha torpaq sahəsi üzərində istifadə hüququna və həmin sahədə aşkar edilmiş istixanalar üçün 5 ədəd istilik sistemi qazanxanaları ilə birgə, 4 ədəd supaylama sistemi və qurğuları, anbarda aşkar edilən bağlamalar şəklində Kokobitlər (torpaq əvəzləyici), 1 ədəd Tümson 4250 markalı traktor üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinın e-2(005)-2987/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu MMC-nin (VÖEN:**********) istifadəsində olan Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən 35,80 ha torpaq sahəsi üzərində istifadə hüququna və həmin sahədə aşkar edilmiş istixanalar üçün 5 ədəd istilik sistemi qazanxanaları ilə birgə, 4 ədəd supaylama sistemi və qurğuları, anbarda aşkar edilən bağlamalar şəklində Kokobitlər (torpaq əvəzləyici), 1 ədəd “Tümson 4250” markalı traktor üzərinə həbs qoyulsun. Qərardadın icrası Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar