Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(5-97)-118/2026 19.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əzizova Şəbnur Rəfail qızının sədrliyi, Məmmədova Aygün Tərlan qızının katibliyi, Borclu iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)- 2734/2024 saylı icra sənədinin qaytarılmasına dair Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi barədə tələbkar "xxxx" MMC tərəfindən verilmiş şikayətə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar "xxxx" MMC məhkəməyə şikayət ilə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)-2734/2024 saylı icra sənədinin qaytarılmasına dair Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Emil Zeynalovun xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)-2734/2024 saylı qətnaməsinə əsasən Borclu "xxxx" MMCnin xeyrinə cəmi 2565,2 manat məbləğində pul tutulması qət edilmiş və məhkəmə qətnaməsi icra olunması üçün Nərimanov rayon İcra şöbəsinə göndərilmişdir. Məhkəmə qətnaməsinin qəbul edilməsindən uzun müddət keçməsinə baxmayaraq, Borclu həmin icra sənədini icra etməmişdir. Nərimanov rayon İcra şöbəsinin icra məmuru Emil Zeynalovun xx.xx.2024-cü il tarixli qərarına əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)-2734/2024 saylı icra sənədi “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə əsasən geri qaytarılmışdır. Nərimanov rayon İcra şöbəsi tərəfindən icra sənədi üzrə tələbin icra edilməsinin mümkünsüzlüyünə dair akt tələbkara təqdim edilmədən və akt barədə tələbkara məlumat verilmədən icra sənədinin məhkəməyə qaytarılması barədə qərar qəbul edilmişdir. Nərimanov rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli qərarında icra sənədinin icrası istiqamətində bütün qanunamüvafiq tədbirlərin görülməsi, eyni zamanda borclunun yaşadığı ünvanda olması barədə qeydlər edilmişdir, lakin faktiki olaraq borclunun yaşadığı ünvanda olmamışlar və yaşayış yerinə baxış keçirməmişlər. İcra məmuru bu müddət dövrü ərzində borclu barəsində onun əmlak və gəlirlərinin axtarışı məqsədilə lazımi bütün tədbirləri (daşınar və daşınmaz əmlakların qeydiyyatını aparan müvafiq orqanlara sorğu verilməsi, ölkədən getmək hüququnun məhdudlaşdırılması, məcburi gətirilmə, inzibati məsuliyyətə cəlb olunması və s.), habelə qanunvericiliklə müəyyən olunmuş digər məcburi icra tədbirlərini görməmişdir. Bununla yanaşı, icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə əsasən tələbin icrasının mümkün olmadığını bildirsə də, bu haqda müvafiq akt tərtib etməmiş və tələbkara məlumat verməmişdir. İcra məmurunun qərarında qeyd olunan akt isə yalnız icra məmurunun borclunun qeydiyyatda olduğu ünvana getməsi və həmin ünvanda borcluya məxsus tələbin yönəldilə biləcəyi heç bir əmlakın aşkar edilməməsi barədə olmaqla, bütün tədbirlər görülməsinə baxmayaraq, tələbin icrasının mümkünsüz olmasına əsas vermir. Belə olan halda icra edilməyən icra sənədinin mövcudluğu ilə iş üzrə tələbkarın hüquqlarını pozur. Bununla yanaşı tələbkar "xxxx" MMC görülmüş qanunamüvafıq tədbirlər barədə məlumatlandırılmamışdır. Həmçinin, icra məmuru tərəfindən borclunun bank hesablarını müəyyən etmək üçün banklara sorğu göndərilməmişdir. Məhkəmə iclasında iştirak edən Borclu izahatında bildirdi ki, icra şöbəsinə dəvət edilməmiş, izahatı da alınmamışdır. İş üzrə icra məmurunun kim olması barədə məlumatı da yoxdur. Rəsmi iş yeri yoxdur. İlkin ödəniş və 2 ay üzrə etdiyi ödənişdən əlavə başqa ödəniş etməmişdir. Şikayəti məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də, məhkəmə şikayətə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə borclunun izahatını dinləyib, iş materiallarını, eləcə də şikayətin tam, hərtərəfli və obyektiv araşdırılması baxımından tələb edilmiş e282821/2024-15-5-004 saylı icra işində olan sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında (eləcə də tələb edilmiş icra işində) olan: - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)- 2734/2024 saylı icra sənədinə əsasən Borclu 2291 manat əsas borc, 229 manat cərimə borcu və 45,20 manat dövlət rüsumu olmaqla, cəmi 2565,2 manat məbləğidə pul tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. - Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)-2734/2024 saylı icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü icrası barədə borclunun ünvanına e282821/2024-15-5-003 saylı bildiriş göndərilmişdir. - Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin əməkdaşları və cəlb edilmiş hal şahidlərinin iştirakı ilə tərtib edilmiş akta əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)-2734/2024 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu yaşadığı ünvana baxış keçirilmiş, lakin ünvanda olan zəruri ev əşyaları istisna olmaqla, borcluya məxsus tələbin yönəldilə biləcəyi hər hansı əmlak tərəflərindən aşkar edilməmişdir. - Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)-2734/2024 saylı icra sənədinin qaytarılması qərara alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. - 6.1.4-cü maddəsinə müvafiq olaraq, notariusun icra qeydləri icra sənədi hesab edilir. - 23.1, 23.1.3-cü maddələrinə müvafiq olaraq, borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi və xüsusi icra məmurunun icraatında olan icra sənədi tələbkara) qaytarılır. - 23.2-ci maddəsinə müvafiq olaraq, tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. - 23.7-ci maddəsinə müvafiq olaraq, icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin və xüsusi icra məmurunun icraatında olan icra sənədinin tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. - 26-cı maddəsinə müvafiq olaraq, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. “Dövlət icra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun: - 7-ci maddəsinə müvafiq olaraq, icra xidmətinin icra məmuru icra ilə əlaqədar icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görür. Qeyd edilməlidir ki, işdə olan sənədlərin məcmusu ilə müəyyən olunan hal ondan ibarətdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)- 2734/2024 saylı qətnaməsi əsasında Borclu "xxxx" MMC-nin xeyrinə ümumilikdə 2565,2 manat pulun tutulmasına dair qətnamə qəbul edilmişdir. İcra sənədi üzrə İcra şöbəsində icraata başlanıldıqdan sonra icra məmurunun xx.xx.2024-cü il tarixdə qəbul etdiyi qərarla “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə istinad edilib qeyd edilən icra sənədi icra olunmadan geri qaytarılmışdır. Mübahisələndirilən qərardan görünür ki, icra məmuru icra sənədinin geri qaytarılmasına əsas kimi borclunun əmlak və gəlirlərinin müəyyən edilməməsinə istinad etmişdir. Şikayətin dəlillərinin araşdırılması məqsədilə mübahisələndirilən icra sənədi üzrə aparılmış icra işinə baxış keçirilmişdir. Həmin icra işi ilə müəyyən olunur ki, icra sənədi şöbənin icraatına 2024-cü ilin sentyabr ayında daxil olmasına baxmayaraq, icra məmuru tərəfindən tələbin yerinə yetirilməsi istiqamətində kifayət qədər tədbirlər görülməmiş, xeyli müddət keçdikdən sonra borclunun əmlak vəziyyətinin müəyyən edilməsi üçün Elektron İcra İnformasiya Sistemində sorğular edilmiş, lakin hər hansı bir məlumat tapılmadığına görə akt tərtib edilərək sənəd geri qaytarılmışdır. Məhkəmənin qənaətinə görə icra sənədi üzrə yerinə yetirilməli olan tələb icra edilə bilən olduğu halda, icra məmurunun zəruri icra tədbirləri görmək əvəzinə icra sənədini qaytarması işi kifayət qədər araşdırmadığını göstərir. Belə ki, tələbin könüllü icrası üçün müəyyən olunmuş müddətin keçməsinə baxmayaraq, borclunun İcra şöbəsinə dəvət olunaraq icra sənədinin icrası ilə əlaqədar izahatı alınmamış, məcburi icra tədbirləri (borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması, məcburi gətirilməsi, inzibati məsuliyyətə cəlb edilməsi və s.) həyata keçirilməmiş, icra sənədi bir müddət icrasız qaldıqdan sonra geri qaytarılmışdır ki, bu hal icra sənədi üzrə zəruri icra tədbirlərinin görülməməsinə dəlalət edir. Belə olan halda məhkəmə hesab edir ki, yuxarıda göstərilən hallara görə şikayət əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)-2734/2024 saylı icra sənədinin qaytarılmasına dair Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)-2734/2024 saylı icra sənədi üzrə icra hərəkətləri davam etdirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 23-cü maddəsini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)- 2734/2024 saylı icra sənədinin qaytarılmasına dair Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)- 2734/2024 saylı icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəbnur Əzizova
Məhkəmə qərarları › İş №8(5-97)-118/2026
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(5-97)-118/2026
19.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver