Məhkəmə qərarları › İş №8(5-97)-161/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(5-97)-161/2026

20.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(5-97)-161/2026 20.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, Borclu iştirakı ilə, X1 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)- 795/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş “alimentin indeksasiyası” barədə ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-795/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Borclu hər ay 170 manat sabit pul məbləğində tutulan alimentin hazırda ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun olaraq indeksasiya edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-795/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Borclu hər ay 170 manat sabit pul məbləğində alimentin alınaraq ona ödənilməsi qət olunmuşdur. Borclu tərəfindən övladının saxlanılması üçün ödənilən alimentin məbləği övladına baxmağı, eyni zamanda onun artan sosial və digər xərcləri üçün kifayət etmir. Hazırda övladını təkbaşına böyüdür və 2020-ci ildə təyin olunmuş 170 manat məbləğində aliment hesabına onun ehtiyaclarını qarşılaya bilmir. Yaşına münasibətdə ildən-ilə xərclər də ona uyğun olaraq artmaqdadır. Qızının artıq 13 yaşı var. Qızı ingilis və rus dillərindən, eləcə də digər fənlərdən hazırlıq kurslarına gedir, onun təhsil xərclərini təkbaşına qarşılaya bilmir. Təhsil xərcləri isə kifayət qədər yüksəkdir. Məhkəmə iclasında iştirak edən Borclu alimentin məbləğinin artmasına etiraz etdiyini bildirərək əvvəlki aliment məbləğinin saxlanılmasını xahiş etmişdir. Tələbkar məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, hər hansı üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləyə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə borclunun izahatını dinləyərək və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin alimentin indeksasiyası qaydasını müəyyən edən 110-cu maddəsinə görə məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-1 və 8.4-2-ci bəndlərinə görə Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda / işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1 və 232.3-cü maddələrinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. İş materiallarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-795/2020 saylı qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Borclu hər ay 170 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı X5 ödənilməsi qət edilmişdir. “Minimum aylıq əmək haqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2019-cu il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2019-cu il sentyabrın 1-dən 250 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarı 2020-ci il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,68 (170:250) mislini təşkil edir. Bu baxımdan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində indeksasiya olunmalıdır. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ali Məhkəmənin Plnumunun hüquqi mövqeyinə görə, alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir (adıçəkilən Qərarın 8.11-1-ci bəndi). Tələbkar aliment məbləğinin indeksasiya edilməsi barədə ərizə ilə xx.xx.2026-cı il tarixində məhkəməyə müraciət etdiyindən, alimentin indeksasiya olunmuş məbləği həmin tarixdən hesablanmalıdır. Borclunun etirazı ilə əlaqədar məhkəmə qeyd edir ki, alimentin indeksasiyası zamanı, məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Yəni bu cür ərizələrə baxılarkən məhkəmə tərəfindən riyazi heablamalar aparılmaqla, qətnamə ilə təyin edilmiş aliment minumum əmək haqqına uyğun indeksləşdirilir. Bu zaman alimentin artırılması və ya azaldılması mümkün deyildir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232, 263-264 və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin olunsun. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-795/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği xx.xx.2026-cı il tarixdən başlayaraq hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində indeksasiya olunsun. Tərəflərin nəzərinə çatdırılsın ki, sonrakı dövrlər üçün alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yeri olduğu halda/işəgötürən, rəsmi iş yeri olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilir. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar