Məhkəmə qərarları › İş №8(5-97)-79/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(5-97)-79/2026

13.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(5-97)-79/2026 13.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3052/2024-008 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə “İcra sənədinin qaytarılması” haqqında qərarın ləğv edilməsi barədə tələbkar "xxxx" MMC tərəfindən verilmiş şikayət ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tələbkar "xxxx" MMC Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Münasib Muradovun qərarından məhkəməyə şikayət verərək, Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Elzamin İsayevin “icra sənədinin geri qaytarılması haqqında” xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi və icra hərəkətlərinin davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 3052/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Borclu "xxxx" MMC-nin xeyrinə cəmi 313 manat məbləğində pıl tutulması qət edilmiş və məhkəmə qətnaməsi icra olunması üçün Nərimanov Rayon İcra Şöbəsinə göndərilmişdir.Məhkəmə qətnaməsinin qəbul edilməsindən uzun müddət keçməsinə baxmayaraq Borclu həmin icra sənədini icra etməmişdir.Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Elzamin İsayevin xx.xx.2025-ci il tarixli qərarına əsasən Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3052/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 23.1.3-cü maddəsinə əsasən geri qaytarılmışdır. Tələbkar, borclu və icra məmuru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilən sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Elzamin İsayevin “icra sənədinin qaytarılması barədə” 28..08.2025-ci il tarixli qərarının surətindən görünür ki, “Elektron İcra” informasiya sistemində borclunun adına tələbin yönəldilə biləcək heç bir əmlak aşkar edilməmiş,İcra sənədinin icrasını təmin etmək məqsədilə borculunun yaşadığı ünvana baxış keçirilmiş, lakin həmin ünvanda zəruri ev əşyalarından başqa tələbin yönəldilə biləcəyi əmlak aşkar edilmədiyi üçün, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3052/2024-008 nömrəli, xx.xx.2024-cü il tarixli sənədi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə geri qaytarılmışdır. Məhkəmə qeyd edir ki, iş materiallarında icra məmuru tərəfindən banklara sorğuların verilməsi barədə məlumatlar yoxdur. İcra məmuruna məhkəmə iclası barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, iclasda iştirak etməmiş, tələbkarın göstərdiyi dəlilləri təkzib edən sübutlar təqdim etməmişdir. Eyni zamanda "AZEMİS" elektron məhkəmə informasiya sistemindən çıxarışdan müəyyən edilir ki, Borclu məxsus, aktiv statuslu VÖEN (**********) mövcuddur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir; 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 6.1-ci maddəsinə görə notariusun icra qeydləri icra sənədi hesab edilir; 23.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədinin icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarıldığı hallardan biri də borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərin olmaması və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlərin nəticə vermədiyi haldır. 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir. Yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi, icra sənədlərinin icrasına məhkəmə tərəfindən nəzarət edilir və icra sənədinin tələbkara qaytarılması yalnız icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlərin nəticə vermədiyi halda mümkündür. İcra sənədinin geri qaytarılması haqqında icra məmurunun qərarında isə icra qeydinin icra edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün icra tədbirlərinin həyata keçirildiyi aşkar olunmur. Beləliklə, icra məmuru icra sənədinin icrası ilə bağlı tam və ətraflı araşdırma aparmadan icra sənədinin qaytarılması haqqında qərar qəbul etmişdir. Bu səbəbdən məhkəmə icra məmurunun qərarının ləğv edilməsini və icra sənədi üzrə tələbin icra olunması üçün müvafiq hərəkətlərin davam etdirilməsini daha məqbul hesab edir. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Nərimanov rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli “icra sənədinin qaytarılması haqqında” qərarı ləğv edilməlidir. Şərh olunanlara əsaslanaraq, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Elzamin İsayevin “icra sənədinin qaytarılması haqqında” xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3052/2024-008 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icra tədbirləri davam etdirilsin. Qərardadın icrası Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar