Məhkəmə qərarları › İş №8(5-98)-26/2026

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(5-98)-26/2026

29.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(5-98)-26/2026 29.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X7 oğlunun katibliyi ilə, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Nəzrin İbişova tərəfindən verilmiş “Şahbuz Rayon Məhkəməsinin e-2(090)-278/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair” təqdimata Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, Şahbuz Rayon Məhkəməsinin e-2(090)-278/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir.

2. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli qərarla icraata başlanılmış Şahbuz Rayon Məhkəməsinin e-2(090)-278/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu 25160.84 manat məbləğində pul vəsaiti və 165.88 manat ödənilmiş dövlət rüsumu tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2024-cü il tarixində Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə daxil olmuş və müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün icra məmuru tərəfindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən təqdimat verilən vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır.

a) Məhkəmə prosesi:

3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş, Tələbkar ASC-nin nümayəndəsi X3 “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə təqdim edərək, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmiş, Nəsimi rayon İcra şöbəsinin icra məmuru və borclu gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir.

4. Məhkəmə tələbkarın nümayəndəsinin ərizəsini, təqdimatı, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

5. Təqdimata əlavə edilmiş Şahbuz Rayon Məhkəməsinin e-2(090)-278/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, cavabdehlər X1 və Borclu müştərək qaydada ümumilikdə 25.160,84 (iyirmi beş min bir yüz altmış manat səksən dörd qəpik) manat məbləğində pul vəsaiti iddiaçı Tələbkar ASC-nin xeyrinə ödənilməli, iddiaçı Tələbkar ASC tərəfindən ödənilmiş 165.88 (bir yüz altmış beş manat səksən səkkiz qəpik) manat miqdarında dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Məhkəmə aktı xx.xx.2024-cü il tarixdə qüvvəyə minmiş, xx.xx.2024-cü il tarixdə icra vərəqəsi verilmişdir.

6. Təqdimata əlavə edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2 tərəfindən Şahbuz Rayon Məhkəməsinin e-2(090)-278/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır.

7. Təqdimata əlavə edilmiş tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Borclu Şahbuz Rayon Məhkəməsinin e-2(090)-278/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədini könüllü icra etmək üçün vaxt verilmiş, borclu bildirişi almasına dair imza etmişdir.

8. Təqdimata əlavə edilmiş xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, Borclu icra sənədindən xəbərdar olduğunu, maddi imkansızlığı səbəbindən icra sənədi üzrə tələbi tam şəkildə icra etmək imkanı olmadığını, digər əsas borclu ilə hissə-hissə ödəniş etdiyini, adına heç bir daşınar və daşınmaz əmlak olmadığını, qiymətli kağızlarının və əmanətinin olmadığını bildirmiş, borclu icra sənədinin icrasının təmin edilməyəcəyi halda məcburi icra tədbirləri tətbiq olunacağı və ölkədən getmək hüququnun məhdudlaşdırılacağı barədə xəbərdar olunmuşdur.

9. Təqdimata əlavə edilmiş xx.xx.2025-ci il tarixli tələbkarın nümayəndəsi tərəfindən verilmiş ərizədən görünür ki, icra sənədinin icrasının təmin edilməsi məqsədilə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məhkəməyə təqdimat verilməsi xahiş edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar və məhkəmənin mövqeyi:

10. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şahbuz Rayon Məhkəməsinin e-2(090)-278/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu qanuni qüvvəsini alaraq icraya yönəldilməsindən 2 ildən artıq vaxt keçməsinə, həmçinin Borclu könüllü icra etmək üçün vaxt verilməsi ilə bağlı bildiriş təqdim edilməsinə baxmaraq, qətnamə əsasında verilmiş həmin icra sənədini heç bir üzrlü səbəb olmadan tam icra etməmişdir.

11. İcra işinin materiallarından müəyyən edilir ki, icra sənədi üzrə Borclu tərəfindən ödəniş edilməsi, həmçinin onun adına hər hansı daşınar və ya daşınmaz əmlak aşkar edilməmişdir.

12. Məhkəmə hesab edir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədinin icrasının təmin edilməsi və tələbkarın hüquqlarının pozulmasının qarşısının alınması məqsədilə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədə müvafiqdir.

c) Tətbiq edilən hüquq və məhkəmənin iş üzrə gəldiyi nəticə:

13. «İcra haqqında» Azərbaycan Respublikası Qanunu: 3.1-ci maddə. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 84-1.1-ci maddə. İcra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, onların ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərarı dərhal “Elektron məhkəmə” informasiya sistemindən “Elektron icra” informasiya sisteminə ötürülür. “Elektron icra” informasiya sistemi vasitəsilə bu barədə dərhal “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə məlumat ötürülür və həmin məlumat-axtarış sistemində borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri barədə məhdudiyyət tətbiq edilir, bununla bağlı “Elektron icra” informasiya sistemi vasitəsilə borclu fiziki şəxsə və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinə və tələbkara məlumat verilir, o cümlədən borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndərilir.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 231.3, 231.3-1-ci maddə. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması), borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələlərinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması , borclunun ölkədən getmək hüququnun müvəqqəti, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Məhkəmə borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimata onun daxil olduğu vaxtdan 5 iş günü müddətində, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında ərizələrə və icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara onların daxil olduğu vaxtdan 10 iş günü müddətində baxır. 231.2-ci maddə. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 231.4-cü maddə. Qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadı qəbul edildikdən sonra dərhal qüvvəyə minir və qərardaddan şikayətin verilməsi onun icrasını dayandırmır.

15. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” Təlimat: 2.8-ci bənd. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra, habelə digər hallarda icra məmuru 24 saat müddətində həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir (Əlavə 3).

16. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, təqdimat təmin edilməli, Şahbuz Rayon Məhkəməsinin e-2(090)-278/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu (FİN: xxxxxxx) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır.

Nəticə:

17. Yuxarıda qeyd olunanlara əsasən, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Təqdimat təmin edilsin. Şahbuz Rayon Məhkəməsinin e-2(090)-278/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu (FİN: xxxxxxx) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardad dərhal icra edilsin. Qərardadın icrası Nəsimi rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar