Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-1655/2025 07.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızı, Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikası DİN Daxili Qoşunlar Baş İdarəsi cəlb edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, DİN DQ tərəfindən verilmiş xx.xx.1998-ci il və xx.xx.1999-cu il tarixli bildirişlərin ona məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda Ərizəçi tərəfindən hakimə etiraz ərizəsi təqdim edilərək işin başqa hakimə verilməsi xahiş edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, 5-ci dəfə eyni işə hakim təyin edilir və 4 dəfə heç bir normativ akta əsaslanmadan ərizəsini qəbul etməkdən imtina edir. 5-ci dəfə də belə etməyəcəyinə ümid yoxdur. Bu isə Konstitusiyaya, MPM-ə ziddir. Onun “Məhkəmələr və hakimlər haqqında” qanunun 16-cı, MPM-in 19.1.3 və 19.1.7-ci maddələri əsasında hakimə (məhkəmə tərkibinə) etiraz etmək hüququ var. Ali Məhkəmə Plenumunun “Hakimə (məhkəmə tərkibinə) etiraz etmək barədə qanunvericiliyin tətbiqi məsələləri haqqınnda” Qərarının 6-cı bəndinə görə, etiraz məhkəməyə daxil olduğu andan dərhal baxılmalı və bu barədə müvafiq qərar qəbul edilməlidir. Eyni zamanda hakimə etiraza müvafiq məhkəmənin sədri baxmalıdır. Onun etirazlarına isə 4 dəfə baxılmayıb. İndi isə 5-ci dəfə eyni hakimə iş verilib və 5-ci dəfə etiraz edir. Bu özbaşınalıqdır və məhkəmənin öncənin məhkəmə təminatı hüququna qadağasını ortaya qoyur. Məhkəmə iş materiallarını və etiraz ərizəsinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, Ərizəçi hakimə etirazı baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən məhkəməyə etiraz edən tərəf etirazın əsaslarını sübut etməlidir. Etirazın əsaslarına dair sübut təqdim edilmədikdə, etiraz işə baxan məhkəmə tərəfindən baxılmamış saxlanılır. Həmin Məcəllənin 22.6-cı maddəsinə əsasən etiraz etmə və ya özü özünə etiraz etmə məsələləri barədə məhkəmə qərardadı çıxarılır ki, bundan da şikayət verilməsinə yol verilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 3 saylı Qərarının 2.2-ci bəndində qeyd edilir ki, hakimə (məhkəmə tərkibinə) edilən etirazlara baxıldıqda etirazın əsasları, habelə etiraz edən şəxsin marağı diqqətlə araşdırılmalı, qanuna uyğun olmayan etirazlar təmin edilməməlidir; Həmin Qərarın 5.4-ci bəndində göstərilir ki, etirazda konkret əsaslar göstərilmədikdə və etirazın əsaslarına dair sübut təqdim edilmədikdə, həmin etiraz işə baxan hakim (məhkəmə tərkibi) tərəfindən baxılmamış saxlanılır. Hakim (məhkəmə tərkibi) bu barədə qərardadı Azərbaycan Respublikası MPM-nin 263.3-cü maddəsinə uyğun olaraq müşavirə otağında müstəqil akt şəklində və ya Məcəllənin 263.4-cü maddəsinə uyğun olaraq yerində müşavirə edərək, ayrıca akt şəklində tərtib olunmadan çıxara bilər. Göründüyü kimi, irəli sürülmüş etirazın aydın şəkildə əsaslandırılması və hakimə (məhkəmə tərkibinə) edilmiş etirazın əsaslarının mövcud olmasına dair sübutların təqdim edilməsi qanunvericiliyin tələblərindəndir. Etirazın əsaslandırılması dedikdə etiraza səbəb olmuş halın mövcud olmasını təsdiqləyən faktların və dəlillərin göstərilməsi başa düşülür. İddiaçı tərəfindən hakimə edilmiş etirazın əsaslandırılmasından göründüyü kimi qanunvericilikdə bu əsasla işə baxan hakimə etiraz edilməsinə əsaslar yoxdur və o, hakimə etiraz edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsasların mövcud olması barədə sübutları məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, hakimə etiraz üçün qanunverciliklə nəzərdə tutulmuş halları təsdiq edən sübutlar təqdim edilmədiyindən etiraz yazılı icraat qaydasında baxılmamış saxlanılmalıdır. Məhkəmə Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikası DİN Daxili Qoşunlar Baş İdarəsi cəlb edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə münasibətdə qeyd edir ki, ərizənin yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, ərizənin mümkünlüyü məhkəmə tərəfindən yoxlanılarkən müəyyən edilmişdir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-611/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Ərizəçi Azərbaycan Respublikası DİN Daxili Qoşunlar Baş İdarəsi və Azərbaycan Respublikası Müdafiə Nazirliyi maraqlı şəxs qismində göstərilməklə sənədlərin ona məxsus olmasına dair hüquqi faktın müəyyən edilməsi barədə ərizəsinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3974/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 aprel 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4483/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3974/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən Ərizəçi kassasiya şikayəti qeyri-mümkün hesab edilərək, icraata qəbul edilməmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olmuş 2(005)-611/2024 saylı mülki iş üzrə yenidən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-812/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə kassasiya şikayəti icraata götürülmüşdür. Ərizəçinin əlavə qətnamənin qəbul olunmasından imtina olunması və bu səbəbdən məhkəməyə yenidən müraciət etmək hüququnun olması dəlili ilə bağlı qeyd olunmalıdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3974/2024 saylı, xx.xx.2024cü il tarixli qərardadından görünür ki, Ərizəçi 2(103)-3974/2024 saylı iş üzrə əlavə qətnamənin qəbul edilməsi barədə ərizəsi təmin olunmamışdır. Qərardadda qeyd edilmişdir ki, Ərizəçi izah olunsun ki, o, həmin ərizədə göstərildiyi halları Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hazırki iş üzrə qəbul etdiyi 17 sentyabr 2024-cü il tarixli qətnaməsindən verilə biləcək kassasiya şikayətində göstərə bilər. Göründüyü kimi hazırda ərizəçinin mübahisələndirdiyi “sənədlərin şəxsə məxsusluğuna” dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsində göstərilən (DİN DQ-nin xx.xx.1998-ci il tarixli, 30/21 №-li və xx.xx.1999-cu il tarixli, 19/299 №-li bildirişlərinin, MN MHH-nın xx.xx.1993cü il tarixli, 296 №-li arayışının ərizəçiyə məxsus olması barədə) məsələyə artıq baxılmış və tərəfə kassasiya şikayəti vermək hüququnun olduğu izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.5 və 153.6-cı maddələrinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Göstərilən qanunvericilik normalarının məzmunundan göründüyü kimi, eyni məsələ üzrə məhkəmə qətnaməsi mövcud olduğu halda, tərəf yenidən eyni ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik deyildir. Belə ki, tərəf yalnız həmin qətnamədən şikayət vermək hüququna malikdir. Hazırki iş üzrə eyni tərəf, eyni predmet və eyni əsaslarla başqa məhkəmənin icraatında iş olmasına baxmayaraq, ərizəçi yenidən məhkəməyə müraciət edərək, hüquqi əhəmiyyətli faktın tanınmasını xahiş edir. Müvafiq ərizənin icraata qəbul edilməsi isə mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq yolverilməz hesab edilir. Məhkəmə ərizəçinin mülki işin eyni hakimin icraatına verilməsinin qanunsuz olması dəlili ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimatın 180-1-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu iki və daha çox hakim olan məhkəmələrdə hakimlər arasında işlərin bölüşdürülməsi bu sistem vasitəsilə təsadüfi və avtomatik şəkildə elektron qaydada həyata keçirilir. Bu zaman sistemdə icraat növlərinin fərqləndirilməsi və cari ildə hakimlərin icraatına verilən işlərin sayı nəzərə alınmaqla işlərin bərabər bölüşdürülməsi təmin edilir. Həmin Təlimatın 180-2-ci maddəsinə əsasən geri qaytarılmış və ya baxılmamış saxlanılmış işlərlə bağlı təkrar məhkəməyə müraciət edildikdə, sistem vasitəsilə həmin işlərin cari ildə icraatına verilən işlərin sayı nəzərə alınmadan işi geri qaytarmış və ya baxılmamış saxlamış hakimə (işə kollegial formada baxıldıqda sədrlik edən hakimə) verilməsi təmin edilir. Mülki Prosessual Məcəllənin 153.3 və 153.4-cü maddələrinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi hakimə etirazı baxılmamış saxlanılmalı və maraqlı şəxs qismində Azərbaycan Respublikası DİN Daxili Qoşunlar Baş İdarəsi cəlb edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 21, 153, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikası DİN Daxili Qoşunlar Baş İdarəsi cəlb edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair iş üzrə verdiyi hakimə etirazı baxılmamış saxlanılsın. Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikası DİN Daxili Qoşunlar Baş İdarəsi cəlb edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-1655/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-1655/2025
07.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver