Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2666/2025 17.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh; Birləşdirilmiş iş Cavabdeh İddiaçı qarşı (açar sözlər: nikahın pozulması, uşağın himayəsi, aliment, birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “himayə, aliment və əmlak”, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizələrii üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixində anadan olmuş X6 yetkinlik yaşına çatanadək öz yanında qalması, yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 246 manat sabit pul məbləğində alimentin tutulması, Cavabdeh ilə birgə nikah dövründə əldə edilmiş Mini Cooper S Minik markalı (2011-ci il buraxılışlı, A825j007 mühərrik nömrəli, WMWZC5103BWK67950 Ban nömrəli, tünd göy rəngli), 90BV093 dövlət qeydiyyat nişanlı avtomobil, Chevrolet Cruze markalı, 99HC093 dövlət qeydiyyat nişanlı avtomobil və Bakı şəhəri, Nərimanov rayonu, Ağasadıx Gəraybəyli küç., ev 67/71, m 41 nömrəli mənzil, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1721v saylı 0.12 ha bağ sahəsi üzərində 2/3 özünün, 1/3 Cavabdeh pay hüququnun müəyyən edilməsi, iddia ərizəsi üçün ödənmiş dövlət rüsumunun, mediasiyaya ödənmiş 50 manatın və vəkil xərci kimi ödədiyim 320 manatın cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “mən Cavabdeh ilə 2016-cı ildə evlənərək ailə həyatı qurmuşam. Bu münasibətlərimizi xx.xx.2016-cı il tarixində Səadət Sarayı Bakı Nikah Evində 1029 saylı qeydlə rəsmiləşdirmişik.2016-cı il tarixindən təsərrüfatı birgə idarə etməklə bir yerdə yaşamışıq. Bir neçə gündür ki, cavabdehin mənəvi işgəncələri və həyatında başqa xanım olması səbəbindən faktiki olaraq ayrılmışıq və nikahımız formal xarakter daşıyır. Birgə nikahımızdan xx.xx.2017-ci il tarixində X13 anadan olmuşdur. Cavabdehlə xüsusiyyətlərimizin üst-üstə düşməməsi səbəbindən birgə yaşamağımız qeyri mümkündür. Belə ki, bu xüsusiyət fərqliliyi çətin vəziyətlərdə müəyyən söz-söhbətə səbəb olur və cavabdehlə ortaq məxrəcə gələ bilmirik və artıq rəsmi olaraq da ayrılmaq qərarına gəlmişəm. Artıq bir neçə gündür ki, faktiki olaraq cavabdehlə ailə münasibətimiz bitib. Biz birgə nikah dövründə Mini Cooper S Minik markalı (2011-ci il buraxılışlı, A825j007 mühərrik nömrəli, WMWZC5103BWK67950 Ban nömrəli, tünd göy rəngli), 90BV093 dövlət qeydiyyat nişanlı avtomobil, Chevrolet Cruze markalı, 90HC093 dövlət qeydiyyat nişanlı avtomobil və Bakı şəhəri, Nərimanov rayonu, Ağasadıx Gəraybəyli küç., ev 67/71, m 41 nömrəli mənzil, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1721v saylı 0.12 ha bağ sahəsi əldə etmiş, 30.000 manatdan artıq xərc çəkərək Nərimanov rayonu, Ağasadıx Gəraybəyli küç., ev 67/71, m 41 nömrəli mənzili təmir edərək həmin evdə yaşamağa başlamışıq. Cavabdeh hazırda həmin əmlakları satmağa çalışır. Eyni zamanda qızıl-zinət əşyalarımı və cehizlərimi mənimsəmək istəyir. Qeyd etmək istəyirəm ki, biz nikah dövründə (xx.xx.2022) notariat ofisində kredit müqaviləsi bağlamaqla X10 nikah dövründə əldə etdiyimiz pul vəsaiti hesabına 25882 ABŞ dolları (43999.40 Azn) borc pul da vermişdik. Cavabdeh artıq bir neçə aydır ki, uşağın heç nəyi ilə maraqlanmayıb, saxlanmaları üçün aliment ödəməyib. Hal hazırda cavabdeh uşağın saxlanması üçün alimenti də, digər xərcləri də ödəmir. Xüsusiyyətlərimizin uyğun gəlmədiyindən və onun ailəsinə qarşı belə laqeydliyindən artıq ailə şəklində biryerdə yaşamağımız qeyrimümkündür və uşağın yetkinlik yaşına çatana qədər mənim yanımda qalmasını, aliment tutulmasının və nikah dövründə əldə edilmiş əmlak bölgüsünün təmin edilməsini məhkəmədən xahiş edirəm.” Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı xx.xx.2025-ci il tarixdə “nikahın pozulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə arasında bağlanmış nikahın pozulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birləşdirilmiş iş üzrə iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Səadət Sarayı nikah evi tərəfindən xx.xx.2016-cı il tarixində 1029 nömrəli nikah qeydə alınmışdır. Ailə münasibətləri pozulmuşdur. Nikahdan bir övladları var. Nikahın pozulmasını istəyir. Nikah formal xarakterlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(004)-2715/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icratında olan iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi üzrə 2(005)- 2715/2025 saylı mülki iş Bakı şəhəri Nərimanov Rayon məhkəməsinin icraatına ilkin olaraq daxil olmuş İddiaçı Cavabdeh qarşı “himayə, aliment və əmlak” tələbinə dair iddia ərizəsi üzrə e-2(005)-2666/2025 saylı mülki işə birləşdirilmişdir. II. Tərəflərin mövqeləri: İddia tələbi üzrə Cavabdeh xx.xx.2025-ci il tarixdə iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, xx.xx.2017-ci il təvəllüdlü X6 anası İddiaçı yanında saxlanılmasına etiraz etmir razıdır. xx.xx.2017-ci il təvəllüdlü X11 246 manat sabit pul məbləğində alimnetin ödənilməsinə razıdır etiraz etmir. Cavabdeh ilə birgə nikah dövründə əldə edilmiş Mini Cooper S Minik markalı (2011-ci il buraxılışlı, A825j007 mühərrik nömrəli, WMWZC5103BWK67950 Ban nömrəli, tünd göy rəngli), 90BV093 dövlət qeydiyyat nişanlı avtomobil, Chevrolet Cruze markalı, 99HC093 dövlət qeydiyyat nişanlı avtomobilin və Bakı şəhəri, Nərimanov rayonu, Ağasadıx Gəraybəyli küç., ev 67/71, m 41 nömrəli mənzil, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1721v saylı 0.12 ha bağ sahəsi üzərində 2/3 mənim, 1/3 Cavabdeh pay hüququnun müəyyən edilməsi hissəsinə aşağıdakı izahı verir və bu hissədə iddianı qebul etmir, bu hissədə tamamilə iddia rədd edilməlidir. İddia ərizəsi üçün ödənmiş dövlət rüsumunun, mediasiyaya ödənmiş 50 manatın və vəkil xərci kimi ödədiyi 320 manatın cavabdehdən alınaraq Püstəyə ödənilməsi hissəsinə tamamilə etiraz edir, belə ki qaldırılmış iddia onsuzda əsassız və qanunsuzdur, ona görədə ödənilmiş rüsum və xərclər Qasımov Tofıqdən tutulmamalıdır. X8 Qeorgiyevnaya məxsus olmuş Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi 172İV saylı sahəsi 0.12 ha olan torpaq sahəsini Cavabdeh 28 iyul 2019-cu il tarixində bağışlamışdır. Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi 1721V saylı sahəsi 0.12 ha olan torpaq sahəsini Cavabdeh 06 dekabr 2021- ci il tarixində X3 330720 (üç yüz otuz min yeddiz yüz iyirmi) manata satmışdır. Satdıqdan qısa müddət keçdikdən sonra yəni, 28 dekabr 2021 -ci il tarixində (22 gün sonra) hazırda iddiaçının bölünməsini tələb etdiyi Bakı şəhəri, Nərimanov rayonu, Ağasadıx Gəraybəyli küç., ev 67/71, m 41 nömrəli mənzili 145000 (yüz qırx beş min) manata X7 almışdır. Bundan başqa iddiaçının bölünməsini tələb etdiyi 2 avtomobili 90BV093 dövlət qeydiyyat nişanlı MİNİ Cooper markalı nəqliyyat vasitəsi, Chevrolet Cruze (Chevrolet Malibu) markalı 99HC093 dövlət qeydiyyat nişanlı avtomobillərinin dəyərini satılmış bağ sahəsindən qalan pul vəsaiti hesabına almışdır. 90BV093 dövlət qeydiyyat nişanlı MİNİ KUPER markalı nəqliyyat vasitəsini 20000 min manata almışdır. Chevrolet Cruze (Chevrolet Malibu) markalı 99HC093 dövlət qeydiyyat nişanlı avtomobili 25000 manata almışdır. Chevrolet Cruze (Chevrolet Malibu) markalı 99HC093 dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı adına olmuş və özü İddiaçı onu satmış və baş etibarnamə vermişdir onun əsasında nəqliyyat vasitəsi satılmışdır. Chevrolet Cruze markalı nəqliyyat vasitəsi olmamışdır, Chevrolet Malibu markalı nəqliyyat vasitəsi olmuşdur, o da Püstənin mülkiyyətində idi. Özü etibarnamə əsasında onu satmışdır. Bundan başqa İddiaçı, Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi 1721V saylı sahəsi 0.12 ha olan torpaq sahəsinin 2/3 hissənin bölünməsini xahiş etmişdir. Bildirir ki hədiyyə verilmiş, vərəsəliklə keçmiş və sair bu kimi əmlaklar bölünmə predmenti deyildir. Göstərilənlərə əsasən, İddiaçı Cavabdeh qarşı uşağın anada saxlanılması və 246 manat alimentin tutularaq iddiaçıya ödənilməsi hissəsində qətnamə qəbul edilməsi, Cavabdeh ilə birgə nikah dövründə əldə edilmiş Mini Cooper S Minik markalı (2011-ci il buraxılışlı, A825j007 mühərrik nömrəli, WMWZC5103BWK67950 Ban nömrəli, tünd göy rəngli), 90BV093 dövlət qeydiyyat nişanlı avtomobil, Chevrolet Cruze markalı 99HC093 dövlət qeydiyyat nişanlı avtomobil və Bakı şəhəri, Nərimanov rayonu, Ağasadıx Gəraybəyli küç., ev 67/71, m 41 nömrəli mənzil, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1721v saylı 0.12 ha bağ sahəsi üzərində 2/3 mənim, 1/3 Cavabdeh pay hüququnun müəyyən edilməsi hissəsində və İddia ərizəsi üçün ödənmiş dövlət rüsumunun, mediasiyaya ödənmiş 50 manatın və vəkil xərci kimi Qasımov Püstə tərəfindən ödənilmiş 320 manatın Cavabdeh alınması hissəsində rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən birləşdirilmiş iş üzrə iddiaçı bildirmişdir ki, mənzil öz adınadır və nənəsi tərəfindən bağışlanma yolu ilə ona keçib. Aliment məbləğini ödəyir və hazırda nikahın pozulmasını tələb edir. Uşağın ananın himayəsində saxlanılmasına etiraz etmir. Uşaqla görüşməyə maneələr törədirlər, lakin hazırda uşağa psixoloji təsir etmək istəmir. III. İşin faktiki halları: İş materiallarına əlavə olunmuş: -AZ-İİ seriyalı 160823 saylı nikah haqqında şəhadətnamə ilə müəyyən olunur ki, Cavabdeh və X15 arasında Səadət Sarayı-Bakı nikah evində 15 dekabr 2016-cı il tarixdə 1029 nömrə ilə qeyd aparılmaqla rəsmi nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Qasımov, arvada Qasımova soyadı verilmişdir. - AZ-İV seriyalı 036396 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X13 xx.xx.2017-ci il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. -Cavabdeh əmlak məlumatlarına dair xx.xx.2025-ci il tarixə olan elektron çıxarışla müəyyən olunur ki, 2011-ci il buraxılışlı “Mini Cooper S minik” markalı tünd göy metallik rəngli 90BV093 dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh mülkiyyətindədir. - Cavabdeh və X14 arasında bağğlanmış 28 fevral 2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, borc verən borc alana 25882 ABŞ dolları şəklində bu günkü manatla kurs üzrə (1 ABŞ dolları = 1.70 manat) 43999,40 manat məbləğində pul borc vermişdir. Borc alan krediti xx.xx.2024-cü il tarixədək qaytarmağı öhdəsinə götürür. - X2 və Cavabdeh arasında 5 saylı Bakı ASAN xidmət mərkəzində notariat ofisində bağlanmış 28 iyul 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verən X2 Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 1721v saylı, ümumi sahəsi 0,12 ha olan torpaq sahəsini sonuncunun – nəvəsinin mülkiyyətinə vermişdir. - Satıcı Cavabdeh və alıcı X4 arasında bağlanmış 06 dekabr 2021-ci il tarixli alqısatqı müqaviləsindən görünür ki, satıcı ünvan 1 ünvanında yerləşən torpaq sahəsi 330720 manat məbləğinə sonuncuya satmışdır. -Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən torpaq sahəsi xx.xx.2021-ci il tarixdən X1 mülkiyyətindədir. - X5 və alıcı Cavabdeh arasında Bakı şhəəri 51 saylı Notariat ofisində bağlanmış 28 dekabr 2021-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı ünvan 3 ünvanında yerləşən mənzili sonuncuya 145000 manat məbləğinə satmışdır. -Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 65.40 kv.m olan mənzil xx.xx.2022-ci il tarixdən Cavabdeh mülkiyyətindədir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubla müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Ağasadıx Gəraybəyli küçəsi 67/71, 41 saylı mənzil Cavabdeh mülkiyyətindədir. ünvan 2 X1 mülkiyyətindədir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X23 İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktuba əlavə edilmiş komputer uçot bazasında mövcud olan komputer çıxarışından görünür ki, “Chevrolet Malibu” minik markalı **-HC-*** qeydiyyat nişanlı 2018-ci il buraxılışlı avtomobil xx.xx.2021-ci il tarixdə İddiaçı adına qeydiyyat alınmış, xx.xx.2024-cü il tarixdə onun adından qeydiyyatdan çıxmışdır, “Mini Cooper S” minik markalı 90BV093 qeydiyyat nişanlı 2011-ci il buraxılış ili olan avtomobil xx.xx.2022-ci il tarixdə Cavabdeh adına qeydə alınmışdır . IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsi-vəkilini və birləşdirilmiş iş üzrə iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, İddiaçı iddia tələbi qismən təmin edilməli, Cavabdeh birləşdirilmiş iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işin materiallarından müəyyən olunmuşdur ki, tərəflər 15 dekabr 2016cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdurlar. Birgə nikahdan xx.xx.2017-ci il təvəllüdlü X18 adlı bir yetkinlik yaşına çatmayan övladları dünyaya gəlmişdir. Tərəflərin münasibətləri pisləşmişdir və faktiki olaraq bir yerdə yaşamırlar. Hazırda İddiaçı aliment, himayə və əmlak bölgüsü tələbi ilə, Cavabdeh isə nikahın pozulması barədə tələb ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh uşağın ananın himayəsində qalmasına və aliment ödəməyə etiraz etmir. Məhkəmə tərəflərin nikahın pozulmasına qarşılıqlı razılığının olmamasını – İddiaçı nikahın pozulmasına etiraz etməsini və 3 ay müddət verilməsi barədə xahişini nəzərə alaraq, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.2-ci maddəsinə əsasən tərəflərə ailənin bərpası - barışıq üçün 3 ay müddət müəyyən etməklə işi təxirə salmış, lakin belə barışıq əldə olunmamışdır. Məhkəmə iclasında iştirak edən birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh iddia tələbini müdafiə edərək, nikahın pozulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmədə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Qeyd olunan maddi hüquq normasının tələblərini, 3 ay müddət ərzində tərəflər arasında barışıq olmadığını, iddiaçının nikahın pozulmasında təkid etməsini nəzərə alan məhkəmə tərəflər arasında 15 dekabr 2016-cı il tarixdə rəsmiləşdirilmiş nikahın pozulmasını məqsədəmüvafiq hesab edir. Bundan başqa İddiaçı nikah pozulduqdan sonra yetkinlik yaşına çatmayan xx.xx.2017-ci il təvəllüdlü X6 ananın - öz yanında saxlanması tələbi vardır. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: -22.2.1-ci maddəsinə görə, həmin Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqa...məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir. -29.2-ci maddəsinə əsasən analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. -49.2-ci maddəsinə əsasən, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. -49.3-cü maddəsinə əsasən, uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. -60.3-cü maddəsinə əsasən, uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. -60.4-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valieynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2 saylı Qərarının 7.1, 7.2-ci və 7.6-cı bəndlərində göstərilir ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla, uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar nəzərə alınmalıdır. Valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətdə üstün olması uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün mütləq (həlledici) əsas ola bilməz. Nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacıqardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur. BMT Baş Məclisinin xx.xx.1959-cu il tarixli, 1386 nömrəli qətnaməsi ilə qəbul edilmiş “Uşaq hüquqları haqqında” Bəyannamənin 6-cı prinsipinə görə azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. Bu prinsipin mənəvipsixoloji əsaslandırması mövcuddur, əks təqdirdə BMT tərəfindən bütün dünyaya ünvanlanan belə bəyanat verilməzdi. Belə ki, birincisi, uşaq, təbiətinə görə ata ilə müqayisədə anaya daha çox bağlıdır və anaya daha çox ehtiyacı var; ikincisi, ana, təbiətinə görə ata ilə müqayisədə uşağa daha çox bağlıdır və uşağa daha çox ehtiyacı var. Hazırkı işdə ana və uşaqları bir-birindən ayırmaq üçün müstəsna şərait mövcud deyildir. Atanın malik olduğu maddi imkanlar (mənzil şəraiti, daimi qazanc və s.) ana nəvazişini və qayğısını əvəz edə bilməz. "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: - 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Göründüyü kimi istər milli, istərsə də beynəlxalq qanunvericiliyə görə uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır. O, mümkün olduqda valideynlərinin himayəsində, onların məsuliyyəti altında və hər bir halda, məhəbbət, maddi-mənəvi təminat mühitində böyüməlidir. Valideynlər arasında uşaqla bağlı mübahisə ilk növbədə uşaqların hüquq və mənafeləri, maraqları və onların rəyi nəzərə alınmaqla həll edilməlidir. Məhkəmə hesab edir ki, uşağın, ana qayğısına, ana nəvazişinə və tərbiyəsinə ehtiyacının olması, onun məişət ehtiyaclarının təmin edilməsi və mənəvi tərbiyəsində ananın xüsusi rolu nəzərə alınmalıdır. Hazırki iş üzrə ananın uşağın gələcəkdə təhsil və tərbiyəsinə mənfi təsiri, uşağına qulluq göstərməməsi və ya pis rəftarı barədə, onun mənəviyyatına, təhlükəsizliyinə, təhsil almaq imkanına mane olacağı barədə hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdeh məhkəmə iclasında və məhkəməyə ünvanladığı yazılı ərizəsində uşağın ananın himayəsində saxlanılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə uşağın yaş həddini, sağlamlığını, psixi, fiziki, mənəvi inkişafını, hazırda anası ilə birlikdə yaşamasını, əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafını, Cavabdeh bu barədə etirazının daxil olmamasını nəzərə alaraq, xx.xx.2017-ci il təvəllüdlü X6 anası İddiaçı himayəsində saxlanmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasının tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. "Uşaq Hüquqları Haqqında" Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 20 dekabr 2024-cü il tarixli Qərarı: 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. 01 yanvar 2025-ci il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, tərəflər arasında olan rəsmi nikahdan xx.xx.2017-ci il təvəllüdlü X13 anadan olmuşdur. Uşaq hal-hazırda iddiaçı ilə birlikdə yaşayır. Məhkəmə uşağın nikah pozulduqdan sonra ananın himayəsində saxlanılmasını məqsədəmüvafiq hesab etmişdir. Bundan başqa İddiaçı uşağın saxlanılması üçün hər ay 246 manat sabit pul məbləğində alimentin cavabdehdən öz xeyrinə tutulmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı ərizəsində 246 manat sabit pul məbləğində aliment ödənilməsinə razı olduğunu, etiraz etmədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, uşaqların ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətlərinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, digər hüquq və mənafelərinin mühafizəsi valideynlərin, o cümlədən cavabdehin vəzifəsidir, bu məqsədlə də uşaqların valideynlərdən birinin - ananın yanında saxlanması ona qulluq, onun təhsil, inkişaf və s. qayğılarının çəkilməsinin daha çox onun üzərinə düşməsi, digər valideynin belə məsuliyyətini istisna etməməklə, alternativ olaraq saxlanma xərclərinin həddinin yaşayış minimumuna görə müəyyən edilməsinə əsas ola bilər. Məhkəmə qeyd edir ki, uşaqların saxlanılması hər iki valideynin vəzifəsi olsa da, hazırki vəziyyətdə uşaqların ananın yanında saxlanması və uşaqların maddi tələbatının qarşılanması məhz ananın üzərindədir. Ananın işləyib - işləməməsindən asılı olmayaraq ona uşaqların saxlanmasında atanın aliment formasında maddi dəstəyi zəruridir. Cavabdeh bir ata kimi övladının qayğısına qalmalı, onu zəruri vəsaitlə təmin etməli, onun təminatını əvvəlki kimi yüksək saxlamalı və bundan irəli gələn vəzifələrini layiqincə yerinə yetirməlidir. O, valideynlik vəzifələrinə malik olduğunu başa düşərək həm öz tələbatını, həm də uşağının tələbatını təmin etməlidir. Məhkəmə İddiaçı aliment tələbi üzrə toplanmış sübutlara qiymət verərək, tərəflərin ailə və əmlak vəziyyətini, uşağın yaşını, əvvəlki yaşayış səviyyəsi və onun mənafeyinin müdafiəsi zəruriliyi kimi diqqətəlayiq digər halları, 2025-ci il üzrə uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunun həddini, ölkə üzrə dövlət tərəfindən vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirləri (ölkə üzrə minimum əmək haqqı, müavinətlər, təqaüdlərin artımını), uşağın himayəsində saxlandığı valideynin alimentin sabit pul məbləğində tutulması barədə xahişini, Cavabdeh aliment ödəmək barədə razılığını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda istinad olunan xx.xx.2024-cü il tarixli qərarını nəzərə alaraq, hər ay uşaq üçün iddiaçının məhkəməyə müraciət etdiyi 2025-ci ilə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı (400 manat) məbləğinin 0,615 mislinə (400 x 0,615 x 1 uşaq) uyğun sabit pul məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd olunmalıdır ki, sabit məbləğdə müəyyən edilən aliment məbləğinin uşaqlar üçün həmin dövrün yaşayış minimumu həddində müəyyən edilməsi, uşağın minimum tələblatlarının tam təmin edilməsi yönəlmiş hüquqi tədbirdir. Məhkəmə, alimentin hansı vaxtdan tutulmasına münasibətdə qeyd edir ki, İddiaçı xx.xx.2025-ci il tarixdə aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyindən, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, alimentə dair rəsmi müraciətin (iddia ərizəsinin) məhkəməyə daxil olduğu həmin tarixdən başlanmalıdır. Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -225.1-ci maddəsinə əsasən ərlə-arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. -225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: -22.2-ci maddəsinə əsasən, bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə ... 22.2.3. ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalıdır. -32.2.2-ci maddəsinə görə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. -32.3-cü maddəsinə əsasən, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. -33.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. -34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). -36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. -36.5. Məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Bundan başqa, iddiaçının birgə nikah dövründə əldə edilmiş: - “Mini Cooper S” minik markalı 90BV093 dövlət qeydiyyat nişanlı avtomobil; - “Chevrolet Malibu” markalı, 99HC093 dövlət qeydiyyat nişanlı avtomobil; - Bakı şəhəri, Nərimanov rayonu, Ağasadıx Gəraybəyli küçəsi, ev 67/71, m 41 nömrəli mənzil; - Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1721v saylı 0.12 ha bağ sahəsi üzərində 2/3 özü İddiaçı, 1/3 Cavabdeh pay hüququnun müəyyən edilməsi tələbi vardır. Məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi bu hissələrdə əsassız olduğundan məhkəmə tərəfindən təmin oluna bilməz. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsi Cavabdeh mülkiyyətinə 28 iyul 2019-cu il tarixdə nənəsi X2 ilə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında keçmişdir. Həmin müqaviləyə əsasən hədiyyə verən X2, torpaq sahəsini nəvəsi - Cavabdeh bağışlamışdır. Məhkəmə qeyd edir ki, əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin əmlakın ər-arvadın nikah müddətində əldə olunması; əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması halının eyni zamanda mövcud olması vacibdir. Bu hallardan hərhansı birinin olmaması əmlakın tərəflərin birgə mülkiyyəti olmasını istisna edir. Həmçinin göstərilənlərdən əlavə olaraq qanunvericiliklə birgə nikah dövründə ərin (və ya arvadın) adına qeydə alınmış əmlakın tərəflərin birgə mülkiyyəti olmasını istisna edən hallar müəyyən olunmuşdur. Belə ki, Mülki Məcəllənin 225.2 və 225.3-cü maddələri, eləcə də Ailə Məcəlləsinin 34cü maddəsi ilə nikah dövründə hədiyyə şəklində və ya digər əvəzsiz əqdlər üzrə əldə edilmiş əmlaklar ər-arvadın ümumi əmlakına daxil olmayan, hər birinin mülkiyyətini təşkil edən əmlaklar dairəsinə aid edilmişdir. Mülki Məcəllə ilə tənzimlənən əvəzsiz müqavilə növlərindən biri də bağışlama müqaviləsidir. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. (Mülki Məcəllənin 666.1-ci maddəsi). Mübahisələndirilən torpaq sahəsi birgə nikah dövründə Cavabdeh adına daşınmaz əmlak kimi qeydə alınsa da, həmin əmlak ər-arvadın birgə nikahı dövründə onların birgə vəsaiti hesabına alınmamış, Cavabdeh əmlakı xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsi əsasında əvəzsiz qaydada əldə etmişdir. Belə olan halda həmin əmlakın ərarvadın ümumi mülkiyyəti hesab olunmaqla bölünməsi də qanunvericiliyin tələblərinə uyğun deyildir. Bu səbəbdən iddiaçının ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsinə dair tələbi qeyd olunan hissədə əsassız olduğundan təmin edilə bilməz. Digər tərəfdən məhkəmə qeyd edir ki, mübahisəli torpaq sahəsi 06 dekabr 2021-ci il tarixli notariat qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasən Cavabdeh mülkiyyətindən çıxmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının bağ sahəsi üzərində özünün 2/3 hissədə, qarşı tərəfin 1/3 hissədə payının müəyyən edilməsi barədə tələbi əsassız olduğundan təmin edilə bilməz. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarının 3.9 və 3.11-ci bəndlərində məhkəmələrə izah olunmuşdur ki, ərarvadın birgə mülkiyyəti prezumpsiyasını aradan qaldıran hallar Ailə Məcəlləsinin 34-cü maddəsində göstərilmişdir. Həmin normaya görə, nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak, eləcə də fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) onların hər birinin ayrıca (fərdi) mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 77.1-ci maddəsinə əsasən həmin halları sübut etmək yükü bunu iddia edən və ya iddiaya etiraz edən tərəfin üzərinə düşür...Ümumi mülkiyyət prezumpsiyasının əksini iddia edən ər (arvad) mübahisəli əmlakı birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq deyil, nikahdan əvvəlki əmlakı hesabına və ya bağışlama, vərəsəlik, yaxud digər əvəzsiz əqd əsasında əldə etdiyini sübuta yetirməlidir. Qeyd olunmuşdur ki, Mülki Məcəllənin 225.1-ci və Ailə Məcəlləsinin 32.1-ci maddələrinə görə nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyası mövcuddur. Həmin prezumpsiyaya görə əmlak üzərində birgə mülkiyyət hüququnun tanınmasını tələb edən ər (arvad) həmin əmlakın nikah dövründə əldə edildiyini sübut etməlidir. Bu halın sübuta yetirilməsi ərə (arvada) birgə mülkiyyət prezumpsiyasının yaratdığı hüquqi vəziyyətdən istifadə imkanı verir. Yəni ər (arvad) əlavə olaraq əmlakın birgə gəlirlər hesabına, əvəzli olaraq əldə olunmasını və bu səbəbdən özünün də mülkiyyətçi olduğunu sübuta yetirmək vəzifəsi daşımır.Bununla belə, prezumpsiyanın əksini iddia edən şəxs müvafiq sübutlar təqdim etməklə bu prezumpsiyanı aradan qaldıra bilər. Məhkəmə araşdırması zamanı Cavabdeh, mübahisələndirilən digər əmlakların hər üçünün – “Mini Cooper S” minik markalı 90BV093 dövlət qeydiyyat nişanlı avtomobil; “Chevrolet Malibu” markalı, 99HC093 dövlət qeydiyyat nişanlı avtomobil və Bakı şəhəri, Nərimanov rayonu, Ağasadıx Gəraybəyli küçəsi, ev 67/71, m 41 nömrəli mənzilin həmin bağ sahəsinin satışından əldə olunmuş məbləğ hesabına alındığını bildirmişdir. Qeyd olunan hallar mötəbər sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Cavabdeh mülkiyyətinə əvəzsiz qaydada – bağışlama müqaviləsinə əsasən keçmiş torpaq sahəsi Cavabdeh və X4 arasında bağlanmış 06 dekabr 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, 330720 manat məbləğinə sonuncuya satmışdır. Bundan 10 gün sonra İddiaçı adına “Chevrolet Malibu” markalı, 99HC093 dövlət qeydiyyat nişanlı avtomobil, 22 gün sonra 145000 manat məbləğinə Cavabdeh adına Bakı şəhəri, Nərimanov rayonu, Ağasadıx Gəraybəyli küçəsi, ev 67/71, m 41 nömrəli mənzil və 2 ay 19 gün sonra 20000 manat məbləğinə “Mini Cooper S” minik markalı 90BV093 dövlət qeydiyyat nişanlı avtomobil qeydə alınmışdır. Həmçinin məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı birgə əmlak olaraq payının müəyyən edilməsini xahiş etdiyi digər əmlaklardan “Chevrolet Malibu” markalı, 99HC093 dövlət qeydiyyat nişanlı avtomobil onun öz adına xx.xx.2021-ci il tarixdə qeydə alınmış və onun tərəfindən xx.xx.2024-cü il tarixdə alqı-satqı müqaviləsinə əsasən satılmış, mülkiyyətindən çıxmışdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı xx.xx.2021-ci il tarixdən öz mülkiyyətində olmuş və özü tərəfindən xx.xx.2024-cü il tarixdə artıq başqa şəxsin adına özgəninkiləşdirilmiş avtomobildə pay tələb etməsi əsassızdır. Məhkəmə digər əmlaklara - Bakı şəhəri, Nərimanov rayonu, Ağasadıx Gəraybəyli küçəsi, ev 67/71, m 41 nömrəli mənzil və “Mini Cooper S” minik markalı 90BV093 dövlət qeydiyyat nişanlı avtomobilə münasibətdə Cavabdeh nənəsi tərəfindən ona bağışlanmış əmlakı satmaqla yüksək miqdarda (330720 manat) vəsait əldə etməsini, həmin vəsaitin əldə edilməsi ilə mübahisəli əmlakların alışı arasındakı qısa müddət dövrünü, həmin vəsaitin bu məqsədlə xərclənməsini istisna edən (və ya həmin vəsaitin başqa məqsədlərlə istifadəsini sübut edən) halların məhkəmə tərəfindən müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, mübahisəli əmlaklar tərəflərin birgə nikahı dövründə dəyəri ödənilməklə Cavabdeh adına əmlak kimi qeydə alınsa da, onların əldə edilməsinə sərf edilmiş məbləğ Cavabdeh əvəzsiz qaydada əldə etdiyi torpaq sahəsinin satışından əldə olunmuşdur. Yəni, əmlaklar tərəflərin birgə nikahı dövründə onların birgə vəsaiti hesabına alınmamışdır. Cavabdeh əmlakları almaq üçün nənəsi tərəfindən ona bağışlanmış torpaq sahəsinin satışından əldə edilmiş məbləğdən istifadə etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi Bakı şəhəri, Nərimanov rayonu, Ağasadıx Gəraybəyli küçəsi, ev 67/71, m 41 nömrəli mənzil və “Mini Cooper S” minik markalı 90BV093 dövlət qeydiyyat nişanlı avtomobilə münasibətdə də əsassız olduğundan məhkəmə tərəfindən təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. - 233.1-ci maddəsinə əsasən, bu Məcəllənin 355-7.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. - 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. İddiaçı həmçinin hüquqi yardım üçün ödənilmiş 320 manat məbləğində pulun cavabdeh tərəfindən ona ödənilməsini xahiş edir. Prosessual qanunvericiliyin məhkəmə xərclərini tənzimləyən normalarına əsasən nümayəndələrə və vəkillərə ödənilən xərclər məhkəmə məsrəflərinə daxildir. Həmin məsrəflər də digər məhkəmə xərcləri kimi ödənilmiş tələbin məbləğinə münasib olaraq tərəflərə aid edilir. Qanunvericilik eyni zamanda məhkəmənin üzərinə nümayəndəyə və ya vəkilə ödənilmiş xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə ağlabatan məbləğdə tutulması vəzifəsi qoyur. Konkret hallar dedikdə göstərilən yardımın həcmi (məhkəmə hərəkətlərinin və iclaslarının sayı), müddəti, baxılan işin mürəkkəbliyi və sair bu kimi amillər nəzərə alınmalıdır. Xərclərin ağlabatan məbləğ anlayışı qiymətləndirilən anlayış olub, hər bir iş üzrə konkret hallar nəzərə alınmaqla onun məzmunu müəyyən edilməlidir. Belə ki, bir mülki iş üzrə ağlabatan olan məbləğ başqa iş üzrə ya həddən artıq, ya da hərdən az məbləğ kimi qəbul edilə bilər. Hazırki iş üzrə İddiaçı hüquqlarının məhkəmədə “Arbitrium” Vəkil Bürosunun vəkili tərəfindən müdafiə olunması işin mübahisəsiz halıdır. Məhkəmə hazırki iş üzrə göstərilmiş hüquqi yardıma görə tələb etdiyi xərci işin konkret halları və həcmi baxımından ağlabatan məbləğ hesab edir və bu hissədə tələbin tam təmin edilərək, hüquqi yardıma görə xərcin əvəzi kimi 320 manat məbləğin Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməsini əsaslı hesab edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İddiaçı həmçinin əlavə olaraq mediasiyaya ödədiyi 50 manat xərcin cavabdehdən tutularaq ona verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, mediasiya xərcləri tam olaraq – 60 manat (50 manat mediasiya xərci; 10 manat kargüzarlıq xərci) İddiaçı tərəfindən ödənildiyindən, onun tərəfindən ödənilmiş cəmi 50 manat mediasiya xərci cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumları iddia tələbi üzrə iddiaçların rüsumun ödənilməsinə dair tələbləri olmadığından onların özünə aid edilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdikləri sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı iddia tələbi qismən təmin edilməli, xx.xx.2017-ci il təvəllüdlü X13 anası İddiaçı himayəsində saxlanılmalı, Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməli, alimentin ödənilməsi xx.xx.2025-ci il tarixdən hesablanmalı, Cavabdeh vəkilin göstərdiyi hüquqi yardıma görə 320 (üç yüz iyirmi) manat, ödənilmiş mediasiya xərci kimi 50 (əlli) manat tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməli, alimentin icra olunması hissəsində qətnamə dərhal icra edilməli, birləşdirilmiş iş üzrə iddia tələbi təmin edilməli, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 15 dekabr 2016-cı il tarixdə Səadət sarayı Bakı nikah evində nikahın bağlanması haqqında akt qeydləri kitabında 1029 nömrə ilə qeydə alınmış nikah pozulmalı, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. V. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci, 233, 358-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Birləşdirilmiş iş üzrə Cavabdeh iddia tələbi təmin edilsin. Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 15 dekabr 2016cı il tarixdə Səadət sarayı Bakı nikah evində nikahın bağlanması haqqında akt qeydləri kitabında 1029 nömrə ilə qeydə alınmış nikah pozulsun. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İddiaçı iddia tələbi qismən təmin edilsin. xx.xx.2017-ci il təvəllüdlü X13 anası İddiaçı himayəsində saxlanılsın. Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Alimentin ödənilməsi xx.xx.2025-ci il tarixdən hesablansın. Cavabdeh hüquqi yardıma görə ödənilmiş xərc kimi 320 (üç yüz iyirmi) manat, ödənilmiş mediasiya xərci kimi 50 (əlli) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin icra olunması hissəsində qətnamə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-2666/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2666/2025
17.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver