Məhkəmə qərarları › İş №e-2(005)-4206/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-4206/2023

18.10.2023 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-4206/2023 18.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızı, Kreditor Borclu qarşı “borcun ödənilməsi tələbi” barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor Borclu qarşı “borcun ödənilməsi tələbi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Borclu 7500 (yeddi min beş yüz) manat əsas borc və 14.175 manat dəbbə pulunun, 100 manat məhkəmə rüsumunun cəmi 21625 manat pulun mənim xeyrimə tutularaq alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276.2-ci maddəsinə əsasən, məhkəmə əmri aşağıdakı hallarda verilə bilər: 276.2.2. tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa; 276.2.3. tələb ödənilməmiş, aksept olunmamış və ya aksept tarixi qoyulmamış veksellərə dair notarius tərəfindən verilmiş protestə əsaslanırsa; 276.2.4. tələb alimentin alınması, o cümlədən atalığın müəyyən edilməsi və ya üçüncü şəxslərin cəlb edilməsi ilə bağlı olmadan yetkinlik yaşına çatmayan şəxslərə alimentin alınması haqqında verilmişdirsə; 276.2.5. tələb hesablanmış, lakin işçiyə ödənilməmiş əmək haqqı barəsində verilmişdirsə; 276.2.6. tələb polis orqanları tərəfindən cavabdehin və ya borclunun axtarışı üzrə xərclərin alınması haqqında verilmişdirsə; 276.2.7. tələb fiziki şəxslərdən vergilər və dövlət məcburi sığortası üzrə qalığın alınması haqqında verilmişdirsə. Həmin Məcəllənin 279.2-ci maddəsinə əsasən, verilmiş tələb bu Məcəllənin 276-cı maddəsi ilə nəzərdə tutulmamışdırsa məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina üçün əsasdır. Göründüyü kimi kreditor hazırda tərəflər arasında notariat qaydada bağlanmış kredit müqaviləsi üzrə borcun ödənilməsinə dair ərizə ilə əmr icraatı qaydasında müraciət etmişdir. Qeyd olunan maddi hüquq normasının imperativ tələbinə əsasən tələbin sadə yazılı formada bağlanmış əqdə əsaslandığı halda əmr icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət etmək hüququ göstərilmişdir. Həmçinin məhkəmə hesab edir ki, hazırkı iş üzrə cərimənin ödənilməsi tələbi 26 yanvar 2023-cü il tarixli kredit müqaviləsindən irəli gəldiyindən və həmin müqavilə üzrə dəbbə pulunun mübahisələndirməsi, habelə məhkəmə tərəfindən azaldılması imkanının istisna edilmədiyi nəzərə alınmaqla, tələbin aşkar və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı qənaətinə gəlmək mümkün deyil. Göstərilənləri nəzərə alaraq məhkəmə qeyd edir ki, kreditor tərəfindən verilmiş tələb üzrə məhkəmə əmrinin verilməsi MPM-in 276-cı maddəsi ilə istisna olunduğundan, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilməlidir. Bununla belə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 279.4-cü maddəsinə əsasən, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Həmçinin iş materiallarından görünür ki, Kreditor tərəfindən xx.xx.2023-cü il tarixdə X1 vasitəsilə ********** saylı qəbz üzrə 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ərizənin icraata qəbulundan imtina edildiyindən ödənilmiş dövlət rüsumu da geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279-cu maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Kreditor Borclu qarşı “borcun ödənilməsi tələbi” barədə ərizənin qəbulundan imtina edilsin. Kreditor tərəfindən xx.xx.2023-cü il tarixdə X1 vasitəsilə ********** saylı qəbz üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar