Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-803/2021 15.01.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızı, İddiaçı “xxxx” MMC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə yaranmış 544 manat əsas borc, 163 manat cərimə, cəmi 707 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh və Zamin müştərək qaydada tutularaq «xxxx» MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, İRŞAD-ELECTRONlCS» MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı "HP 250 G6 Core İ3 4GB Ram 500GB HDD” markalı kompüterə görə 12 ay ödəniş cədvəli üzrə hər ay 75 manat olmaqla cəmi 899 manat ödəməyi öhdəsinə götürmüşdür. Borcun təminatı olaraq Zamin ilə xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, sonuncu dəfə xx.xx.2020-ci ildə 282 manat ödəniş etmiş və qalıq qalmış 544 manat borcu qaytarmamışdır. Kredit müqaviləsinin 3.1-ci bəndinə əsasən “Əşyanın dəyərinin vaxtında ödənilməməsi ilə əlaqədar “Alıcı” tərəfindən “Satıcı” firmaya bütün xərclər, eləcə də hər gün üçün 1 (bir) faiz cərimə ödənilməlidir. C ərimə faizləri əşyanın dəyərini qaytarılmalı olduğu gündən onun faktiki qaytarıldığı günə qədər olan müddət üçün ödənilir. Bununla da xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 30 təqvim günü üçün qalıq qalmış borc məbləğinə gündəlik 1 (bir) faizlə hesablanmış cərimə məbləği 163 manat təşkil edir. Beləliklə, cavabdeh xx.xx.2020-ci il tarixədək «xxxx» MMCnə olan borcu 544 manat əsas, 163 manat cərimə, cəmi 70 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehlərə rəsmi qaydada bildiriş göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli nisyə satış müqaviləsinin məzmunundan görünür ki, Cavabdeh "HP 250 G6 Core İ3 4GB Ram 500GB HDD” markalı kompüter götürməsi barədə müqavilə bağlamış və bunu öz imzası ilə təsdiqləmişdir. “xxxx” MMC ilə Cavabdeh və Zamin arasında bağlanan xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsindən müəyyən olunur ki, Zamin, borcalan Cavabdeh ilə “xxxx” MMC arasında bağlanan xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə borclu ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Ödəniş cədvəlinə əsasən X1 “xxxx” MMC-yə hər ay 20 manat ödəməyi öhdəsinə götürmüşdür; xx.xx.2018-ci il tarixli, müqaviləyə əsasən Cavabdeh “xxxx”-MMC-nə 544 manat əsas borc, 163 manat cərimə, ümumilikdə 707 manat borcu vardır; Göründüyü kimi, Cavabdeh alqı–satqı müqaviləsi, digər cavabdeh Zamin isə zaminlik müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu saziş ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da sazişin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh və Zamin risk dairələrinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, öhdəliyini icra etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh və Zamin müqavilə üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh və Zamin onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas borcunu və cəriməni müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Göründüyü kimi, cavabdeh əşyanı alaraq, müəyyən olunmuş vaxtda və həcmdə ödəmək öhdəliyi götürsə də, üzərinə düşən öhdəlikləri lazımınca və vaxtında icra etməmiş, bu səbəbdən iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumunu cavabdehlərə aid edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh və Zamin 544 manat əsas borc, 163 manat cərimə, ümumilikdə 707 manat məbləğində borc və 30 manat dövlət rüsumu tutulmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh və Zamin 544 manat əsas borc, 163 manat cərimə, ümumilikdə 707 (yeddi yüz yeddi) manat məbləğində borc və 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçı “xxxx” MMC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №e-2(005)-803/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-803/2021
15.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver