Məhkəmə qərarları › İş №e-2(006)-1190/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1190/2021

07.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1190/2021 07.01.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızı, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh2 ilə xx.xx.2019-cu il tarixdə bağlanmış HHA 11835 saylı nisyə alqı-satqı müqaviləsi və Cavabdeh1 ilə xx.xx.2019-cu il tarixdə bağlanmış HHA 11835 saylı zaminlik müqaviləsi üzrə ödənilməmiş 68 ABŞ dolları əsas (qalıq) borcun və ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1%-i (bir) həcmində 14 ABŞ dolları cərimə, cəmi 82 ABŞ dolları və 20 manat dövlət rüsumu pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ilə xx.xx.2019-cu il tarixdə bağlanmış HHA 11835 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə satış qiyməti 211 ABŞ dolları olan (ümumi məbləğ 211 ABŞ dolları) “Samsung A105 blue 32 gb” markalı 1 ədəd mobil telefonu ödəniş qrafikinə əsasən nisyə satmışdır. Cavabdeh ilə iddiaçı arasında həmin müqavilə bağlandıqdan sonra cavabdeh ilkin olaraq 17 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə 21 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə 21 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 21 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 21 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 21 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 21 ABŞ dolları ödəmiş, lakin sonradan ödəmə qrafiki üzrə ödəməli olan pul məbləğini ödəməmiş və bununla da müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh1 ilə xx.xx.2019-cu il tarixdə bağlanmış HHA 11835 saylı nisyə alqı-satqı müqaviləsinə xx.xx.2019-cu il tarixində zamin durmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehlərə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş xx.xx.2020-ci il tarixdə Cavabdeh2 çatdırılsa da, o, iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə hissə-hissə ödəmək şərti ilə alqı-satqı və zaminlik müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Belə ki, iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixdə ümumilikdə dəyəri 211 ABŞ dolları təşkil edən “Samsung A105 blue 32 gb” markalı telefonun alqı-satqısına dair müqavilə bağlanılmışdır. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən “Alıcı” ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1% həcmində “Satıcı”nın xeyrinə cərimə ödəyir. İddiaçının cərimə borcu üzrə tələb etdiyi məbləğ 14 ABŞ dolları təşkil edir. xx.xx.2019-cu il tarixli qaimədən görünür ki, Cavabdeh2 İMEİ Kodu **********94740 olan 1 ədəd “Samsung A105 blue 32 gb” markalı telefonu təhvil almışdır. xx.xx.2020-ci il tarixli pretenziya məktublarından görünür ki, Cavabdeh2 və Cavabdeh1 borclarını ödəmədikləri təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişlər. Ödəniş qəbzindən (№ 699032711) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Yuxarıda qeyd edilən malın hissə-hissə ödəmə şərti ilə alqı-satqısına dair müqaviləyə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə malın qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı malı alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin malı ödəmək üzrə vəzifəsini icra etməmiş və xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən onun tərəf olduğu müqavilə üzrə iddiaçıya əsas borc üzrə 68 ABŞ dolları, cərimə borcu üzrə 14 ABŞ dolları, cəmi 82 ABŞ dolları məbləğində borcu yaranmışdır. Mülki Məcəllənin (bundan sonra - MM) 567, 568.1 və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1 və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. MM-nin 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir və əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 14 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixli HHA 11835 saylı zaminlik müqaviləsinə əsasən digər Cavabdeh1 xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə Cavabdeh2 iddiaçı qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti onunla birgə öz üzərinə götürmüşdür. MM-nin 470.1 və 472-ci maddələrinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər MM-də və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Cavabdeh-borc alan əsas öhdəliyi lazımınca icra etmədiyindən, iddiaçının cavabdehzaminə qarşı da tələb hüququ yaranmışdır. Mülki Prosessual Məcllənin (bundan sonra - MPM) 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 68 ABŞ dolları əsas borc, 14 ABŞ dolları cərimə borcu, cəmi 82 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğində pul Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı MMC-yə ödənilməlidir. MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Əsas borc üzrə 68 ABŞ dolları, cərimə borcu üzrə 14 ABŞ dolları, cəmi 82 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğində pul Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar