Məhkəmə qərarları › İş №e-2(006)-3233/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-3233/2022

10.06.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-3233/2022 10.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyev Ceyhun Əlikram oğlu, İddiaçı cavabdehlər Cavabdeh və Nihat İmanova qarşı «mülkiyyətdən çıxarılma və əmlaklarının üzərinə həbs qoyulması» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh və Nihat İmanova qarşı «mülkiyyətdən çıxarılma və əmlaklarının üzərinə həbs qoyulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə Azərbaycan Respublikası MPM-in 149 və 150 – ci maddələrinin tələblərinə riayət edilmədən verildiyi üçün geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2-ci maddəsinə əsasən iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. İlk öncə məhkəmə qeyd edir ki, iddia ərizəsinin “giriş” hissəsində cavabdehlər qismində Cavabdeh ilə yanaşı Nihat İmanovun da cəlb edildiyi qeyd edilmişdir. Lakin iddiaçı tərəfindən Mülki Prosessual Qanunvericiliyin tələblərinə riayət edilməmiş və cavabdeh Nihat İmanova dair zəruri məlumatlar iddia ərizəsində öz əksini tapmamışdır. Belə ki, iddia ərizəsində cavabdeh Nihat İmanovun “ata” adı qeyd edilməmiş və qeyd edilməməklə, iddia ərizəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədən məhkəməyə verilmişdir. Bununla yanaşı eyni maddənin tələbləri pozularaq, cavabdeh Nihat İmanovun hansı ünvan üzrə qeydiyyatda olmasını təsdiq edən hər hansı bir sənəd (MAPS arayışı və s.) iş materiallarına əlavə edilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, iddia ərizəsinin “xahiş etdi” hissəsinin birinci bəndinə qeyri-müəyyənliklərə yol verilmiş və iddiaçının “digər şəxslər” qismində kimləri nəzərdə tutduğunu müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddia ərizəsinin “xahiş etdi” hissəsinin ikinci bəndində əmlak üzərinə həbsin qoyulması xahiş edilmişdir. Lakin həmin tələbin iddia ərizəsində qeyd edilməklə, məhkəməyə təqdim edilməsi yolverilməzdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının hazırki tələbi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13-cü “Müvəqqəti təminat tədbirləri” adlı fəsli ilə xüsusi olaraq tənzimlənir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 159.1-ci maddəsindən də göründüyü kimi, müvəqqəti təminat tədbirləri haqqında əsaslandırılmış ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan ayrıca icraatda baxılır. Məhkəmə qanunvericiliyin tələblərini əsas tutaraq, iddiaçıya iddia ərizəsinin “xahiş etdi” hissəsinin ikinci bəndində qeyd etdiyi (əmlak üzərinə həbsin qoyulması) tələblə ayrıca icraat qaydasında müvəqqəti təminat tədbirinə dair ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi zamanı MPM-nin tələblərinə riayət edilmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264 və 269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh və Nihat İmanova qarşı «mülkiyyətdən çıxarılma və əmlaklarının üzərinə həbs qoyulması» tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver