Məhkəmə qərarları › İş №e-2(007)-309/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-309/2025

12.03.2025 · Sair mülki iş - Digər - Şərəf və ləyaqətin müdafiəsi üzrə - Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi üzrə sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-309/2025 12.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: İddia tələbi :

1. İddiaçı Cavabdeh qarşı “şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh şərəf və ləyaqətin işgüzar nüfuzun müdafiəsi və vurulmuş mənəvi zərərin əvəzi kimi 65000 (altmış beş min) manat və 290 dövlət rüsumu olmaqla. ümumilikdə 65290 manat pul vəsaitinin alınaraq onun xeyrinə ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, hadisə 2024-cü ildə baş vermişdir. O, Cavabdehlə onun yaşayış evinin alınması üçün razılığa gəlmişdilər. Hətta aralarında riyeltorun vasitəsi ilə beh müqaviləsi də bağlanmışdır. O, həmin sövdələşməyə inanaraq 175.000 (yüz yetmiş beş min) manat dəyərində olan mənzilin alınmasından imtina etmişdir, halbuki həmin mənzil bazar qiymətindən xeyli aşağı idi. Sövdələşməyə riayət etmək məqsədi ilə o dövriyyədən xeyli miqdarda vəsait çıxartmışdır. Həmin vəsaitə o, ailəsi və bir neçə yaxın qohum gündəlik dolanmağına baxmayaraq daşınmaz əmlak almasına görə hesab etmişdir ki, bir neçə ay ziyana getmək olar təki istədiyi ev olsun. Cavabdeh şəxs Cavabdeh evin qiymətində qətiyyən güzəştə getməmiş və o, onun dediyi qiymətə razılaşaraq dərhal alqı satqı etməyə hazır olduğunu bildirmişdir. Hətta ona 20.000 (iyirmi min) beh də verirdi ki, dəqiq həmin evi başqa adama satmasın. Cavabdeh şəxs Cavabdeh isə “sənin sözün elə behdir” deyərək beh məbləğini ondan götürməyə imtina etmiş, lakin arxayın etmişdir ki, həmin evi yaxın günlərdə ona satacaq. Bir müddət keçəndən sonra cavabdeh şəxs sövdələşməni pozaraq evi ona satmaqdan imtina etmiş, səbəbini öyrənmək istəyəndə isə onu təhqir etməyə başlamış, şərəf və ləyaqətimi alçaldan ifadələr işlətmişdir. Bu hadisə illərlə işlədiyi sahibkarlar arasında onun nüfuzuma olduqca ağır və bərpaedilməz zərbə vurmuş, onunla əlverişli müqavilələr bağlamağa hamı boyun qaçırmışdır. Biznes aləmində sahibkarın nüfuzu puldan dəfələrlə üstün bir varlıqdır və müəyyən imici qazanmaq üçün külli miqdarda pul xərclənmək lazımdır. Bu illərin əziyyətini isə məsuliyyətsiz cavabdeh şəxs Cavabdeh bir neçə günün içində məhv etmişdir. Üstəlik ağır ifadələrlə onu təhqir də etmişdir (audio yazılar əlavə olunur). Bildirir ki, ən əsas və onun üçün ağrıdıcı zərbə isə cavabdeh şəxslə olan söhbətin onun ətrafında olan şəxslərə təhqiramiz formada yayılmasıdır. Tərəflərin izahatları :

3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmişlər.

4. İddiaçı elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə ərizə təqdim edərək, məhkəmədən iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir.

5. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq :

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.11. iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə. 260.1. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.2. Qərardadda bu Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir. 260.3. Qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. 260.4. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. 260.6. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər.

7. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarı :

1.1. Məhkəmələrin diqqətinə çatdırılsın ki, ərizənin baxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (bundan sonra “MPM”) müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır. İddianın baxılmamış saxlanılmasına səbəb olan maneə aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququna malik olur. 1.3. Ərizənin baxılmamış saxlanılması bütün məhkəmə instansiyalarında iddia icraatı və xüsusi icraat işlərinə baxıldıqda qanunvericilikdə müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla tətbiq edilir.

8. “Dövlət rüsumu haqqında” Qanun :

5.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə.

Məhkəmənin mövqeyi :

9. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və mülki iş baxılmamış saxlanılmalıdır.

10. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır.

11. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş, iş üzrə baxış iclası təyin edilmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən mülki iş üzrə əlavə edilmiş sənədlərin geri qaytarılmasını və mülki işin baxılmamış saxlanılmasını xahiş etmiş və Cavabdeh mülki işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir.

12. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri gütürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərar).

13. Konstitusiya Məhkəməsinin Plenumu L.İ.Binnətovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin, ilk növbədə tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur. Buna uyğun olaraq iddianın qaldırılması, onun əsasının və predmetinin müəyyənləşdirilməsi, habelə iddiadan imtina edilməsi iddiaçının iradəsindən asılıdır.

Nəticə :

14. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən baxış icraatı mərhələsində mülki işin baxılmamış saxlanılması barədə ərizə verildiyindən və cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən mülki prosessual qanunvericiliyin tələbinə əsasən İddiaçı Cavabdeh qarşı “şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır.

15. Həmçinin məhkəmə qeyd edir ki, hazırki mülki iş materiallarına əlavə edilmiş 230 (iki yüz otuz) manat məbləğində dövlət rüsumu (“İddiaçı”, FİN:xxxxxxx, büdcə təsnifat kodu:142211, qəbzin nömrəsi:**********, tarix:xx.xx.2024, saat:10:28:29) dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır.

16. İddiaçıya iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir.

17. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara Aldı:

İddiaçı Cavabdeh qarşı “şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Ödənilmiş 230 (iki yüz otuz) manat məbləğində dövlət rüsumu (“İddiaçı”, FİN:xxxxxxx, büdcə təsnifat kodu:142211, qəbzin nömrəsi:**********, tarix:xx.xx.2024, saat:10:28:29) dövlət büdcəsindən iddiaçıya qaytarılsın. İddiaçıya iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver