Məhkəmə qərarları › İş №e-2(007)-3384/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-3384/2024

27.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-3384/2024 27.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “nikahın pozulması, uşağın ananın yanında saxlanılması, aliment” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın yanında saxlanılması, aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın yanında saxlanılması, aliment” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh ilə xx.xx.2019-cu il tarixdə Babək rayonu İH-i Qahab kəndi İ.Ə.D-i üzrə nümayəndəliyində 04 saylı qeydi ilə aralarında bağlanılmış nikahın pozulması, birgə nikahdan dünyaya gələn xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X2 nikah pozulduqdan sonra onun yanında saxlanılması, birgə nikahdan dünyaya gələn xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X1 üçün xx.xx.2022-ci il (ilkin mediasiya) tarixindən hesablanılmaqla bir uşağa görə 235 manat olmaqla, iki uşaq üçün cəmi 470 manat məbləğində alimentin cavabdeh tərəfindən ödənilməsi, xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək ona aylıq 100 manat məbləğində alimentin ödənilməsi, məhkəməyə müraciət etmək üçün ödənilmiş 50 manat dövlət rüsumunun həmçinin mediasiyaya müraciət üçün ödənilmiş 110 manat məbləğində mediasiya xərcinin əvəzinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 19 avqust 2019-cu il tarixində Babək RİH-i Qahab kəndi İ.Ə.D-i üzrə nümayəndəliyində 04 saylı akt qeydi ilə aralarında nikah bağlanılmışdır. Birgə nikahlarından 13 iyun 2020-ci il tarixində X7 və 08 mart 2022-ci il tarixində X6 dünyaya gəlmişdir. Cavabdehlə ailə həyatı qurduqdan sonra bir müddət normal münasibətlərimi olsa da, son vaxtlar münasibətləri pozulmağa başlamışdır. Belə ki, cavabdeh tərəfindən o və övladları dəfələrlə zorakılığa məruz qalmışdır. O, onu və övladlarını döymüş, ailənin və onun şəxsiyyətini alçaladacaq ifadələr işlətmişdir. Bütün bu iddialarının heç biri əsassız yerə deyildir. Bunların hər birini təsdiqləyəcək səs yazıları və video qeydlər mövcuddur. İşin məhkəmədə araşdırılması zamanı həmin materiallar təqdim olunacaqdır. Əvvəllər bu halları keçə bilsə də, sonradan artıq ailənin bərpasının mümkün olmadığını görmüşdür. Bu səbəblə də nikahın pozulması üçün rəsmi addımlar atmaq qərarına gəlmişdir. Bu qərarını cavabdehə açıqladıqdan sonra o onun məhkəməyə müraciət etməsini uşaqların saxlanması üçün onların maddi təminatını həll edəcəyini vəd vermışdir. Lakin bir müddət keçdikdən sonra o vədinə əməl etməyərək əvvəlki kimi öz atalıq vəzifələrini yerinə yetirməmişdir. Bundan sonra o, nikahın pozulması üçün Naxçıvan Muxtar Respublikası Babək Rayon Məhkəməsinə nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment tələbinə dair iddia qaldırmışdır. Bir neçə ay ərzində işə baxılması davam etdi. Sonda o cavabdeh tərəfindən ona zorakılıq hərəkətləri edildiyi üçün onun əlindən yaşayış yerini Bakı şəhərinə dəyişmışdir. Bu səbəblə də həmin məhkəməyə ərizə verərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Nəticədə İş № 2(079)- 304/2024 saylı qərardad qəbul edilmişdir. Hal-hazırda Bakı şəhərində yaşadığından iddianı qeydiyyatda olduğu Nizami rayon Məhkəməsinə vermək qərarına gəlmişdir. İlkin olaraq işin mediasiya da həlli üçün cavabdehə mediasiya qaydasında təklif vermişdir. Müvafiq qaydada 10 iş günü gözləndikdən sonra tərəfindən mediasiya təşkilatına müraciət edildi. Naxçıvan M.R-da yerləşən mediasiya təşkilatına müraciət etmiş və müvafiq arayışı almışdır. Daha sonra Nizami rayon Məhkəməsinə iddia ilə müraciət etdikdə həmin arayış qəbul edilməmiş və Bakı şəhərində yerləşən mediasiya təşkilatlarından birindən arayış almağı tələb edilmişdir. Beləliklə o, eyni hərəkətləri təkrar etmiş və 14 saylı Mediasiya təşkilatında xx.xx.2024-cü il tarixində müvafiq iclas keçirilərək ona cavabdeh iştirak etmədiyi üçün “X3 (İMS) iştirak edilməməsi” barədə arayış təqdim edildi və bildirildi ki, artıq bundan sonra məhkəməyə müraciət etməlidir. Hal-hazırda hesab edir ki, aralarında bağlanılmış nikahlarının pozulması, birgə nikahlarından dünyaya gələn xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2022-ci il tarixində X2 nikah pozulduqdan sonra onun yanında saxlanılması və onların yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün xx.xx.2022-ci il tarixindən (ilkin mediasiya arayışının tarixi ilə) hesablanılmaqla bir uşağa görə 235 manat olmaqla, iki uşaq üçün cəmi 470 manat məbləğində alimentin cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsi zəruridir.

İş materialları :

3. AZ-İ seriyalı, 945594 nömrəli “nikah haqqında şəhadətnamə”-nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X4 arasında Babək rayon İH-i Qahab kənd İƏD-i üzrə nümayəndəliyində xx.xx.2019-cu il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanılması haqqında akt qeydləri kitabında 04 nömrə ilə qeyd edilmişdir. Ərə Hacıyev, arvada Hacıyeva soyadı verilmişdir.

4. AZ-İV seriyalı, 462180 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X8 xx.xx.2020-ci ildə doğulmuş və bu barədə Babək rayon İH-i Qahab kənd İƏD-i üzrə nümayəndəliyində doğum haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 06 nömrə ilə qeyd edilmişdir, atası Cavabdeh, anası İddiaçıdır.

5. AZ-İV seriyalı, 632586 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X6 xx.xx.2022-ci ildə doğulmuş və bu barədə Babək rayon Qeydiyyat Şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 340 nömrə ilə qeyd edilmişdir, atası Cavabdeh, anası İddiaçıdır.

6. “Mediasiya Şurası” Bakı 14 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2024cü il tarixli MŞB/14/2024-00578 nömrəli “X3 (İMS) iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı və nümayəndəsi Nümayəndə X3 iştirak etsə də, Cavabdeh X3 iştirak etməmişdir. İddiaçı tərəfindən 50 manat mediasiya, 10 manat kargüzarlıq xərci ödənilmişdir.

7. Naxçıvan Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli H-1176 nömrəli “X3 (İMS) iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı X3 iştirak etsə də, Cavabdeh X3 iştirak etməmişdir. İddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir.

8. Şahbuz rayon İcra və Probasiya şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “icra sənədinin ərazi aidiyyatı üzrə göndərilməsi haqqında” Qərarından görünür ki, Babək rayon Məhkəməsinin 2(079)-35/24 saylı xx.xx.2024-cü il tarixli “uşaqla ünsiyyətə” dair icra sənədi icra edilməsi üçün ərazi aidiyyatı üzrə Bakı şəhəri Nizami Rayon İcra şöbəsinə göndərilmişdir.

9. Bakı şəhəri Nizami rayon İcra şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “borclunun axtarılması haqqında” Qərardan görünür ki, Babək rayon Məhkəməsinin 2(079)-35/24 saylı xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu İddiaçı barəsində axtarış elan edilməsi qərara alınmışdır.

10. Cavabdeh tərəfindən iş materiallarına noyabr ayında 300, 140 və dekabr ayında 600 manat edilmiş aliment ödənişinə dair 3 ədəd qəbz əlavə edilmişdir.

11. İş materiallarına iddiaçı tərəfindən səs və video görüntüyə dair bir ədəd fləşkard əlavə edilmişdir

12. Azərbaycan Respublikası ƏHSMN tərəfindən 23.102024-cü il tarixdə verilmiş “məşğulluq haqqında” arayışdan görünür ki, Cavabdeh işsiz kimi qeydiyyata alınmışdır.

13. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 50 manat dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları :

14. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

15. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qismən qəbul edərək, əlavə olaraq bildirmişdir ki, iddiaçı özü formal olaraq, uşaqların cavabdeh ilə görüşünə maneə olmaq və alimentin yüksək məbləğdə təyin edilməsi üçün şəhərdə qeydiyyata düşmüşdür. Hər uşaq üçün 150 manat aliment ödəməklə, nikahın pozulmasına və uşaqların ananın yanında qalmasına razıdır. 5 aydır ki, hissə-hissə olmaqla aliment ödənişi edilir.

Məhkəmə baxışının hədləri :

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 234.2.1. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.

18. Azərbaycan Respublikası Ailə Məcəlləsinin :

16. Nikaha xitam verilməsi müvafiq icra hakimiyyəti orqanı, bu Məcəllənin 19-21-ci maddələrində nəzərdə tutulmuş hallarda isə məhkəmə tərəfindən həyata keçirilir. 19.1. Bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ərarvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. 20.1. Ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. 21.1. Yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. 21.3. Nikahın məhkəmə qaydasında pozulması ər-arvadın bu barədə ərizə verdikləri gündən 1 aydan tez olmayaraq həyata keçirilir. 22.1. Nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. 22.2. Bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə: 22.2.1. boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli; 22.2.2. uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. 36.9. Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. 60.4. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

19. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019-cu il tarixli Qərarı :

Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən hüquqi mövqedən çıxış edərək müvafiq icra hakimiyyəti orqanına və məhkəmələrə tövsiyə olunsun ki, nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyi izah edilsin.

20. Uşaq Hüquqları haqqında Qanun :

5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı : Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir.

22. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı :

6.1. Nikahın pozulmasına qarşılıqlı razılıq olduqda, nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Bu halda Ailə Məcəlləsinin 21.3-cü maddəsinin tələbinə uyğun olaraq nikahın məhkəmə qaydasında pozulması ər-arvadın bu barədə ərizə verdikləri gündən bir ay müddət keçdikdən sonra həyata keçirilir. 8.3. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. 8.4. Məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır.

İşin faktiki halı :

23. İddiaçı ilə Cavabdeh 19 avqust 2019-cu il tarixdə nikaha daxil olmuşlar. Birgə nikahlarından xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X6 anadan olmuşdur.

24. İddiaçı və cavabdeh ayrı yaşayırlar, ailə münasibətlərinin bərpa edilməsi mümkün deyildir, iddiaçı və cavabdeh nikahın pozulmasında israrlıdır və birgə nikahdan anadan olmuş xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X6 İddiaçı himayəsindədir. Cavabdeh nikahın pozulmasına və uşaqların ananın yanında qalmasına razıdır. Alimentə dair hissədə isə iddia tələbini qismən qəbul etmişdir.

Məhkəmənin mövqeyi :

25. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.

26. Belə ki, ailə qanunvericiliyinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur.

27. Odur ki, məhkəmə qeyd edir ki, İddiaçı nikahın pozulması tələbini müdafiə etdiyi və Cavabdeh nikahın pozulmasına razı olduğu üçün tərəflər arasında bağlanmış nikah pozulma səbəbləri araşdırılmadan pozulmalıdır.

28. Həmçinin ailə qanunvericiliyinə əsasən məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalmasını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulmasını müəyyən etməlidir.

29. Belə olan halda, məhkəmə nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından anadan olmuş yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması ilə əlaqədar onu qeyd edir ki, yetkinlik yaşına çatmayan uşaqlar hazırda analarının yanında olduğundan və Cavabdeh uşaqların iddiaçının yanında qalmasına etirazı olmadığından nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X6 anası İddiaçı yanında qalmalıdır.

30. Məhkəmə alimentlə bağlı məsələyə münasibət bildirərək ilk növbədə qeyd edir ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

31. Qeyd etmək zəruridir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayan maddi təminat hüququ vardır və valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər.

32. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında nin də mövqeyi ondan ibarət olmuşdur ki, uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” 26 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

33. Məhkəmə onuda bildirir ki, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir.

34. Qeyd etmək zəruridir ki, yaşayış minimumunun məbləği dövlət tərəfindən uşaqlara verilən müxtəlif sosial ödənişlərin hesablanması məqsədilə müəyyən olunur. Uşağın tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir.

35. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, ödənilən aliment məbləğinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə uşaq üçün müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olması uşağın mənafeyinin əhəmiyyətli dərəcədə pozulmasına zəmin yaratmaqdadır. Belə ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti dedikdə isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu nəzərdə tutulur.

36. Məhkəmə qeyd edir ki, alimentin miqdarı müəyyən edilərkən uşaqların yaşayış minimumun səviyyəsindən aşağı olmayan maddi təminat hüququ olması nəzərə alınmaqla yanaşı aliment ödəməli olan valideynin maddi vəziyyəti də nəzərə alınmalıdır.

37. Belə ki, məhkəmə qətnaməsinin icrası məhkəmə icraatının tərkib hissəsi olduğundan, məhkəmə qətnamə çıxararkən onun icrasının mümkünlüyünü nəzərə almalı, dövlətin adından çıxarılmış məhkəmə qətnaməsinin icrası mümkün olmalıdır. İddiaçı tərəfindən isə cavabdehin 470 manat məbləğində aliment ödəmək imkanına malik olmasını təsdiq edən mötəbər sübut məhkəmə təqdim edilməmişdir.

38. Məhkəmə qərarının icrası ilə bağlı İnsan hüquqları üzrə Avropa məhkəməsinin təcrübəsi də maraq doğurur. Bu məhkəmə Xornsbin Yunanıstana qarşı iş üzrə qəbul etdiyi 1997-ci il 19 mart tarixli qərarında qeyd edir ki, iştrakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasına və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan “məhkəmə baxışına hüquq” xəyal xarakterli olacaqdır...Hər hansı bir məhkəmə tərəfindən çıxarılmış qərarın icrası həmin maddədə nəzərdə tutulmuş “məhkəmə icraatı” anlayışının ayrılmaz tərkib hissəsidir.

39. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, cavabdeh Naxçıvan MR Babək rayonu, Qahab kəndində yaşayır, aylıq sabit gəlirinin olması ilə bağlı iş materiallarında sübut yoxdur, iddiaçı tərəfindən onun 470 manat aliment ödəmək imkanı olduğunu təsdiq edən sübut təqdim edilməmişdir.

40. Qeyd edilənlər, o cümlədən, uşaqların yaşı, təhsili, fiziki, psixi, mənəvi inkişafı, tərəflərin maddi və ailə vəziyyəti, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşağı saxlamağa borclu olduğu, habelə cavabdehin yaşayış yeri nəzərə alınmaqla, məhkəmə qeyd edir ki, cavabdehdən tutulacaq alimentin məbləği hər ay uşaq üçün 200 manat sabit pul məbləğində müəyyən edilməlidir.

41. İddiaçı Cavabdeh həmçinin xx.xx.2022-ci il təvəllüdlü X6 3 yaşına çatanadək onun üçün 100 manat aliment tutulması tələbini irəli sürmüşdür. 42 Ailə qanunvericiliyinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad zəruri vəsaitə malik olan ərdən aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir.

43. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, iddiaçı işləmir və onun müstəqil gəliri yoxdur.

44. Məhkəmə tərəflərin uzun müddət faktiki olaraq ayrı yaşamasını, uşağın körpə olmasını və bununla bağlı ananın əmək fəaliyyəti ilə məşğul olması imkanının məhdudluğunu, uşağın saxlanılması üçün tutulmalı olan alimentin məbləğini nəzərə alaraq qeyd edir ki, xx.xx.2022-ci il təvəllüdlü X6 3 yaşına çatanadək iddiaçının xeyrinə aliment tutulmasına dair iddia tələbi əsaslıdır.

45. Belə ki, hal-hazırda nikahda olan şəxslərin, yəni ər-arvadın bir-birinə maddi cəhətdən kömək etməli olması qanundan irəli gələn vəzifədir və cavabdehin yalnız uşağa aliment ödəməklə bu vəzifədən yayınması qəbul edilə bilməz.

46. Məhkəmə əlavə xərclərə görə alimentin miqdarı ilə bağlı qeyd edir ki, iddiaçı uşaq 3 yaşına çatanadək 100 manat məbləğində aliment tutulmasına dair tələb irəli sürməsinə baxmayaraq, cavabdehin hər ay ona 100 manat ödəmək iqtidarında olmasına, yəni zəruri vəsaitə malik olmasına dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir.

47. Qeyd edilənlərə əsasən məhkəmə qeyd edir ki, 3 yaşına çatanadək iddiaçının xeyrinə cavabdehdən tutulmalı olan alimentin miqdarının hər ay 50 manat məbləğində müəyyən edilməsi qanuni və əsaslıdır.

48. İddiaçı alimentin hesablanmasının xx.xx.2022-ci il tarixdən, tərəflərin X3 iştirak etdikləri dövrdən hesablanmasının xahiş etmişdir.

49. Məhkəmə iddia tələbinin alimentin ilkin mediasiya sessiyasının keçirildiyi vaxtdan hesablanaraq ödənilməsi hissəsinə münasibətdə belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir.

50. Belə ki, Ailə Məcəlləsinin 100.3-cü maddəsinin məzmunundan aydın olur ki, əvvəlki dövr üçün aliment o halda təyin edilə bilər ki, iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünə baxmayaraq, aliment ödəməli olan şəxs onu verməkdən boyun qaçırmış olsun.

51. İşin müəyyən edilmiş halı odur ki, iddiaçı Naxçıvan MR Babək Rayon Məhkəməsinə “nikahın pozulması, uşaqların ananın himayəsində qalması və aliment” tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş, 03 07.2024-cü il tarixdə ərizə ilə müraciət edərək iddiadan imtina etmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbindən imtina qəbulı edilərək iş üzrə icraata xitam verilmişdir.

52. İddiaçının nümayəndəsinin məhkəmə iclasında (xx.xx.2024) verdiyi izahata əsasən müəyyən edilmişdir ki, iddiadan imtinanın səbəbi cavabdehin iddiaçını ailə münasibətlərinin bərpa ediləcəyinə, uşaqlara baxacağına inandırması olmuşdur.

53. Göründüyü kimi iddiaçı tərəfindən cavabdehə qarşı ailment tələbi irəli sürülsə də, daha sonra cavabdeh həmin tələbdən imitina etmişdir. İddiaçı tərəfindən aliment tələbindən imtina etdiyi tarixdən sonra aliment tələb etməsinə dair məhkəməyə sübut təqdim etməmişdir. İddiaçının cavabdehə qarşı aliment tələbi irəli sürdüyünü təsdiq edən əvvəlki dövrə aid sübut qismində məhkəmə tərəfindən iş materiallarında olan mediasiya təşkilatı tərəfindən verilmiş arayış nəzərdən keçirilmişdir. Həmin arayışa əsasən cavabdehin xx.xx.2024-cü il tarixdən iddiaçı tərəfindən aliment tələbi irəli sürüldüyündən məlumatlı olduğu müəyyən edilmişdir.

54. Odur ki, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsaslanmaqla qeyd edir ki, alimentin tutulma müddətinin əvvəli ilkin mediasiya sessiyasının keçirildiyi xx.xx.2024-cü il tarixdən hesablanmalıdır.

55. Alimentin miqdarının sabit pul məbləğində müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, ailə qanunvericiliyinə əsasən aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir.

Məhkəmə xərcləri :

56. İddiaçı Cavabdeh 50 manat məbləğində dövlət rüsumunun və mediasiya xidməti üçün ödədiyi 110 manat pul vəsaitinin tutularaq ona ödənilməsini xahiş etmişdir.

57. İşin məhkəmə tərəfindən tədqiq edilmiş halları ilə müəyyən edilmişdir ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 50 manat dövlət rüsumu ödənilmişdir.

58. İddiaçı tərəfində ödənilmiş 50 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir.

59. İddiaçı mediasiya sessiyasında ödədiyi 110 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını xahiş etsə də, iş materiallarından görünür ki, iddiaçı tərəfindən mediasiya sessiyasında iştirak edilməsi üçün 60 manat ödənilmişdir.

60. “Mediasiya haqqında” Azərbaycan Respublikası qanununun 36.5.-ci maddəsinə əsasən mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin X3 üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

61. Odur ki, X3 iştirak üçün iddiaçının çəkdiyi 60 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.

Nəticə :

62. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli, tərəflər arasında bağlanmış nikah pozulmalı, birgə nikahdan doğulmuş uşaqlar İddiaçı yanında qalmalı və xx.xx.2024-cü il tarixdən başlayaraq birgə nikahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment və xx.xx.2022-ci il təvəllüdlü X2 üç yaşına çatanadək hər ay 50 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir.

63. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, hazırda ərarvadın ümumi əmlakının bölünməsi haqqında iddia tələbi mövcud deyildir. Buna görə də tərəflərə izah edilməlidir ki, onlar Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə müvafiq olaraq 3 illik iddia müddəti nəzərə alınmaqla ər-arvadın ümumi əmlakının bölünməsi tələbinə dair məhkəmədə iddia qaldırmaqda haqlıdırlar.

64. Məhkəmə qeyd edir ki, İddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumunun və X3 iştirak üçün iddiaçının çəkdiyi 60 manat mediasiya xərcinin əvəzi Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir.

65. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi:

İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə Babək rayon İH Qahab kənd İƏD üzrə nümayəndəliyində bağlanılmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 04 nömrə ilə qeyd edilmiş nikah pozulsun. Nikah pozulduqdan sonra birgə nikahdan dünyaya gəlmiş xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X6 İddiaçı yanında qalsın. Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşağa görə hər ay 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment və xx.xx.2022-ci il təvəllüdlü X6 üç yaşına çatanadək hər ay 50 manat məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablansın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. İddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu və 60 manat mediasiya xərci Cavabdeh tutularaq iddiaçıya ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı və Cavabdeh izah edilsin ki, onlar Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə müvafiq olaraq 3 illik iddia müddəti nəzərə alınmaqla ər-arvadın ümumi əmlakının bölünməsi tələbinə dair məhkəmədə iddia qaldırmaq hüququna malikdirlər. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar