Məhkəmə qərarları › İş №e-2(009)-2410/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2410/2022

01.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2410/2022 01.12.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı tibbi xidmətə görə yaranmış borcun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı tibbi xidmətə görə yaranmış borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, xəstə Cavabdeh xx.xx.2021-ci il tarixdə İddiaçı MMC-yə müraciət etmişdir. Göstərilmiş tibbi xidmət qarşılığında ödəniləcək məbləğ üçün İddiaçı MMC ilə xəstə Cavabdeh xx.xx.2021-ci il tarixdə “Tibbi Xidmət Müqaviləsi” imzalanmışdır. İmzalanmış “Tibbi Xidmət Müqaviləsi”nə əsasən cavabdeh göstərilmiş tibbi xidmətə görə hesablanmış məbləği İddiaçı MMC-nin xəzinədarlığına ödəməli idi. Bundan başqa, “Tibbi Xidmət Müqaviləsi”nin 3.2-ci maddəsinə əsasən əməliyyat əsnasında və ya sonrasında istifadə edilən protez, implant, stent, balon, qreft kimi xüsusi tibbi sərflər, qan, xüsusi dərman və preparatlar paketə daxil deyildir və xəstəxana tərəfindən təmin olunduğu hallarda xəstə və ya xəstə yaxını tərəfindən 3.1-də göstərilən qiymətlərə əlavə olaraq xəstəxana hesabına ödənilir. Əməliyyat zamanı xəstənin vəziyyətində gözlənilməz ağırlaşma baş vermişdir. Xəstənin həyatı təhlükəsini aradan qaldırmaq məqsədi ilə zəruri tibbi yardım göstərilmişdir. Sözü gedən tibbi yardım həm kifayət qədər xərc tələb edən, həm də tibbi praktika çətin və mürəkkəb bir proses olmuşdur. Lakin bütün bunlara baxmayaraq cavabdehlər tərəfindən xəstəxanaya heç bir ödəniş olunmamışdır. Beləliklə, xx.xx.2021-xx.xx.2021 və xx.xx.2021-xx.xx.2021-ci il tarixlər aralığında xəstə Cavabdeh İddiaçı MMC-də tibbi xidmət göstərilmiş və göstərilmiş tibbi xidmətin ümumi məbləği 22.669,07 manat təşkil etmişdir ki, lakin göstərilən bu məbləğdən cavabdeh tərəfindən 13.844,77 manat məbləğində ödəniş olunmuşdur. Geri qalan 8825,49 manat borc məbləği barəsində klinika tərəfindən edilən xəbərdarlıqlara baxmayaraq bu günə qədər cavabdeh tərəfindən ödənilməmişdir. Xəstə ilə klinika arasında bağlanan xx.xx.2021-ci il tarixli “Tibbi Xidmət Müqaviləsi”nin 1-ci maddəsinə əsasən “Xəstəxana” müvafiq tibbi xidməti həyata keçirir, “Xəstə” və/və ya “Xəstə Yaxını” isə göstərilən tibbi xidmətə görə “Qiymət Cədvəli”nə əsasən fakturada müəyyənləşdirilən məbləği ödəyir və tərəflər aşağıdakı məlumatlardan xəbərdar olduqlarını təsdiq edirlər. Həmçinin qeyd olunduğu kimi “Tibbi Xidmət Müqaviləsi”nin 7.2-ci maddəsinə əsasən əməliyyat əsnasında və ya sonrasında istifadə edilən protez, implant, stent balon, qreft kimi xüsusi tibbi sərflər, qan, xüsusi dərman və preparatlar paketə daxil deyildir və xəstəxana tərəfindən təmin olunduğu hallarda xəstə və ya xəstə yaxını tərəfindən 7.1-də göstərilən qiymətlərə əlavə olaraq xəstəxana hesabına ödənilir. Yuxarıda göstərilənlərə əsasən İddiaçı MMC ilə cavabdeh arasında əqd bağlanmışdır. Tərəflərin iradə ifadəsi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə səbəb olmuşdur. Cavabdeh göstərilən tibbi xidmətin qiyməti barədə tam məlumatlı olaraq, əqdi bağlamaq iradəsini öz rəftarları ilə məlum etmiş və göstərilmiş tibbi xidmətə görə yaranan borc məbləğini İddiaçı MMC-yə ödəməyi öhdələrinə götürmüşdülər. Nəzərə alsalar ki, mülki hüquq münasibətləri münasibətə daxil olan subyektlərin hüquq və vəzifələrindən ibarətdir, o zaman aydın olur ki, İddiaçı MMC üzərinə düşən vəzifəni (öhdəliyi) tam həcmdə yerinə yetirmişdir. Belə ki, İddiaçı MMC tibb müəssisəsi kimi sözü gedən əqddə tibbi yardımın icrasını üzərinə bir öhdəlik kimi götürmüş və həmin öhdəliyi icra etmişdir. Ancaq cavabdeh Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən göstərilmiş tibbi xidmətə görə müəyyənləşdirilmiş məbləği ödəməyərək üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Yuxarıda göstərilənlərdən müəyyən olunur ki, Cavabdeh İddiaçı MMC qarşısında öhdəlik daşıyaraq, 8825,49 manat məbləğində pulu ödəməyə borcludur. Göstərilənləri nəzərə alaraq iddiaçı, Cavabdeh göstərilmiş tibbi xidmətin qarşılığı olan ödənilməmiş 8825,49 manat məbləğində pulun, o cümlədən ödənilmiş 109 manat dövlət rüsumunun, ümumilikdə 8934,49 manat cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, dəfələrlə cavabdehlə əlaqə saxlanılmış, tibbi xidmətlə əlaqədar yaranmış borcun ödənilməsi tələb edilmiş, hətta onun maddi vəziyyətini nəzərə alınaraq borcun hissə-hissə ödənilməsi təklif edilmiş, lakin cavabdeh tərəfindən həmin borc bu günə qədər ödənilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim edilmiş sübutları məcmu halında tam, hərtərəfli, obyektiv araşdıraraq və hüquqi qiymət verib hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş üzrə İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli tibbi xidmət müqaviləsinə əsasən İddiaçı MMC müvafiq tibbi xidməti həyata keçirməyi, xəstə isə tibbi xidmətə görə qiymət cədvəlinə əsasən fakturada müəyyənləşdirilən məbləği ödəməyi öhdəsinə götürmüşlər. Müqavilənin 3.1-ci maddəsinə əsasən xəstə və ya xəstə yaxını göstərilən tibbi xidmətin, qarşılığı olan (ƏDV daxili) 1000 manat məbləği və ya tələb olunan avans məbləğini (avans məbləği tibbi xidmətin dəyərini əvvəlcədən müəyyən etmək mümkün olmadıqda alınır) xidmətin nəticəsindən asılı olmayaraq ödəyir. Müqavilənin 3.2-ci maddəsinə əsasən əmaliyyat əsnasında və ya sonrasında istifadə edilən protez, implant, stent balon, qreft kimi xüsusi tibbi sərflər, qan, xüsusi dərman və preparatlar paketə daxil deyildir və xəstəxana tərəfindən təmin olunduğu hallarda xəstə və ya xəstə yaxını tərəfindən 3.1-də göstərilən qiymətlərə əlavə olaraq xəstəxana hesabına ödənilir. Müqavilənin 3.3-cü maddəsinə əsasən müqavilə üzrə ödəniş, tibbi yardımın göstərilməsindən əvvəl, nəğd olaraq həyata keçirilir. Müqavilənin 3.4-cü maddəsinə əsasən xəstə və ya xəstə yaxını hazırki müqavilə ilə nəzərdə tutulmamış yanaşı xidmətlərin göstərilməsi, fəsad, proqramda nəzərdə tutulan yatış günündən əlavə yatış və ya tibbi zərurətli cərrahi müdaxilə hallarında göstəriləcək xidmətlərin qarşılığı olaraq fakturada müəyyənləşdiriləcək məbləği müqavilənin 3.1-ci maddəsində göstərilən məbləğdən əlavə olaraq ödəməyi öhdəsinə götürür. Müqavilənin 3.5-ci maddəsinə əsasən xəstəyə göstərilmiş xidmətin qarşılığı 3.1-də göstərilən xəstə və ya xəstə yaxını tərəfindən ödənilmiş avans məbləğindən çıxılır. Göstərilən xidmətin dəyəri avans məbləğindən az olarsa pulun geri qalan hissəsi xəstə və ya xəstə yaxınına geri qaytarılır və ya göstərilən xidmətin dəyəri avans məbləğindən çox olarsa həmin məbləğin ödənilməsi xəstə və ya xəstə yaxınından tələb olunur. İş üzrə X4 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli xəstə razılığına əsasən İddiaçı MMC həkimləri keçirəcəkləri əməliyyatın həyatı riəskləri, təhlükələri, meydana gələ bləcək fəsadları, eyni zamanda tibbi xidmətdən sonra müalicə həkiminin müəyyən səbəblərdən əməliyyatdan sonrakı mərhələdə xəstəni təqib edə bilməyəcəyi hallarda müayinə, müdaxilə və təqibin digər İddiaçı MMC həkimləri tərəfindən aparılacağı barədə ona məlumat verildi. O, azad iradəsi ilə bu əməliyyatın keçirilməsini tələb edir və əməliyyatın və göstərilən xidmətlərin müvəffəqiyyətsizliyinin (həkim səhvi istisna olmaqla) mmaddi və mənəvi məsuliyyətini öz üzərinə götürür. Əməliyyatın və göstərilən xidmətlərin nəticəsindən asılı olmayaraq xəstəxanaya ödədiyi 1000 manat məbləğin ona geri ödənilməyəcəyini qəbul edir. Müqavilədə nəzərdə tutulmamış xidmətlərin (fəsad, proqramda nəzərdə tutulan yatış günündən əlavə yatış, əlavə tibbi sərfiyyat və əlavə tibbi zərurətli cərrahi müdaxilə halları) qarşılıqlı olaraq, “Qiymət Cədvəli” arasında fakturada müəyyənləşdiriləcək məbləği xəstəxanaya ödəmək öhdəliyini öz üzərinə götürür. İş üzrə X2 qardaşı X3 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli xəstə yaxını razılığına əsasən İddiaçı MMC həkimləri keçirəcəkləri əməliyyatın həyatı riəskləri, təhlükələri, meydana gələ bləcək fəsadları, eyni zamanda tibbi xidmətdən sonra müalicə həkiminin müəyyən səbəblərdən əməliyyatdan sonrakı mərhələdə xəstəni təqib edə bilməyəcəyi hallarda müayinə, müdaxilə və təqibin digər İddiaçı MMC həkimləri tərəfindən aparılacağı barədə ona məlumat verildi. O, azad iradəsi ilə bu əməliyyatın keçirilməsini tələb edir və əməliyyatın və göstərilən xidmətlərin müvəffəqiyyətsizliyinin (həkim səhvi istisna olmaqla) mmaddi və mənəvi məsuliyyətini öz üzərinə götürür. Əməliyyatın və göstərilən xidmətlərin nəticəsindən asılı olmayaraq xəstəxanaya ödədiyi 1000 manat məbləğin ona geri ödənilməyəcəyini qəbul edir. Müqavilədə nəzərdə tutulmamış xidmətlərin (fəsad, proqramda nəzərdə tutulan yatış günündən əlavə yatış, əlavə tibbi sərfiyyat və əlavə tibbi zərurətli cərrahi müdaxilə halları) qarşılıqlı olaraq, “Qiymət Cədvəli” arasında fakturada müəyyənləşdiriləcək məbləği xəstəxanaya ödəmək öhdəliyini öz üzərinə götürür. İş üzrə İddiaçı MMC tərəfindən verilmiş hesab-fakturaya əsasən Cavabdeh (klinikaya giriş tarixi xx.xx.2021-ci il) İddiaçı MMC-də göstərilən tibbi xidmətin ümumi dəyəri 12.581,13 manat təşkil etmişdir. Qeyd olunan məbləğin 10.500 manat hissəsi ödənilsə də, 2.081,13 manat məbləğində borc ödənilməmiş qalmışdır. İş üzrə İddiaçı MMC tərəfindən verilmiş hesab-fakturaya əsasən Cavabdeh (klinikaya giriş tarixi xx.xx.2021-ci il) İddiaçı MMC-də göstərilən tibbi xidmətin ümumi dəyəri 7.825,36 manat təşkil etmişdir. Qeyd olunan məbləğin 1.081 manat hissəsi ödənilsə də, 6.744,36 manat məbləğində borc ödənilməmiş qalmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsaslarından biridir (maddə 14.2.1) . Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (Mülki Məcəllənin 425.1-ci maddəsi). Göstərilən Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Göründüyü kimi müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır. Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin məzmunu dedikdə, əqddə əksini tapan şərtlərin məcmusu başa düşülür. Bu şərtlər qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verməlidir. Belə ki, mülki qanunvericilik müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığını təmin etməklə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini tənzimləyən bir sıra müddəaları (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.) nəzərdə tutmuşdur. Mülki Məcəllənin 417.1-ci maddəsinə görə müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. Müqavilənin standart şərtləri aşağıdakı tələblərə cavab verməlidir: - tərəflər arasındakı münasibətlərin tənzimlənməsi, onlara öhdəlik xarakterinin verilməsi; - öhdəliklərin ardıcıl yerinə yetirilməsi üçün qayda və üsulların müəyyənləşdirilməsi; - öhdəliyi yerinə yetirməyən tərəflər barədə tətbiq olunacaq tədbirlərin həyata keçirilmə qaydası. Bu tələblərə cavab verən zəruri şərtlərin yerinə yetirilməsi müqavilələrin quruluşu və məzmunu ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə tibbi xidmətlərin göstərilməsi barədə tibbi xidmət müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən klinika müvafiq tibbi xidməti həyata keçirməyi, xəstə isə tibbi xidmətə görə qiymət cədvəlinə əsasən fakturada müəyyənləşdirilən məbləği ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.2-ci maddəsinə əsasən əmaliyyat əsnasında və ya sonrasında istifadə edilən protez, implant, stent balon, qreft kimi xüsusi tibbi sərflər, qan, xüsusi dərman və preparatlar paketə daxil deyildir və xəstəxana tərəfindən təmin olunduğu hallarda xəstə və ya xəstə yaxını tərəfindən 3.1-də göstərilən qiymətlərə əlavə olaraq xəstəxana hesabına ödənilir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən verilmiş xx.xx.2021ci il tarixli yazılı razılığa əsasən o, əməliyyatın və göstərilən xidmətlərin nəticələrindən asılı olmyaraq, xəstəxanaya ödənilən 1000 manat məbləğin ona geri ödənilməyəcəyini qəbul etmiş və müqavilədə nəzərdə tutulmamış xidmətlərin qarşılığı olaraq «qiymət cədvəli» əsasında fakturada müəyyənləşdiriləcək məbləği xəstəxanaya ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Məhkəmə iclasında digər tərəfdən müəyyən edilmişdir ki, cavabdeh iddiaçı tərəfindən göstərilmiş tibbi xidmətlərin ödənilməsi ilə öhdəlik götürsə də, həmin öhdəlikləri yerinə yetirməmiş və onun xəstəxanaya cəmi 8825,49 manat məbləğində borcu yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyindən, iddia tələbi 8825,49 manat məbləğində pulun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən dövlət rüsumunun əvəzi kimi iddiaçının xeyrinə 109 manat məbləğində pul tutulmalıdır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə göstərilən tibbi xidmətlərin əvəzi kimi 8825,49 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 109 manat, cəmi 8934,49 (səkkiz min doqquz yüz otuz dörd manat, qırx doqquz qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar