Məhkəmə qərarları › İş №e-2(011)-4192/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-4192/2022

08.06.2022 · Sair işlər - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-4192/2022 08.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçılar İddiaçı1 və İddiaçı2 Qələndər oğlunun iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı1 və İddiaçı2 Qələndər oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti və "xxxx" MMC tərəfindən elektrik xəttinin iddiaçılara məxsus fərdi yaşayış evinin və torpaq sahəsinin ərazisindən çıxarılması, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı1 barəsində hesablanmış 86 (səksən altı) manat borcun ləğv olunması və iddiaçılara vurulmuş mənəvi ziyana görə hər iddiaçıya 2500 (iki min beş yüz) manat olmaqla cəmi 5000 (beş min) manat pulun və dövlət rüsumu kimi ödənilmiş 70 (yetmiş) manat pulun müştərək qaydada cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti və "xxxx"MMC-dən tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilməsindən yolverilməzliyə görə imtina edilməlidir. Belə ki, iddia ərizəsindən və iş materiallarından görünür ki, iddia tələbi “elektrik xəttinin iddiaçılara məxsus torpaq sahəsindən çıxarılması, borcun silinməsi və mənəvi zərərin ödənilməsi barədədir, cavabdeh qismində "xxxx" MMC və "xxxx" MMC göstərilmişdir. Bununla belə, iddia ərizəsindən və iş materiallarından iddiaçılar ilə "xxxx" MMC arasında mülki hüquq münasibətlərinin (müqavilə və s.) olması müəyyən olunmur. Məhkəmə hesab edir ki, tərəflər arasında mülki hüquq münasibətlərinin (müqavilə və s.) olması məhkəmə tərəfindən müəyyən olunmadığından, iddiaçının təbii inhisar subyekti olan "xxxx" MMC-nin hərəkətlərindən irəli gələn mübahisə ilə bağlı “elektrik xəttinin iddiaçıların torpaq sahəsindən çıxarılması” barədə iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsində ümumi məhkəmələrin səlahiyyətinə aid olan “borcun silinməsi və mənəvi zərərin ödənilməsi” barədə iddia tələbləri ilə, inzibati məhkəmələrin səlahiyyətinə aid olan “elektrik xəttinin iddiaçıların torpaq sahəsindən çıxarılması” barədə iddia tələbi eyni iddia ərizəsində birləşdirildiyindən ərizəyə məhkəmə qaydasında baxılmalı deyil və buna görə də iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, “mənəvi zərərin ödənilməsi” və “elektrik xəttinin iddiaçıların torpaq sahəsindən çıxarılması” barədə hər iki tələb üzrə cavabdehlər kimi "xxxx" MMC və "xxxx" MMC, “borcun silinməsi” barədə iddia tələbi üzrə cavabdeh kimi yalnız "xxxx" MMC göstərilmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarına əsasən, tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında məhkəmələr tərəfindən baxılır. İnzibati mübahisələr hüquqi təbiətinə görə mülki mübahisələrdən (kommersiya mübahisələrindən) fərqli olduğundan mülki tələblər (kommersiya mübahisələri üzrə tələblər) inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddialarla, inzibati iddia tələbləri isə mülki məhkəmə icraatı qaydasında qaldırılan iddialarla birləşdirilə və onlara birgə baxıla bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 19 iyul tarixli Qərarı ilə təsdiq edilmiş “Təbii inhisar subyektlərinin Siyahısı”dan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti təbbi inhisar subyektidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılıır. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə görə isə, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 Qələndər oğlunun "xxxx" MMC-yə və Cavabdeh2 ASCyə qarşı “cavabdeh "xxxx" ASC tərəfindən elektrik xəttinin İddiaçı2 Qələndər oğlunun və İddiaçı1 fərdi yaşayış evinin və torpaq sahəsinin ərazisindən çıxarılması, cavabdeh tərəfindən iddiaçı barəsində hesablanmış 86 (səksən altı) manat borcun ləğv olunması və iddiaçıya vurulmuş mənəvi ziyana görə 5000 (beş min) manat pulun və dövlət rüsumu kimi ödənilmiş 70 (yetmiş) manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar