Məhkəmə qərarları › İş №e-2(012)-1253/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1253/2025

18.04.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Mənzil mübahisələri - Digər - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1253/2025 18.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X9 Mirfazil oğlunun sədrliyi, Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və evə köçürülmə tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və evə köçürülmə tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh və himayəsində olan yetkinlik yaşına çatmamış uşaqları, habelə özünə aid əşyalarla birlikdə iddiaçının mülkiyyətində olan, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 30-cu məhəllə, ev 10, mənzil 123 ünvanında yerləşən 47,8 kv.metr ölçülü mənzildən çıxarılması və iddiaçının həmin mənzilə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 47,8 kv.metr ölçülü mənzil 14 iyul 2016-cı il tarixdə iddiaçının xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Bu barədə ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Hazırda Cavabdeh himayəsində olan iki uşağı ilə həmin mənzili iddiaçının iradəsi ziddinə, heç bir qanuni əsas olmadan zəbt etmişdir. Cavabdehlə onun oğlu X10 28 dekabr 2007-ci il tarixdə rəsmi nikaha daxil olmaqla, ailə qurmuşlar. Həmin ərəfədə o özünə məxsus, ünvan 2 ünvanında 0,06 ha. torpaq sahəsində 2 mərtəbəli fərdi yaşayış evi inşa etmişdir. Oğlu Babəklə cavabdeh ailə qurduqdan bir müddət sonra həmin fərdi yaşayış evinə köçmüş və iddiaçıyla birlikdə yaşamışlar. Bir müddət sonra Babək və ailəsi arasında münasibət gərginləşmiş, bu səbəbdən 2014-cü ildə iddiaçı, həyat yoldaşı və digər uşaqları evi tərk edərək Xırdalan şəhəri, Heydər Əliyev pr., ev 10-da yerləşən 123 nömrəli mənzilə getmiş, Babəklə cavabdeh isə uşaqları ilə birlikdə həmin fərdi yaşayış evində qalmışlar. İddiaçı oğlu Babək Hümbətova qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Babəkin və onun ailə üzvlərinin Xocəsən qəsəbəsindəki torpaq sahəsindən və onun üzərindəki tikilidən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir, lakin, məhkəmənin 01 iyul 2016-cı il tarixli qətnaməsinə əsasən, iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 noyabr 2016-cı il tarixli, 2(103)-8936/2016 saylı qətnaməsinə əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanmışdır. Apellyasiya instansiya məhkəməsi öz qətnaməsini onunla əsaslandırmışdır ki, “torpaq sahəsi iddiaçının mülkiyyətindədir. O, torpaq sahəsini başqasının qanunsuz sahibliyindən geri tələb edə bilər. Lakin, tərəflər arasındakı əsas mübahisə evlə bağlıdır, torpaqla bağlı mübahisə müstəqil mübahisə deyil, ev torpağın üzərində yerləşdiyinə görə iddiaçı cavabdehin torpaqdan da çıxarılmasını tələb edir. Nəzərə alınmalıdır ki, cavabdeh torpaq sahəsinə ona görə sahiblik edir ki, evdə yaşayır, torpaq sahəsinə sahiblik etmədən evdə yaşamaq mümkün deyil, odur ki, cavabdehin torpaq sahəsindən çıxarılması üçün əvvəlcə o, evdən çıxarılmalıdır. Cavabdeh evdən çıxarıla bilməz. Belə ki, müəyyən olunur ki, cavabdeh valideynləri ilə birlikdə əvvəlcə Qaradağ rayonu, Sahil qəsəbəsi, Ə.Gülməmmədov küçəsi, ev 2-də yerləşən 26 nömrəli mənzildə yaşayıb, onlar həmin evi sataraq əldə etdikləri pulla hazırki evi inşa ediblər. Hazırki ev 2006-2007-ci illərdə tikilib, cavabdeh evin tikilməsində əməyi ilə iştirak edib, həmin vaxtdan hal-hazıra kimi evdə yaşayır. Sonradan tərəflərin arasındakı münasibətlər gərginləşib, bu səbəbdən 2014-cü ildə cavabdehin atası (iddiaçı), anası, qardaşı və bacısı evi tərk edərək Xırdalan şəhəri, Heydər Əliyev pr., ev 10-da yerləşən 123 nömrəli mənzilə gediblər. İddiaçının ev üzərində mülkiyyət hüququ yoxdur, cavabdeh isə evi zəbt etməyib, ev onun yaşayış yeridir.” Sonradan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 08 avqust 2024-cü il tarixli, 2(002)-1489/2024 saylı qətnaməsinə əsasən, Babəklə cavabdeh arasındakı nikah pozulmuş, həmin qətnaməyə əsasən, birgə nikahlarından olan iki yetkinlik yaşına çatmayan uşaqlarının analarının yanında qalmaları qərara alınmışdır. Həmin ərəfədə Babək tək yaşamasın deyə, iddiaçı Xocəsən qəsəbəsindəki həmin evə qayıtmışdır. İddiaçı boşanmadan sonra nəvələri evsiz qalmasınlar deyə, cavabdehə Xırdalan şəhərində yerləşən evdə müvəqqəti qalmaq üçün icazə vermişdir. Lakin, xeyli müddət keçməsinə baxmayaraq, cavabdeh mənzili tərk etmədiyindən, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Daha sonra iddiaçının vəkili və nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh himayəsində olan yetkinlik yaşına çatmamış uşaqları – 16 avqust 2008-ci il X6 və 19 aprel 2012-ci il təvəllüdlü X3, habelə cavabdehə aid əşyalarla birlikdə onun mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 30-cu məhəllə, ev 10, mənzil 123 ünvanında yerləşən 47,8 kv.metr ölçülü mənzildən çıxarılması və iddiaçı X5 həmin mənzilə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında tərəflər lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdirlər. Məhkəmə Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini, 2021-ci ildən mübahisəli mənzildə yaşadığını bildirmişdir. Himayəsində 2 azyaşlı uşağın olmasını, uşaqların saxlanılması üçün alimentin verilməməsini və işsiz olmasını nəzərə alaraq iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 30-cu məhəllə, ev 10, mənzil 123 ünvanı xx.xx.2016-cı il tarixdən mülkiyyət hüququ ilə İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 2(002)-1489/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən, iddiaçı Cavabdeh X7 qarşı «nikahın pozulması, uşaqların ananın himayəsində saxlanması ve aliment» tələbinə dair iddiası qismən təmin edilmiş, X10 ilə Cavabdeh arasında xx.xx.2007-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon VVADQ şöbəsində 1217 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X3 iddiaçı Cavabdeh himayəsində saxlanılmaları, xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün X4 hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 30-cu məhəllə, ev 10, mənzil 123 ünvanı iddiaçının mülkiyətindədir və onun adına xx.xx.2016-cı il tarixdə reyestrdən çıxarış verilmişdir. Cavabdeh iddiaçının keçmiş gəlini olmaqla 2 uşağı ilə həmin evdə yaşayır. Hazırda İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh və himayəsində olan yetkinlik yaşına çatmamış uşaqları, habelə özünə aid əşyalarla birlikdə iddiaçının mülkiyyətində olan, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 30-cu məhəllə, ev 10, mənzil 123 ünvanında yerləşən 47,8 kv.metr ölçülü mənzildən çıxarılması və iddiaçının həmin mənzilə köçürülməsinəbarədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin hallarından görünür ki, mübahisəli mənzilin mülkiyyətçisi İddiaçıdur. Cavabdeh isə özbaşına bu mənzildə yaşayır. Bu isə mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulması ilə nəticələnir. Qüvvədə olan qanunvericilik isə bunu tamamilə qadağan edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Mülki Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Eyni zamanda, İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquq baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etdi ki, mülkiyyətə «müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq Məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v.Turkey, xx.xx.1996, § İİ, B, h63.) Beləliklə, Məhkəmə qeyd etdi ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. Hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 2-ci maddəsinə görə fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla olan şəxslər mülkiyyətçi, kirayəçi qismində və qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yaşamaq üçün yaşayış sahəsini sərbəst seçmək hüququna malikdirlər. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir. Həmin Məcəllənin 5-ci maddəsinə görə hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Mənzilə orada yaşayanların razılığı olmadan daxil olmağa qanunla nəzərdə tutulmuş hallarda və qaydada qəza vəziyyəti, təbii fəlakət, kütləvi iğtişaş zamanı və ya fövqəladə xarakterli digər şəraitdə yalnız vətəndaşların həyatı və (və ya) onların əmlakının xilas edilməsi, onların şəxsi təhlükəsizliyi və ya ictimai təhlükəsizliyin təmin edilməsi, habelə cinayət törədilməsində şübhəli bilinən şəxslərin saxlanılması, törədilməsində şübhə olmayan cinayət faktlarının qarşısının alınması və ya törədilmiş cinayətin, yaxud baş vermiş bədbəxt hadisənin şəraitinin müəyyənləşdirilməsi məqsədilə yol verilir. Bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 9.2.2-ci maddəsinə görə mənzil hüquqlarının müdafiəsi mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması üsulları ilə həyata keçirilir. Mülki Məcəllənin 27.2-ci maddəsinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. İşdən görünür ki, cavabdeh uşaqları ilə birlikdə müvafiq reyestrdən çıxarışla iddiaçıya məxsus mənzildə yaşayır və bu, iddiaçının qanunla qorunan mənzilə dair mülkiyyət hüquqlarını kobud şəkildə pozur. İddiaçı qanunla müəyyən edilmiş hüquqları və qanuni maraqları cavabdehin hərəkətləri nəticəsində pozulduğundan məhkəmə hesab edir ki, İddiaçı hazırki tələbi təmin edilməlidir. Belə ki, qüvvədə olan qanunvericiliyə görə iddiaçının mübahisəli mənzilə dair mülkiyyət hüququ mövcuddur ki, cavabdehin bu yaşayış sahəsində yaşaması buna maneçilik törədir. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı öz tələbinin əsasları kimi istinad etdiyi halları qanunla nəzərdə tutulmuş qaydada sübut edə bilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh azyaşlı övladları xx.xx.2008-ci il X6 və xx.xx.2012-ci il təvəllüdlü X8 ilə və ona məxsus əşlaları ilə birlikdə iddiaçıya məxsus mənzildən çıxarılmalıdırlar. İddia tələbinin İddiaçı mübahisəli evə köçürülməsi hissəsinə dair məhkəmə qeyd edir ki, cavabdeh uşaqları ilə birlikdə mübahisəli əmlakdan çıxarılmaqla, iddiaçının sahiblik və istifadə hüququ bərpa edildiyindən iddiaçının oraya köçürülməsi tələbinin təmin edilməsinə zərurət yoxdur, çünki digər tələblər qalan tələbi özündə ehtiva edir. Ona görə də, iddia tələbi bu hissədə təmin edilməməlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün qismən təmin edilməli, Cavabdeh yetkinlik yaşına çatmamış uşaqları xx.xx.2008-ci il X6 və xx.xx.2012-ci il təvəllüdlü X8 ilə və ona məxsus əşyalarla birlikdə iddiaçıya məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 30-cu məhəllə, ev 10, mənzil 123 ünvanından çıxarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh yetkinlik yaşına çatmamış uşaqları xx.xx.2008-ci il X6 və xx.xx.2012-ci il təvəllüdlü X8 ilə və ona məxsus əşyalarla birlikdə iddiaçıya məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 30-cu məhəllə, ev 10, mənzil 123 ünvanından çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver