Məhkəmə qərarları › İş №e-2(012)-1443/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1443/2025

22.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1443/2025 22.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbi barədə iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona olan 6500 manat borcun, ödənilmiş 85 manat dövlət rüsumunun, cəmi 6585 manat pulun tutularaq ona ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, onun yaxın tanışı olan Cavabdeh atasının guya xəstə olması səbəbi ilə xx.xx.2024-cü il tarixdə ondan 15 gün müddətində qaytarmaq şərti ilə 5000 manat borc pul istəmiş, o isə cavabdehə "xxxx" ASC-dən kredit götürəcəyini, həqiqətən, borcu 15 gün ərzində qaytara biləcəksə, həmin puldan ona 5000 manat verə biləcəyini bildirmişdir. Həmin razılaşmadan sonra, həqiqətən də o, cavabdəhə "xxxx" ASC-dən kredit götürdüyü puldan 5000 manat borc vermişdir. Lakin cavabdeh həmin pulu indiyədək qaytarmamışdır. Nəticədə o, bu günədək cavabdehə borc verdiyi pula görə "xxxx" ASC-yə əsas və faiz borcu ödəyir. Məcburiyyət qarşısında qalaraq o, bu haqda DİN-in “102” xidmətinə müraciət etmiş, müraciəti əsasında Bakı şəhəri Yasamal RPİ-nin 26 saylı PB-da aparılmış araşdırmalar zamanı Cavabdeh xx.xx.2024-cü il tarixdə verdiyi izahatında, həqiqətən də "xxxx" ASC-dən kredit götürdüyü puldan ona 5000 manat borc verildiyini, 7 ay ərzində onun əvəzinə banka əsas və faiz borcu ödənildiyini, xx.xx.2024-cü il tarixə 6350 manat borcu olduğunu, bu günədək həmin puldan heç bir ödəniş etmədiyini və dekabr ayının 30-dək borcu tam qaytaracağını vəd etmişdir. Ancaq cavabdeh indiyədək vədinə əməl etmir, ona məlum olmayan səbəblərdən borcunu qaytarmaqdan boyun qaçırır. Cavabdehdən tələb edilən məbləğ ilə bağlı aralarında yazılı razılaşma olmasa da Bakı şəhəri Yasamal RPİ-nin 26 saylı PB-də yazdığı ərizəsində xx.xx.2024-cü il tarixə ona 6350 manat borcu olduğunu etiraf etmiş, Bakı şəhəri Yasamal RPİ-nin 26 saylı PB-nin xx.xx.2024-cü il tarixli arayışı ilə də qeyd edilmiş hallar təsdiq edilmişdir. Əlavə olaraq bildirir ki, Cavabdeh əvvəllər bank işçisi olmuşdur və ondan pul alanda "xxxx" ASC-də işləyirdi. Cavabdeh onunla yanaşı 5-6 nəfərdən də 200000 manat məbləğində pul mənimsəmişdir. Qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal RPİ-nin 26 saylı PB-də xx.xx.2024-cü il tarixində verilmiş Cavabdeh tərəfindən imzalanaraq tərtib edilmiş izahatdan görünür ki, o, İddiaçı onun barəsində yazdığı ərizə ilə tanış olmuşdur və ərizə doğrudur. O, İddiaçı 5000 manat məbləğində borc istəmişdir. İddiaçı "xxxx" ASC-dən özünə 25000 manat pul götürmüş və ona 5000 manat pul vermişdir. O, İddiaçı pulu götürdükdə 15 günə qaytaracağını bildirmişdir, lakin 6 aydır ki, İddiaçı heç bir ödəniş etməmişdir. Onun İddiaçı, ümumilikdə, 6350 manat borcu vardır. O, dekabr ayının 30-na qədər 5000 manat pulu qaytaracağına söz vermişdir. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını tədqiq edərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 425.1-ci, 442-ci, 448.1-ci və 739.1-ci maddələri təşkil edir. Məhkəmədə sübutların tədqiqatı zamanı İddiaçı Cavabdeh borc verməsi faktı iddiaçının məhkəmədə verdiyi izahatı, həmçinin iş materiallarında olan Bakı şəhəri Yasamal RPİ-nin 26 saylı PB-də xx.xx.2024-cü il tarixində verilmiş Cavabdeh tərəfindən imzalanaraq tərtib edilmiş izahatı ilə tam təsdiq olunur. Lakin İddiaçı cavabdehdən ona verilmiş 6500 manat pulun qaytarılmasını xahiş etsə də Bakı şəhəri Yasamal RPİ-nin 26 saylı PB-də Cavabdeh xx.xx.2024-cü il tarixində verdiyi izahatında İddiaçı cəmi 6350 manat borcu olduğunu bildirmişdir. Cavabdeh qeyd edilən məbləğdə pulun 5000 manatını dekabr ayının 30-na qədər iddiaçıya qaytaracağını bildirmiş, lakin indiyədək iddiaçıya olan borc məbləğinin ödəməmişdir. Beləliklə, işin müəyyən edilmiş hallarından göründüyü kimi tərəflər arasında faktiki olaraq borc münasibətləri yaranmış və Cavabdeh İddiaçı aldığı 6350 manat pulu qaytarmaq öhdəliyi daşımış və cavabdeh bu öhdəliyi Bakı şəhəri Yasamal RPİ-nin 26 saylı PB-də xx.xx.2024-cü il tarixində verilmiş Cavabdeh tərəfindən imzalanaraq tərtib edilmiş izahatında da qəbul etmişdir. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, Cavabdeh İddiaçı 6350 manat məbləğində borcu olması faktı iş materiallarını təşkil edən sənədlər ilə öz təsdiqini tapdığından iddia qismən təmin edilməli, Cavabdeh 6350 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, dövlət rüsumuna görə ödənilmiş 85 manat pul cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 6350 manat məbləğində pul və 85 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver