Məhkəmə qərarları › İş №e-2(012)-1681/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1681/2023

30.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1681/2023 30.08.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, "xxxx" MTK ("xxxx" MMC) ilə bağlanmış xx.xx.2007-ci il tarixli müqavilənin şərtləri yerinə yetirilərək Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 96 kv.m olan İİ blok, 3 otaqlı, 35 saylı mənzilin və xx.xx.2007-ci il tarixli müqavilənin şərtləri yerinə yetirilərək həmin ünvanda ümumi sahəsi 71.6 kv.m olan İİİ blok, 2 otaqlı, 53 saylı mənzilin boşaldılaraq təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" MMC (Cavabdeh MTK) ilə bağladığı xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən, MTK Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 9-cu mərtəbə ümumi sahəsi 96 kv.m olan İİ blok 35 saylı mənzili almış, müqavilənin 1.2 və 3.1-ci bəndlərində nəzərdə tutulan öhdəliyi yerinə yetirərək müqavilədə nəzərdə tutulan pul vəsaitini tam ödəmiş, bu barədə maliyyə arayış verilmişdir. Habelə, müqavilədə də borcun olmadığı qeyd edilmişdir. Mənzil tikilib başa çatdırılsa da təhvil verilməmişdir. Məlumata görə, qeyd edilən binada mənzillər iki və daha artıq şəxslərə satılmışdır. Belə ki, X2 Cavabdeh MTK-ya qarşı “müqavilənin ləğv edilməsi və pulun geri qaytarılmasına dair” iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək xx.xx.2019-cu il tarixli, 188 saylı müqavilə öhdəliyinin və mənzildə təmir işlərinin başlanmasına şərait yaradılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-424/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, 35 saylı mənzilə dair bağlanmış müqavilə ləğv edilmiş, mənzilə görə X2 tərəfindən ödənilmiş məbləğin qaytarılması qət edilmişdir. Qeyd edilən qətnamənin əsaslandırıcı hissəsi ilə 35 saylı mənzilə dair "xxxx" MMC ilə İddiaçı arasında müqavilənin bağlanması, mənzilin dəyərinin ödənilməsi təsdiq olunmuşdur. Bundan başqa, iddiaçı xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən, eyni ünvanda 12 mərtəbəli yaşayış evinin 9-cu mərtəbəsi, ümumi sahəsi 71.6 kv.m olan İİİ blok 53 saylı mənzili almışdır. Abşeron rayon Məhkəməsinin sözügedən qətnaməsi ilə eyni zamanda, 53 saylı mənzilə dair İddiaçı tərəfindən 31146 manat pul vəsaitinin ödənilməsi təsdiq olunmuşdur. Qətnamədən görünür ki, hər iki mənzil ilkin olaraq iddiaçıya satılmışdır. Sonradan digər şəxslərlə bağlanan müqavilələr səlahiyyətsiz şəxs tərəfindən bağlanmış müqavilə kimi etibarsızdır. İddiaçı ilə bağlanan alqı-satqı müqavilələri hal-hazırda, qüvvədədir və icra edilməlidir. İddiaçı müqavilədə nəzərdə tutulan vəzifəni yerinə yetirərək mənzillərin qiymətini cavabdehə vermiş, mənzil tikilib başa çatmış və istifadəyə verilmişdir. Lakin cavabdeh müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməmiş və mənzilləri təhvil verməmişdir. Bu səbəbdən də, iddiaçı pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh MTK-ya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Satıcı Cavabdeh MTK ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilənin surətindən görünür ki, icraçı Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 96 kv.m olan, İİ blok, izolə olunmuş 3 otaqdan ibarət 35 saylı mənzili pay kimi payçıya ayırmağı öz öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndinə əsasən, payçı müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən, mənzilin dəyəri bu müqavilə bağlanan anda bir kv.m sahə üçün 435 manat təşkil edir, sahəsi 96 kv.m olan mənzil üçün cəmi 41760 manat ödənilməlidir. Müqavilənin 4-cü bəndinə əsasən, tikinti işləri başa çatdıqdan sonra icraçı mənzili təhvil verir. Payçı mənzili qəbul edir, təhvil-təslim tərəflərin imzası ilə tədqiq olunmuş aktla sənədləşdirilir. -"xxxx" MTK-nın 2007-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, ünvan 2 ünvanında inşa olunan yaşayış binası "xxxx" MMC-yə məxsusdur. Bu binanın İİ blok, 9-cu mərtəbə, ümumi sahəsi 96 kv.m olan, 3 otaqlı, 35 saylı mənzilin dəyəri İddiaçı tərəfindən 41760 manat olmaqla tam şəkildə ödənilmiş, "xxxx" MMC-yə heç bir borcu yoxdur. -Satıcı Cavabdeh MTK ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilənin surətindən görünür ki, icraçı Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 71.6 kv.m olan, İİİ blok, izolə olunmuş 2 otaqdan ibarət 53 saylı mənzili pay kimi payçıya ayırmağı öz öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən, mənzilin dəyəri bu müqavilə bağlanan anda bir kv.m sahə üçün 435 manat təşkil edir, sahəsi 71.6 kv.m olan mənzil üçün cəmi 31146 manat ödənilməlidir. -Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-424/2021 saylı qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 2-ci blok, 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 96 kv.m olan, izolə olunmuş 3 otaqdan ibarət 35 saylı mənzilə dair iddiaçı X2 və Cavabdeh MTK arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, 188 saylı müqavilə ləğv edilmiş, mənzilə görə X2 tərəfindən ödənilmiş 67200 manat və sözügedən məbləğin əsassız əldə edilməsi, qanunsuz saxlanılması və ondan faydalanmağa görə 8050 manat pulun Cavabdeh MTK-dan alınaraq X1 ödənilməsi qət edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh MTK ilə bağladığı xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 96 kv.m olan, İİ blok, izolə olunmuş 3 otaqdan ibarət 35 saylı mənzili, xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən isə həmin ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 71.6 kv.m olan, İİİ blok, izolə olunmuş 2 otaqdan ibarət 53 saylı mənzili bir pay kimi almağı öhdəsinə götürmüşdür. Göründüyü kimi, müqavilələr üzrə alınmış 35 saylı mənzilin dəyəri 41760 manat, 53 saylı mənzilin dəyəri isə 31146 manat müəyyən edilməklə dəyəri iddiaçı tərəfindən ödənilmiş və bu barədə iddiaçının borcunun olmamasına dair maliyyə arayışı verilmişdir. Payçı tərəfindən müqavilələr üzrə öhdəlik icra edilərək mənzillərin dəyəri tam ödənilmiş, lakin icraçı tərəfindən mənzillərin payçıya təhvil verilməsi öhdəliyi icra edilməmişdir. Bu səbəbdən də, hazırda, İddiaçı müqavilələrə əsasən, həmin mənzillərin təhvil verilməsinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 385.1 maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, tələbkarın isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1 maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442 maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1 maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567 maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 405.1 maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. İlkin olaraq, məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatı, mülki iş materiallarına əlavə olunmuş, qanuni qüvvəsini almış Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-424/2021 saylı qətnaməsi əsasında müəyyən etmişdir ki, mübahisə predmeti olan mənzillərin xx.xx.2007-ci il tarixli və xx.xx.2007-ci il tarixli müqavilələr əsasında İddiaçı satılması barədə tərəflər razılığa gəlmiş, iddiaçının borcunun olmamasına dair isə maliyyə arayışları təqdim edilmişdir. Belə ki, məhkəmə daxili inamına və məhkəmə gedişatının nəticəsinə əsaslanaraq belə qənaətə gəlir ki, tərəflər müqavilənin bütün şərtləri barədə razılığa gəlməklə müqavilə artıq bağlanmış hesab olunmuşdur. Eyni zamanda, Mülki Məcəllənin: 113.3-cü maddəsinə əsasən, mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. 178.8-ci maddəsinə əsasən, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş maliyyə arayışları əsasında mübahisə predmeti olan mənzillərin dəyərinin iddiaçı tərəfindən tam şəkildə ödənilməsi müəyyən olunmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli Qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Bununla yanaşı, Avropa İnsan Hüquqları Məhkəməsinin “Axverdiyev Azərbaycana qarşı” işi üzrə 29 yanvar 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, “Ev və mübahisə olunan torpaq sahəsi ərizəçinin “mülkiyyətidirmi”? Məhkəmə təkrarən qeyd edir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır. Göründüyü kimi, iddiaçının mübahisəli mənzilə münasibətdə sahiblik və istifadə hüququ olmaqla, eyni zamanda, “gözlənilən mülkiyyət hüququ” istisna edilmir. Mülki Məcəllənin 6.1.5 maddəsinə əsasən, müqavilə azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Mülki Prosessual Məcəllənin 82.3. maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, məhkəmə araşdırması zamanı tədqiq olunmuş Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-424/2021 saylı qətnaməsi əsasında iddiaçının təhvil verilməsini xahiş etdiyi mübahisə predmeti olan 35 saylı və 53 saylı mənzillərə dair ilkin olaraq, iddiaçı ilə müqavilənin bağlanması, müqavilə üzrə öhdəliklərin İddiaçı tərəfindən icra edilməsi öz təsdiqini tapmışdır. Beləliklə də, iddiaçının müqavilə üzrə öhdəliyini yerinə yetirərək mənzillərin dəyərinin ödənilməsi müqabilində cavabdeh öhdəliyinə əməl etməmişdir. Ona görə də məhkəmə mülki iş materiallarını qiymətləndirib belə qənaətə gəlir ki, iddia ərizəsi təmin edilməli, xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 96 kv.m olan, İİ blok, izolə olunmuş 3 otaqdan ibarət 35 saylı mənzilin, xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən isə həmin ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 71.6 kv.m olan, İİİ blok, izolə olunmuş 2 otaqdan ibarət 53 saylı mənzilin İddiaçı təhvil verilməsi vəzifəsi Cavabdeh MTK-nın üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 112-ci maddəsinə əsasən, mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. 113-cü maddəsinə əsasən, şəxsin mənzil-tikinti kooperativinə üzv qəbul edilməsi mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqını tam ödəməsi isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Həmçinin mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Mülki Prosessual Məcəllənin: 107 maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalananları və Mülki Prosessual Məcəllənin 4, 7, 14, 150 və 216-236-cı maddələrinin tələblərinə əsaslanaraq, məhkəmə, QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 96 kv.m olan, İİ blok, izolə olunmuş 3 otaqdan ibarət 35 saylı mənzilin, xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən isə həmin ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 71.6 kv.m olan, İİİ blok, izolə olunmuş 2 otaqdan ibarət 53 saylı mənzilin İddiaçı təhvil verilməsi vəzifəsi Cavabdeh MTK-nın üzərinə qoyulsun. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver