Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1748/2023 25.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Cavabdeh qarşı mənzildən çıxarılmaqla mənzilin təhvil verilməsi və digər tələblərə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı İpoteka və Kredit Zəmanət Fondu Cavabdeh qarşı mənzildən çıxarılmaqla mənzilin təhvil verilməsi və digər tələblərə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, cavabdehin Fonda məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsi, ev 71 ünvanında yerləşən 6 saylı yaşayış sahəsindən istifadə hüququna xitam verilməklə çıxarılması, mənzilin boşaldılaraq Fonda təhvil verilməsi, xx.xx.2022-ci il tarixli, KM1662 saylı “Satmaq öhdəliyi ilə kirayə müqaviləsi” Fond tərəfindən ləğv edilən tarixədək ödənilməli aylıq ödənişlər üzrə yaranmış 1296.87 manat borc, yaşayış sahəsi tam boşaldılıb geri təhvil verilənədək hesablanmış zərər (aylıq kirayə ödənişləri və s.) və 100 manat dövlət rüsumunun tutulması, yaşayış sahəsinin boşaldılmasına qədər kommunal və yaşayış sahəsinin istifadəsi və saxlanması xidmətləri üzrə ödənişlərin ödənilməsinin cavabdehin üzərinə qoyulması, yaşayış sahəsinin tamamilə boşaldılaraq Fonda təhvil veriləcəyi günə qədər zərərin əvəzinin gündəlik əsasla ödənilməsi qaydasının məhkəmə tərəfindən müəyyən edilməsi, yaşayış sahəsinin kirayəçi tərəfindən boşaldılaraq Fonda geri təhvil verilməməsi nəticəsində Fonda dəymiş maddi zərər müqabilində aylıq ödənişlər üzrə gecikdirilmiş vaxt üçün 5 faiz cərimə məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin kirayəçinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İpoteka və Kredit Zəmanət Fondu ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, KM1662 saylı “Satmaq öhdəliyi ilə kirayə müqaviləsi” bağlanmış və xx.xx.2022-ci il tarixli, 1539 saylı təhvil-təslim aktı ilə Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsi, ev 71 ünvanında yerləşən 6 saylı yaşayış sahəsi təmirli və istifadəyə tam yararlı vəziyyətdə ona təhvil verilmişdir. Satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə münasibətlər Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 488 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası” və tərəflər arasında bağlanan müqavilə ilə tənzimlənir. Fond tərəfindən müqaviləyə vaxtından əvvəl xitam verilməsi halları müqavilənin 9.4-cü bəndi ilə müəyyən edilmişdir. Qaydanın 9.3.3-cü, müqavilənin isə 9.4.4-cü yarımbəndlərinə əsasən, kirayəçi aylıq ödənişi 60 gün müddətində ödəmədikdə Fond tərəfindən müqaviləyə vaxtından əvvəl xitam verilə bilər. Faktiki hal üzrə kirayəçi aylıq ödənişləri 60 gündən artıq müddətə gecikdirmiş, bu barədə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq ödənişləri həyata keçirməmişdir. Həmçinin, Fond tərəfindən kirayəçiyə ödəniş imkanlarını itirməsi üzrə maliyyə restrukturizasiyası, müqavilə üzrə hüquq və vəzifələrin verilməsi imkanları barədə təklif verilsə də kirayəçi buna maraq göstərməmiş və Fonda müraciət ünvanlamamışdır. Bu səbəblə, Fondun Kirayə Mənzil Komitəsinin xx.xx.2022-ci tarixli, ***- **** saylı protokoluna əsasən, kirayəçi ilə bağlanmış müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verilməsi qərara alınmışdır. Bu barədə kirayəçiyə xx.xx.2022-ci il tarixli bildirişlə məlumat verilmişdir. Kirayəçinin hazırda, müqavilə ləğv olunan tarixə müqavilə üzrə 1296.87 manat qalıq borcu mövcuddur və bu barədə kirayəçiyə məlumat verilmişdir. Eyni zamanda, müqaviləyə xitam verildikdən sonra kirayəçi və ailə üzvləri 15 gün müddətində yaşayış sahəsində quraşdırılan elektrik, texniki, mebel və sanitar-texniki cihazlar və avadanlıqlarla birgə faktiki normal aşınma nəzərə alınmaqla təhvil-təslim aktı ilə kirayə verənin məqbul saydığı vəziyyətdə və ya tərəflər arasında razılaşdırılmış hər hansı digər vəziyyətdə kirayə verənə yaşayış sahəsini boşaldaraq təhvil verib tərk etməlidir. Yaşayış sahəsini tərk edib Fonda geri təhvil verməsi üçün müəyyən olunmuş 15 gün müddətin bitməsinə baxmayaraq kirayəçi yaşayış sahəsini tərk etməmiş, həmçinin, aylıq ödənişlər və digər ödəmələr üzrə yığılmış borc məbləğinin ödənilməsi öhdəliyini yerinə yetirməmişdir. Eyni zamanda, Cavabdeh ilə bağlanmış müqaviləyə xx.xx.2022-ci il tarixdən etibarən xitam verilmiş və bu barədə ona müvafiq bildiriş göndərilmişdir. Lakin cavabdeh yaşayış sahəsini boşaltmamaqla orada yaşamağa davam edir. Yaşayış sahəsindən istifadəyə davam etməsinə baxmayaraq bunun müqabilində aylıq ödənişləri ödəmədiyi üçün cavabdeh Fonda maddi zərər vurmağa davam edir. Belə ki, yaşayış sahəsi vaxtında təhvil verilmiş olsaydı, Fond tərəfindən yenidən satmaq öhdəliyi ilə kirayə verilə bilərdi. Hazırda, cavabdehin mənzildən qanunsuz istifadəsi nəticəsində hər ay Fonda həmin yaşayış sahəsinin aylıq ödənişi olan 432.29 manat əldən çıxmış fayda şəklində maddi ziyan vurulur. Cavabdehin mənzildən qanunsuz istifadəsi həmin yaşayış sahəsini əldə etmək hüququ olan digər vətəndaşların hüququnu da məhdudlaşdırır. Mülki Məcəllənin 697.2-ci maddəsi kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayə götürdüyü əşyanı qaytarmadıqda kirayə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə biləcəyini müəyyən etmişdir. Mübahisə predmeti olan mənzilin boşaldılacağı günə qədər hər gün üçün yaşayış sahəsinin aylıq kirayə haqqı əsas götürülməklə sabit məbləğdə hesablanma qaydası məhkəmə tərəfindən müəyyən edilməlidir. Belə ki, kirayəçinin ödəniş cədvəlinə əsasən aylıq ödənişi 432.29 manat təşkil edir. Mübahisə predmeti olan yaşayış sahəsinin tamamilə boşaldılaraq Fonda təhvil veriləcəyi günə qədər zərərin əvəzinin gündəlik əsasla ödənilməsi qaydası məhkəmə tərəfindən müəyyən edilməlidir. Bu səbəbdən də, məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçı İpoteka və Kredit Zəmanət Fondunun nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, cavabdeh aylıq ödənişləri 60 gündən artıq müddətə ödəmədiyindən, ödənişlər həyata keçirilmədiyi üçün müvafiq qaydalara əsasən tərəflər arasında bağlanmış müqaviləyə xitam verilmişdir. Cavabdeh barışıq sazişinin bağlanması və xitam verilmiş müqavilənin bərpa edilməsini xahiş etmiş, iddiaçı tərəfindən bu təklifə müsbət münasibət bildirilməsinə baxmayaraq cavabdeh barışıq sazişinin bağlanması üçün lazımi tədbirləri görməmiş, qalıq məbləği ödəməmiş və danışıqlar etməmişdir. Bu səbəbdən də, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Qaydalara əsasən, kirayə müqaviləsinə 60 gündən artıq aylıq ödənişlər gecikdirildiyi təqdirdə Fond müqaviləyə birtərəfli qaydada xitam verir. Fondun Kirayə Komitəsinin qəbul etdiyi protokola əsasən, müqaviləyə xitam verilmiş, cavabdehə xitamla bağlı bildirişlər təqdim olunmuşdur. 1296.87 manat borc məbləği müqavilənin xitam verilməsinə qədərki ödənilməli olan ödəniş məbləğidir. xx.xx.2023-cü il tarixinə təyin olunmuş məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddia ərizəsinə münasibət bildirərək izahatında göstərmişdir ki, o, mənzilin alınmasına görə xərc çəkmiş və onunla bağlanmış müqavilənin bərpa olunmasını istəyir. May ayının 8-nə kimi qalıq qalmış borc məbləğinin ödənilməsini təmin etməyə çalışacaqdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələbi ilə bağlı münasibətini, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında оlаn və məhkəmə iclasındа tədqiq оlunmuş: -İpoteka və Kredit Zəmanət Fondu ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, KM1662 saylı “Satmaq öhdəliyi ilə kirayə müqaviləsi”ndən görünür ki, kirayə verən bu müqavilə ilə müəyyən edilmiş qaydada yaşayış sahəsini təyinatına uyğun olaraq kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayə verənə müqavilə üzrə ödəmələri həyata keçirməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.1.2-ci bəndinə əsasən, kirayə verilmiş yaşayış sahəsi Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsi, 71 saylı evin, ümumi sahəsi 53.4 kv.m-dən ibarət 1 otaqlı 6 saylı mənzilindən ibarətdir. Müqavilənin 2.2-ci bəndinə əsasən, kirayəçi alış qiymətini tam məbləğdə ödədikdən sonra tərəflər arasında imzalanan təhsil-təslim aktına əsasən, yaşayış sahəsinə mülkiyyət hüququ kirayəçiyə keçir. Müqavilənin 3.1.10-cu bəndinə əsasən, bu müqavilənin 9.4-cü bəndində nəzərdə tutulmuş hallarda bu müqaviləyə vaxtından əvvəl xitam vermək kirayə verənin hüquqlarından biridir. Müqavilənin 3.2.6-cı bəndinə əsasən, bu müqaviləyə xitam verildikdə müqavilənin 10.2-ci bəndində müəyyən edilən qaydada təhvil-təslim aktına əsasən yaşayış sahəsini kirayəçidən geri təhvil almaq kirayə verənin vəzifələrindən biridir. Müqavilənin 3.4-cü bəndinə əsasən, kirayəçinin aşağıdakı vəzifələri vardır: 3.4.1. bu müqavilənin 4.2-ci bəndində nəzərdə tutulan məbləğdə pul vəsaitini notariusun bankda açdığı depozit hesabı vasitəsilə 3 iş günü müddətində qabaqcadan kirayə verənin hesabına ödəmək, 3.4.2. bu müqavilə üzrə ödəmələri, habelə, qanunvericiliklə müəyyən edilən məcburi ödənişləri vaxtında ödəmək, 3.4.15. bu müqaviləyə xitam verildikdən sonra ailə üzvləri ilə birlikdə yaşayış sahəsini bu müqavilənin 10.2-ci bəndində müəyyən edilən qaydada kirayə verənə geri təhvil vermək. Müqavilənin 4.2-ci bəndinə əsasən, kirayəçi 14697.86 manat pul vəsaitini (burada 5187.48 manat aylıq ödənişin 12 misli və aylıq ödənişin 22 misli və ya 9510.38 manat əlavə ödəniş qismində) notariusun bankda açdığı depozit hesabı vasitəsilə 3 iş günü müddətində qabaqcadan kirayə verənin hesabına ödəyir. Müqavilənin 4.3-cü bəndinə əsasən, kirayəçi yaşayış sahəsinə görə 432.29 manat aylıq ödənişi hər ay üçün növbəti ayın 5-dək ödəniş cədvəli əsasında kirayə verənə ödəyir. Ayın 5-i iş günü olmadıqda ödəniş növbəti ilk iş günü həyata keçirilir. Müqavilənin 9.4-cü bəndinə əsasən, aşağıdakı hallarda kirayə verən bu müqaviləyə vaxtından əvvəl xitam verə bilər: 9.4.3. kirayəçi 60 gün və daha çox müddətə kommunal və yaşayış sahəsinin istifadəsi və saxlanması xidmətlərinə görə haqları ödəmədikdə, 9.4.4 Kirayəçi aylıq ödənişi 60 gün müddətinə ödəmədikdə. -xx.xx.2022-ci il tarixli, KM1662 saylı “Satmaq öhdəliyi ilə kirayə müqaviləsi” üzrə xx.xx.2022-ci il tarixli, 1539 saylı təhvil-təslim aktından görünür ki, kirayə verən İpoteka və Kredit Zəmanət Fondu kirayəçi Cavabdeh müqavilə ilə müəyyən edilmiş mənzili təhvil vermiş, kirayəçi isə həmin mənzili təhvil almışdır. -İpoteka və Kredit Zəmanət Fondu ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, KM1662 saylı “Satmaq öhdəliyi ilə kirayə müqaviləsi”nə 1 saylı Əlavədən görünür ki, Cavabdeh müqavilə üzrə 12 ay qabaqcadan ödəniş etməklə, xx.xx.2022-ci il tarixdən xx.xx.2041-ci il tarixədək olan müddətə hər ay 432.29 manat, sonuncu ay isə 314.95 manat ödəməyi öhdəsinə götürmüşdür. -Cavabdeh müqaviləsi üzrə hesabdan çıxarışdan görünür ki, Cavabdeh müqavilə üzrə xx.xx.2022-ci il tarixdə 231.03 manat ödəniş etmişdir. -xx.xx.2022-ci il tarixli, KM1662 saylı “Satmaq öhdəliyi ilə kirayə müqaviləsi üzrə” maliyyə arayışından görünür ki, kirayənin verilmə tarixi xx.xx.2022-ci il, kirayənin müddəti 243 ay, müqavilə üzrə alış qiymətinin məbləği 104944.57 manat, aylıq kirayə ödənişi 432.29 manat, yaşayış sahəsinin ünvanı ünvan 1ilmə tarixi xx.xx.2022-ci il, gecikdirilmiş aylıq ödənişlər (xitam verilən tarixə) 1296.87 manat, xitamdan sonra hesablanmış aylıq ödənişlər 1729.16 manat, kirayə müqaviləsi üzrə 12 aylıq qabaqcadan ödəniş 5187.48 manat müəyyən edilmişdir. -İpoteka və Kredit Zəmanət Fondu tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Fond xx.xx.2022-ci il tarixə müqaviləyə əsasən aylıq ödəniş üzrə gecikdirilmiş borc məbləği olaraq 1296.87 manat pul vəsaiti Fonda dərhal ödənilmədiyi təqdirdə kirayə müqaviləsinə xitam veriləcəyi və yaşayış sahəsinin Fonda təhvil verilərək tərk edilməsinin tələb olunacağı barədə xəbərdarlıq etmiş, bildiriş “L.Allahverdiyeva” adlı şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə rəsmi şəkildə imza edilərək təhvil alınmışdır. -İpoteka və Kredit Zəmanət Fondunun Kirayə Mənzil Komitəsinin internet rabitəsi vasitəsilə keçirilmiş iclasının xx.xx.2022-ci il tarixli, ***-**** saylı protokolundan çıxarışdan görünür ki, Fond ilə kirayəçi Cavabdeh arasında bağlanmış müqaviləyə xitam verilməsinə baxılması məsələsi müzakirə olunmuş, müzakirələrdən sonra məsələ səsə qoyulmuş və Fond ilə kirayəçi Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, KM1662 saylı “Satmaq öhdəliyi ilə kirayə müqaviləsi”nə xitam verilməsi, kirayə mənzil departamentinin bu Qərarın 1.1-ci bəndi ilə verilmiş xitam barədə kirayəçiyə və müqaviləni rəsmiləşdirən notariusa müvafiq bildirişlərin göndərilməsini təmin etməsi, təchizat departamentinin bu Qərarın 1.1-ci bəndinə uyğun olaraq yaşayış sahəsinin kirayəçidən geri təhvil alınması üçün qanunvericiliyə uyğun olaraq zəruri hərəkətlərin həyata keçirilməsini təmin etməsi qərara alınmışdır. -İpoteka və Kredit Zəmanət Fondunun Ekspertiza və təmir şöbəsinin böyük mütəxəssisi A.M.Musayev, kirayə mənzil departamentinin kirayəçilərlə iş şöbəsinin aparıcı mütəxəssisi R.Q.Nəzərov, "xxxx" MTK-nın çoxmənzilli bina üzrə komendantı R.H.Həsənov tərəfindən imza edilməklə təsdiq edilmiş “Yaşayış sahəsinin könüllü şəkildə geri qaytarılması, yaranmış borcun və dəymiş ziyanın ödənilməsi barədə” xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Fond ilə Cavabdeh arasında bağlanmış müqaviləyə Fond tərəfindən xx.xx.2022-ci il tarixdə birtərəfli qaydada xitam verilmiş və ona xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsi, ev 71, mənzil 6 ünvanında yerləşən 1 otaqlı, ümumi sahəsi 53.4 kv.m olan yaşayış sahəsini tərk edərək Fonda geri təhvil verilməsi barədə bildiriş göndərilmişdir. Buna baxmayaraq, Cavabdeh tərəfindən müvafiq mənzil geri təhvil verilməmiş və mənzilə baxışın keçirilməsi mümkün olmamışdır. -Mülki iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, iddiaçı İpoteka və Kredit Zəmanət Fondu ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, KM1662 saylı “Satmaq öhdəliyi ilə kirayə müqaviləsi”nə əsasən, tərəflər arasında kirayəçi-kirayə verən hüquq münasibətləri yaranmış və kirayə verən qismində çıxış edən Fond müqavilə ilə nəzərdə tutulmuş Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsi, 71 saylı evin, 6 saylı mənzilini aylıq ödənişlər ödənilməsi şərtilə kirayəçiyə, yəni, cavabdehə vermişdir. Cavabdeh müqavilə üzrə müəyyən edilmiş müddətdə və qaydada aylıq ödənişləri ödəməyi öhdəsinə götürmüş, lakin müqavilə öhdəliklərini icra etmədiyindən iddiaçı müqaviləyə xitam verilməsindən sonra cavabdeh tərəfindən öhdəliklərin icra edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 43-cü maddəsinin İİ hissəsinə əsasən, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikasında əhalinin mənzilə olan tələbatını ödəmək, yaşayış şəraitini yaxşılaşdırmaq, mənzil tikintisinin səmərəli maliyyələşdirilmə mexanizmini yaratmaq, bu sahədə formalaşan təklifin alıcılıq qabiliyyətli real tələbə uyğunlaşmasını təmin etmək və ipoteka kreditləşməsinə yerli və xarici investorları cəlb etmək məqsədi ilə “Azərbaycan Respublikasında ipoteka kreditləri sisteminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli, 299 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu yaradılmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 14.2.1. maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 389.1. maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1. maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Beləliklə, qanunvericiliyin tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, iddiaçı İpoteka və Kredit Zəmanət Fondu ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, KM1662 saylı “Satmaq öhdəliyi ilə kirayə müqaviləsi”nə əsasən, kirayə verən Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsi, 71 saylı evin, ümumi sahəsi 53.4 kv.m-dən ibarət, 1 otaqlı, 6 saylı mənzilini bu müqavilə ilə müəyyən edilmiş qaydada yaşayış sahəsinin təyinatına uyğun olaraq kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayə verənə müqavilə üzrə ödəmələri həyata keçirməyi öhdəsinə götürmüşdür. Mənzil iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş və bu, tərəflərin imzası ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 1539 saylı təhvil-təslim aktı ilə rəsmiləşdirilmişdir. Belə ki, müqaviləyə 1 saylı əlavəyə əsasən, cavabdeh müqavilə üzrə 12 ay qabaqcadan ödəniş etməklə, xx.xx.2022-ci il tarixdən xx.xx.2041-ci il tarixədək olan müddətə hər ay 432.29 manat, sonuncu ay isə 314.95 manat ödəməyi öhdəsinə götürmüşdür. Hazırkı iddianın mahiyyətini isə cavabdeh tərəfindən müqavilə öhdəliklərinin icra edilməməsi təşkil edir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 488 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası”nın 1.1-ci bəndinə əsasən, bu Qayda İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini alması və satmaq öhdəliyi ilə kirayəyə verməsi ilə bağlı ümumi məsələləri müəyyən edir. Eyni zamanda, “Qayda”nın: 3.2.6. bəndinə əsasən, kirayəçi aylıq ödənişin ən azı 12 mislini qabaqcadan ödəməlidir. 6.1. bəndinə əsasən, kirayə müqaviləsi üzrə aylıq ödəniş, bu Qaydanın 3.2.6-cı yarımbəndi nəzərə alınmaqla, hər ay bərabər hissələrlə ödənilməlidir. 8.1. bəndinə əsasən, yaşayış sahəsi kirayə müqaviləsində müəyyən edilən gündən müvafiq təhvil-təslim aktı ilə kirayəçinin istifadəsinə verilir. 9.2. bəndinə əsasən, kirayəçi Fondu 30 gün əvvəldən xəbərdar etməklə, kirayə müqaviləsinə birtərəfli qaydada vaxtından əvvəl xitam verə bilər. 9.3.2. bəndinə əsasən, kirayəçi yaşayış sahəsinin istifadəsi ilə bağlı bu Qaydada nəzərdə tutulmuş öhdəlikləri pozduqda, habelə bu Qaydanın 7.5-ci bəndində nəzərdə tutulmuş ödənişləri 60 gün və daha çox müddətə ödəmədikdə Fond kirayə müqaviləsinə vaxtından əvvəl xitam verir. Mülki iş materiallarına əlavə olunmuş sənədlərdən, iddiaçının nümayəndəsinin izahatından, eləcə də, “Qayda”nın tələblərindən müəyyən olunduğu kimi, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, KM1662 saylı müqavilə üzrə kirayə verən Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən, 71 saylı evin, 6 saylı mənzilini kirayəçiyə kirayə vermiş və kirayəçi 12 aylıq ödənişi 5187.48 manat olmaqla əvvəlcədən ödəmiş, xx.xx.2022-ci il tarixdən xx.xx.2041-ci il tarixədək olan müddətə hər ay 432.29 manat, sonuncu ay isə 314.95 manat ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Cavabdeh tərəfindən müqavilə üzrə aylıq ödənişlər ödənilmədiyindən iddiaçı tərəfindən müqaviləyə xitam veriləcəyi barədə cavabdehə bildiriş göndərilmiş, bildiriş cavabdeh tərəfindən təhvil alınmasına baxmayaraq öhdəliyin icra edilməməsi iddiaçının məhkəmədən kənar birtərəfli qaydada müqaviləyə xitam verməsi ilə nəticələnmişdir. Belə ki, mülki iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, ***-**** saylı çıxarışa əsasən, tərəflər arasında bağlanmış müqaviləyə xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Mülki Məcəllənin 447.1. müddətinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Qanunvericiliyin və Plenum Qərarının hüquqi mövqeyindən müəyyən olunduğu kimi, tərəflər arasında bağlanmış müqavilənin 9.4.3 və 9.4.4-cü bəndlərinə əsasən, kirayəçinin 60 gün və daha çox müddətə kommunal və yaşayış sahəsinin istifadəsi və saxlanması xidmətlərinə görə haqları, eləcə də, 60 gün müddətində aylıq ödənişləri ödəməməsi iddiaçının məhkəmədən kənar qaydada müqaviləyə xitam verilməsi əsasını yaratmışdır. Beləliklə, iddiaçı müqavilə xitam verildikdən sonra cavabdeh tərəfindən ödənilməmiş ödənişlərin ödənilməsini və icra edilməmiş öhdəliklərin məhkəmə qaydasında icra edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı mülki iş materiallarına əlavə olunmuş maliyyə arayışından göründüyü kimi, cavabdeh müqavilənin xitam verilməsinə qədər ödənilməli olan 1296.87 manat borc ödənişi olduğu halda, həmin ödənişi ödəməmiş və müqavilənin xitam verilməsi cavabdehin həmin ödənişin ödənilməsi öhdəliyinin icrasından azad etmir. Məhkəmə tədqiqatı zamanı cavabdehin müqavilə öhdəliklərinin icrasından yayınması öz təsdiqini tapdığından məhkəmə iddiaçının iddia tələbinin “cavabdehin mənzildən çıxarılmaqla mənzilin boşaldılıb Fonda təhvil verilməsi, müqavilənin xitam verilməsinə qədər ödənilməmiş 1296.87 manat pul vəsaitinin tutulması” hissəsində əsaslı hesab edilməklə təmin edilməlidir. Mülki Məcəllənin: 385.1. maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddiaçının iddia tələbindən eyni zamanda, müəyyən olunur ki, iddiaçı İpoteka və Kredit Zəmanət Fondu iddia tələbində “kirayə verilmiş Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsi, 71 saylı evin, 6 saylı mənzilindən cavabdehin istifadə hüququna xitam verilməklə çıxarılması”nı tələb etmişdir. Məhkəmə qeyd edir ki, sözügedən mənzilə dair müqavilə xx.xx.2022-ci il tarixdə bağlanmaqla cavabdehə kirayə verildiyindən, cavabdehin sözügedən ünvana istifadə hüquqları yaranmadığından istifadə hüququ yaranmadığı təqdirdə də həmin hüquqa xitam verilməsi qanunla müəyyən olunmadığından iddia tələbləri həmin hissədə əsaslı hesab edilməməklə təmin edilmir. İddia tələbindən eyni zamanda, müəyyən olunur ki, iddiaçı iddia tələbində “mənzilin boşaldılmasına qədər kommunal və yaşayış sahəsinin istifadəsi və saxlanılması xidmətləri üzrə ödənişlərin ödənilməsi öhdəliyinin, həmçinin, mənzil verilmədiyi təqdirdə maddi zərər olaraq 5 faiz cərimə məbləğinin cavabdehin üzərinə qoyulması”nı məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsi”nə dair xx.xx.2014-cü il tarixli Qərarına əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə Mülki Məcəllənin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda kreditor tərəfindən Mülki Məcəllənin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Göründüyü kimi, qanunvericilik və Plenum Qərarının hüquqi mövqeyi borclu öhdəliklərini icra etmədikdə kreditorun ödənişlərin gecikdirildiyi vaxt üçün illik 5 faiz ödənilməsini tələb etmək hüququnu istisna etməsə də, iddiaçı həmin məbləğin nədən ibarət olmasını iddia ərizəsində qeyd etməmişdir. Bununla yanaşı, tərəflər arasında bağlanmış müqavilənin 10.1-ci bəndinə əsasən, müqaviləyə xitam verildiyi təqdirdə kirayəçi tərəfindən aylıq ödənişlər üzrə yaranmış borc, kommunal və yaşayış sahəsinin istifadəsi və saxlanması xidmətləri üzrə ödənişlər, kirayəçinin kirayə verənə vurduğu zərərin kirayəçi tərəfindən ödənilməsi qeyd olunsa da, iddiaçı iddia tələbinin həmin hissəsində də ödənilməli olan məbləğin miqdarını qeyd etməmiş, məhkəmə qətnaməsində isə dəqiq olmaqla qeyri-müəyyən tələb üzrə öhdəliyin borclunun üzərinə qoyulması öz əksini tapa bilməz. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 noyabr 2005-ci il tarixli, № 4 nömrəli Qərarının 2.4. bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. İddiaçı iddia tələbində eyni zamanda, “yaşayış sahəsinin tamamilə boşaldılaraq Fonda təhvil veriləcəyi günə qədər zərərin əvəzinin gündəlik əsasla ödənilməsi qaydasının məhkəmə tərəfindən müəyyən edilməsi”ni xahiş etmişdir. Məhkəmə qeyd edir ki, qeyd olunan tələb tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edilməli olduğundan, ödənilmə qaydasının müəyyən edilməsi məhkəmənin səlahiyyətinə aid olmadığından iddia tələbi həmin hissədə də əsaslı hesab edilməməklə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli Qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək və qanunvericiliyin tələblərini əsas tutaraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, iddiaçı İpoteka və Kredit Zəmanət Fondu ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, KM1662 saylı “Satmaq öhdəliyi ilə kirayə müqaviləsi” üzrə cavabdehə kirayə verilmiş Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsi, 71 saylı evin, 6 saylı mənzilindən cavabdeh çıxarılmaqla mənzil boşaldılmalı, Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsi, 71 saylı evin, 6 saylı mənzili Fonda təhvil verilməli və müqavilənin xitamına qədər yaranmış qalıq borca görə 1296.87 manat pul vəsaiti cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. İddiaçı İpoteka və Kredit Zəmanət Fondu ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, KM1662 saylı “Satmaq öhdəliyi ilə kirayə müqaviləsi” üzrə cavabdehə kirayə verilmiş Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsi, 71 saylı evin, 6 saylı mənzilindən cavabdeh çıxarılmaqla mənzil boşaldılsın və Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsi, 71 saylı evin, 6 saylı mənzili İpoteka və Kredit Zəmanət Fonduna təhvil verilsin. xx.xx.2022-ci il tarixli, KM1662 saylı “Satmaq öhdəliyi ilə kirayə müqaviləsi”nin xitamına qədər yaranmış qalıq borca görə 1296.87 (min iki yüz doxsan altı manat səksən yeddi qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 100 (yüz) manat pul vəsaiti Cavabdeh alınaraq iddiaçı İpoteka və Kredit Zəmanət Fondunun xeyrinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(012)-1748/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1748/2023
25.05.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənzil mübahisələri - Kirayə müqaviləsi üzrə mübahisələr - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver