Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2349/2024 23.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh "xxxx" MMC-nin vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı mənzilin təhvil verilməsi və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı mənzilin təhvil verilməsi və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında inşa edilən (inşa edilmiş) bina E, mərtəbə 6, ümumi sahəsi 83.25 kv.metr-dən ibarət 2 otaqlı, 42 nömrəli mənzilin ona (iddiaçıya) təhvil verilməsi və onun (iddiaçının) ünvan 1 ünvanında inşa edilən (inşa edilmiş) bina E, mərtəbə 6, ümumi sahəsi 83.25 kv.metr-dən ibarət 2 otaqlı, 42 nömrəli mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasında iştirak etmiş İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, 2020-ci ilin yanvar ayında Abşeron rayonu, Hökməli qəsəbəsində özünə məxsus evi 35000 manata sataraq cavabdeh "xxxx" MMC ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli AA267 nömrəli mənzilin alqı-satqı müqaviləsinə əsasən, ünvan 1 ünvanında inşa edilən (inşa edilmiş) bina E, mərtəbə 6, ümumi sahəsi 83.25 kv.metr-dən ibarət 2 otaqlı, 42 nömrəli mənzili almışdır. Mənzilin dəyəri onun tərəfindən tam ödənilmişdir. Mənzilin alınması ilə bağlı alıcı ödəniləcək məbləği tam şəkildə ödədiyi üçün mənzil ona təhvil verilmiş, bununla bağlı ona elə həmin tarixdə pulun tam ödənilməsinə dair B/389 nömrəli maliyyə arayışı təqdim edilmişdir. O, faktiki nikahda olan həyat yoldaşı X7 qeyd olunan evi aldıqdan sonra "xxxx" MMC-də işlə təmin olunaraq orada işləməyə başlamışdır. Onunla faktiki nikahda olan üçüncü şəxs X7 arasında ailə münaqişəsi olduğundan və maddi imkanı olmadığından mənzili təmir etdirməmiş, mənzil "xxxx" MMC tərəfindən verilmiş təmirsiz formasında qalmışdır. O, artıq faktiki nikahda olduğu həyat yoldaşı ilə aralarında olan ailə münasibətlərinə xitam verildiyindən, aldığı mənzilə baxıb mənzili təmir etdirərək yaşamaq qərarına gəlmiş, təmir işlərinə başlamaq üçün "xxxx" MMC-yə getmişdir. Orada onu MMC-nin direktoru qarşılayaraq ona məxsus mənzilin faktiki nikahdan olan həyat yoldaşı X7 tərəfindən satıldığını, artıq onun həmin "xxxx" MMC-də mənzilinin olmadığını bildirmişdir. İddiaçı ona məxsus mənzilin satılması və s. hərəkətlər etməsi üçün Anar İbrahimova və "xxxx" MMC-ə hər hansı bir hüquqi səlahiyyət vermədiyi halda, mənzilin alınması üçün mənzilin dəyərini tam ödədiyini və belə olduğu halda mənzilin hansı səbəblərdən satıldığını "xxxx" MMCdən tələb etmiş olsa da, cavabdeh "xxxx" MMC-nin direktoru “yoldaşın evi onlara satmışdır, gedin hara şikayət edirsiniz, edin” deyərək onu otaqdan qovmuş və beləcə də cavabdehin qanunsuz hərəkətləri nəticəsində o, mülkiyyət hüquqlarından məhrum olmuşdur. İddiaçı hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. ünvan 1 ünvanında inşa edilmiş bina E, mərtəbə 6, ümumi sahəsi 83.25 m2-dən ibarət 2 otaqlı, 42 nömrəli mənzilin hər hansı bir şəxsin adına alqı-satqı edilməsi və özgəninkiləşdirilməsi "xxxx" MMC-ə qadağan edilməsi barədə onun vəkili və nümayəndəsi tərəfindən verilmiş “müvəqqəti təminat tədbiri” barədə ərizə təmin edilərək ünvan 1 ünvanında inşa edilmiş bina E, mərtəbə 6, ümumi sahəsi 83.25 m2-dən ibarət 2 otaqlı, 42 nömrəli mənzilin hər hansı bir şəxsin adına alqı-satqı edilməsi və özgəninkiləşdirilməsi "xxxx" MMC-ə qadağan edilmişdir. İddiaçının vəkili tərəfindən xx.xx.2024-cü il tarixdə cavabdeh MMC-yə vəkil sorğusu ilə müraciət edilərək mənzilin alınmasına dair onunla cavabdeh arasında bağlanmış müqavilənin və s. hüquqmüəyyənedici sənədlərin, əgər mənzil MMC tərəfindən başqa şəxsə satılmışdırsa, mənzilin onun adından satılmasına əsas olan sənədlərin onlara təqdim olunması xahiş edilmişdir. Buna baxmayaraq, cavabdeh "xxxx" MMC tərəfindən bugünədək sorğularına cavab verilməmişdir. Hesab edir ki, cavabdeh Xəzri-İnşaat” MMC mənzilin alınması ilə bağlı pulu ondan alaraq mənzilin ona təhvil verməməsi cavabdeh tərəfindən onun mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Eyni zamanda tərəflər arasında imzalanmış müqavilədən də göründüyü kimi cavabdeh öz üzərinə götürdüyü bütün öhdəlikləri qanunsuz olaraq pozmuşdur. Göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddiaçının izahatına uyğun izahat vermişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin vəkili və nümayəndəsi Vəkil izahatında göstərmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, sözügedən ünvan 1 ünvanında inşa edilən (inşa edilmiş) bina E, mərtəbə 6, ümumi sahəsi 83.25 kv.metr-dən ibarət 2 otaqlı, 42 nömrəli mənzil X1 və sahəsi 83,25 kv.m olmuşdur. Lakin sonradan X3 özünün sifarişi əsasında mənzilin sahəsi 105,6 kv-ə dəyişdirilmişdir. Həmin evin iddiaçıya satılmasına dair isə müqavilə mövcud deyil. İddiaçının “bu ev onundur” deməsi evin ona məxsus olmasını sübut etmir. Artıq uzun müddətdir ki, hazırki iş məhkəmənin icraatındadır. Ona görə o, hazırki iş üzrə yekun nəticənin çıxarılmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -15.012020-ci il tarixli, AA-267 saylı mənzilin alqı-satqı müqaviləsinə dair müqavilənin surətindən görünür ki, satıcı "xxxx" MMC ünvan 1 ünvanında inşa edilən (inşa edilmiş) bina E, mərtəbə 6, ümumi sahəsi 83.25 kv.metr-dən ibarət 2 otaqlı, 42 nömrəli mənzili alıcı İddiaçı verməyi, alıcı İddiaçı isə müqavilədə müəyyən edilmiş müddət ərzində pul məbləğini satıcı "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. -xx.xx.2020-ci il tarixli, B/389 saylı maliyyə arayışının surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında inşa edilən (inşa edilmiş) bina E, mərtəbə 6, ümumi sahəsi 83.25 kv.metr-dən ibarət 2 otaqlı, 42 nömrəli mənzilin pay dəyəri tam ödənilmişdir. Borc qalığı yoxdur. -"xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 180 saylı sorğuya cavab məktubundan görünür ki, İddiaçı dair "xxxx" MMC-nin arxiv sənədlərində hər hansı məlumat aşkar edilməmişdir. -"xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AA-314 saylı mənzilin alqısatqı müqaviləsinə dair müqaviləsindən görünür ki, satıcı "xxxx" MMC ünvan 1 ünvanında inşa edilən (inşa edilmiş) bina E, mərtəbə 7, ümumi sahəsi 105,6. kv.metr-dən ibarət 3 otaqlı, 42 nömrəli mənzili alıcı X5 verməyi, alıcı X9 isə müqavilədə müəyyən edilmiş müddət ərzində pul məbləğini satıcı "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. -"xxxx" MMC tərəfindən verilmiş 28 may 2021-ci il tarixli, C/294 saylı maliyyə arayışının surətindən görünür ki, X2 rayonu, Masazır qəsəbəsi, Ş.Qurbanov küçəsi, ev 37A ünvanında inşa edilən (inşa edilmiş) E saylı yaşayış binasında 42 saylı mənzilin pay dəyərindən 63360 manat ödənilmişdir. Borc qalığı yoxdur. -xx.xx.2024-cü il tarixli sorğuya cavab olaraq verilən "xxxx" MMC-nin məktubundan görünür ki, ünvan 1 ünvanında inşa etdikləri yaşayış kompleksi, bina E, 42 nömrəli mənzil 6-cı yox, 7-ci mərtəbədə yerləşir və faktiki sahəsi 105,6 kv.m olmaqla 3 otaqdan ibarətdir. Həmin mənzil X4 məxsusdur və onun sifarişi üzrə 83,25 kv.m-dən 105,6 kv.m-ə dəyişdirilmişdir və X10 hazırda mənzildə yaşamır. İddiaçı yaşayış binasında mənzili olmayıb. -Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş portaldan çıxarışdan görünür ki, İddiaçı Beyləqan rayonu, Mil qəsəbə ərazi dairəsi, Mil qəsəbəsi ünvanında qeydiyyatdadır. -Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı "xxxx" MMC-dən ünvan 1 ünvanında inşa edilən (inşa edilmiş) bina E, mərtəbə 6, ümumi sahəsi 83.25 kv.metr-dən ibarət 2 otaqlı, 42 nömrəli mənzili dəyəri ödənilməklə aldığını, bu əmlakın sahibi olduğunu bildirərək oraya hüququ olduğu üçün köçürülməsini tələb etmişdir. Bunun üçün o, xx.xx.2020-ci il tarixli, AA-267 saylı mənzilin alqı-satqı müqaviləsinin surətinə istinad etmişdir. Mülki Məcəllənin 6.2-ci maddəsinə görə fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. Həmin Məcəllənin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 324-cü maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Həmin Məcəllənin 331-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. Qanunda, digər hüquqi aktlarda və ya tərəflərin razılaşmasında əqdin formasının uyğun gəlməli olduğu əlavə tələblər (müəyyən formalı blankda tərtibetmə, möhürlə təsdiqləmə və i.a.) müəyyənləşdirilə bilər və bu tələblərə riayət edilməməsinin nəticələri nəzərdə tutula bilər. Əqdlərin bağlanması zamanı mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə qanunda, digər hüquqi aktlarda və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir. Elektron imzadan istifadə etmə qaydaları qanunvericiliklə müəyyən edilir. Əgər fiziki şəxs fiziki çatışmazlıq, xəstəliyinə və ya savadsızlığına görə əqdi özü imzalaya bilmirsə, əqdi onun xahişi ilə başqa fiziki şəxs imzalaya bilər. Başqa fiziki şəxsin imzası əqdi bağlayanın özünün imza edə bilməməsinin səbəbləri göstərilməklə, notarius tərəfindən və ya bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxs tərəfindən təsdiqlənməlidir. Əqdlərin elektron ticarət zamanı bağlanılması və elektron imza ilə təsdiq edilməsi ilə bağlı məsələlər elektron ticarət haqqında və elektron sənəd dövriyyəsinə dair Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 406.3-cü maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 648-ci maddəsinə görə daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Satılmış əşya ilə bağlı risklər, xərclər və faydalar şübhə halında alıcıya yalnız daşınmaz əmlakın dövlət reyestrinə daxil edildiyi andan keçir. Əgər tərəflərdən biri qeydiyyatın gecikdirilməsində təqsirlidirsə, o, bununla əlaqədar əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməlidir. Alqı-satqı müqaviləsinin predmetini digər müddəalarla yanaşı, tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu paylar təşkil edirsə, alıcının üzərinə həmin payların alış qiymətini tikinti başa çatmazdan əvvəl tam şəkildə ödəmək öhdəliyi qoyula bilməz. Bu zaman ödəmələr bu Məcəllənin 770-1-ci maddəsində nəzərdə tutulmuş şərtlər nəzərə alınmaqla və tikintinin mərhələləri üzrə hissələrlə həyata keçirilməlidir. Həmin Məcəllənin 770-1.1-ci maddəsinə görə tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu payların özgəninkiləşdirilməsi zamanı yaranan podrat münasibətlərində alış qiymətinin (muzdun) ödənilməsi yalnız aşağıdakı şərtlər mövcud olduqda tələb edilə bilər: 1. bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilə notarial qaydada təsdiq edilmişdirsə; 2. daşınmaz əmlakın dövlət reyestrində binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu paylar barədə əldə edənin xeyrinə təminat qeydi aparılmışdırsa. Həmin Məcəllənin 770-1.2-ci maddəsinə görə bu Məcəllənin 770-1.1-ci maddəsində müəyyən edilən şərtlər tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu paylar üzərində mülkiyyət hüququnun keçməsi barədə satıcı qismində çıxış edən podratçının öhdəlik götürdüyü hallara da şamil edilir. İşdən görünür ki, mübahisə predmetini təşkil edən mənzil (daşınmaz əmlak) dövlət qeydiyyatına alınmamış və bu səbəbdən də xx.xx.2020-ci il tarixli, AA-267 saylı müqavilə notarial qaydada təsdiq edilməmişdir. Halbuki, qüvvədə olan qanunvericiliyə görə daşınmaz əmlakın alqı-satqı müqaviləsi mütləq qaydada notarial qaydada təsdiq edilməlidir. Bununla belə, təqdim edilmiş müqavilənin surətindən görünür ki, orada tərəflər arasında əslində podrat münasibətlərindən söhbət gedir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, "xxxx" MMC tərəflər arasında mübahisəli mənzilə dair hər hansı müqavilənin mövcudluğunu qəbul etmir. Belə ki, "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 180 saylı sorğuya cavab məktubundan görünür ki, İddiaçı dair "xxxx" MMC-nin arxiv sənədlərində hər hansı məlumat aşkar edilməmişdir. Məhkəmə iclasında İddiaçı xx.xx.2020-ci il tarixli, AA-267 saylı müqavilənin əslini təqdim etməsi təklif edilsə də, o, müqavilənin əslinin onda olmadığını bildirmişdir. Halbuki, təqdim edilmiş müqavilənin (surət) 11.3-cü maddəsində göstərilmişdir ki, müqavilə eyni hüquqi qüvvəyə malik 2 nüsxədən ibarətdir və hər bir tərəfdə 1 nüsxəsi saxlanılır. Mülki Prosessual Məcəllənin 89.3. maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Digər tərəfdən, məhkəmə mübahisəli mənzilə baxış keçirmiş və bu zaman müəyyən edilmişdir ki, mənzil iddiaçının təqdim etdiyi müqavilə surətində göstərildiyi kimi 2 otaqlı deyil, 3 otaqlıdır və başqa şəxsin istifadə və sahibliyindədir. "xxxx" MMC-nin nümayəndəsi isə bununla bağlı qeyd etmişdir ki, iddia edilən mənzilə dair X10 ilə müvafiq müqavilə bağlanmışdır və əmlak ona məxsusdur. Bu hallara qiymət verən məhkəmə hesab edir ki, müqavilənin surətinə istinad etməklə "xxxx" MMC-nin İddiaçı qarşısında mənzil barədə öhdəlik götürməsi nəticəsinə gəlinməsi mümkün deyildir. Belə olan halda məhkəmə, iddiaçının xx.xx.2020-ci il tarixli, AA-267 saylı müqavilənin surətinə istinad edərək hesab edir ki, "xxxx" MMC-dən mənzil tələb etməsi əsassızdır və təmin edilə bilməz. Mübahisəli mənzilə dair heç bir hüququ olmayan İddiaçı oraya köçürülməsi barədə tələb də əsassızdır və məhkəmənin qənaətinə görə bu barədə iddia da rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir . Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən, dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 4-cü, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı mənzilin təhvil verilməsi və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron qaydada Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(012)-2349/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2349/2024
23.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver