Məhkəmə qərarları › İş №e-2(012)-2436/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2436/2025

26.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2436/2025 26.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-dan iddiaçının xeyrinə 23100 manat maddi ziyanın, 5544 manat faizin və 176 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə İddiaçı vəkili Vəkil2 elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə (həcminin artırılmasına) dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-dan (VÖEN: **********) İddiaçı xeyrinə 33750 manat maddi ziyanın, 8100 manat faizin və 176 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MTK (VÖEN: **********) arasında xx.xx.2020-ci il tarixdə 93 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin tələbinə görə iddiaçı 88950 manat pulu iddiaçıya ödəməli, iddiaçı isə əvəzində mülkiyyətçisi olduğu, ünvan 1 ünvanda inşa olunan binanın 3-cü bloku, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 118.60 kvadratmetr olan mənzili iddiaçının mülkiyyətin verməyi öhdəsinə götürmüşdür. Lakin iddiaçıya 2022-ci ildə mənzil təhvil verilərkən məlum olmuşdur ki, mənzilin faktiki sahəsi ilə müqavilədə nəzərdə tutulan sahə arasında fərq var. Mənzilin çıxarışı və texniki pasportu verilərkən bu fakt bir daha təsdiq olunmuşdur. Belə ki, texniki pasporta aydın görünür ki, iddiaçıya verilən mənzilin ümumi sahəsi 103.20 kvadratmetrdir. Göründüyü kimi cavabdeh iddiaçını aldadaraq ona müqavilədə nəzərdə tutulan sahədən 15.4 kvadratmetr az sahəsi olan mənzil vermişdir. İddiaçı mənzili alarkən mənzilin bir kvadratmetrinin dəyəri 750 manat olmuşdur. Lakin hazırda həmin mənzilin bir kvadratının bazar dəyəri 1500 manatdır. Nəticədə cavabdehin qanunsuz əməli nəticəsində iddiaçıya 23100 manat maddi ziyan dəymişdir. İddiaçı cavabdehdən dəfələrlə həmin vəsaiti tələb etmiş lakin, cavabdeh təqsirini qəbul etməmiş, məhkəməyə müraiət etməyini bildirmişdir. Göründüyü kimi cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam icra etməyərək iddiaçıya maddi ziyan vurmuşdur. Digər tərəfdən 2022-ci ildən cavabdeh iddiaçının pulunu qanunsuz özündə saxladığına görə yuxarıdakı normanın tələbinə görə illik 8 % həcmində (23100*8%*3=5544 manat) faizlər ödəməlidir. Odur ki, göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən gəlməmişdir. Belə olan halda məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, müqavilə bağlananda bina tikilməkdə olmuş, mənzil hazır vəziyyətdə olmamışdır. 22600 manat ilkin ödəniş etmiş, qalan məbləği isə aybaay ödəmiş, 2024-cü ilin oktyabr-noyabr ayında ödənişi bitirmişdir. Əvvəlcədən evin sahəsinin az olmaması ilə bağlı onlara bildirməsinə baxmayaraq, evi aldıqdan sonra sahəsinin az olduğunu müəyyən etmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı vəkili Vəkil2 iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, layihəçilərin və reyestrin mənzilləri nömrələməsi metodu fərqlidir və ona görə də nömrələmələrdə problem yaranır. Belə ki, səhvən mənzilin müqaviləsini 12 nömrəsi ilə qeyd etmişlər, əslində 318 nömrəli mənzil olmalıdır. Digər parametrlər düzgündür, mənzil həmin mənzildir. Müqavilə üzrə mənzilin ümumi sahəsi 118.60 m2-dir. Şəhərsalma normalarına əsasən mənzil necə hesablanmalıdırsa, müqavilədə o formada qeyd edilməlidir. Texniki pasportda mənzilin sahəsinin 96.1 m2 olduğu qeyd edilmişdir. Həqiqətən də, Cavabdeh MTK tərəfindən 103 m2 verilmişdir. Bu baxımdan cavabdehdən 118 m2 tələb olunsa, qanunsuz olar. Hazırda mənzilin ümumi bazar dəyəri rəyə əsasən 134500 manat göstərilmişdir. 8100 manat isə gecikmə faizi borcudur. Cavabdeh MTK məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən gəlməmişdir. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh MTK vəkili-nümayəndəsi Vəkil1 iddia iddia tələbini qəbul etməyərək təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, müqavilə podrat müqaviləsidir. O, müqavilənin olmasını qəbul edir, elə bir payçı vardır. Lakin ortada çıxarış yoxdur. Texniki pasport var və bu pasport da hüquqmüəyyənedici sənəd deyil. Ümumi yığıncağın çıxarışını və maliyyə arayışını verib çıxarış alırlar. Bina istismara verilmişdir. Mənzilin içində dəyişiklik olubolmadığını, lahiyənin uyğun olub-olmadığını bilmir. Məhkəmə işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Cavabdeh MTK və alıcı İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 93 saylı müqavilədən görünür ki, müqavilə ilə alıcı tərəfindən mənzilin dəyəri (qiymətin razılaşdırılması protokolunda müəyyən olunmuş məbləğ – 88950 manat) tam ödənildikdən sonra Cavabdeh MTK-nın ünvan 4, 3-cü blok/bina, 3-cü mərtəbə ünvanda inşa etdiyi binada yerləşən 3 otaqlı, sahəsi 118.60 kv.m olan 318 saylı mənzil pay hüququ əsasında alıcıya təhvil verilir. -Cavabdeh MTK tərəfindən verilmiş 01 saylı mədaxil qəbzindən görünür ki, xx.xx.2020-ci il tarixli müqavilə əsasında İddiaçı tərəfindən 22600 manat ödəniş edilmişdir. -Cavabdeh MTK tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh MTK tərəfindən ünvan 4, 3-cü blok/bina, 3-cü mərtəbə ünvanda inşa etdiyi binada yerləşən 3 otaqlı, sahəsi 118.60 kv.m olan 318 saylı mənzil vətəndaş İddiaçı ayrılmış və vətəndaş tərəfindən mənzilin dəyəri tam ödənilmiş, onun şirkətə borcu yoxdur. -Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDKR PHŞ-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 96.1 m2 olan mənzil Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2024-cü il tarixdə **********89-05303-093018 reyestr, ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. Onun adına xx.xx.2024-cü il tarixdə mənzilin texniki pasportu tərtib olunmuşdur. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Nümayəndə ünvanlanan xx.xx.2025-ci il tarixli cavab məktubuna qoşma edilmiş xx.xx.2024-cü il tarixli, 50/05-12-24 saylı maliyyə arayışından görünür ki, ünvan 4 ünvanda inşa edilmiş 313 C saylı 15 mərtəbəli, üst hissəsi mansardlı, 1 girişli, kooperativ yaşayış binası “SAS İNŞAAT" MTK-ya məxsusdur. Bu binanın 3-cü mərtəbəsində ümumi sahəsi 118.60 m² olan, 12 saylı mənzilin pay dəyəri İddiaçı tərəfindən ödənilmişdir və onun Cavabdeh MTK-ya borcu yoxdur. -Azərbaycan Respublıkası Ədliyyə Nazirliyi Мəhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/4903 saylı ekspert rəyindən görünür ki, tədqiqat Abşeron rayonu, Xırdalan şəhəri, 31-ci məhəllə, M.Hüseynzadə küçəsində yerləşən, Cavabdeh MTK-ya məxsus olan yaşayış binasının 3-cü girişinin, 3-cü mərtəbəsində yerləşən 3 otaqlı 313 saylı mənzil üzrə aparılır. Tədqiqat aparmaq üçün mənzilə baxış keçirilmiş və müvafiq ölçü işləri aparılmışdır. Aparılmış ölçü işləri nəticəsində mənzilin faktiki vəziyyətinin, həmin mənzilə dair tərtib olunmuş texniki pasportun göstəricilərinə uyğun olduğu müəyyən olunur. Azalma əmsalları tətbiq olunmadan çöl divarların, qonşu divarların yarısının, arakəsmə divarlarının yerləşdiyi sahə və şaxtaların yerləşdiyi sahə daxil edilməklə hesablandıqda mənzilin sahəsinin 118.6 m² olduğu müəyyən olunmuşdur. Tərəflər arasında yaranmış mübahisənin və ekspert qarşısında qoyulmuş sualın mahiyyəti üzrə ekspert tərəfindən qeyd edilir ki, bir çox hallarda daşınmaz əmlaka dair sənədlərdə (müqavilə, akt və s.) yalnız obyektin brutto sahəsi göstərilir. Mənzilin brutto sahəsi dedikdə, balkonlar, divaraltı sahələr, bir yerləşgədə üst-üstə yerləşən otaqlar da daxil olmaqla, bütün otaqların ümumi sahəsini nəzərdə tutur və ölçü divarların çöl tərəfindən aparılır. Əgər mənzilin netto sahəsini öyrənmək zərurəti yaranarsa, o zaman mənzillərin plan sənədləri tərtib edilir və həmin planda hər bir otağın (tikilinin) netto sahəsi ayrıayrılıqda göstərilir. Ümumilikdə tikinti obyektinin brutto sahəsinə bütün tikinti ərazisi daxildir: avtodayanacaq, lift şaxtası, dayaq konstruksiyaları, otaqlararası divarlar, pilləkən meydançaları və s. Netto sahə - yaşamaq üçün fiziki cəhətdən istifadə edilə bilən sahədir. Netto sahəyə, eyvanlar və terraslar da daxil olmaqla, istifadə olunan daxili məkan aiddir. Odur ki, qərardadın birinci sualı üzrə: Abşeron rayonu, Xırdalan şəhəri, 31-ci məhəllə, M.Hüseynzadə küçəsində yerləşən, Cavabdeh MTK-ya məxsus olan yaşayış binasının 3cü girişinin, 3-cü mərtəbəsində yerləşən 3 otaqlı 313 saylı mənzilin faktiki sahəsinin, müvafiq azaltma əmsalları tətbiq olunmadan, bayır və ara divarlarının, habelə şaxtaların yerləşdiyi sahə nəzərə alınmadan 103.2 m² olduğu müəyyən olunmuş, qərardadın ikinci sualı üzrə: Abşeron rayonu, Xırdalan şəhəri, 31-ci məhəllə, M.Hüseynzadə küçəsində yerləşən, Cavabdeh MTK-ya məxsus olan yaşayış binasının 3-cü girişinin, 3-cü mərtəbəsində yerləşən 3 otaqlı 313 saylı mənzilin çöl divarların tam, qonşu divarın yarısının, arakəsmələrinin, şaxtaların yerləşdiyi sahə daxil edilməklə ümumi sahəsinin 118.6 m² olduğu müəyyən olunmuş, qərardadın üçüncü sualı üzrə: Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin (“Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”) 59.2 və 59.3 bəndlərinə, eyni zamanda Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2012-ci il tarixli, 7 saylı qərarı ilə təsdiq olunmuş, “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarının 3.8-cü bəndinə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, 31-ci məhəllə, M.Hüseynzadə küçəsində yerləşən, Cavabdeh MTK-ya məxsus olan yaşayış binasının 3-cü girişinin, 3-cü mərtəbəsində yerləşən 3 otaqlı 313 saylı mənzilin ümumi sahəsinin 96.1 m² olduğu müəyyən olunmuş, qərardadın dördüncü sualı üzrə: Abşeron rayonu, Xırdalan şəhəri, 31-ci məhəllə, M.Hüseynzadə küçəsində yerləşən, Cavabdeh MTK-ya məxsus olan yaşayış binasının 3-cü girişinin, 3-cü mərtəbəsində yerləşən 3 otaqlı 313 saylı mənzilin ümumi sahəsi Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 12.5-ci maddəsinə əsasən 90.7 m² (balkon və lociya istisna olmaqla), Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2 və 59.3-cü maddələrinə əsasən isə 96.1 m² olduğu müəyyən olunmuş, qərardadın beşinci sualı üzrə: Abşeron rayonu, Xırdalan şəhəri, 31-ci məhəllə, M.Hüseynzadə küçəsində yerləşən Cavabdeh MTK-ya məxsus olan yaşayış binasının 3cü girişinin, 3-сü mərtəbəsində yerləşən 3 otaqlı 313 saylı mənzilin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin (“Tikinti obyektinin sahəsinin vе həcminin hesablanması qaydaları”) 59.2 və 59.3 bəndlərinə, eyni zamanda Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2012-ci il tarixli 7 saylı qərarı ilə təsdiq olunmuş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması” qaydalarının 3.8-ci bəndinə əsasən müəyyən olunan ümumi sahəsi ilə (96.1 m²) müqavilədə göstərilən sahə (118.6 m²) arasında 22.5 m² fərq var. -Sözügedən ekspert rəyindən həmçinin görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat müəyyən edilmişdir. -AR "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, MB-18/2195 saylı qiymətləndirmə hesabatından görünür ki, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 96.1 m2 olan mənzilin xx.xx.2025-ci il tarixə hesablanmış bazar dəyəri - 134500 manat təşkil еdir -“Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 216 manat (176 manat + 40 manat) dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu, gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticəsi üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən, əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 753.2-ci maddəsinə əsasən, əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. 753.3-cü maddəsinə əsasən, əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir. 753.4-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır. 762.1-ci maddəsinə əsasən, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın: 1.1-ci bəndinə əsasən, bu Qaydalar “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 3.1-ci bəndinin və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və tikinti obyektlərinin, o cümlədən yaşayış, ictimai, istehsalat binalarının sahəsinin və həcmlərinin hesablanması qaydalarını müəyyən edir. 1.2-ci bəndinə əsasən, bu Qaydaların tələbləri mülkiyyət formasından asılı olmayaraq dövlət orqanları, sifarişçilər, layihəçilər, podratçılar və şəhərsalma və tikinti fəaliyyətinin digər subyektləri üçün məcburidir. 3.8-ci bəndinə əsasən, mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3 azaltma əmsallarına vurulmaqla hesablanır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 59.2-ci maddəsinə əsasən, yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. 59.3-cü maddəsinə əsasən, yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh “SAS İnşaat" MTK arasında xx.xx.2020-ci il tarixli, 93 saylı müqavilə bağlanmışdır. Müqavilənin predmeti ondan ibarətdir ki, Cavabdeh MTK (satıcı) inşa etdiyi ona məxsus olan, ünvan 4 ünvanda tikilən binanın 3-cü blokunun (binasının) 3-cü mərtəbəsində yerləşən 3 otaqlı, 318 saylı, (ünvan 2) ümumi sahəsi 118.6 m² olan 88950 manat dəyərində mənzili iddiaçının mülkiyyətinə verməli, iddiaçı isə qarşılığında həmin mənzilin dəyərini ödəməlidir. Müqavilə üzrə mənzilin hər kvadrat metrinin qiyməti 750 (88950 manat : 118.6 m2 =750) manat təşkil edir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən mənzilin pay dəyəri tam olaraq iddiaçı tərəfindən ödənilmiş və müqavilə üzrə öhdəliklər tam şəkildə yerinə yetirilmişdir. Lakin mənzilə iddiaçı çıxarış alan zaman ona məlum olmuşdur ki, cavabdehə tam ödəniş etməsinə baxmayaraq öhdəliyə uyğun olaraq mənzil ona təhvil verilməmişdir. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən göstərilən mənzilin tam sahəsinin 118.6 m², çıxarışda isə mənzilin sahəsinin 96.1 m2 olduğu göstərilmişdir. Hazırda iddiaçı mövcud olmayan 22.5 m² (118.6 m² - 96.1 m2 = 22.5 m²) mənzil sahəsi üçün iddiaçıdan artıq ödənilmiş 33750 manat pul vəsaitinin ona geri qaytarılmasını tələb edir. Məhkəmə mübahisəli mənzilin faktiki sahəsini müəyyən etmək üçün xüsusi bilik tələb edildiyinə görə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və Azərbaycan Respublıkası Ədliyyə Nazirliyi Мəhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/4903 saylı ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, 31-ci məhəllə, M.Hüseynzadə küçəsində yerləşən, Cavabdeh MTK-ya məxsus olan yaşayış binasının 3-cü girişinin, 3-cü mərtəbəsində yerləşən 3 otaqlı 313 saylı mənzilin faktiki sahəsinin, müvafiq azaltma əmsalları tətbiq olunmadan, bayır və ara divarlarının, habelə şaxtaların yerləşdiyi sahə nəzərə alınmadan 103.2 m² olduğu müəyyən edilmişdir. Belə ki, Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin: 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Məhkəmə qeyd edir ki, yaşayış sahəsinin alınması ilə bağlı formalaşmış praktika, işgüzar adətlər mövcuddur. Yaşayış sahəsinə ehtiyacı olan şəxsin həmin münasibətlərə girərkən əldə edəcəyi əsas məqsədlərdən biri mənzilin yaşayış sahəsinin ölçüsüdür. Müqavilədə yaşayış sahəsinin ölçüsünün göstərilməsi, ilk olaraq alıcının həmin ölçüyə uyğun yaşayış sahəsinə sahib olacağına əminlik verir. Ona görə müqavilədəki qeyrimüəyyən hallar (sahəsinin qanunvericiliyin tələblərinə uyğun deyil, başqa qaydada hesablanması və s.) alıcının deyil, tikintini həyata keçirən və mənzil satışı ilə məşğul olan tərəfin ziyanına şərh edilməlidir. Tərəflər bağladıqları müqavilənin şərtlərini (mənzilin ümumi sahəsini, onun hesablanma şərtlərini və dəyərini) azad şəkildə özləri razılaşdırmış və üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər. Belə olan halda, həmin şərtlərin formal əsaslarla və mülahizələrlə dəyişdirilməsi yolverilməzdir. Formalaşmış məhkəmə təcrübəsinə görə də, analoji işlərdə mənzilin ümumi sahəsi eyvan (lociya) sahələrinə əmsal tətbiq edilmədən, daxili sahələr isə divaraltı sahələr nəzərə alınmadan hesablanır. Göründüyü kimi, iddiaçı müqavilənin tələblərini tam olaraq icra etsə də, cavabdeh müqavilənin şərtlərini pozaraq müqavilədə nəzərdə tutulmuş ölçüdən az sahədən ibarət mənzili ona təhvil vermişdir. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, müqavilə öhdəlikləri üzrə fərqin 15.4 m2 (118.6 m² - 103.2 m²) olması və AR "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, MB-18/2195 saylı qiymətləndirmə hesabatına əsasən hər kvadrat metri üçün 1399.58 manat (134500 manat : 96.1 m2) təşkil etməsi nəzərə alınmaqla cavabdeh tərəfindən müqavilə öhdəliklərinə əməl edilməməsi nəticəsində iddiaçı tərəfindən cavabdehə 21553.53 manat (15.4 m2 x 1399.58 manat) əsassız pul vəsaiti ödənilmişdir. Bu baxımdan həmin pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində cavabdeh tərəfindən ona vurulmuş ziyan nəticəsində 8100 manat məbləğində pulu əldən çıxmış fayda kimi tələb etməsinə baxmayaraq, öz iddiasını bu hissədə təsdiq edən mötəbər sübutları iş materiallarına əlavə etmədiyindən, həmçinin məhkəmə tərəfindən bu hal öz təsdiqini tapmadığından iddia ərizəsi bu hissədə təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir . Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Yuxarıda sadalanan hallara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi həmin halları sübut edə bilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə əsasən hazırki mübahisə üzrə sübutetmə yükü onun üzərinə düşürdü. Həmçinin Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 216 manat dövlət rüsumunun 154.66 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, 61.34 manat hissəsi isə iddiaçının özünə aid edilməli, həmçinin aparılmış 100 manat ekspertiza tədqiqatının dəyərinin 70 manat hissəsi cavabdehdən, 30 manat hissəsi iddiaçıdan tutularaq AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MTK-dan 21553.53 manat pul vəsaiti və ödənilmiş 154.66 manat dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulmalı, həmçinin aparılmış 100 manat ekspertiza tədqiqatının dəyərinin 70 manat hissəsi cavabdehdən, 30 manat hissəsi iddiaçıdan tutularaq AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MTK-dan 21553.53 manat pul vəsaiti və ödənilmiş 154.66 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilsin. Aparılmış 100 manat ekspertiza tədqiqatının dəyərinin 70 manat hissəsi Cavabdeh MTK-dan, 30 manat hissəsi İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə və Mülki Prosessual Məcəllənin 2 saylı əlavəsinə uyğun olaraq) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver