Məhkəmə qərarları › İş №e-2(012)-2801/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2801/2024

01.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənzil mübahisələri - Sair öhdəliklər üzrə mübahisələr - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2801/2024 01.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4 və Abşeron Rayon İcra Hakimiyyətinə qarşı “yaşayış sahəsinin təhvil verilməsi və mənzilə köçürülmə” tələbi barədə iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanında 1-ci blok, 4-cü mərtəbə, 19 nömrəli mənzil, izolə olunmuş 60,21 kv.m təşkil edən 2 otaqdan ibarət mənzilin ona təhvil verilməsi və onun həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, vəkil yoldaşlarından biri olan Coşqun adlı şəxs ona Cavabdeh tərəfindən inşa edilmiş mənzillərin münasib qiymətə satıldığını söyləmiş, daha sonra o, həmin şəxs ilə birlikdə mənzillərdən birini almaq qərarına gəlmişdir. Onunla Cavabdeh arasında bağlanmış 10 avqust 2021-ci il tarixli müqaviləyə əsasən, ünvan 1 ünvanında 1-ci blok, 4cü mərtəbə, 19 nömrəli, izolə olunmuş 60,21 kv.m təşkil edən 2 otaqdan ibarət mənzili 30105 manat dəyərini tam ödəməklə almış və bu barədə ona maliyyə arayışı da verilmişdir. Bir müddət sonra o, Cavabdeh MMC tərəfindən evlərin satılması ilə bağlı mübahisələr yarandığı barədə öyrənmişdir. Amma ona bildirmişdirlər ki, onun evi ilə bağlı hər hansı problem yaranmamışdır. Lakin müqavilənin şərtlərinə uyğun olaraq aldığı yaşayış sahəsinin dəyərini tam ödəsə də cavabdeh mənzili təhvil verməmiş və buna görə də o, həmin yaşayış sahəsindən bu günə qədər istifadə edə bilməmişdir. Belə ki, cavabdeh dəyərinin tam ödəməklə aldığı mənzili ona təhvil verəcəyi barədə öhdəlik götürsə də bu öhdəlikdən yayınaraq öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək sözügedən mənzili bu günə qədər təhvil verməmiş, müqavilə şərtlərinin 2.1 və 2.2-ci bəndlərini pozmuşdur. O, cavabdehdən üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsini tələb etsə də cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək aldığı ünvan 1 ünvanında 1-ci blok, 4-cü mərtəbə 19 nömrəli, izolə olunmuş 60,21 kv.m təşkil edən 2 otaqdan ibarət mənzili təhvil verməkdən boyun qaçırır. Göründüyü kimi müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də cavabdeh bu günə qədər öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Belə olan halda müqavilə üzrə mövcud hüquqlarının qanun çərçivəsində qorunmasını tələb etməkdən başqa çarəsi qalmamışdır. Sözügedən mənzilin dəyəri kimi Cavabdeh MMC-yə ödədiyi pulu ondan Fəxrəddin adlı şəxs almışdır. Belə ki, sözügedən mənzil təkcə ona deyil, digər şəxslərə də satılmışdır, amma həmin mənzillə bağlı onun Cavabdeh MMC ilə bağladığı müqavilə ilkin müqavilədir, digərləri isə saxtadır. Qeyd olunanlara əsasən, hesab edir ki, məhkəmə tərəfindən Cavabdeh üzərinə müqavilə öhdəliyinin dərhal yerinə yetirməsi öhdəliyi qoyulmalı və dəyərini tam ödədiyi mənzil ona təhvil verilməlidir. Odur ki, o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahatında bildirdi ki, o, iddianı qəbul etmir. Belə ki, mübahisə predmeti olan ünvan 1 ünvanında 1-ci blok, 4-cü mərtəbə, 19 nömrəli, izolə olunmuş 60,21 kv.m təşkil edən 2 otaqdan ibarət mənzili X9 Cavabdehndən almış, daha sonra həmin mənzildən notarial qaydada təsdiq edilmiş ərizə ilə imtina etmişdir. Sözügedən mənzilin X7 məxsus olmasını təsdiq edən müqavilə, həmçinin onun həmin mənzildən notarial qaydada imtinası ilə bağlı sənədlər onlarda vardır. Lakin hazırda onlarda olan digər sənədlər Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən götürülmüşdür. Odur ki, o, iddianın təmin edilməməsini xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 məhkəmə iclasında izahat verərək bildirdi ki, sözügedən mənzili X2 42000 manat verərək almış, həmçinin əlavə olaraq 1000 manat məbləğində pulu həmin mənzildə otaqlardan birinin ölçüsü nəzərdə tutulduğundan artıq olduğu üçün vermişdir. Cavabdeh əməkdaşlarından olan Fəxrəddin adlı şəxs ona bildirmişdir ki, İddiaçı pulu Coşqun adlı şəxsdədir. Onunla Cavabdeh arasında bağlanmış Mənzil tikintisi haqqında müqavilədə ona satılmış mənzilin 5-ci mərtəbədə yerləşdiyi qeyd edilməsinə baxmayaraq, Rafiq adlı şəxs ona həmin mənzilin 5-ci mərtəbədə deyil, 4-cü mərtəbədə olduğunu söyləmişdir. İddiaçıdan başqa Röyal Soltanov adlı şəxs də evin ona məxsus olduğunu iddia edir. Belə ki, o, 2023-cü ilin yanvar ayında aldığı mənzilin vəziyyətini yoxlamağa getmiş, lakin ona binada aparılan tikinti işləri yekunlaşmadığı üçün hazırda mənzildə təmir işləri aparmağın qeyri-mümkün olduğunu bildirmişdirlər. Həmin ilin mart ayında yenidən ona məxsus mənzilə baş çəkdikdə Röyal adlı şəxsin qapı qoyduğunu görmüşdür. İddiaçı kimi o da həmin mənzil üçün xeyli miqdarda pul ödəmişdir. Odur ki, o da Cavabdehndən həmin mənzilin ona təhvil verilməsini tələb edir. Qeyd edilənlərə əsasən, o, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndəsi X11 izahatında bildirdi ki, Cavabdeh tikinti işləri apardığı torpaq sahəsi ilə bağlı hər hansı sənədi yoxdur, həmçinin həmin torpaq sahəsi üzərində Cavabdeh tikinti işləri aparmasına icazə verilməsi barədə Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən sərəncam verilməmişdir. Sözügedən mənzilin yerləşdiyi binada təmir-tikinti işləri yekunlaşmamış, həmin bina istismara buraxılmamasına baxmayaraq, hazırda həmin binaya təxminən 3-4 ailə qeyri-qanuni daxil olmuşdurlar. Bundan başqa binaya qaz, işıq xətləri çəkilməmiş, kanalizasiya xətti ana xəttə qoşulmamış,mənzillərin xeyli hisəsinin qapı və pəncərləri quraşdırılmamış, faktiki olaraq sözügedən binada yaşamağa şərait yoxdur. Onlar tikinti işlərini dayandırmaları ilə bağlı Cavabdehnə xəbərdarlıq etmiş, daha sonra 3 gün müddətində FHN-ə və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə xəbər vermişdirlər. Həmin binada yerləşən 48 mənzil təxminən 71-72 nəfər vətəndaşa satılmış,bununla bağlı Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cavabdeh MMC-in məsul səxsləri barəsində cinayət işi başlanmış, bundan sonra binanın damını və rəngləmə işləri də daxil olmaqla bloku təmir etmək onların, yəni Abşeron Rayon İcra Hakimiyyətinin öhdəsinə verilmişdir. O binada pəncərələr və digər lazımlı materiallarının pulu Cavabdeh MMC tərəfindən ödənilməmiş, Abşeron Rayon İcra Hakimiyyəti Cavabdeh MMCnin ödəməli olduğu 5000 manat borcu, həmçinin binanın tikintisində istifadə olunan taxtalar və digər ləvazimatların pulunu ödəmiş, bundan əlavə sözügedən mənzilin yerləşdiyi binanın mansardının dam örtüyünun vurulması Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən təmin edilmiş və hal-hazırda da Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən tamamlanma işləri davam etdirilir. İş materiallarında olan 10 avqust 2021-ci il tarixli mənzil tikintisi haqqında müqavilədən görünür ki, Cavabdeh MMC ünvan 1 ünvanında 1-ci blok, 4-cü mərtəbə, 19 nömrəli, izolə olunmuş 60,21 kv.m təşkil edən 2 otaqdan ibarət mənzili payçı İddiaçı mülkiyyətinə verməyi, payçı İddiaçı isə Cavabdeh MMC-yə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin ümumi dəyəri 30105 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan 10 avqust 2021-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı Cavabdeh MMC-yə məxsus ünvan 1 ünvanında 1-ci blok, 4-cü mərtəbə, 19 nömrəli, izolə olunmuş 60,21 kv.m təşkil edən 2 otaqdan ibarət mənzilin dəyərini, yəni 30105 manatı ödəmişdir. İş materiallarında olan 15 dekabr 2021-ci il tarixli mənzil tikintisi haqqında müqavilədən görünür ki, Cavabdeh MMC ünvan 1 ünvanında 1-ci blok, 4-cü mərtəbə, 19 nömrəli, izolə olunmuş 60,21 kv.m təşkil edən 2 otaqdan ibarət mənzili payçı X3 mülkiyyətinə verməyi, payçı X8 isə Cavabdeh MMC-yə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin ümumi dəyəri 42147 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan 04 mart 2022-ci il tarixli maliyyə arayışından görünür ki, X8 Cavabdeh MMC-yə məxsus ünvan 1 ünvanında 1-ci blok, 4-cü mərtəbə, 19 nömrəli, izolə olunmuş 60,21 kv.m təşkil edən 2 otaqdan ibarət mənzilin dəyərini, yəni 42147 manatı ödəmişdir. İş materiallarında olan 14 yanvar 2022-ci il tarixli mənzil tikintisi haqqında müqavilədən görünür ki, Cavabdeh MMC ünvan 1 ünvanında 1-ci blok, 5-ci mərtəbə, 19 nömrəli, izolə olunmuş 60,21 kv.m təşkil edən 2 otaqdan ibarət mənzili payçı X5 mülkiyyətinə verməyi, payçı X9 isə Cavabdeh MMC-yə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin ümumi dəyəri 31000 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan 14 yanvar 2022-ci il tarixli maliyyə arayışından görünür ki, X9 Cavabdeh MMC-yə məxsus ünvan 1 ünvanında 1-ci blok, 5-ci mərtəbə, 19 nömrəli, izolə olunmuş 60,21 kv.m təşkil edən 2 otaqdan ibarət mənzilin dəyərini, yəni 31000 manatı ödəmişdir. İş materiallarında olan X10 tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış və notarial qaydada təsdiq olunmuş ərizənin surətindən görünür ki, X10 Cavabdeh MMC-nin ünvan 1 ünvanında 1-ci blok, 5-ci mərtəbə, 19 nömrəli, izolə olunmuş 60,21 kv.m təşkil edən 2 otaqdan ibarət mənzilə dair X5 adına olan müqavilədən və paydan imtina etməsinə etiraz etmədiyini, gələcəkdə Cavabdeh MMC-yə hər hansı maddi iradı və tələbi olmayacağını bildirmişdir. İş materiallarında olan 14 iyun 2022-ci il tarixli mənzil tikintisi haqqında müqavilədən görünür ki, Cavabdeh MMC ünvan 1 ünvanında 1-ci blok, 5-ci mərtəbə, 19 nömrəli, izolə olunmuş 60,21 kv.m təşkil edən 2 otaqdan ibarət mənzili payçı X1 mülkiyyətinə verməyi, payçı X4 isə Cavabdeh MMC-yə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin ümumi dəyəri 42000 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan 14 iyun 2022-ci il tarixli maliyyə arayışından görünür ki, X4 Cavabdeh MMC-yə məxsus ünvan 1 ünvanında 1-ci blok, 5-ci mərtəbə, 19 nömrəli, izolə olunmuş 60,21 kv.m təşkil edən 2 otaqdan ibarət mənzilin dəyərini, yəni 42000 manatı ödəmişdir. Abşeron Rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi 25-ci məhəllə, 1-ci blok, 4-cü mərtəbə, 19 nömrəli mənzilə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, binada təmir-tikinti işləri yekunlaşmamış, binaya qaz, işıq xətləri çəkilməmiş, kanalizasiya xətti ana xəttə qoşulmamış,mənzillərin xeyli hisəsinin qapı və pəncərləri quraşdırılmamış, Cavabdeh MMC-in yerinə yetirməli olduğu tamamlama işləri Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən davam etdirilir. Beləliklə,məhkəmədə sübtların tədqiqatı zamanı müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh MMC arasında 10 avqust 2021-ci il tarixdə,mənzil tikintisi haqqında müqavilə bağlanmış,həmin müqaviləyə əsasən Cavabdeh MMC ünvan 1 ünvanında 1-ci blok, 4-cü mərtəbə, 19 nömrəli, izolə olunmuş 60,21 kv.m təşkil edən 2 otaqdan ibarət mənzili payçı İddiaçı mülkiyyətinə verməyi, payçı İddiaçı isə Cavabdeh MMC-yə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin ümumi dəyəri 30105 manat məbləğində müəyyən olunmuş və İddiaçı mənzilin dəyərini tam ödəmişdir.Qeyd olunan xüsusatlar iş materiallarında olan 10 avqust 2021-ci il tarixli mənzil tikintisi haqqında müqavilə və mənzilin dəyərinin tam ödənilməsi barədə 10 avqust 2021-ci il tarixli maliyyə arayışı ilə tam təstiqini tapır və 10 avqust 2021-ci il tarixli mənzil tikintisi haqqında müqavilənin etibarsızlığına səbəb ola biləcək hər hansı bir mötəbər hal müəyyən edilməmiş,həmçinin məhkəmədə sübutların tədqiqatı zamanı mübahisəli 19 saylı mənzillə bağlı digər müqavilələrin mövcud olması müəyyən edilsədə,lakin həmin müqavilələrin 10 avqust 2021-ci il tarixli müqavilədən sonrakı tarixlərdə bağlandığı müəyyən edilmiş və bu hal da İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 10 avqust 2021-ci il tarixli müqavilənin etibarlığına dəlalət edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə görə müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yolverilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Həmçinin iş materialları, tərəflərin izahatı ilə müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış, 10 avqust 2021-ci il tarixli, mənzil tikintisi haqqında 19 nömrəli müqavilə mahiyyətinə və hüquqi təbiətinə görə podrat müqaviləsidir və iddia tələbinin hüquqi əsasını podrat münasibətlərini tənzimləyən maddi hüquq normaları və tərəflərin razılaşdırdığı müqavilənin şərtləri təşkil edir. Podrat müqaviləsinə görə, podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun (Mülki Məcəllənin 752.1 və 762.1-ci maddələri). Yuxarıda qeyd olunan işin faktiki hallarına və sadalanan maddi hüquq normalarına görə ünvan 1 ünvanında 1-ci blok, 4-cü mərtəbə, 19 nömrəli, izolə olunmuş 60,21 kv.m təşkil edən 2 otaqdan ibarət mənzili Cavabdeh MMC, 10 avqust 2021-ci il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən payçı İddiaçı təhvil vermə öhdəliyi daşıyır. Lakin,sübutların tədqiqatı zamanı işin mübahisə edilməyən halları ilə müəyyən edilir ki, ünvan 1 ünvanında bir bloklu mənzillərin yerləşdiyi binada təmir-tikinti işləri yekunlaşmamış, həmin bina istismara verilməmiş, binaya qaz, işıq xətləri çəkilməmiş, kanalizasiya xətti ana xəttə qoşulmamış,mənzillərin xeyli hissəsinin qapı və pəncərləri quraşdırılmamış, hal-hazırda binanın damının,o cümlədən rəngləmə işləri də daxil olmaqla blokun təmir olunması,təmir-tikinti işlərinin tamamlanması Abşeron Rayon İcra Hakimiyyətinə həvalə edilmiş, həmçinin qeyd olunan bina ilə bağlı Baş Prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsində Cavabdeh MMC-in məsul şəxsləri barədə cinayət işi başlanılmış və cinayət işi davam etdirilir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi ünvan 1 ünvanında 1-ci blok, 4-cü mərtəbə, 19 nömrəli mənzil, izolə olunmuş 60,21 kv.m təşkil edən 2 otaqdan ibarət mənzilin iddiaçıya hazırki halda və vəziyyətdə təhvil verilməsi və onun həmin mənzilə köçürülməsi faktiki olaraq mümkün deyildir. Nəzərə alsaq ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olduğundan, o cümlədən iddiaçı ilə Cavabdeh arasında bağlanmış 10 avqust 2021-ci il tarixli müqavilənin 2.2-ci bəndində də payçının bina istismara verildikdən sonra mənzili qəbul etmək öhdəliyi,yəni, müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli olduğu nəzərdə tutulduğundan məhkəmə hesab edir ki, hazırki halda məhkəmə tərəfindən qəbul edilmiş qərarın icrası real olmadığından iddia rədd edilməlidir. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 22 may tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında da vurğulanmışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər (“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərar). Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə qət etdi: İddiaçı Cavabdeh MMC-yə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4 və Abşeron Rayon İcra Hakimiyyətinə qarşı ünvan 1 ünvanında 1-ci blok, 4-cü mərtəbə, 19 nömrəli mənzil, izolə olunmuş 60,21 kv.m təşkil edən 2 otaqdan ibarət mənzilin Cavabdeh tərəfindən ona təhvil verilməsi və onun həmin mənzilə köçürülməsi barədə iddia tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver