Məhkəmə qərarları › İş №e-2(012)-3382/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3382/2022

12.09.2022 · Müqavilələrin ləğv edilməsi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Əmlak tələbi - Lizinq müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3382/2022 12.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı lizinq müqaviləsinin ləğvi və lizinq müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı lizinq müqaviləsinin ləğvi və lizinq müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 4420 manat əsas, 221 manat faiz, 1326 manat cərimə olmaqla ümumilikdə, cəmi 5967 manat borcun və 80 manat ödənilmiş dövlət rüsumunun tutulması, İddiaçı ASC ilə bağlanmış xx.xx.2019-cu il tarixli 1 saylı uzunmüddətli icarə (daxili lizinq) müqaviləsinin ləğv edilməsi, İddiaçı ASC-nin mülkiyyətində olan "xxxx" markalı ** PS *** dövlət nömrə nişanlı avtomobilin cavabdehin qanunsuz istifadəsindən alınaraq İddiaçı ASC-yə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 1 saylı uzunmüddətli icarə (daxili lizinq) müqaviləsinə əsasən, cavabdeh İddiaçı ASC-dən "xxxx" markalı ** PS *** dövlət nömrə nişanlı avtomobili lizinqlə 45 ay müddətinə icarəyə götürmüşdür. Ona verilmiş ödəniş cədvəli üzrə 2019-cu ilin sentyabr ayından başlayaraq, lizinq alan hər ay lizinq verənə 442 manat icarə haqqı ödəməli idi. Lizinq alan cavabdeh 2021-ci ilin oktyabr ayı da daxil olmaqla, ödəniş etdikdən sonra icarə haqqını ödəməkdən boyun qaçırmışdır. xx.xx.2022-ci il tarixinə cavabdehin 4420 manat əsas borcu vardır. Bundan əlavə, lizinq müqaviləsinin 3.4-cü bəndinə əsasən, “Lizinq alan ona verilmiş aylıq ödəniş cədvəli üzrə 2 ay dalbadal ödənişləri etməsə, hər gecikdirilmiş gün üçün aylıq ödənişlərin 1 faizi həcmində cərimə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə müvafiq olaraq, borcun məbləğinin illik 5 faizi həcmində faiz borcunu ödəməlidir.” xx.xx.2022-ci il tarixinə cavabdehin borcu olaraq 4420 manatın illik 5 faizi həcmində hesablanmış 221 manat faiz borcu vardır. Bir aylıq ödənişin 1 faizi həcmində cərimə bir günü 4.42 x 300 gün=1326 manat cərimə ödəməlidir. Hazırda, cavabdehin müqavilə üzrə iddiaçıya 4420 manat əsas, 221 manat faiz, 1326 manat cərimə olmaqla ümumilikdə, cəmi 5967 manat borcu yaranmışdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, nümayəndəsi olduğu iddiaçı Xəzər-Lada ASC-də belə bir qayda mövcuddur ki, cavabdeh müqavilə üzrə aylıq ödənişi ödədiyi təqdirdə iddiaçı tərəfindən cavabdehə həmin ay üçün keçərli olan etibarnamə verir. Cavabdeh tərəfindən ödənişlər 2021-ci ilin oktyabr ayına qədər davamlı olaraq edilsə də, sonradan, ödənişlərində gecikmələri yaranmışdır. İddiaçı etibarnamə verməyə səlahiyyətli qurum olmaqla həmin etibarnaməni ləğv edib avtomobilin geri qaytarılması üçün aidiyyəti polis qurumuna müraciət edə bilər, lakin bu, sonradan müəyyən problemlərin yaranmasına, həmçinin, işin uzanmasına səbəb olur. Bu səbəbdən də, iddiaçı hüququnun məhkəmə qaydasında müdafiəsi üsuluna üstünlük verir. Beləliklə də, lizinq obyekti olan avtomobilin icarə haqqı cavabdeh tərəfindən ödənilmədiyindən cavabdeh avtomobili nəticədə, qanunsuz şəkildə istifadə etməli olmuşdur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən, qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -AD № 585108 saylı xx.xx.2019-cu il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2019-cu il buraxılışlı "xxxx" minik markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobil Xəzər-Lada ASC-nin mülkiyyətindədir. -Lizinq verən Xəzər-Lada ASC ilə lizinq alan Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 1 saylı uzunmüddətli icarə (daxili lizinq) müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən, lizinq alan "xxxx" minik markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobili 45 ay müddətinə müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə uyğun olaraq, uzunmüddətli lizinqə götürmüşdür. Müqavilənin 3.4-cü bəndinə əsasən, İizinq alan ona verilmiş aylıq ödəniş cədvəli üzrə 2 (iki) ay dalbadal ödənişləri etməsə, hər gecikdirilmiş gün üçün aylıq ödənişlərin 1 (bir) faizi həcmində cərimə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə müvafiq olaraq, lizinq predmetinin qalıq məbləğinin illik 5 (beş) faizi həcmində faiz borcunu ödəməlidir. -Daxili lizinq müqaviləsinə 1 saylı əlavədən görünür ki, müqavilə üzrə lizinq obyektini dəyəri 19800 manat olan "xxxx" minik markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobil təşkil edir. -Daxili lizinq müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, lizinq alan Cavabdeh daxili lizinq müqaviləsi üzrə lizinq ödənişinə görə xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay 442 manat ödəməyi öhdəsinə götürmüşdür. -Xəzər-Lada ASC-nin Cavabdeh ünvanlandığı xx.xx.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, ASC daxili lizinq müqaviləsi üzrə borc 5 gün müddətində ödənilmədiyi və yol vərəqəsi almadığı təqdirdə borcun məhkəmə qaydasında tutulacağı barədə xəbərdarlıq etmişdir. -İddiaçı ASC-nin maliyyə arayışından görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 1 saylı uzunmüddətli icarə (daxili lizinq) müqaviləsinə əsasən ** PS *** dövlət nömrə nişanlı, "xxxx" markalı avtomobil 45 ay müddətinə ona icarəyə verilmişdir: aylıq icarə ödənişi - 442 manat; avtomobilin lizinq dəyəri – 19890 manat; müştəri tərəfindən cəmi ödənilib - 10400 manat; son ödəniş edilib-xx.xx.2021-ci il; avtomobilin lizinq üzrə qalıq dəyəri - 9490 manat; aylıq icarə borcu:442 x 10 ay = 4420 manat; xx.xx.2022-ci ilə əsas borcun qalığı = 4420 manat; illik 5 faizlə hesablanmış faiz borcu - 221 manat; bir aylıq ödənişin 1% həcmində cərimə: 4.42 x 300 gün = 1326 manat. xx.xx.2022-ci il tarixədək cəmi borc: 5967 manat təşkil edir. -Abşeron RPŞ tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cəfərov X1 rayonu Ceyranbatan qəsəbəsi Xətai küçəsi 8 saylı evin 8 saylı mənzilində qeydiyyatdadır. Məhkəmə tələb ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 747.1. maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747-1.1. maddəsinə əsasən, lizinq müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və satıcıdır (mal verəndir). Mülki iş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli 1 saylı uzunmüddətli icarə (daxili lizinq) müqaviləsinə əsasən, "xxxx" minik markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobili lizinq obyekti kimi lizinq verən Xəzər-Lada ASC tərəfindən lizinq alan Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmiş, lizinq alan isə dəyəri 19800 manat dəyərində müəyyən edilmiş lizinq obyektinə görə 45 ay müddətinə hər ay 442 manat muzd haqqı ödənilmək şərtilə lizinq ödənişlərini etməyi öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 747-2. maddəsinə əsasən, lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. 748-1.1. maddəsinə əsasən, lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir. Mülki iş materiallarından göründüyü kimi, tərəflər arasında bağlanmış daxili lizinq müqaviləsi üzrə lizinq obyekti olaraq "xxxx" minik markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehin müvəqqəti sahiblik və istifadəsinə verilmiş və cavabdeh həmin avtomobildən istifadəyə görə müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini etməyi öhdəsinə götürmüşdür. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı qarşısında öhdəliyi yaranmış və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən edilən hallarına və tədqiq edilmiş sübutlara əsasən, borclu Cavabdeh həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Yuxarıda qeyd edildiyi kimi, cavabdehin ödəmələri vaxtında icra etməməsi onun üzərinə 1326 manat cərimənin hesablanması ilə nəticələnmişdir. Mülki Məcəllənin: 443.1. maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1. və 448.2. maddələrinə əsasən, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bununla belə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müqavilə üzrə tənasübsüz surətdə yüksək miqdarda maliyyə sanksiyası tətbiq edilmiş və bu tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli Qərarı”nda göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə daxili lizinq müqaviləsi üzrə 4420 manat əsas borc üzrə hesablanmış 1326 manat cərimənin azaldılaraq 100 manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin, cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. (Mülki Məcəllənin 421.1.,421.2.,422.2.-ci maddələri.) İddia ərizəsində tərəflər arasında müqavilənin ləğv edilməsi tələbi ilə bağlı məhkəmə qeyd edir ki, müqavilənin vaxtından əvvəl ləğvi cavabdehin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi səbəbindən irəli gəlir və bu, müqavilənin şərtlərinə uyğundur. Mülki Məcəllənin: 748-1.8. maddəsinə əsasən, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. 748-1.9. maddəsinə əsasən, lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. 748-1.12. maddəsinə əsasən, lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. 748-2.3. maddəsinə əsasən, lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir. Beləliklə, iddia tələbindən göründüyü kimi, cavabdehin, yəni lizinq alan Cavabdeh daxili lizinq müqaviləsi üzrə lizinq obyektindən istifadəyə görə lizinq ödənişlərini vaxtında ödəməməsi lizinq verənin lizinq müqaviləsinə vaxtından əvvəl xitam verilməsi və lizinq obyektini geri tələb etmək hüququnu yaratmışdır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki Kollegiyalarının “Mülki qanunvericiliyin lizinq müqaviləsinə dair münasibətləri tənzimləyən bəzi normalarının tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsinə dair” 04 iyun 2021-ci il tarixli №1/2021 saylı Qərardadındakı hüquqi mövqeyə əsasən, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmamışdırsa, lizinq alanın təqsiri üzündən lizinq müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, lizinq obyekti lizinq verənə qaytarılmalıdır. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində lizinq alan tərəfindən aparılmış ödənişlərin ümumi məbləği nəzərə alınaraq, ödənişə müvafiq hissədə lizinq obyektini təşkil edən bir və ya bir neçə əmlak üzərində lizinq alanın mülkiyyət hüququ tanına bilməz.

12. Lizinq mühüm iqtisadi-hüquqi hadisə olub, iqtisadiyyata investisiya qoyma forması, istehsalı maliyyələşdirmə üsuludur. Lizinq dünya kommersiya təcrübəsinə bəlli olan elə bir vasitədir ki, onun köməyi ilə sahibkar sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün lazım olan yeni əmlakı müvəqqəti istifadə üçün əldə edir, istifadə müddəti başa çatdıqda isə o, həmin əmlakı ya sahibinə qaytarır, ya istifadə müddətini uzadır, ya da mülkiyyət hüququ ilə əldə edir. Nə alqı-satqı, nə icarə, nə də kredit müqavilələrinin bu kimi kompleks məsələni ayrı-ayrılıqda həll etmək qabiliyyəti və imkanı vardır. Odur ki, lizinq, qeyd olunan müqavilələrin hər biri ilə müqayisədə əlverişli, sərfəli və münasib vasitədir. Bu səbəbdən, lizinqdən istifadə edilməsi böyük üstünlüyə malikdir. Belə ki, istehsalı təşkil etmək və ya istehsalı yenidən qurmaq üçün az olmayan məbləğdə investisiya lazımdır. Əgər sahibkar lizinq vasitəsi ilə avadanlıq əldə edirsə, onda investisiyaya ehtiyac qalmır. Lizinqin üstünlüyü də məhz bundan ibarətdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2020-ci il tarixli Qərarı”ndakı hüquqi mövqeyə əsasən, lizinq beynəlxalq təcrübədə geniş tətbiq olunan maliyyələşdirmə alətidir. Bu alətin unikallığı ondan ibarətdir ki, o özündə icarə, kredit və alğı-satqı müqavilələrinin elementlərini birləşdirərək bazar və mülki dövriyyənin çevikliyini yüksək dərəcədə artırır. Bu müqavilə konstruksiyasının hər üç tərəfi onun faydalarından mikrosəviyyədə, dövlət və iqtisadiyyat isə makrosəviyyədə yararlanırlar. Belə ki, lizinq alan maliyyələşmə alətindən istifadə etməklə, bu və ya digər əmlakı daha sürətlə ödəmə qabiliyyətinin daha az maliyyə analizinə cəlb etməklə nisyə satın alır, lizinq verən lizinq obyektinin lizinq müddətində onun mülkiyyətində qalmaqla daha təminatlı şəkildə maliyyələşməsini həyata keçirir, satıcı isə bu üsulla daha məhsuldar satışlar həyata keçirir. Eyni zamanda, mülki iş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi zaman 80 manat dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 1 saylı uzunmüddətli icarə (daxili lizinq) müqaviləsi ləğv edilməli, lizinq obyekti olan "xxxx" minik markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı ASC-yə geri qaytarılmalı, cavabdehdən daxili lizinq müqaviləsinə əsasən 4420 manat əsas, 221 manat faiz və 100 manat dəbbə pulu olmaqla, ümumilikdə, cəmi 4741 manat pul vəsaiti və ödənilmiş 80 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

İddia ərizəsi qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 1 saylı uzunmüddətli icarə (daxili lizinq) müqaviləsi ləğv edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli 1 saylı uzunmüddətli icarə (daxili lizinq) müqaviləsi üzrə 4420 (dörd min dörd yüz iyirmi) manat əsas, 221 (iki yüz iyirmi bir) manat faiz və 100 (yüz) manat dəbbə pulu olmaqla, ümumilikdə, cəmi 4741 (dörd min yeddi yüz qırx bir) manat pul vəsaiti və ödənilmiş 80 (səksən) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. xx.xx.2019-cu il tarixli 1 saylı uzunmüddətli icarə (daxili lizinq) müqaviləsi üzrə lizinq obyekti olan "xxxx" minik markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı ASCyə geri qaytarılsın. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver