Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3665/2022 12.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı qeyri-yaşayış sahəsi üzərində sahiblik, istifadə hüququnun tanınması və qeyri-yaşayış sahəsinin təhvil verilməsi tələbinə dair mülki işə 12 oktyabr 2022-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı qeyri-yaşayış sahəsi üzərində sahiblik, istifadə hüququnun tanınması və qeyri-yaşayış sahəsinin təhvil verilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa edilən 16 mərtəbəli yaşayış evinin 5 blok, 1 mərtəbəsində yerləşən, ümumi sahəsi 1108 m olan, izolə olunmuş qeyri-yaşayış sahəsinin və Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa edilən 16 mərtəbəli yaşayış evinin 5 blok, 1 mərtəbəsində yerləşən, ümumi sahəsi 200 m olan, izolə olunmuş qeyri-yaşayış sahəsinin üzərində onun sahiblik və istifadə hüququnun tanınması, qeyri-yaşayış sahələrinin ona təhvil verilməsi və qeyri-yaşayış sahələrindən istifadəyə maneçilik törədilməməsi vəzifəsinin Cavabdeh MTK-ya həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, onunla "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 704 nömrəli Mənzil Tikintisi Haqqında Müqaviləyə əsasən "xxxx" MMC-nin hüquqi varisi olan Cavabdeh ilə yeni şərtlərlə müqavilə bağlanılmış və MTK Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı Sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa edilən 16 mərtəbəli yaşayış evinin 5 blok, 1 mərtəbəsində yerləşən, ümumi sahəsi 1108 m olan, izolə olunmuş qeyri-yaşayış sahəsinin pay kimi mənə ayırmağı öhdəsinə götürmüş, o da həmin müqavilə üzrə əmlakın dəyəri olaraq ******* (bir milyon üç yüz on min) manat pulu MTK-ya ödəmişdir və MTK da ödənişin edilməsi, heç bir borcunun olmaması barədə maliyyə arayışı vermişdir. O cümlədən, xx.xx.2021-ci il tarixli nömrəli Mənzil Tikintisi Haqqında Müqaviləyə əsasən "xxxx" MMC-nin hüquqi varisi olan Cavabdeh ilə yeni şərtlərlə müqavilə bağlanılmış və MTK Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı Sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa edilən 16 mərtəbəli yaşayış evinin 5 blok, 1 mərtəbəsində yerləşən, ümumi sahəsi 200 m olan, izolə olunmuş qeyri-yaşayış sahəsinin pay kimi ona ayırmağı öhdəsinə götürmüş, o da həmin müqavilə üzrə əmlakın dəyəri olaraq 236600 (iki yüz otuz altı min altı yüz) manat pulu MTK-ya ödəmiş və MTK da ödənişin edilməsi, heç bir borcunun olmaması barədə maliyyə arayışı vermişdir Lakin buna baxmayaraq MTK onun hüquqlarını kobud şəkildə pozur. Belə ki, aralarındakı müqavilələrin hüquqi qüvvəsinə, özləri tərəfindən maliyyə arayışlarının verilməsinə baxmayaraq onun sözügedən, hansı ki ona məxsus olan həmin qeyri-yaşayış sahələrindən istifadə etməyinə, sahiblik hüququnun həyata keçirilməsinə əsassız maneə yaradır. Odur ki, işin hallarına, qanunvericiliyin tələblərinə əsasən qeyd olunan qeyri-yaşayış sahələrinə dair onun sahiblik, istifadə hüququnun tanınması və qeyriyaşayış sahələrinin ona təhvil verilməsi, o cümlədən qeyri-yaşayış sahələrindən istifadəyə maneçilik törədilməməsi vəzifəsinin Cavabdeh MTK-ya həvalə edilməsi barədə qətnamənin qəbul edilməsi zəruridir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh MTK-nın nümayəndəsi X2 iddia tələbini qəbul edərək bildirdi ki, mübahisəli qeyri-yaşayış sahələri İddiaçı başqa heç kimə satılmamışdır və yeganə sahibi həmin şəxsdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdırıb hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İşin materiallarında olan icraçı Cavabdeh MTK-nın sədri X3 ilə payçı İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli 704 saylı müqavilədən görünür ki, icraçı Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 301 saylı sərəncamı ilə Abşeron rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə 1 A ünvanında inşa edilən 16 mərtəbəli yaşayış evinin 5-ci blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 1108 kv.m olan izolə olunmuş qeyriyaşayış sahəsini bir pay kimi payçıya ayırmağı, payçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndindən görünür ki, mənzilin dəyəri bu müqavilə bağlanan anda bir kv.m sahə üçün 1183 manat təşkil edir. cəmi 13100000 (bir milyon üç yüz on min) manat ödənilməlidir. İşin materiallarında olan Cavabdeh MTK tərəfindən xx.xx.2021-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, ünvan ünvanda inşa olunan 5 (beş) bloklu 16 mərtəbəli yaşayış binası "xxxx"/ MMC-nin hüquqi varisi Cavabdeh MTK-nə məxsusdur. Bu binanın 5-ci blok, 1-ci mərtəbəsində, ümumi sahəsi 1108 kv.m olan qeyri-yaşayış sahəsinin dəyəri payçı 13100000 (bir milyon üç yüz on min) manat İddiaçı tərəfindən ödənilmişdir, MTK-ya heç bir borcu yoxdur. İşin materiallarında olan icraçı Cavabdeh MTK-nın sədri X3 ilə payçı İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, icraçı Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 301 saylı sərəncamı ilə Abşeron rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə 1 A ünvanında inşa edilən 16 mərtəbəli yaşayış evinin 5-ci blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 200 kv.m olan izolə olunmuş qeyri-yaşayış sahəsini bir pay kimi payçıya ayırmağı, payçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndindən görünür ki, mənzilin dəyəri bu müqavilə bağlanan anda bir kv.m sahə üçün 1183 manat təşkil edir. cəmi 236600 (iki yüz otuz altı min altı yüz) manat ödənilməlidir. İşin materiallarında olan Cavabdeh MTK tərəfindən xx.xx.2021-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, ünvan ünvanda inşa olunan 5 (beş) bloklu 16 mərtəbəli yaşayış binası "xxxx"/ MMC-nin hüquqi varisi Cavabdeh MTK-nə məxsusdur. Bu binanın 5-ci blok, 1-ci mərtəbəsində, ümumi sahəsi 200 kv.m olan qeyri-yaşayış sahəsinin dəyəri İddiaçı tərəfindən ödənilmişdir, MTK-ya heç bir borcu yoxdur. Mülki iş materiallarında xx.xx.2022-ci il tarixli Cavabdeh MTK tərəfindən verilmiş məktubdan görünür ki, Abşeron rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə 1 A ünvanında fəaliyyət göstərən Cavabdeh MTK tərəfindən inşa edilən yaşayış binasının 5-ci giriş, 1-ci mərtəbədə yerləşən 1108 kv.metr və 5-ci blok, 1-ci mərtəbədə yerləşən 200 kv.m qeyriyaşayış sahəsi İddiaçı satılmışdır. Hər iki qeyri-yaşayış sahələri İddiaçı başqa heç kimə satılmamışdır və yeganə sahibi həmin şəxsdir. Beləliklə, yuxarıda qeyd edilənlərdən müəyyən edilir ki, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə İddiaçı ilə Cavabdeh MTK arasında bağanmış müqavilələrə əsasən cavabdeh Abşeron rayonu Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanda inşa edilən 16 mərtəbəli yaşayış binasının 5-ci blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 1108 kv.m və 200 kv.m olan qeyri-yaşayış sahələrini iddiaçıya verməyi öhdəsinə götürmüş, iddiaçı həmin qeyri-yaşayış sahələrinin dəyərini müqavilə bağlanan gün cavabdehə ödəməsi barədə cavabdeh tərəfindən iddiaçıya maliyyə arayışı verilmişdir. Lakin cavabdeh müqavilə şərtinə əsasən öz üzərinə düşən öhdəliyə əməl etməyərək bu günədək qeyriyaşayış sahələrini iddiaçıya təhvil verməmişdir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən ərizə verərək, iddianı qəbul etdiklərini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər həmin Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.6-ci maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 152.7-ci maddəsinə istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 178.8-ci maddəsinə görə mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilən sübutlara məcmu halda hüquqi qiymət verərək qeyd edir ki, işin materiallarından göründüyü kimi iddiaçı tərəfindən mübahisəli qeyri-yaşayış sahələri ilə bağlı öhdəlik yerinə yetirilmişdir. İddia ərizəsindən göründüyü kimi iddiaçının həmin sahələr üzrə sahiblik və istifadə hüquqlarını həyata keçirməsinə cavabdeh tərəfindən maneələr vardır. İşin müəyyən edilən faktiki hallarına və qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilməsi qanunvericiliyin tələblərinə uyğundur, cavabdeh tərəfindən qeyri-yaşayış sahələrinin iddiaçıya təhvil verilməsinə maneçiliyinin hüquqi əsasları yoxdur. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa edilən 16 mərtəbəli yaşayış evinin 5 blok, 1 mərtəbəsində yerləşən, ümumi sahəsi 1108 m olan, izolə olunmuş qeyri-yaşayış sahəsi və Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa edilən 16 mərtəbəli yaşayış evinin 5 blok, 1 mərtəbəsində yerləşən, ümumi sahəsi 200 m olan, izolə olunmuş qeyri-yaşayış sahəsi İddiaçı təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumuna görə pul cavabdehdən tutulub iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa edilən 16 mərtəbəli yaşayış evinin 5 blok, 1 mərtəbəsində yerləşən, ümumi sahəsi 1108 m olan, izolə olunmuş qeyri-yaşayış sahəsinə və Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa edilən 16 mərtəbəli yaşayış evinin 5 blok, 1 mərtəbəsində yerləşən, ümumi sahəsi 200 m olan, izolə olunmuş qeyri-yaşayış sahəsinə dair İddiaçı sahiblik və istifadə hüququ tanınsın, həmin qeyri yaşayış sahələrinin iddiaçıya təhvil verilməsi vəzifəsi Cavabdeh MTK-nın üzərinə qoyulsun. Cavabdeh MTK-dan 100 manat dövlət rüsumuna görə pul tutulub İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-3665/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3665/2022
12.10.2022 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması - Mənzil mübahisələri - Sair mülki iş - Mənzil münasibətləri üzrə sair mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver